• cümə axşamı, 18 aprel, 05:54
  • Baku Bakı 15°C

Enerji içkilərinin geniş reklamı yaxşı qarşılanmır

15.10.19 12:30 1232
Enerji içkilərinin geniş reklamı yaxşı qarşılanmır
Son dönəmlər gündəmdə olan məsələlərdən biri də enerji içkiləridir. Bu içkilərin ziyanı, satışı, idxalı ilə bağlı uzun müddətdir ki, mediada müxtəlif səpkili xəbərlər yer alır. Hətta bir müddət əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli müsahibəsində bildirmişdi ki, ölkədə enerji içkilərinin tərkibi ilə bağlı xüsusi tənzimləmə işi həyata keçiriləcək. Tərkibində kofeinin miqdarı normadan artıq olan təhlükəli enerji içkilərinin istehsalı, idxalı və satışı qadağan olunacaq.
Lakin bu məsələdə təzadlı bir hal var. Belə ki, satışı və idxalının qadağan ediləcəyi bildirilsə də, bu içkilərin reklamları geniş şəkildə aparılır. Az qala, izləyici kütləsi çox olan televiziya kanallarında 5 reklamdan 3-ü hansısa enerji içkisinin reklamıdır, desək yanılmarıq. Həmin reklamlarda cəmiyyətdə müəyyən söz sahib olan, ictimaiyyət tərəfindən sevilən simaların yer alması isə məyusedici haldır. Onların şəkillərinin müxtəlif nəqliyyat vasitələrinin üzərinə vurulması, metrolarda reklam üçün ayrılan yerlərdə istifadə edilməsi bu enerji içkilərinin satışına birbaşa xidmət edir. Çünki kütləvi informasiya vasitələrinin insanlara təsir gücü danılmazdır və həmin içki markaları da bundan çox məharətlə istifadə edirlər.
Mövzunun aktual olduğu bir vaxtda məsələ Milli Məclisdə də müzakirə edildi. Bir müddət öncə Milli Məclisdədeputat Musa Quliyev televiziyada enerji içkilərinin reklamının qadağan edilməsini təklif etdi. Bildirdiki, bununla bağlı "Reklam haqqında” qanuna dəyişiklik olunmalıdır: "Energetik içkilərin uşaqlara, yeniyetmələrə, gənclərə zərərli təsirlərinin olduğu tibbi həqiqətdir. Bütün dünya bununla bağlı həyəcan təbili çalır. Təəssüflər olsun ki, Azərbaycanın bütün özəl televiziya kanallarında enerji içkiləri reklam edilir”.
Qeyd etmək lazımdır ki, bir neçə il öncə də Azərbaycanda tütün və tütün məmulatların reklamı qadağan olunub. Maraqlıdır, Milli Məclisdə irəli sürülən təklif qəbul olunmalıdırmı, yəni "Reklam haqqında” qanuna dəyişiklik edilməlidirmi və ediləcəyi təqdirdə, istehsalçı və istehlakçı baxımından bunun təsirləri necə olacaq?
Marketinq mütəxəssisi Tural Abbaslı deyir ki, təklif qəbul olunarsa, enerji içkisi bazarına mənfi təsir edəcək: "Enerji içkiləri hələ ki reklamı qadağan edilən məhsullar sırasında deyil, amma "Reklam haqqında” qanuna dəyişiklik edib bu içkiləri də həmin siyahıya əlavə edərlərsə, bu, enerji içkiləri bazarına təsirsiz ötüşməyəcək. Amma reallığa nəzər yetirsək, ölkəmizdə tütün və tütün məmulatlarının reklamı uzun müddətdir ki, qadağan edilsə də, siqaretin satışı hələ də davam edir. Hətta deyərdim ki, siqaret satışı enerji içkilərindən daha yüksəkdir. Bir məqamı da vurğulamaq lazımdır ki, enerji içkilərinin əsas kontingenti sosial şəbəkələrdə olduğu üçün burada onların reklamı daha çoxdur, nəinki televiziya və radiolarda. Məncə, irəli sürülən təklif qəbul edilsə belə, sosial şəbəkələr bura aid edilə bilməz. Həmçinin düşünürəm ki, qanuna dəyişiklik edilməsi içkilərin marketinq komandasının satışı təmin etmək üçün yeni, alternativ vasitələr tapmasına rəvac verəcək”.
Tibb üzrə ekspert, professor Adil Qeybulla bildirir ki, insan sağlamlığına zərərli olan hər bir qida və ya dərman vasitəsinin reklamı qadağan edilməlidir: "Ümumiyyətlə, dərman əlavələri və bu tip enerji içkilərinin reklamı konkret olaraq qazanca, gəlirə hesablanmış kommersiya fəaliyyətidir. Ona görə də bu tip reklam qadağan edilməlidir. Reklamların qadağan olunmasından başqa, bu içkilərin ziyanları haqqında xüsusilə 18 yaşdan aşağı yeniyetmələr arasında təbliğat işləri aparılmalıdır. Məncə, elə bir zaman gələcək ki, bütün dünyada bu enerji içkilərin istifadəsi ilə bağlı bir qərar veriləcək. Amma hələ ki biz öz genefondumuzu qorumalıyıq. Bunun üçün də insanlara həmin içkiləri reklam etmək əvəzinə, ziyanları haqqında danışmalıyıq”.
Həkim bildirir ki, bu reklamların əksəriyyətinin quruluşu müəyyən psixoloji nüanslara əsaslanır: "Reklam günümüzdə çox böyük təsir gücünə malikdir. İnsanların bu tip reklamları davamlı şəkildə, yəni həm televiziyalarda, həm də ictimai nəqliyyatda görməsi istər-istəməz onun alt şüuruna təsir edir. Həmin reklam sanki insanı hipnoz edərək öz təsiri altına salır”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov reklamın enerji içkilərinə əlçatanlığı artırdığını deyir: "Mən bu təklifin qəbul edilməsinin tərəfdarıyam. Reklamların dayandırılması ilə insanların bu içkilərə əlçatanlığı azalacaq. Reklamları çox cəlbedici çəkilir və insanların şüuruna təsir edir. Reklamın qadağan edilməsindən sonra da satış olacaq, bu təbiidir. Çünki tələb-təklif məsələsidir. Tələb varsa, təklif mütləq olacaq. Amma həmin reklamları dayandırdıqdan sonra gərək onun əvəzinə enerji içkilərinin ziyanından bəhs edən maarifləndirici reklam olsun”.
Enerji içkilərindən danışıb, mövzu ilə bağlı onların mövqeyini öyrənməsək, olmazdı.
"Full” enerji içkisinin brend meneceri Müşfiq Azəryar bildirir ki, reklamın qadağan olunması yeni güclənməyə başlayan yerli istehsalın məhsuldarlığına, firmaların biznes fəaliyyətinə mənfi təsir edə bilər: "Bu mövzu ilə bağlı bütün dünyada həyəcan təbili çalındığı yanlış fikirdir. Enerji içkilərinin əsas hazırlandığı ölkə Avstriyadır, hansı ki, orada da enerji içkiləri çox rahatlıqla satılır. Orada bununla bağlı nəinki qanun tənzimləmələri, heç aksiz vergisi belə tətbiq edilmir. Enerji içkilərinin tərkibində bəzi maddələr var ki, həssaslığı, əsəb sistemi ilə bağlı problemlləri olan insanlara, hamilə qadınlara və 18 yaşdan aşağı olanlara içmək tövsiyə edilmir və bu da onsuz da bankaların üzərində yazılıb. Qanuna dəyişiklik edilərsə, yeni güclənməyə başlayan yerli istehsalın məhsuldarlığına, firmaların biznes fəaliyyətinə mənfi təsir edə bilər. Sözsüz ki, satışı təmin etmək üçün alternativ yollar düşünüləcək. Amma istənilən halda, reklamın qadağan edilməsi təsirsiz ötüşməyəcək”.
Digər enerji içkisi olan "Berg” firmasının brend meneceri Nərgiz Abbasovadan mövzu ilə bağlı münasibətini öyrənəndə, bildirdi ki, bir müddət öncə eyni təklif tütün və tütün məmulatlarına tətbiq edildi, amma buna baxmayaraq, insanlar yenə də siqareti alıb çəkirlər: "Biz məhsullarımızın üstünə 18+ yazmaqla üzərimizə düşən işi görmüşük. Yəni, bunun 18 yaşdan aşağı olan uşaqlar üçün satılmadığını qeyd etmişik. Dəyişikliyin qüvvəyə minməsi təbii ki, markanın tanınmağını, gəlirini aşağı salacaq”.
Günel Azadə
banner

Oxşar Xəbərlər