• cümə, 29 Mart, 16:17
  • Baku Bakı 14°C

Ənənəvi alət - FOTOLAR

02.04.21 17:00 1059
Ənənəvi alət - FOTOLAR
Azərbaycanın regionda yaratdığı yeni reallıqlar Almaniyanı niyə narahat edir?
XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa edən Azərbaycan Ermənistan işğalı ilə yanaşı, daim beynəlxalq güc mərkəzlərinin, ayrı-ayrı dövlətlərin, ermənipərəst dairələrin təzyiqləri ilə üz-üzə qalıb. İşğalçıya "dur” deməyən qüvvələr Azərbaycanı milli maraqlara söykənən, inkişaf və tərəqqiyə, ərazi bütövlüyünün təmininə xidmət edən müstəqil siyasətindən çəkindirmək üçün bütün vasitələrə əl atıblar. Paytaxt şəhərimiz mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edəndə, rəsmi Bakı qlobal layihələrə imza atanda, regional və dünya əhəmiyyətli təşəbbüslərlə çıxış edəndə, daim ölkəmiz əleyhinə kampaniyaya start verilir, Azərbaycan və azərbaycanlılar barədə mənfi rəy formalaşdırılmağa başlanılır. Bütün bunlara baxmayaraq, Azərbaycan öz yolundan dönməyib, Prezident İlham Əliyevin uğurlu xarici və daxili siyasəti nəticəsində uğurla inkişaf edib, bir çox maneələrə sinə gərib. Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri düşmənin belini qırandan, torpaqlarımızı işğalçılardan təmizləyəndən, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini öz gücünə təmin edəndən sonra ölkəmizə qarşı yenidən qaralama kampaniyasına start verilib.

Ermənipərəst dairələrin absurd ittihamları
Fransa rəsmilərinin ədalətsiz, məsuliyyətsiz açıqlamalarının, erməni lobbisinin təsiri altında olan fransız mediasının qərəzli təbliğatının ardınca, Almaniyanın bəzi dairələrində, o cümlədən mətbuatında qeyri-obyektiv yanaşma sərgilənib. Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək, haqlı davamızda əldə etdiyimiz Qələbəyə fərqli don geyindirmək, ölkəmizin reallıqlarını təhrif etmək üçün cəhdlər edilib. Növbəti dəfə guya bir qrup, xüsusilə də Baden-Vürtemberq torpaqlarından olan alman deputatın ya bir qaşıq qara kürü, ya da neft dollarları və bahalı hədiyyələr üçün gecə-gündüz uzaq Azərbaycanın maraqları naminə işlədiyi haqqında tezis səsləndirilib. Ermənipərəst dairələrin diktəsi ilə lobbiçi şəxslər tərəfindən dilə gətirilən belə absurd ittihamlar təsdiqini tapmasa belə, təəssüf doğurub. Beynəlxalq aləm, o cümlədən dünya dövlətləri ilə qarşılıqlı maraqlara, bərabərhüquqlu tərəfdaşlığa hər zaman maraqlı olan multikultural, tolerant, dünyəvi Azərbaycana qarşı belə münasibət heç bir halda qəbuledilən deyil.


Dezinformasiya maşını yenidən işə salınıb
Siyasi elmlər doktoru, millət vəkili Elman Nəsirov mövzu ilə bağlı bildirib ki, Almaniya Azərbaycana qarşı dezinformasiya maşınını yenidən işə salıb. Qeyd edib ki, dövlət iki halda çox ciddi müəyyən beynəlxalq siyasi dairələrin təzyiqi altına düşür: "90-cı illərin əvvəllərində Azərbaycan zəif olduğundan çox ciddi təzyiqlərlə rastlaşdırdıqsa, indi bu təzyiqlər güclü olduğumuz üçün bizə yönəlib. Xüsusilə, Vətən müharibəsində qələbəyə imza atdıqdan sonra müəyyən beynəlxalq siyasi dairələr, o cümlədən Fransadakı siyasi hakimiyyət üzvləri Azərbaycanla diktə dili ilə danışmaq istəyirlər. Bu halda müxtəlif yalan, iftira, dezinformasiya maşınını işə salmağa başlayırlar və Azərbaycana qarşı təzyiq elementlərindən istifadə edirlər. Buna səbəb Azərbaycan dövlətinin və onun ali siyasi rəhbərliyinin müstəqil siyasət həyata keçirməsidir. Çünki Azərbaycan müəyyən beynəlxalq siyasi dairələrin diktəsi ilə deyil, öz xalqının milli maraqlarından irəli gələn siyasət həyata keçirir. Vətən müharibəsi dövründə biz Almaniya xarici işlər nazirinin də müəyyən davranışlarının şahidi olduq. Onlar heç bir vəchlə Azərbaycanın birtərəfli qaydada öz ərazi bütövlüyünü təmin etməklə bağlı siyasətini qəbul etmək istəmirlər. Məhz onların diktəsi altında addımların atılmalı olduğu ilə bağlı xətt yeridirdilər”.


Təzyiqlər əks effekt yaradır
Deputatın sözlərinə görə, bu və ya digər dövləti tənqid edərkən özünə güzgüdə baxmaq lazımdır ki, buna mənəvi haqqın olsun: "Almaniya Birinci Dünya müharibəsi zamanı milyonlarla insanın fəlakətinə səbəb olub. İkinci Dünya müharibəsinin başlanmasının səbəbkarı da Almaniya olub və yenə də milyonlarla insanın fəlakətinin səbəbkarı olub. İndi isə Almaniyada neofaşizm cərəyanı yenidən baş qaldırıb. PEGİDA adlı neofaşist gənclər təşkilatı peyda olub. Bu irqçi cərəyan Almaniyanın Saksoniya əyalətinin Drezden şəhəri mərkəz olmaqla, bütün Avropada müsəlman miqrantlar əleyhinə kütləvi etirazlar keçirir. Onlar antiislam, islamafob, türkafob şüarlar səsləndirirlər. Belə bir ölkənin siyasi rəhbərliyi, müəyyən siyasi dairələri özlərinin dünya üçün təhlükəli proseslərinin, tendensiyalarının qarşısını alsınlar, onlarla mübarizə aparsınlar. Onlar isə mübarizə aparmaq üçün Azərbaycanı seçiblər. O ölkə ki, müsəlman dünyasında sabitlik adasıdır, mültikulturalizmin mühüm mərkəzlərindən biridir, beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verir və Azərbaycandan dünyaya, sadəcə sülh və əmin-amanlıq gəlir. Xalqımız bütün bunları görür. Buna görə də, bu təzyiqlər əks effekt yaradır. Xalqın birliyi, hakimiyyət-xalq birliyi daha da möhkəmlənir. Hesab edirəm ki, bütün bunlar da Azərbaycan əleyhinə olan Almaniyadakı siyasi dairələrin yuxusuna haram qatır və onlar dezinformasiya maşınını işə salırlar”.

Dini və etnik müstəvidə dözümsüzlük halları
Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu söyləyib ki, Azərbaycanın əldə etdiyi böyük zəfər hələ də bəzi islamafob, türkafob dairələrdə qısqanclıqla qarşılanır. Onun fikrincə, islamafoblar heç cür həzm edə bilmirlər ki, dünya siyasətində hegemon mövqeyə sahib olan Qərb dövlətləri Azərbaycana mane ola bilməyiblər və ölkəmiz öz ərazi bütövlüyünü bərpa edərək işğalçı Ermənistana tarixi dərs verib: "Bu mənada Almaniya da istisna təşkil etmir. Biz zaman-zaman Almaniyada yaşayan türklər və müsəlmanlara qarşı bəzi radikal dairələrin təşkil edilmiş təzyiqlərinin, hətta cinayətlərinin şahidi oluruq. Bütün bunların səbəbi Avropada kök salmış, islamafobiya, ksenefobiya, yəni dini və etnik müstəvidə dözümsüzlük hallarının hələ də mövcud olmasıdır. Konkret Almaniyada bu mənfi tendensiya siyasətçilərdən daha çox mövcud ictimai və mədəni dəyərlər sistemi, həmçinin orada olan neqativ ictimai iqlimlə, yaxud mühitlə bağlıdır. Siyasətçilər isə bundan bəzi hallarda öz karyeraları üçün istifadə edirlər. Ona görə də, hakimiyyətdə yaxud müxalifətdə kimin olmasına baxmayaraq, istənilən siyasətçi bu faktordan öz lehinə istifadə edə bilər. Çünki həm nəticə etibarilə həmin ölkənin siyasətçisi məhz o ictimai-siyasi mühitin yetirməsidir, həm də praaqmatik nöqteyi-nəzərdən siyasətçi kimi bundan istifadə etməyə hazırdır. Təbii ki, bütün hallarda Azərbaycana qarşı olan hər hansı məsələdə erməni izi də tapmaq mümkündür. Ona görə yox ki, erməni diasporu, yaxud lobbi təşkilatları həddindən artıq güclüdür. Ona görə ki, ermənilər xristian təəssübkeşliyi kartını islamafoblarla asanlıqla bölüşə bilir və bunu Azərbaycana qarşı yönəltməyə çalışırlar. Bu mənada, mümkündür ki, Almaniyada da onlar bənzər fəaliyyətlə məşğul olsunlar”.

Heç bir beynəlxalq təşkilat Ermənistana təzyiq göstərmir
Millət vəkili Könül Nurullayeva isə Ermənistan post-müharibə dövründə də cinayətlərini davam etdirməsinə diqqət çəkib. Bildirib ki, hərbi əməliyyatların dörd aydan çoxdur başa çatmasına baxmayaraq, minalı ərazilərin xəritəsinin təqdim olunmaması müharibə cinayətlərinin tərkib hissəsidir. Təəssüflə qeyd edib ki, 4 ay ərzində 40-a yaxın mülki şəxs minaya düşərək həlak olub, xeyli sayda ağır yaralananlar var. Deputat deyib ki, bu kimi cinayətlərə susqun qalan Almaniyanın işğala məruz qalan, beynəlxalq hüquqa əsaslanaraq yalnız öz gücünə ərazi bütövlüyünü təmin edən Azərbaycana qarşı qərəzli münasibəti təəssüf doğurur: "Erməni tərəfi mülki-humanitar hüququn prinsiplərini kobud şəkildə pozmaqda davam edir. Bu da 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası və 1977-ci ildə əlavə edilmiş protokollarla ziddiyyət təşkil edir. Təəssüf ki, məsələ ilə bağlı heç bir beynəlxalq təşkilat Ermənistana təzyiq göstərmir. Əksinə, bölgədə sülhün bərqərar olmasından narahat olan qüvvələr gözə çarpır. Almaniya mətbuatında Azərbaycana qarşı son vaxtlar intensivləşən hücumlar da, əslində dolayısı ilə Ermənistana arxa durmaq anlamına gəlir. Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar Ermənistan da daxil olmaqla, bütün dövlətlərin və bu bölgədə maraqlı olan tərəflərin maraq prinsiplərinə uyğundur. Lakin Almaniya bu vəziyyətdən razı deyil. Halbuki Almaniya ATƏT-in Minsk Qrupunun üzvü kimi bu prosesdə, ATƏT məkanında təhlükəsizliyin təmin olunması baxımından daha çox maraqlı olmalıdır. Lakin əksinə olaraq, 2012-ci ildən etibarən Almaniyada anti-Azərbaycan mövqeyinin şahid oluruq. 2012-ci ildə Avroviziya mahnı müsabiqəsi, eyni zamanda ilk Avropa Oyunları zamanı ölkəmizə qarşı əsassız qarayaxma kampaniyaları təşkil olunurdu”.


Arqumentsiz və məntiqsiz materiallar
Millət vəkili təəssüf hissi ilə vurğulayıb ki, Almaniya Azərbaycana qarşı kampaniyaların ənənəvi aləti qismində çıxış edir: "Ən ziddiyyətli məqamlardan biri isə budur ki, Almaniya islamafobiya, türkfobiya, etnik zəmində qətllər, neofaşizmin intibahı, miqrantlara qarşı qeyri-humanist münasibətilə seçilən ölkədir. Polis zorakılığı ilə bağlı aqressiv kadrlar internetdə geniş yayılıb. Təsadüfi deyil ki, 2019-cu ildə Avropa İnsan hüquqları komissarı Almaniyanı miqrantların deportasiyası məsələsində daha ədalətli davranmağa, həmçinin qaçqınlara kömək edən QHT-lərə qarşı təqibləri dayandırmağa çağırmışdı. Yəni bu cür neqativlərin qeydə alındığı bir ölkənin başqa bir ölkəni əsassız şəkildə ittiham etməsi, sadəcə təəccüb doğurur. Digər tərəfdən, alman mediasının səsləndirdiyi arqumentsiz ittihamlar həm də alman KİV-lərinin imicini zədələyir, onların obyektivliyini şübhə altına alır. Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycanın haqlı davasında – Vətən Müharibəsində də Berlin rəsmiləri əsassız bəyanatlar verir, alman mediasında arqumentsiz və məntiqsiz materiallar dərc olunurdu”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər