• cümə, 26 Aprel, 08:09
  • Baku Bakı 12°C

Əsrə bərabər gün

01.07.21 17:53 357
Əsrə bərabər gün
Azərbaycan xalqının milli sərvətinə çevrilən Azərbaycan Silahlı Qüvvələrinin 103-cü ildönümü xalqımız tərəfindən tamam başqa bir ovqatla qeyd edildi. Əlbəttə, bu ovqatı yaradan başlıca amil ötən il sentyabr ayının 27-də başlayan və cəmi 44 gün müddətində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə bitən Vətən müharibəsinin nəticələridir. Bu nəticələr təkcə son 30 ildə işğal olunmuş ərazilərimizin azad edilməsi, bu illərdə məcburi köçkünə çevrilən bir milyondan artıq insanımızın doğma kənd və şəhərlərinə qayıtması ilə bitmir. Son 28 ildə Azərbaycan Respublikasının apardığı ardıcıl və mükəmməl dövlət siyasəti nəticəsində qurulan, formalaşaraq regionumuzun ən güclü ordusuna çevrilən Azərbaycan Silahlı Qüvvələri müharibənin sürdüyü 44 gün müddətində keçirdiyi müxtəlif əməliyyatları ilə dünya hərb tarixinə yeni səhifələr yazdı.
Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynovanın "Əsrə bərabər gün” adlı məqaləsində yer alıb. Kaspi.az məqaləni təqdim edir.
O səhifələrin ən möhtəşəmi təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın incisi sayılan, əsası ilk Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatı oldu. Heyrətamiz igidlik, hərbi bacarıq və Vətənə sevgi hisslərinin göstəricisi olan bu əməliyyatda əsgərlərimiz sıldırım qayaları aşaraq Şuşaya daxil oldu və düşmən qüvvələri ilə əlbəyaxa döyüşlərə girdilər. Xatırladaq ki, həmin vaxtlar Türkiyənin dünyaca məşhur "Haber Qlobal” televiziyasında Şuşanın azad olunması əməliyyatını şərh edən ekspertlərdən biri hərbçilərimizi Alp dağlarını aşaraq gözlənilməz istiqamətdən Şimali İtaliya ərazisinə girən Karfaqen sərkərdəsi Hannibalın döyüşçüləri ilə müqayisə edirdi. Həmin televiziyada Şuşa əməliyyatından sonra Ermənistanın kapitulyasiya aktını imzalamasını da ekspertlər qarşı tərəfin Azərbaycan hərbçisinin gücünün etirafı kimi qiymətləndirdilər.
Bunlar ona görə xüsusi ovqat yaratdı ki, xalqımız Birinci Qarabağ müharibəsinin ağır nəticələrindən sonra parlaq və birmənalı qələbənin duyğularını yaşadı. Həmin illərin mənzərəsini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdəki nitqində bu cür xatırladırdı: "Əlbəttə ki, Birinci Qarabağ müharibəsi bizim üçün böyük və milli faciə idi. Eyni zamanda, bu, böyük humanitar fəlakətə gətirib çıxardı. Çünki o vaxt Azərbaycan əhalisinin sayı səkkiz milyon idi, onlardan bir milyonu qaçqın və məcburi köçkün vəziyyətində yaşamalı olmuşdur. Bizim iqtisadiyyatımız demək olar ki, tamamilə dağıdılmışdı, sənaye potensialı məhv edilmişdi, iqtisadi inkişaf haqqında söhbət belə getmirdi. Bu böyük humanitar fəlakət ölkəmizi uçurum kənarına qoymuşdu”.
Bu, Azərbaycan xalqının unutmadığı, unuda bilməyəcəyi bir gerçəkliyin xatırlatması idi. Ölkədə yaranmış qeyri-sabit ictimai-siyasi vəziyyətdən istifadə edən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı yeni-yeni ərazi iddiaları irəli sürür, yeni işğal zonaları yaradırdı. Ermənistan dövləti səviyyəsində Xocalı, Ağdaban, Qaradağlı və digər ərazilərimizdə azərbaycanlılara qarşı misli görülməyən cinayətlərin hazırlanaraq həyata keçirilməsi isə insanlarımızda xof, vahimə yaratmaq, ölkənin müdafiə qabiliyyətini yox etmək strategiyasına xidmət edirdi. İyun ayının 26-da "Gülüstan” sarayındakı nitqində Prezident İlham Əliyev həmin vaxtlarda xalqımızın qəbul etdiyi qərarı bu cür ifadə etdi: "Azərbaycan xalqı o ağır günlərdə müdriklik göstərərək Heydər Əliyevə üz tutdu, onu hakimiyyətə dəvət etdi. O, hakimiyyətə gələndən sonra Azərbaycanda işlər müsbət istiqamətdə getməyə başladı. O cümlədən ordu quruculuğu sahəsində böyük islahatlar aparıldı. Nizami ordu quruculuğu məhz o illərdə başladı”.
Ulu Öndərin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldiyi həmin vaxtlar ölkə vətəndaş müharibəsi və yenicə bərpa edilmiş dövlət müstəqilliyinin itirilməsi ərəfəsində idi. Dövlətimiz üçün belə bir ağır məqamda fəaliyyətə başlayan Ümummilli Lider, ilk növbədə, ordu quruculuğunu prioritet istiqamət olaraq seçdi. 1993-cü ilin payızında xalqa telemüraciətində Azərbaycan gəncliyini Vətənin müdafiəsi üçün səfərbər olmağa səsləyən Heydər Əliyevin rəhbərliyi ilə Beyləqan istiqamətində əks-hücum əməliyyatı hazırlandı və Horadiz istiqamətində aparılan bu əməliyyat zamanı düşmənə ilk sarsıdıcı zərbələr vuruldu. Nəticədə Horadiz şəhəri də daxil olmaqla düşmən işğalındakı 23 yaşayış məntəqəsi azad edildi, düşmən haqqında yaradılan mif darmadağın olundu. 1994-cü ildə Ermənistanla əldə olunmuş atəşkəs razılaşması Azərbaycan Silahlı Qüvvələrinin yenidən qurulması işində əsaslı və yeni mərhələnin başlanğıcına çevrildi. Onu da unutmuruq ki, Silahlı Qüvvələrimizin yaranma günü- hamımızın qürur və sevgi ilə qeyd etdiyimiz 26 iyun tarixi Prezident Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla həyatımıza daxil oldu. Bu, tarixinə hörmətin ifadəsi ilə bərabər, 1918-ci ildə həmin tarixi yaradan, Azərbaycan Ordusunu quran Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski, Həbib bəy Səlimov, İbrahim ağa Usubov və digər insanlarımızın xatirəsinə ehtiramın nümunəsi idi. Silahlı Qüvvələrimizin tarixi ilə yaxından maraqlanan hər kəs Ümummilli Liderimizin o tarixə necə həssaslıqla yanaşdığını bilir və onu da xatırlayır ki, hələ Azərbaycana rəhbərliyinin ilk illərində, 1971-ci ilin iyun ayında Bakı şəhərində Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb onun şəxsi nüfuzunun və apardığı gərgin işin nəticəsi olaraq yarandı. Həmin vaxtlar azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması da Heydər Əliyevin milli hərbi zabitlərin yetişməsi üçün apardığı uzaqgörən siyasətin nəticəsi idi. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərdiyi də unudulmayıb.
Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əsası Ulu Öndər tərəfindən qoyulan dövlət siyasəti Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alır. Bu gün belə bir Ordunun xalqımıza bəxş etdiyi parlaq qələbənin doğurduğu hissləri yaşayırıq. Xalqımızın bu yaşantılarını Prezident tarixi çıxışında bu cür ifadə etdi: "Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.
Silahlı Qüvvələrimizin işğalçı düşmən üzərindəki tam və qəti qələbəsi bir də onunla müşayiət olundu ki, xalqımız istər prosesin getdiyi 44 günlük müharibədən əvvəl, istər müharibə dövründə və istərsə də müharibədən sonrakı vaxtlarda mükəmməl və ardıcıl Azərbaycan diplomatiyasının üst qatının bəhrələrini əyani şəkildə görə bildi. Məsələ ondadır ki, faktik olaraq işğala məruz qaldığımız, beynəlxalq hüququn tanıdığı ərazi bütövlüyümüzü qoruma cəhdlərimiz zamanı dünyanın bəzi aparıcı dövlətlərinin sanksiyalarına hədəf seçildiyimiz 1992-1993-cü illərdən fərqli olaraq indi o dövlətləri sükut içində gördük. BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı çıxma təşəbbüslərinin qarşısının alınmasında dövlətimizin apardığı fəal diplomatiyanın gücünü hiss etdik. Birinci Qarabağ müharibəsindəki situasiyadan fərqli olaraq yanımızda dostlarımızı, dost münasibəti göstərən Qoşulmama Hərəkatına üzv ölkələrin birmənalı mövqeyini görmək də subyekt olaraq tək olmadığımızın göstəricisi idi. Türkiyə, Pakistan, Əfqanıstanın haqlı mübarizəsində Azərbaycana hərtərəfli kömək göstərməyə hazır olduqları ilə bağlı bəyanatları döyüşən Ordumuzun gücünü birə-beş artırdığı kimi, onun yanında olan xalqımıza ən böyük dəstək oldu.
Bütün bunlar Ümummilli Liderimizin əsasını qoyduğu, Prezident İlham Əliyevin yaradıcılıqla davam etdirdiyi Azərbaycan dövlət siyasətinin bəhrələri idi və bunları görmək xalqın bir nümayəndəsi olaraq, hər birimiz üçün ifadə olunmayacaq dərəcədə xoş idi.
Bunlara görə Azərbaycan Silahlı Qüvvələrinin 103-cü ildönümü hər birimiz üçün əsl bayram ovqatı oldu.
33 ildir ki, hər bir azərbaycanlıda, Azərbaycan vətəndaşında, dünyanın hansı yerində yaşamasına baxmayaraq, ədalət hissi olan hər kəsdə qıcıq hissi oyadan "Dağlıq Qarabağ münaqişəsi” ifadəsini ictimai-siyasi leksikadan çıxaran müzəffər Ordumuzun doğum günü həm də buna görə qiymətlidir. Buna görədir ki, hər birimiz Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdamı həsrətində olan insanlara sevinc bəxş etdiyinə görə Azərbaycan Silahlı Qüvvələrinə və onun Müzəffər Ali Baş Komandanına "Sağ olun, yüz yaşayın!” deyirik.
Təhsil işçisi olaraq ümidvar olduğumuzu bildiririk ki, gənc nəslin yaddaşında əbədilik həkk olunması üçün bu tariximizi, dövlət və xalq olaraq, tariximizə həkk olunmuş yaşadığımız günlərin mahiyyətini uşaqlar, yeniyetmələr və gənclərə açmaq və aşılamaq üçün heç birimiz əlimizdən gələni əsirgəməməliyik.
Bu, pedaqoji işçidən daha çox vətəndaş kimi hər birimizin borcudur.
banner

Oxşar Xəbərlər