• cümə axşamı, 28 mart, 16:15
  • Baku Bakı 16°C

Ermənistanın taleyi Bakının qərarından asılıdır - Laçından İrəvana verilən MESAJ

28.05.23 20:03 767
Ermənistanın taleyi Bakının qərarından asılıdır - Laçından İrəvana verilən MESAJ

Laçına ilk köç baş tutdu. Dünən artıq 20 ailə, 97 nəfər insan doğma torpaqlarına yola düşdü. 30 ildən artıq yurd həsrəti ilə qovrulan, lakin sınmadan, ümidini itirmədən bu günü böyük ümüdlə gözləyən laçınlıların da həsrəti bitdi.

Belə bir əlamətdar hadisənin baş verdiyi gün Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərə növbəti səfəri xüsusilə diqqətçəkən oldu. Bu gün isə müstəqillik gününü Laçına öz yurd-yuvasına qayıdan ailələrlə görüşən dövlət başçısı bununla bir daha istər Ermənistanda revanş istəyi ilə alışıb-yanan, istərsə də radikal erməni separatçılarına hamilik edənlərə növbəti dəfə nümayiş etdirdi ki, Azərbaycan dövləti üçün onun ərazi bütövlüyü, təhlükəsizliyi və vətəndaşlarının öz doğma yurd-yuvasında azad-firavan yaşaması ən prioritet məsələdir və Azərbaycanı heç bir qüvvə bu yoldan döndərə bilməz.

Bu gün dövlət başçısının istər beynəlxalq siyasi sferada olsun, istərsə də daxildə apardığı islahatların, gördüyü işlərin, qəbul etdiyi qərarların əsas bir istiqaməti var: Azərbaycanı daha da gücləndirmək, Azərbaycanı bundan sonra da uzun vədədə öz ayaqları üstündə saxlamaq, heç bir dövlətdən, beynəlxalq təşkilatdan asılı duruma düşməsinə şərait yaratmamaqdır. Çünkü qlobal müstəvidə müstəqil siyasi qərarlar üçün güclü iqtisadiyyat ən əsas şərtdir.

44 günlük müharibədən sonra regionda yaranan yeni geosiyasi konfiqurasiyanın Azərbaycanın adı ilə bağlı olduğunu nəzərə alsaq, demək ki, rəsmi Bakı düzgün yol xəritəsi çizib. Bu gün artıq Azərbaycan regionun və Avrasiya qitəsinin əsas aktoruna çevrilmək istiqamətində çox iri layihələrin yükünü çiyninə götürmək gücündə olduğunu bütün dünyaya nümayiş etdirməkdədir.

Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə istənilən sahədə dünyada söz sahibi kimi sayılıb-seçilir, ən mötəbər kürsülərdə hörmətlə yerini alır. Azərbaycan bütün buna əraziləri 30 il ərzində işğalda qaldığı dövrdə pillə-pillə, zərrə-zərrə nail oldusa, dünyanı pandemiya kimi bəlanın ağuşuna aldığı belə bir çətin dövrdə 44 gün Vətən müharibəsi ilə tarixi zəfər çalması ilə daha da taclandırdı. Qlobal güclərin tək pandemiyanın öhdəsindən gəlməkdə çətinlik çəkdiyi bir vaxtda Azərbaycan öz xalqının sağlamlığı, təhlükəsizliyi ilə yanaşı dünyanın bir çox ölkələrinə milyonlarla dollar dəyərində yardımları ilə yadda qalması azmış kimi, böyük bir savaşdan da öz gücü, imkanları hesabına qələbə ilə ayrılaraq 30 illik həsrətə son qoymağı bacardı.

Təbii ki, bütün bunların arxasında bacarıqlı, qətiyyətli siyasi lider məsələsi çox həlledici idi. Prezident İlham Əliyev xalqının, dövlətinin lideri, Ordusunun Ali Baş Komandanı kimi bu çətin, lakin şərəfli missiyanın da öhdəsindən böyük uğurla gəlməklə Azərbaycan üçün yeni bir şanlı tarix yazmağı bacardı.

Bunu mütləq nəzərə almaq lazımdır ki, 30 illik işğal dövründə Azərbaycan və Ermənistan qlobal bir oyunun subyektləri idisə, 44 günlük müharibə ilə bu geosiyasi reallıq tamamilə dəyişdi. Daşlar yerindən oynadı. Bu oyunu 30 il "idarə edən" güclərin gözləmədiyi halda Azərbaycan "münaqişənin" subyektindən bu münaqişəni həll edən tərəfə çevrildi və erməni işğalına son qoyaraq bu gün yeni geosiyasi reallığı dünya dövlətlərinə, beynəlxalq ictimaiyyətə qəbul etdirməyi bacardı.

3 il əvvəl "Qarabağ Ermənistandır" deyən Ermənistan baş naziri bu gün Prezident İlham Əliyevin dediklərini təkrarlamaqla diqqət mərkəzindədir. Nikol Paşinyan bu gün əgər Azərbaycanın ərazi bütövlüyünü tanıdığını az qala hər platformada bəyan edirsə, bunu ilk dəfə olaraq rəqəmlərlə bildirirsə və Qarabağın da bu 86,6 min kv-km ərazi vahidimizə daxil olduğunu etiraf edirsə, təbii ki, öz xoşu ilə etmir. Bu, o Paşinyandır ki, "Qarabağ Ermənistandır!" deyirdi, Şuşada halay vururdu, Azərbaycana hədə-qorxu gəlirdi.

Azərbaycan Prezidenti bu gün Ermənistan liderini özü-özünü inkar etməyə məcbur vəziyyətə salıb. Bəli, Prezident İlham Əliyevin yürütdüyü siyasət Paşinyanı yeni geosiyasi reallığı qəbul etməyə məcbur etdi. Bİz bu gün tamamailə başqa hadisələrin şahidiyik. Fikirlərimin başlanğıcında qeyd etdiyim kimi, artıq Laçın sakinləri öz yurd-yuvalarına qayıdır.

Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun tək xilaskarı kimi yox, o, bu gün eyni zamanda həmin işğaldan azad edilən ərazilərimizə həyatı qaytaran, orada yaşayışı təmin edən bir lider kimi də təqdir edilir. Azərbaycan Prezidentinin bu uğurlu fəaliuyyətini təkcə region ölkələri yox, dünyanın müxtəlif ölkələrinin dövlət başçıları, nüfuzlu siyasət adamları son zamanlar xüsusi ilə etiraf edirlər.

Bu gün Laçında elə həmin rayonun sakinləri ilə görüşən Prezident İlham Əliyevin də qeyd etdiyi kimi son 3 il ərzində siyasi gücümüzü daha da artırdıq, bu gün Azərbaycanla hesablaşırlar: "Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Deyirəm, ən azı regional, amma, eyni zamanda, bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır”.

Bütün dünya ictimaiyyəti yaxşı bilirdi və bilir ki, Ermənistan Azərbaycanın torpaqlarından öz xoşu ilə çıxmaq istəmirdi. Rəsmi İrəvan işğalı əbədiləşdirmək, onu legitimləşdirmək üçün 30 il ərzində hamilərinin, himayədarlarının köməyi vaxt qazanmaq, bu məsələni gündəlikdən müxtəlif yollarla çıxartmaq cəhdlərini bir an olsun yerə qoymadı. Lakin 2003-cü ildə "Ona Özüm qədər inanınam" deyib xalqa müraciət edən Ulu öndər Heydər Əliyevin bu etimadı özünü ərazi bütövlüyümüzün təmin olunması ilə yanaşı bu gün davam edən proseslərdə də bir daha doğrultmaqdadır.

Dövlət başçısının dünən və bu gün səfərdə olduğu Kəlbəcər, Laçın rayonları Ermənistan üçün alınmaz qala, keçilməz sədd hesab edilsə də Prezident İlham Əliyevin müdrük siyasəti, ağıllı manevrləri, düzgün strategiyası və nəhayət dönməz qətiyyəti nəticəsində Azərbaycan bir güllə belə atmadan Ağdam da daxil olmaqla bu iki böyük rayonu Ermənistandan geri almağı bacardı. Yerli və xarici bütün siyasi-hərbi ekspertlərin rəyinə nəzər salsaq aydın görərik ki, bu iki rayonların işğaldan azad olunması üçün müharibə davam edəcəyi təqdirdə hər iki tərəf daha çox şəhid verəcəkdi. Lakin İlham Əliyev amili bütün bu qanlı-qadalı hadisələrin önünə keçdi və Azərbaycan heç bir itki vermədən qanunsuz erməni silahlılarını Kəlbəcər və Laçından çıxarmağa müəssər oldu.

Bu gün Laçın sakinləri ilə görüş zamanı Ermənistanın, sadəcə olaraq, görüntü naminə, beynəlxalq vasitəçiləri aldatmaq, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün beş rayonu qaytarmağa hazır olduqları, Laçın və Kəlbəcərin isə onların əlində həmişəlik qalması ilə bağlı təklif irəli sürdüyünü xatırladan dövlətimizin başçısı qeyd edib: “Biz isə heç vaxt bununla razılaşa bilməzdik. Mən hər zaman deyirdim ki, ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Bu gün müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində biz buna nail olmuşuq. Biz düşməni döyüş meydanında məğlub etmişik”.

Prezident hələ Vətən müharibəsinin gedişində Ordusunun qəhrəman-igid oğullarının qəhrəmanlığını hər dəfə xüsusi ilə qeyd edərək, onların qəhrəmanlığı ilə bağlı çıxışlara həssaslığ ilə yadda qalırdı. Dövlət başçısı bu dəfə də Ali Baş Komandanı olduğu Ordunun əsgərlərini, zabitlərini yad edib: “Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər”, - söyləyən dövlətimizin başçısı onu da qeyd edib ki, Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyən Prezident İlham Əliyev onların qəhrəmanlığının heç vaxt unutmayacağını bildirərək deyib: “Onların qəhrəmanlığı, şücaəti sayəsində biz, bax, bu gün burada oturmuşuq və bu gün bu torpaqlarda həyat canlanır”.

Bəli, bugünkü reallıq İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə əldə edilmiş nəticələr əsasında formalaşıb. Bu rerallığı Azərbaycan xalqı, dövləti və ordusu birgə dəyişdi. Ermənistan o acı məğlubiyyətin ağrılarını, yaralarını hələ də sağalda bilmir. Nikol Paşinyanın rəhbəri olduğu Ermənistan bir şeyi asnlamalıdır ki, destruktivlikdən əl çəkməzsə, 10 noyabr üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirməzsə, yenidən hamilərinin sözü ilə revanş abu-havasına düşərək Azərbaycana qarşı hər hansı bir təxribat cəhdlərini davam etdirərsə, daha ağır nəticə ilə üzləşə bilər. Bunun üçün indi Azərbaycanın siyasi və hərbi gücü daha çoxdur, daha effektivdir.

Lakin rəsmi Bakı müharibə, savaş tərəfdarı deyil və bölgənin yenidən hərbi poliqona çevrilməməsi üçün əlindən gələni edir. Azərbaycan sülh təşəbbüsündəki səmimiyyətini istər Vaşinqton, istər son Brüssel görüşündə də aydın şəkildə nümayiş etdirdi. Hətta Avrasiya İqtisadi İttifaqının (Aİİ) 3 gün əvvəl Moskvada keçirilən sammitinə də qonaq qismində qatılan Azərbaycanın məqsədi məhz Ermənistan baş naziri ilə növbəti dəfə burada üçtərəfli formatda görüşüb, sülh istiqamətində həlledici addımlar atılması ilə bağlı idi. Amma gördük ki, Ermənistan tərəfi yekun sülhün imzalanmaması üçün bu dəfə də həm həm diplomatik masad, həm də şərti sərhəddə vəziyyəti gərginləşdirmək məqsədi ilə təxribatyönlü qərarları ilə diqqət çəkdilər.

Əslində sülh sazişi gündəliyinə daxil olan məsələlərin böyük əksəriyyətinin tərəflər arasında razılaşdırıldığı artıq hər kəsə məlumdur. Ermənistan geridə qalan müddətdə nə qədər çalışsa da ki, Azərbaycanın 5 maddəlik sülh gündəliyinə daxil olan müddəalara qarşı çıxaraq sənədin razılaşdırılmasına ciddi maneə yaratsın, amma rəsmi Bakının diplomatik pressinqi öz bəhrəsini verdi. Bu gün sülhün astanasında olsaq da, Ermənistan siyasi rəhbərliyi sanki hansısa bir tarixi gözləyirmi kimi, prosesləri bizim üçün hələlik qeyri-müəyyən olan tarixə kimi dondurmaq niyyətyini yenidən gizlədə bilmir.

Prezident İlham Əliyev bu məsələnin çox yaxşı fərqindədir. Ölkə başçısı Laçında sakinlərlə görüşündə bu məsələyə yenidən toxunaraq bildirib: "Əgər yenə də Ermənistan saxtakarlıq etməsə, yaxın gələcəkdə sülh müqaviləsi imzalana bilər".

Lakin Prezident ən piss ssenarini də - Ermənistanın sülhdən qaçmaq niyyətinə də toxunaraq sözünə əlavə edib: “İmzalansa, çox yaxşı, imzalanmasa da, hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq”.

Bununla Prezident İlham Əliyev növbəti dəfə rəsmi İrəvana mesaj vermiş oldu ki, Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq, biz heç onları buna məcbur etməyə də çalışmayacağıq. O zaman da gedişat bizə onu düşünməyə əsas verir ki, Ermənistan sülh istəmir. Təkcə desək, bunlar sülhə hazır deyillər, bu, kifayət etməz. Bizlə sülh şəraitində qonşu kimi yaşamaq, bizə qarşı ərazi iddialarından əl çəkmək niyyətində deyillər.

Azərbaycanın Qarabağ ərazisindəki bir neçə min nəfər erməniyə görə min cür qeyri-mümkün təkliflər irəli sürməklə, Azərbaycanın daxili işlərinə qarışmaqla məşğuldurlar. Yəni Azərbaycan ərazisindəki separatçılara öz büdcələrindən maliyyə yardımı ayırmaq və hərbi güclərini bu günə qədər orada saxlamaq kimi məsələlər Azərbaycanın daxili işlərinə qarışmaq deməkdir. İndi Nikol Paşinyan üçün sözdən əmələ keçmək zamanıdır.

Ermənistanın sülh istəməməsi isə elə özünün fəlakəti kimi tarixin yaddaşına köçəcək. Bu cür destruktiv mövqe Azərbaycanı vadar edə bilər ki, tarixi dədə-baba torpaqları ilə bağlı faktlar, tarixi sənədlər əsasında tarixi torpaqlarını tələb etsin. Hər halda belə olacağı təqdirdə Ermənistanın ondan sonrakı vəziyyyətini təsəvvür etmək çətin deyil. Nəticədə heç vaxt onun olmayan torpaqların da sahiblərinə qayıtması ilə "Ermənistan" adına xəyali bir dövlət kimi tarixi kitablarda ara-sıra rast gəlinər. Yaxşı olar ki, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyi sülhü sabotaj etməzdən əvvəl bu cür incə məqamları da hesaba qatsın. Yoxsa bədəli çox ağır olacaq.

Trend

banner

Oxşar Xəbərlər