• cümə, 19 Aprel, 08:32
  • Baku Bakı 13°C

“Ermənistan Rusiya ilə hibrid müharibəsi aparır”

15.08.19 18:10 11852
“Ermənistan Rusiya ilə hibrid müharibəsi aparır”
Rusiya mediası növbəti dəfə Ermənistanı hədəfə alıb. Rəsmi Yerevanın ikili, xaotik xarici siyasət yürütməsinə yer ayıran Rusiya mediası yazır ki, belə bir xətt, ona yaxşı heç nə vəd etmir. "Pravda.ru” portalı yazır ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vaneçyan bəyan edib ki, Ermənistan 1918-ci ildə öz dövlətçiliyini "sovetləşmə” nəticəsində itirib. "Belə bir ideologiyanı əlində əsas götürən dövlətlər Rusiya ilə hibrid müharibələri aparırlar. Bunlar Baltikyanı dövlətlər, Gürcüstan, Ukraynadır”, - deyə məqalədə bildirilir. Əlavə edilir ki, "Asparez” (Gümrü) mətbuat evinin sədri Levon Barseqyan Artur Vaneçyandan tələb edib ki, onun bir sıra suallarına cavab versin. Vaneçyanın onun suallarına cavabını Barseqyan da dərc edib. MTX rəhbərinin cavablarından da görünür ki, onun strukturunun fəaliyyəti Ermənistanın sovetləşməsi ilə pozulub. "Yalnız 1991-ci ildə Ermənistan müstəqillik əldə etdikdən sonra Milli Təhlükəsizlik Xidməti öz fəaliyyətini bərpa etməyə müvəffəq olub”, - deyə xidmət rəhbəri bildirib. "Müstəqilliyin itirilməsi istənilən bir normal adam tərəfindən müsbət hal kimi qarşılana bilməz”, - deyə Vaneçyan yazıb. Yəni Ermənistanın ən önəmli güc strukturlarından birinin rəhbəri hesab edir ki, 1918-ci ildə Ermənistanın Rusiya tərəfindən "anneksiyası” baş verib. Düzdür, bu barədə birbaşa demir və əlavə edir ki, "tarixə qiymət” verə bilməz. Onun etiraflarındakı məntiq bu qənaətə gəlməyə əsas verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti özünü NKVD və SSRİ Dövlət Təhlükəsizlik Xidmətinin varisi hesab etmir. "Bizim əməkdaşlarımız gecə və gündüz Ermənistanın və onun xalqının təhlükəsizliyini təmin edir. Onları Stalin cəlladları və QULAQ cəza dəstələri ilə eyniləşdirmək olmaz. Sovet dövründə baş verən kütləvi repressiyalar və insanların həbsi bizlər tərəfindən pislənilib və bir daha yol verilə bilməz”, - deyə idarə rəhbərinin sözlərini Barseqyan diqqətə çatdırıb.
Müəllif yazır ki, Vaneçyan belə fikirlər səsləndirməklə bizlər qarşısında bir sıra suallar qoyur: "Ermənistanın 1918-ci ildə Rusiya tərəfindən işğalı iddiası ölkəmizdə nə qədər geniş yayılıb? Ermənistan belə bir mövqe ilə Rusiya ilə sıx inteqrasiyada ola bilərmi? İnteqrasiya Rusiya ilə hibrid müharibəsi aparılmasında pərdə rolunu oynamırmı?” "Pravda.ru”ya açıqlamasında Yerevan geosiyasi klubunun rəhbəri, politoloq Arman Boşyan bildirib ki, ola bilsin, bu, Vaneçyanın şəxsi fikridir. Lakin təhlükəli olan odur ki, bu, dövlət səviyyəsində inkişaf edə bilər: "Mən Ermənistanda müstəqil dövlət institutlarının əlamətlərini görmürəm. Onlar hamısı ətraf aləmdə baş verən proseslərdən güclü şəkildə asılıdırlar”.
Öz növbəsində MDB ölkələri İnstitutunun direktor müavini Vladimir Jarixinin sözlərinə görə, mahiyyət etibarilə Ermənistan MTX-nin rəhbəri öz sözləri ilə o zamankı dövlətçiliyin dağılmasında rol oynamış xüsusi xidmət orqanlarının varisi olduqlarını təsdiq etmiş olub. "Mən ümid edirəm ki, reallıq başqadır. Gəlişi gözəl və gurultulu sözlərə baxmayaraq, Ermənistan xüsusi xidmət orqanları maksimum dərəcədə Sovet İttifaqının xüsusi xidmət orqanlarının təcrübəsindən yararlanır”, - deyə V. Jarixin "Pravda.ru”ya bildirib. Əlavə edib ki, bu, onların effektiv işləməsinin təminatıdır.
Məqalədə sonda xatırladılır ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin martında Yerevanda Ermənistanla NATO arasında Fərdi Tərəfdaşlıq Planı (IPAP) çərçivəsində 2020-2022-ci illər üçün "NATO həftəliyi” keçirib. "Əməkdaşlıq çərçivəsində Əfqanıstanda Ermənistan hərbçiləri xidmət etməkdə davam edir və lazım olduğu qədər orada qalmaqda davam edəcək”, - deyə Ermənistan Müdafiə Nazirliyinin müdafiə siyasəti idarəsinin rəhbəri Levon Ayvazyan bildirib. IPAR-ın altıncı mərhələsi gələn ilin əvvəlində təsdiq olunacaq. Orada iştirak Yerevanın Şimali Atlantika Bloku ilə regional təhlükəsizlik, təhlükəsizlik strategiyasının hazırlanması, hərbi doktrina, büdcə planlaması və digər məsələlərlə bağlı mütəmadi məsləhətləşmələrini nəzərdə tutur. Yerevan hər zaman NATO sammitlərində müşahidəçi kimi iştirak edir. Saytda dərc olunan materialda Yerevanda ABŞ səfirliyinin əməkdaşlarının sayının bir neçə min nəfərə çatdırılmasına da diqqət yetirilir. Bildirilir ki, bu, ABŞ xüsusi xidmət orqanları əməkdaşlarının Ermənistanda hansı səviyyədə təmsil olunduğunu göstərir. Əlavə edilir ki, ortada Ukrayna təcrübəsi var. O zaman Ukrayna Təhlükəsizlik Xidmətində Maydan hərəkatına rəhbərlik edən Mərkəzi Kəşfiyyat İdarəsinin bir bölməsi fəaliyyət göstərirdi. Böyük ehtimalla, belə əlaqələr Ermənistan Milli Təhlükəsizlik Xidmətində də var. Və təbii ki, onlar heç də Ermənistanın və Rusiyanın rifahı üçün fəaliyyət göstərmir”.
"1in.am” saytında dərc olunan "Kreml Yerevanı hədələyir” başlıqlı məqalədə isə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Yerevana səfərinə yer ayrılıb. Qeyd edək ki, səfər zamanı Patruşev erməni tərəfi ilə "Suriya xalqına humanitar yardım”, habelə Ermənistanın Rusiyadan daha çox silah alması məsələsini müzakirə edib. Bu, Ermənistanda "məxməri inqilab”dan bəri Patruşevin Yerevana ilk rəsmi səfəridir. "Azatutyun”un erməni xidməti xatırladır ki, Ermənistan bu ilin fevralından Rusiya ilə birlikdə Suriyaya "humanitar yardım missiyasını” həyata keçirir. Xəbərdə deyilir ki, Ermənistan hökumətinin rəsmi məlumatında, ümumiyyətlə, Suriyanın adı çəkilmir. Bu barədə məlumatı "Azatutyun”a baş nazirin mətbuat katibi Vladimir Karapetyan verib və deyib ki, bu məsələ Rusiya tərəfinin təşəbbüsü ilə qaldırılıb. Mətbuat katibi deyib ki, Patruşev Ermənistanın Suriya missiyasında iştirakının Moskva tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Hökumət məlumatında bu da bildirilir ki, Patruşevlə Qarabağ münaqişəsi məsələsi də müzakirə olunub. Amma bu barədə Rusiya Təhlükəsizlik Şurasının xəbərində heç nə deyilmir. "Azatutyun” təhlilçilərə istinadən yazır ki, Ermənistan Rusiya silahından son dərəcə asılıdır və Moskvanın Cənubi Qafqazdakı yeganə müttəfiqi olaraq qalır. "Foreign Brief” saytı ehtimal edir ki, Patruşevlə görüşdə Ermənistan Rusiyadan daha çox silah istəyə bilərdi. Sayt qeyd edir ki, bu məsələ böyük bir ehtimalla Vladimir Putinin oktyabr ayında Yerevana səfəri zamanı müzakirə olunacaq.
Yeri gəlmişkən, "1in.am” onu da yazır ki, səfər ərəfəsində kremlyönümlü "Regnum” agentliyi Patruşevin Paşinyan qarşısında qaldırdığı məsələlərdən bəhs edən məqalə dərc edib: "Rusiya Paşinyanı inandırmağa çalışacaq ki, separatçı quruma rəhbər vəzifəsinə öz namizədini yerləşdirməyə, eləcə də "miatsum”, yəni birləşdirməyə çalışmasın”. Məqalədə qeyd edilir ki, Rusiyanın ekspert dairələri separatçı qurumda "seçkilərdə” maraqlıdırlar. "Belə bir təəssürat formalaşır ki, Rusiyanın bir sıra dairələri Qarabağı Ermənistanın geosiyasi istiqamətinin müəyyən olunmasında əsas prinsipial sədd kimi görürlər. Nikol Paşinyan da bunu keçməyə cəhd göstərir. Bu səbəbdən də separatçı quruma öz adamını gətirməyə səy göstərir”, - deyə məqalədə vurğulanır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər