“Elm haqqında”qanun layihəsi nə vəd edir?

Parlamentin srağagün keçirilən iclasında çoxdan gözlənilən "Elm haqqında” qanun layihəsi qəbul olunub. Qanun layihəsində bir sıra düzəlişlər və yeniliklər yer alıb. Belə ki, magistratura təhsilinin iki istiqamət (ixtisas və tədqiqat magistraturası) üzrə aparılması ilə bağlı maddə "Elm haqqında” qanun layihəsindən çıxarılıb. Magistratura təhsilinin iki istiqamət üzrə aparılmasını əhəmiyyətli hesab edən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, II oxunuş üçün yenidən müzakirələr zamanı həmin maddənin layihədən çıxarılmasına qərar verilib: "Bu maddə "Təhsil haqqında” qanun üçün daha əhəmiyyətlidir və ona görə sözügedən maddə "Təhsil haqqında” qanuna əlavə və düzəlişlər kimi ediləcək. Eləcə də Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi də "Elm haqqında” qanun layihəsindən çıxarılıb. Belə ki, Azərbaycanda müharibə şəraiti bitənə, sülh sazişi imzalanana qədər gənclər hərbi xidmətdən kənarda qala bilməzlər və buna görə də bakalavrlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturada təhsillərini davam etdirə bilərlər. Layihənin ən sonuncu variantı Azərbaycan elmi qarşısında qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan verir”.
Qeyd edək ki, layihəyə elmdə sahibkarlıq, elmi innovasiya haqqında maddələrin daxil edilməsi ilk dəfə baş tutub. Həmçinin, AMEA-nın üzvlüyünün elmi rütbə hesab edilməsi də qanun layihəsində yenilikdir. Buna qədər elmlər doktoru elmi dərəcə olsa da, AMEA-nın müxbir üzvi, həqiqi üzvlüyü elmi rütbə hesab edilmirdi. Bundan əlavə, müzakirələrdə alimlərin sayının təkcə qonşu ölkələrdən deyil, digər ölkələrdən də geri qalması, alimlərin maaşının azlığı, gənc alimlərin mənzillə təminatı məsələlərinə də toxunulub.
Elm ictimaiyyətinin "Elm haqqinda qanun” layihəsini çoxdan gözlədiyini bildirən "Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti” İctimai Birliyinin sədri İlqar Orucovun sözlərinə görə, bizdə elmi fəaliyyətin tənzimlənməsini və həyata keçirilməsini təmin edən qanunvericilik bazası yox idi: "Təbii ki, qanun layihəsi hazırlanarkən biz bir neçə dəfə təkliflərlə çıxış etmişik”. Əvvəlki variantı ikinci oxunuşda qəbul edilən variantdan daha məqbul hesab edən İ.Orucovun fikrincə, magistraturanın iki pillədə olması məsələsi daha əhəmiyyətlidir: "Əgər magistratura bir tərəfdən ali təhsilin davamıdırsa, digər tərəfdən elmi tədqiqatın başlanğıcıdır. Kim gələcəkdə elmi tədqiqatla məşğul olmağı qarşısına məqsəd qoyubsa, onun üçün daha geniş üfüqlər açılırdı. Təəssüf edirəm ki, bu məsələ öz həllini tapmadı”. İB rəhbərinin magistratira və doktoranturada təhsil alanlara hərbi möhlət hüququnun verilməsi ilə bağlı fikri birmənalıdır: "Hesab edirəm ki, əyani şöbədə oxuyan magistrlər kifayət qədər məhdud dairəni əhatə edir. Elm və təhsildə fasiləsizliyi təmin etmək məqsədilə doktorantlara və magistrlərə hərbi möhlət hüququnun verilməsi olduqca vacib idi. Tendensiyalardan biri də kişilərin elmdə azalması ilə bağlıdır. Hətta bütün humanitar sahələrdə balans qadınların xeyrinə artır. Təhsil sahəsində də qadınlar üstünlük təşkil edir. Bu tendensiyanı artıq elmdə də görürük. Azərbaycan qadınının ənənəvi missiyası var. Elmə gəlib ən yaxşı halda müdafiə edir, sonra fikri övlad böyütmək və ailə qayğılarına yönəlir. Onların perspektivi əlbəttə ki, kişilər qədər olmur. Əlbəttə, elm aləmində görkəmli qadınlarımız çoxdur. Fikrimcə, elmdə daha çox kişilərin olması məqsədəuyğundur. Bu məqsədlə elmdə fasiləsizliyi təmin etmək lazım idi. Bunun üçün də magistratura və doktorantura pillələrinin əyani şöbələrində oxuyanlara hərbidən möhlət hüququnun verilməsinə ehtiyac vardı”.
İ.Orucovun sözlərinə görə, əmək haqlarının kifayət qədər aşağı olması kişilərin, xüsusilə gənc oğlanların elmə gəlişinin qarşısını alıb: "Bununla belə, aparılan islahatlar, tədbirlər, müxtəlif stimullaşdırıcı addımlar oğlanların elmə gələcəyinə ümidlər yaradırdı. Mənə elə gəlir ki, bunun acısını gələcəkdə görəcəyik. Ona görə də indidən bununla bağlı vacib addımlar atılmalıdır”.
İB sədri Təhsil Nazirliyinin Elm və Təhsil Nazirliyi adlandırılması məsələsinin "Elm haqqında” qanunda həllini tapmasının və elmlə bağlı icra mərkəzi orqanının yaradılmasının tərəfdarıdır. Belə ki, onun fikrincə, elmi və elmi-texniki siyasəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının olmaması boşluq yaradır: "Çünki elm həm Təhsil Nazirliyinin strukturlarında, bir hissəsi də AMEA-nın elmi tədqiqat qurumlarındadır. Onları koordinasiya edən mərkəzi icra hakimiyyəti orqanı faktiki yoxdur. Çünki Elmlər Akademiyası ilə bağlı bənddə qeyd olunur ki, AMEA Azərbaycan Respublikasında elmin inkişafını təmin edən və dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, o cümlədən elmi koordinasiya edən təşkilatdır. Hesab edirəm ki, burda yanlışlıq var. Çünki Elmlər Akademiyası mərkəzi icra hakimiyyəti orqanı deyil. Əgər mərkəzi icra hakimiyyəti orqanı deyilsə, o ölkədə elmi koordinasiya edən və siyasəti həyata keçirən qurum ola bilməz. Ona görə də ölkədə elmi və elmi koordinasiya işini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının yaradılması vacibdir. Fikrimcə, bu, Elm və Təhsil Nazirliyi ola bilərdi. Ya akademiyanın status məsələsi öz həllini tapmalıdır, ya da elmlə bağlı mərkəzi icra hakimiyyəti orqanı yaradılmalıdır”. İ.Orucov hesab edir ki, elmi inkişaf strategiyasının işlənib hazırlanması və həyata keçirilməsini təmin etmək məsələsi də akademiyanın üzərinə qoyulub. Belə ki, elmi strategiyanın işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək akademiyaya həvalə oluna bilər: "Çünki strategiyanı ölkə rəhbəri imzalayır və qəbul edir. Hansı orqana həvalə olunması isə ölkə rəhbərinin təyin etdiyi quruma tapşırılır”. Akademiyanın üzvlüyünün elmi rütbə hesab edilməsinə münasibət bildirən İ.Orucov hesab edir ki, bu, daha çox seçim əsasında həyata keçirilən prosesdir: "Bu, elmi rütbə ola bilməz. Buna elmi ad da demək olmur. Hesab edirəm ki, bir müddətdən sonra bunlar aradan qalxmalıdır. Elm tutumlu ölkələrdə bunlar yoxdur. Məsələn, Lütvi Zadə kimi nəhəng alimin elmi rütbəsi professordur”. İB sədri elmdə sahibkarlıq və elmi innovasiya məsələsinə də toxunaraq bunu dünyanın illərdən bəri davam edən çağırışı kimi dəyərləndirdi: "Elm əslində elmi fəaliyyətin yekunu olaraq sahibkarlığa və ya innovasiyaya gətirib çıxarmalıdır. Bunun üçün ilk növbədə qanunvericilik bazası hazırlanmalıdır. Amma bizdə faktiki olaraq innovasiya fəaliyyətini həyata keçirən mexanizm yox idi ki, elm sahibkarlıqla məşğul ola bilsin. Bu, ölkə başçısının sön dövrlərdə alimlərə çağırışları, elmin qarşısına qoyduğu vəzifələrdən irəli gələn məsələlərdən biridir. Heç bir inkişaf etmiş ölkədə təbii sərvətlər həmin ölkələrin xoşbəxt və firavan, eyni zamanda dayanıqlı inkişafını təmin etmir. O ölkələrdə yalnız elm və texnologiyaların iqtisadiyyata tətbiqi onların inkişafını təmin edir. Azərbaycanda da siyasi düşüncə və ölkə başçısının iradəsi ölkənin elm tutumlu ölkə olması ilə bağlıdır”. İB sədrinin sözlərinə görə, ölkədə elmi iqtisadiyyat yaradılmalı, elm tutumlu texnologiyalar inkişaf etməlidir. Bu, ilk növbədə alimlər qarşısına böyük vəzifələr qoyur. Bunun üçün Azərbaycan elmi ənənəvi üsullardan əl çəkməli və bu istiqamətdə işini qurmalıdır: "Elm bu gün ona qoyulan sərmayənin cüzi bir hissəsini dövlətə qaytara bilmir. Amma xarici ölkələrdə elm ona qoyulmuş sərmayəni nəinki geri qaytarır, hətta qat-qat çox gəlir əldə edir. Heç bir təbii sərvət elmin gətirdiyi dividentləri əvəz edə bilmir. Elm dövlətin iqtisadiyyatının formalaşmasında başlıca fakt olaraq qalır. Biz gördük ki, son iqtisadi böhranların nəticəsi olaraq Azərbaycan elmi bu çağırışlara cavab vermir. Halbuki elm bu böhranlara cavab verməlı idi. Hesab edirəm ki, "Elm haqqında" qanunun qəbul edilməsi ilə ölkədə biliklər iqtisadiyyatının yaradılması istiqamətində hüquqi baza formalaşmış olacaq”.
Təranə Məhərrəmova
