• cümə, 26 Aprel, 23:35
  • Baku Bakı 22°C

Eşitmə problemlərinin yaranmasında bir çox səbəblər rol oynayır

04.03.23 09:00 556
Eşitmə problemlərinin yaranmasında bir çox səbəblər rol oynayır

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, otorinolarinqoloq Vəfa Pənahian Mustafa eşitmə problemləri, bu xəstəliyin müalicə metodları, cərrahi müdaxilə, eşitmə aparatları ilə bağlı sualları cavablandırıb. Kaspi.az həmin müsahibəni təqdim edir.

- Vəfa həkim, hansı halda və hansı yaşdan sonra eşitmə problemləri yarana bilər?

- Eşitmə problemlərinin yaranmasında bir çox səbəblər rol oynayır və yaş həddindən asılı deyil. Əsas səbəblərdən antibiotiklərin nəzarətsiz istifadəsi, boyun fəqərələrinin osteoxondrozu, şəkərli diabet, küylü mühit, kəllə-beyin zədələnmələri və digərlərini qeyd etmək olar.

Adətən ağıreşitmə problemi anadangəlmə və ya sonradan qazanılmış olur. Yenidoğulmuşlarda anadangəlmə ağıreşitmə ananın hamiləlik zamanı keçirdiyi xəstəliklərdən, travmatik, kimyəvi və toksik təsirlərdən əmələ gələ bilər. Bundan əlavə, ağıreşitmə və karlığın anadangəlmə forması valideynlər arasında bağlanan qohum nikahları nəticəsində yarana bilər. Xəstəliyin əmələ gəlməsində irsiyyətin böyük əhəmiyyəti var. Belə ki, eşitmə qabiliyyətinin anadangəlmə pozulmalarının 11 faizi genetik səbəbdən yaranır.

Sonradan qazanılma ağıreşitmə keçirilən xəstəliklər nəticəsində yarana bilər. Burada əsasən virusların mənşəyi mühüm rol oynayır. Ümumi müqavimətin zəifləməsi və endokrin pozulmalar xəstəliyin inkişafına təkan verir. Bəzi hallarda ani eşitmə itkisi müşahidə olunur. Bu, arterial təzyiqinin yüksəlməsi və eşitmə orqanına qansızma nəticəsində əmələ gəlir.

Ağıreşitmə və karlığın digər növü yaşla əlaqədardır və “Presbiacusis” adlanır. Adətən bu növ ağıreşitmə 50 yaşdan sonra başlayır və qocalıqda tam karlıqla nəticələnə bilər. Beynəlxalq standartlara əsasən, ağıreşitmənin 5 dərəcəsi var: yüngül, orta, ağır, çox ağır və karlıq. Ağıreşitmənin ən ağır dərəcəsi karlıq sayılır.

- Bəs hansı halda eşitmə aparatından istifadə edilməlidir?

- Müalicə üsullarına tabe olmayan hallarda eşitmə cihazlarından istifadə olunur. Eşitmə qabiliyyətinin bir sıra pozulmaları zamanı müalicə üsullarından istifadə edərək, müsbət nəticə əldə etmək olur. Digər xəstəliklər cərrahi müdaxilələr vasitəsilə aradan qaldırılır. Hər iki müalicə növünə tabe olmayan xəstəlik eşitmə sinirində olan pozulmalardır. Bu pozulmalar sensonevral ağıreşitmə və karlıq adlanır. Xəstəliyə bütün yaşlarda rast gəlinə bilər.

Eşitmə cihazlarının analoqlu və rəqəmsal olmaqla iki növü olur. Analoqlu cihazlar səsgücləndirici rolunu yerinə yetirirlər və artıq gündəmdən çıxırlar. Rəqəmsal cihazlar isə fərdi qaydada seçilir və müayinə aparılandan sonra təyin olunur. Rəqəmsal tipli cihazlar eşitmə pozulması olan zonanı bərpa edir, qulaqda əlavə küyləri aradan qaldırır. Cihaz bir və ya hər iki qulağa tətbiq oluna bilər.

- Cərrahi müdaxilələrlə eşitmə problemini tam aradan qaldırmaq mümkündürmü?

- Qulaq cərrahiyyəsində bir sıra eşitmə bərpaedici əməliyyatlar var. İnsanın eşitmə orqanı səskeçirici və səs qəbuledici hissələrdən ibarətdir. Səskeçirici hissəsində yaranan xəstəliklər zamanı cərrahi əməliyyatlar müsbət nəticə verir. Bu əməliyyatlar xarici qulaq kanalında, təbil pərdəsində, eşitmə sümükcüklərində və təbil boşluğunda aparılır.

Ötən əsrin axırlarından cərrahi müdaxilələr daxili qulaqda müvəffəqiyyətlə tətbiq edilməyə başlayıb. Daxili qulaqda səs qəbuledici orqanın pozulmaları zamanı ilbizə elektrod yeridilir və beləliklə səs dalğaları birbaşa eşitmə reseptorlarına ötürülür. Bu eşitmənin bərpaedici əməliyyatı koxlear implantasiya adlanır.

- Uşaqlarda eşitmə probleminin yaranma səbəbi əsasən nələrdir?

- Uşaqlarda eşitmə problemi bir neçə səbəbdən yarana bilər. Erkən yaşlarda keçirilən virus infeksiyası və yoluxucu xəstəliklərdən sonra eşitmə problemi yaranma riski yüksəkdir. Adətən uşaq xəstəliklərinin müalicəsində antibiotiklərdən istifadə olunur. Eyni zamanda, bilmək lazımdır ki, antibiotiklər eşitmə sinirinə toksik təsir göstərir və onların yüksək dozalarda istifadəsi erkən yaşlarda ağıreşitmənin və karlığın yaranmasına səbəb ola bilər. Yəni, antibiotiklər uşaqlara ehtiyatla təyin olunmalıdır.

Digər tərəfdən, uşaqlarda burun tənəffüsünü çətinləşdirən udlaq badamcığının böyüməsi eşitmə qabiliyyətinin pozulmasına səbəb olur. Belə ki, adenoid adlanan udlaq badamcığı burun-udlağa açılan eşitmə borusunun qabağını tutaraq eşitmə probleminə səbəb olur. Yaranmış problem cərrahi müdaxilə ilə aradan qaldırılır.

- Qulaq pərdəsi hansı səbəbdən zədələnə bilər və eşitmə prosesinə nə dərəcədə təsir edə bilər?

- Təbil pərdəsi adlanan qulaq pərdəsinin zədələnmələri, o cümlədən pərdədə dəliyin yaranması tibbi dildə perforasiya adlanır. Təbil pərdəsi dörd səbəbdən zədələnə bilər: kəsici və deşici alətlər vasitəsilə xaricdən törədilən zədə nəticəsində; təbil pərdəsinin arxasında orta qulaq adlanan hissədə irinli və iltihabı proseslər nəticəsində; məişətdə rast gəlinən kəllə-beyin travması və gicgah sümüklərinin sınığı nəticəsində; xarici qulağa yad cisimlər daxil olanda və orada uzun müddət yerləşəndə təbil pərdəsi zədələnə bilər.

Əlbəttə, sadalanan səbəblər nəticəsində təbil pərdəsində yaranan zədələrdən eşitmə qabiliyyətinin tam itkisi müşahidə olunmur. Bu halda eşitmənin bir qədər azalması izlənilir və xəstələr adətən qulaqda küyü və öz səslərinin əks-sədasını eşidirlər.

- Eşitmənin itirilməsinin profilaktikası üçün nə məsləhət görərdiniz?

- Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünyanın 10 faiz əhalisi eşitmə problemlərindən əziyyət çəkir. Bu, xəstəliyin bir çox səbəbləri ilə yanaşı vaxtında profilaktik tədbirlərin olmaması ilə bağlıdır. Eşitmə itkisinin profilaktikası üçün ilk öncə sağlam həyat tərzi aparmaq lazımdır. Bu anlayış küylü mühitdən, toksik faktorlardan, antibiotiklərin hədsiz təyin edilməsindən qorunmaq deməkdir. Eyni zamanda, yanaşı xəstəlikləri olan şəxslərə aktiv hərəkət və burun tənəffüsünün bərpası vacib amillərdən biridir. Yuxarı tənəffüs yollarının virus infeksiyası zamanı aviasəyahətlərdən mümkün qədər qorunmaq vacibdir.

Eşitmə itkisinin profilaktikası dedikdə, eşitmə qabiliyyətinin zamanında yoxlanılması nəzərdə tutulur. Eşitmənin vaxtında elektroakustik aparatla müayinəsi məqsədəuyğun hesab olunur. Bu müayinə üsulu audiometriya adlanır. Eşitmə problemləri yaşayan və 50 yaşdan yuxarı şəxslərə audiometriya müayinəsi ildə 1-2 dəfə aparılmalıdır.

banner

Oxşar Xəbərlər