Erməni vandalizmini tarixi faktlarla faş edən nəşr - Fotolar
21.11.19 18:08
1606
Özbəkistan tarixçisi Şuhrat Barlasın "Daşnaklar Fərqanədən Qarabağa
qədər» kitabı təqdim olundu
«Bolşeviklərin terroru nəticəsində Türküstanda milyonlarla insan qətlə
yetirilib. Həmin qırğınlarda erməni daşnakların rolu böyükdür. Dinc əhalinin vəhşicəsinə
qətlə yetirilməsi əsl terror, etnik təmizləmə və soyqırımıdır».«Kaspi» qəzeti, "Kaspi”
Təhsil Mərkəzi və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Özbəkistan tarixçisi,
publisist və ictimai xadim Şuhrat
Salamovun (Barlas) «Daşnaklar Fərqanədən Qarabağa qədər» kitabının
təqdimatında səslənən bu fikirlər erməni daşnaklarının həyata keçirdiyi
soyqırımının tarixi faktlarla sübuta yetirildiyini bir daha diqqətə çatdırdı.
Tanınmış alimlər, ictimaiyyət nümayəndələri
və jurnalistlərin qatıldığı tədbirdə təqdim olunan kitab, Azərbaycanın
Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin təşəbbüsü,
ailəsi 1937-ci ildə Naxçıvandan Qazaxıstan və Özbəkistana sürgün edilmiş Mehdi
Məmmədovun maliyyə dəstəyi ilə işıq üzü görüb.
Qeyd edək ki, yeni nəşr əvvəlki nəşrlərdən siyasi-hüquqi problemləri
və tarixi faktları daha əhatəli çatdırması ilə fərqlənir.
Azərbaycan Mətbuat Şurası sədrinin
müavini Ümid Rəhimoğlu qeyd etdi ki, əslində «Daşnaklar Fərqanədən Qarabağadək»
ensiklopedik məlumat kitabıdır: "Qafqazlardan Orta Asiyaya qədər erməni vandalizminin
nişanələri bu kitabda öz əksini tapıb. Onların törətdiyi qanlı hadisələrin nümunələri
kitabda əhatəli yer alıb”. Ü.Rəhimoğlu qeyd etdi ki, kitabın müəllifi Şuhrat Barlas
demək olar ki, Azərbaycanda hər kəsə tanışdır: "Müəllif bu kitabı ərsəyə gətirmək
üçün arxivlərdə çalışıb. 300-ə yaxın mənbədən istifadə edib. Bu da kitabın sanballılığını
artırır. «Daşnaklar Fərqanədən Qarabağadək» kitabı dərin tədqiqat işidir”.
"Kaspi” Təhsil Şirkətinin təsisçisi
Sona Vəliyeva qeyd etdi ki, erməni daşnaklarının törətdiyi faciənin Özbəkistanda və ya
Azərbaycanda baş verməsinin fərqi yoxdur: "Bu, kökü, soyu, ruhu, inancı bir
olan millətin başına gətirilən faciədir. Ona görə, "bizim faciəmiz” deyə müraciət
edirəm”. S.Vəliyeva qeyd etdi ki, "Bu qırğınlar bizə qarşı niyə törədilib?” sualı
kitabdan haqlı olaraq keçir. Belə ki, müəllif bu suala cavab axtarır və özü də cavab
verir: "Çünki böyük bir xalq və böyük bir ruhun daşıyıcısı olduğumuz, tarixə böyük
bir mədəniyyət bəxş etdiyimiz, dünyanın ən sayılıb-seçilən xalqı olduğumuz, bəşər
mədəniyyətinə verdiyimiz töhfələrin say və miqyas etibarı ilə zənginliyi üçün bizi
gözü götürməyənlər var. Biz, inanclarımızın bir olduğu, tarixə böyük dühalar bəxş
edən iki xalqıq. Bəşəriyyət tarixində bir də belə böyük xalq kimi təqdim olunmayaq,
bizim analar bir də belə böyük oğullar dünyaya gətirməsin deyə, bu qırğınları törətdilər.
Ancaq biz ulu Dədə Qorqudun dediyi kimi, artacağıq, yaşayacağıq, minlərlə belə övladlar
dünyaya bəxş edəcəyik”. S.Vəliyeva qeyd etdi ki, Fərqanədən başlayan və Özbəkistanın
müxtəlif yerlərində olan o hadisələrdə qətlə yetirilən minlərlə insanlar, sonda
onların izlərinin itirilməsi üçün vəhşiliklə yandırılması dəhşətli hadisələrdir.
Zaman təkrarlanır. Orda basdırılanlar sanki Qubada zühur edib. Özbəkistanın həmin
hissələri qazılsa, kütləvi məzarlıqlara rast gələcəyik. Dünyanın o böyük dövlətləri
sanki kardır, kordur, bu hadisələri görməzdən gəlirlər. Bu faciələr sonradan Qarabağda,
Xocalıda törədilib. Bunlar yaxın bir dövrün hadisələridir. Ancaq dünya bu cür hadisələrə
susur. Amma bu gün bizim başımıza gələn o hadisələr sanki onların özünə qayıdır. Ermənilər törədikləri qətliamlara görə,
tarix qarşısında cavab verməli olacaqlar”.
S.Vəliyeva tövsiyə etdi ki, bu kitabın tirajını artırıb bütün ali məktəblərə
yaymaq lazımdır: "Bizim” düşüncəsindən çıxış edərək başımıza gələn faciələri yetişən
gəncliyimiz öyrənməlidir. Ona görə bilməlidir ki, bu faciələr bir də təkrarlanmasın. Bu tarixi böyüyən
gəncliyimiz yaxşı öyrənməlidir. İstərdim ki, bütün universitetlərdə bu kitabın təqdimatı
keçirilsin. Çünki bu, bütövlükdə türk dünyasına qarşı yönəlmiş bir faciədir. Özbəkistanda
da, Qarabağda da baş verən faciələr bizimdir. Orda qətlə yetirilən o körpələr, günahsız
insanlar, eləcə də burda baş verən oxşar faciələr də bizimdir. Başımıza gələn faciələrin
arxasında həmişə böyük qüvvələr durur. Ona görə, düşünürəm ki, faciələr unudulmamalı,
onları törədənlərə qarşı qınaq və məhkəmə tələbimiz olmalıdır. Onlar tarix və o
günahsız insanların ruhu qarşısında cavab verəmlidirlər”.
S.Vəliyeva kitabın ərsəyə gəlməsində xidməti olanlara təşəkkürünü
bildirdi: "Bu kitabın ərsəyə gəlməsində Kökü Naxçıvana bağlı, Özbəkistanda doğulmuş,
ancaq Qazaxıstana sürgün olunmuş ailənin övladı olan və hazırda orada yaşayan Mehdi
bəyi xatırlamaq istəyirəm. O, kitabın 18 min tirajla işıq üzü görməsinin maddi dəstəkçisidir.
Biz bu cür Azərbaycan oğlu ilə qürur duyuruq”.
Daşkənddəki Heydər Əliyev Mədəniyyət
Mərkəzinin rəhbəri Samir Abbasov qeyd etdi ki, xalqımızın başına
gələn faciələri, soyqırımı dünya xalqlarına çatdırmaq üçün bu kitab gözəl mənbədir:
«Artıq bir neçə ildir ki, Şuhrat Salamovla birlikdə çalışırıq. Əsas odur ki, o,
özündən sonra bir nəsil yetişdirib. Müəllifin bu tədqiqat işinin əsas məğzi odur
ki, ilk dəfə olaraq daşnakların Qafqazlarda həyata keçirdiyi soyqırımı siyasəti
tarixi faktlara əsaslanaraq açılıb. Özbəkistan Sovet Ensiklopediyasında daşnakların
aqressiyaları nəticəsində 500 insanın öldürüldüyü göstərilir. Ancaq Şuhrat Salamovun
faktları əsasında artıq 700 minə yaxın insanın qətlə yetirildiyi faktlarla qeyd
olunub”. S.Abbasov qeyd etdi ki, 1918-ci ildə baş verən hadisələr Türküstandan başlayaraq
mart soyqırımı kimi Bakı qəzasında, Şamaxıda paralel olaraq xalqımıza qarşı törədilmiş
cinayətdir: "Bu hadisələrin analizini verən Şuhrat bəy Türküstan, Azərbaycan, müsəlman və türkdilli ölkələrin
daşnakların bu cinayətlərinə məruz qaldığı qənaətinə gəlib: "Müəllif bizim milli
etnik kökümüzün bir olmasını əsas göstərir. Müəllif xüsusilə ermənilərin cinayətlərini,
terrorist fəaliyyətlərini geniş işıqlandırıb və «Gülüstan» sülh müqaviləsindən sonra
Qafqaza, xüsusən ermənilərin Azərbaycana, habelə 300 min erməninin Avropaya köçürülməsini
tarixi faktlarla sübut edib. Ermənilərin iddia etdiyi kimi bunun soyqırımı olmadığını,
sadəcə onların köç etdiyini sübut edib».
Nəşrin məsul redaktoru, professor
Oleq Kuznetsov müəllifin həqiqətən ortaya sanballı tədqiqat əsəri qoyduğunu
qeyd etdi: "Aydın məsələdir ki,
ermənilər şərəfsiz adamların əlləri ilə özlərinin Orta Asiyada müsəlmanlara
qarşı törətdikləri cinayətləri ört-basdır etmək istəyirlər. O baxımdan, özbək
alim Şöhrət Barlasın yazdığı bu kitab çox önəmlidir .Bu tədqiqatlarına
görə, Şuhrat Barlas təzyiqlərə məruz qaldı. Eyni vəziyyəti mən də Moskvada
yaşamışam”. O.Kuznetsov qeyd etdi ki, kitabda müxtəlif mənbələrə istinad olunub.
Kitab ermənilərin bəşəriyyətə
qarşı törətdikləri cinayətlərin ifşa olunması baxımından böyük əhəmiyyət
daşıyır. Daşnakların Özbəkistan xalqının taleyindəki mənfi izini görmək,
daha sonra Qarabağda törədilən hadisələrin də bunun davamı olduğunu bilmək üçün
bu kitab sanballı mənbədir”.
Yazıçı-publisist Yunus Oğuz qeyd etdi ki,
kitabda əks olunan faciə təkcə XX əsrin əvvəllərindən türklərə qarşı başlayan faciə
deyil. Bu ta İslam dövründən başlayan faciələrdir: «Hesab edirəm ki, bu kitabın
dünyada tanınmasına ehtiyac var. Qoy bu kitab dünyaya ibrət olsun. Tarix həm də
ibrətdir».
Kitabın müəllifi Şuhrat Barlas
«Bu
qədər həyəcanı başqa yerdə yaşamamışam» deyə ürək sözlərini dilə gətirdi: «Mən burda
dostlarımın əhatəsindəyəm. Biz qardaşıq, həmişə Azərbaycanın yanındayıq. Kitabın
ərsəyə gəlməsinə görə mənə dəstək olanların hamısına təşəkkürümü bildirirəm”.
Tədbirdə kitab əsasında çəkilən sənədli film də ilk dəfə nümayiş olundu.