• cümə axşamı, 18 aprel, 10:25
  • Baku Bakı 12°C

Ermənistanın yerin altındakı xisləti

26.02.21 17:07 1358
Ermənistanın yerin altındakı xisləti
Azad olunan ərazilərdə 4,5 milyon ədəd mina basdırılıb
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 ildir davam edən işğala son qoydu. 44 günlük Vətən Müharibəsi dövründə Rəşadətli Ordumuz Ermənistan silahlı birləşmələrini Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarından, Hadrut qəsəbəsindən, eləcə də, Xocalı və Xocavəndin bir çox yaşayış məntəqələrindən, Şuşa şəhərindən iti qovan kimi qovdular. Döyüş meydanında minlərlə canlı qüvvəsi, yüzlərlə hərbi texnikası, silah-sursatı məhv olan düşmən, Ağdam, Kəlbəcər və Laçını Azərbaycana təslim etmək məcburiyyətində qaldı. Yalnız Azərbaycan Ordusunun gücü hesabına BMT Təhlükəsizlik Şurasının 90-cı illərdə qəbul etdiyi məlum qətnamələr icra edildi. 30 ildir sülh yolu ilə həllini tapa bilməyən Dağlıq Qarabağ problemi tarixə qovuşdu, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Lakin əfsus ki, işğaldan azad olunmuş ərazilərə bu gün vətəndaşlarımızın rahatlıqla səfər etməsi, vaxtilə orada yaşamış insanların öz dədə-baba evlərinə qayıtması qeyri-mümkündür. Əvvəla bu onunla əlaqədardır ki, 30 ilə yaxın vaxt ərzində Ermənistanın işğalçı qüvvələri, Prezident İlham Əliyevin təbirincə desək, vəhşi-barbar erməni qəbiləsi azərbaycanlılara məxsus yaşayış məntəqəsində daşı-daş üstündə qoymayıblar. Azərbaycanlılara məxsus daşınmaz əmlak ermənilər tərəfindən dağıdılıb, talan edilib. İndiyə qədər salamat qalan evlər isə erməni ordusu geri çəkilərkən qəsdən yandırılıb.

200 metr enində sahədə 7-8 mina xətti
İşğaldan azad edilmiş yaşayış məntəqələrinə səfər etməyi mümkünsüz edən digər mühüm səbəbi isə ermənilərin 30 il ərzində həmin ərazilərdə piyada və tank əleyhinə minalar basdırmasıdır. Bununla yanaşı, müharibə müddətində ərazi partlamamış döyüş sursatları ilə çirklənib ki, bu da insan həyatı üçün əlavə təhlükə mənbəyidir. Darmadağın olan Ermənistan ordusu işğal altında saxladığı ərazilərdən geri çəkilmək məcburiyyətində qalarkən kütləvi şəkildə əlavə minalar da basdırıb. Sonradan məkrli düşmən minalı sahələrin xəritəsini Azərbaycan tərəfinə verməyib. Bu gün də vermək istəmir. Məqsəd mümkün qədər çox sayda insanın həlak olmasına nail olmaq və bu ərazilərə azərbaycanlıların qayıdışını maksimum uzatmaqdır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə üzrə əməliyyat meneceri Mədəd Məmmədov mediaya müsahibəsində bildirib ki, Ermənistan 27 illik işğal dövründə ərazilərdə ciddi sayda mina döşəyib, ən çox da keçmiş təmas xətti küllü miqdarda minalanıb. Minaların qarışıq döşəndiyini diqqətə çatdıran mütəxəssis vurğulayıb ki, təmizləmə prosesində tank və piyada əleyhinə, həmçinin sürpriz qurulmuş minalarla qarşılaşırlar. Onun sözlərinə görə, 30 metr enində bir mina xəttinə rast gələndə oradan ən azı 100-150 mina tapıb çıxarılır. Ön xətdə minalanmış sahədə 7-8 mina xətti ilə rastlaşdıqlarını dilə gətirən M.Məmmədov deyir ki,təxminən 200 metr enində sahədə 7-8 mina xətti var və orada minlərlə partlamamış mina mövcuddur.

Basdırılan minaların ümumi dəyəri 340 milyon ABŞ dollarına çata bilər

"Svobodnaya Pressa”nın yazdığına görə, Ermənistan 2020-ci il üçün hərbi büdcəsinin 50, rəsmi valyuta ehtiyatlarının 15 və ya dövlət büdcəsinin 10 faizini Azərbaycan ərazilərinin minalanmasına xərcləyib. Qeyd olunur ki, 27 kvadrat kilometrlik təmizlənmiş kiçik bir ərazidə tapılan mərmilərin ümumi dəyəri 3 milyon ABŞ dollarına çatır. İstehkamçıların qiymətləndirməsinə görə, işlərin artıq aparıldığı və ya gələcəkdə aparılması planlaşdırıldığı ərazilərdə ümumilikdə, təxminən 4,5 milyon mina basdırıla bilər. Mütəxəssislərin hesablamalarına görə, Ermənistan tərəfinin basdırdığı minaların ümumi dəyəri 340 milyon ABŞ dollarına çata bilər. Bütün bunlar işğalçı Ermənistan dövlətinin mahiyyətini, insanlığa və bəşəriyyətə qarşı olan terrorçu xislətini bir daha ortaya qoyur. Təsadüfi deyil ki, Vətən Müharibəsindən indiyə qədər ötən vaxt ərzində ayrı-ayrı şəxslərin öz kənd və şəhərini, vaxtilə yaşadığı evi görmək üçün qeyri-qanuni yollarla, icazəsiz şəkildə işğaldan azad olunmuş ərazilərə səfər etməsi faciələrə səbəb olub. Statistikaya görə, atəşkəsdən sonra Ağdam, Ağcabədi və Füzulidə polis və hərbçilərin ciddi nəzarətinə baxmayaraq 40-dan çox adam mina partlayışından həlak olub. Belə faciələrin baş verməməsi üçün Azərbaycanın daxili işlər və müdafiə nazirlikləri dəfələrlə geniş ictimaiyyətə müraciət edib, əhalini işğaldan azad edilmiş ərazilərə səfər etməməyə çağırıb. Bundan başqa, Azərbaycan dövləti Türkiyə və Rusiyanın minatəmizləmə üzrə mütəxəssislərini, hər iki dövlətə məxsus, həmçinin digər ölkələrin müasir minatəmizləmə texnikalarını əraziyə cəlb edib. Azərbaycanlı mütəxəssislərlə birlikdə onlar işğaldan azad olunmuş əraziləri minalardan təmizləyirlər.
Əgər xəritə mövcud olmasaydı...
Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı bildirib ki, 10 noyabrda imzalanmış üçtərəfli bəyanat regionda dayanıqlı və uzunmüddətli sülhün təmin edilməsinə hesablanıb. Onun sözlərinə görə, Azərbaycan bu bəyanata uyğun olaraq hərbi əməliyyatlarını dayandırıb, növbəti mərhələnin isə dinc şəkildə icra olunması üçün əlindən gələni edir. Millət vəkili deyib ki, Ermənistan üçtərəfli bəyanatın icrasını müəyyən qaydada təmin etsə də, özlərinin cinayətkar əməllərindən əl çəkmir. A.Badamov söyləyib ki, tərəflər bütün məsələlərin sülh danışıqları masası arxasında həll olunmasına razılaşsa da, Ermənistan işğaldan azad olunmuş torpaqlarımızda minalanmış ərazilərin xəritəsini təqdim etmir: "Beynəlxalq konvensiyalara uyğun olaraq belə bir məsələnin həll edilməməsi ucbatından dinc insanların ölməsi və xəsarət alması hərbi cinayətdir. Minalanmış ərazilərin əhatə dairəsi çox genişdir və bu ərazilərin minalanması erməni hərbiçiləri tərəfindən 30 il ərzində aparılıb. Təbii ki, minalanmış hər bir ərazinin xəritəsi mövcuddur. Əgər xəritə mövcud olmasaydı bu illər ərzində ermənilərin də minaya düşməsi halları baş verərdi. Əgər baş verməyibsə, bu, onlarda haraların minalandığı barəsində dəqiq sxemlərin olmasından irəli gəlib”.

Ermənilər bunun da cavabını verəcək

Deputat vurğulayıb ki, məhz minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsi, işğaldan azad olunmuş ərazilərimizdə hərbi və mülki insanların minaya düşməsinə və sağlamlıqlarının itirilməsinə səbəb olur: "Hər bir minaya düşmə halı ermənilərin növbəti cinayətidir və bir gün gələcək ermənilər bunun da cavabını verəcək. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar bütün bu cinayətləri görür və təəssüf ki, üstündən susqunluqla keçir. Sülh şəraitində insanların minaya düşərək həlak olması insanlığa qarşı növbəti hərbi cinayətlərdir. Bizim müvafiq strukturlar belə cinayət hallarını sənədləşdirərək beynəlxalq təşkilatlara, ermənilərə havadarlıq edənlərə göndərməli və ermənilər minalanmış ərazilərin xəritələrinin verilməsi üçün məcbur edilməlidir”.

Məqsədli şəkildə ediblər ki...
Milli Məclisin deputatı Cavid Osmanov da bildirib ki, Dağlıq Qarabağ münaqişəsi bitsə də, ermənilərin Azərbaycan xalqına qarşı cinayətləri davam etməkdədir. Onun fikrincə, Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində basdırdığı minaların xəritəsini təqdim etməkdən boyun qaçırmaqla növbəti hərbi cinayətlər törədir. Deputat deyib ki, 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan indiyə qədər həm hərbçilərimiz, həm mülki insanlarımız mina partlayışları nəticəsində həlak olublar, ağır yaralanıblar: "Ermənilər öz çirkin xislətlərinə sadiq qalaraq hərbi təyinatı olmayan əraziləri də minalayıblar. Onlar bunu məqsədli şəkildə ediblər, məqsəd də təbii ki, daha çox insanın həlak olmasıdır. Azərbaycan 10 noyabr sazişinə əsasən bütün işlərin həyata keçirilməsinə şərait yaratsa da, bir çox məsələlərdə humanistlik nümayiş etdirsə də, Ermənistan tərəfi bunun əksini nümayiş etdirir, öz təxribatlarını, cinayət əməllərini davam etdirir. Beynəlxalq qanunlara əsasən, Ermənistan bu xəritələri qarşı tərəfə təqdim etməlidir. Xəritələri verməkdən boyun qaçırmaq və bununla da daha çox insanın ölümünə bais olmaq beynəlxalq hərbi cinayətdir”.

Hardadır ATƏT-in Minsk qrupu?!

C.Osmanov qeyd edib ki, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən boyun qaçırmaqla, həm də işğaldan azad olunan ərazilərdə bərpa işlərini, insanların öz yurdlarına qayıtmasını ləngitməyə çalışır: "Aydın görünür ki, Ermənistan öz cinayətkar əməllərindən əl çəkmək niyyətində deyil. Ermənistan regionda davamlı sülhün əldə olunmasına, əməkdaşlıq mühitinin yaranmasına mane olur. Onlar bu yolla 10 noyabr razılaşmasının həyata keçirilməsinə mane olmağa çalışırlar. Təəssüf ki, beynəlxalq təşkilatlar bu məsələdə də susqunluq nümayiş etdirirlər. 44 günlük müharibə dövründə bir çox dövlətlər, beynəlxalq təşkilatlar döyüş əməliyyatlarını dayandırmaqla bağlı Azərbaycana təzyiq göstərməyə çalışırdılar, lakin indi hamısı sakit oturub, Ermənistanın cinayət əməllərinə göz yumurlar. Hardadır ATƏT-in Minsk qrupu?! 30 ilə yaxın müddət ərzində heç bir nəticəsi olmayan fəaliyyət göstərdi, döyüş əməliyyatları zamanı isə yenə danışıqlar aparmağa cəhd edirdi, sanki Azərbaycan daha 30 il də bunların səmərəsiz fəaliyyətini gözləməli idi. Elə sülh tərəfdarısınızsa, niyə Ermənistana təzyiq göstərib xəritələri verməyə məcbur etmirsiniz?”.

Xəritələri verməyəcəkləri halda...
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsi Ermənistanın növbəti hərbi cinayətidir: "Ermənilər dünyaya car çəkirlər ki, Azərbaycan əsirlərimizi geri qaytarmır, halbuki qaytarılanların sayı getdikcə artır. Buna baxmayaraq, Ermənistan rəsmiləri xarici həmkarları ilə danışıqlarda hər dəfə bu məsələni qabarırlar. Biz işğaldan azad olunmuş əraziləri minalardan təmizləməyə çalışırıq, bu işə nə qədər texnika cəlb olunub. Buna baxmayaraq, mina partlaması nəticəsində həlak olanların sayı azalmır. Ermənistan minaladığı ərazilərin xəritələrini bizə vermir. Halbuki bu xəritələrin varlığını rusiyalı hərbi ekspertlər də təsdiq edirlər. Minaları, adətən, işğalçı tərəf harda gəldi basdırır ki, qarşı tərəf hücuma keçə bilməsin. Bunu anlamayan yoxdur. Ermənilərin xəritələri verməməkdə məqsədi aydındır. Fikirləşirlər ki, qoy Azərbaycanın itkiləri artsın. Bunu biz bilirik, sadəcə bildiyimizi müxtəlif dövlətlərə və beynəlxalq təşkilatlara da anlatmalıyıq. Ermənistanın xarici işlər naziri "əsirlər” mövzusundan ikiəlli yapışıbsa, bizim də nazir minalanmış ərazilərin xəritəsi məsələsini dünyaya çar çəkməlidir. Xəritələri verməyəcəkləri halda, əsirlərin qaytarılması prosesinə ara verməliyik!”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər