Əlimizi də yumayaq? - ARAŞDIRMA
Ekspertlər deyirlər ki, sabunun
baha olmamağı üçün qiyməti ucuzlaşdıracaq şərait yaradılmalıdır
"Əvvəllər
sabun hidrogenləşdirilmiş bitki yağlarının, heyvan mənşəli piylərin qələvi və
ya sodanın iştirakı ilə hidrolizindən alınırdı. Hazırda sabun istehsalında
lazım olan karbon turşuları neft parafinlərini (alkanları) oksidləşdirməklə
əldə edilir”.
Bu
cümlələr sabun istehsalı ilə bağlı məlumatları oxuyanda qarşıma çıxdı və anidən
suallar yarandı: Bəs niyə neft ölkəsi
olan Azərbaycanda satışdakı sabunların böyük əksəriyyəti idxal məhsullarıdır?
Üstəlik, idxal olunan məhsulların qiyməti çox bahadır. 1 manatdan ucuz bərk
sabun çox azdır. Maye sabunların qiymətləri isə daha yüksəkdir. Sabun gigiyenik
vasitədir, gündəlik istifadə olunur və tələb də böyükdür. Bəs onun qiymətlərini
baha edən səbəblər nələrdir?
İdxal edən şirkət sayı azdır
İqtisadçı
Elşad Məmmədov deyir ki, idxal olunan sabunların qiymətinin
bahalığını şərtləndirən amillər var: "Hazırda dünya iqtisadiyyatında
inflyasiya prosesi sürətlənməkdədir. İstehlak bazarında qiymətlərdə artım
müşahidə edilir. Sözsüz ki, bu, Azərbaycana idxal olunan məhsulların qiymətinə
öz təsirini göstərir. Bununla yanaşı, idxalla məşğul olan şirkətlərin sayının
azlığı da qiymətlərə təsir edən faktdır. Bu şirkətlərin şaxələndirilməsi,
sayının artırılması qiymətlərin yumşalmasına şərait yarada bilər. Yerli
istehsal məhsulunun lazımi səviyyədə olmaması da ixrac məhsullarının qiymətinə
təsir etməlidir və edir. İdxaldan asılılıq azaldılmalı, bazarda yerli
məhsulların payı genişləndirilməlidir”.
Qiymət
və keyfiyyət oyunu
Azad İstehlakçılar
Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, ölkədə sabun biznesi sağlam
vəziyyətdə deyil: "Azad İstehlakçılar Birliyini yaratmağımın səbəbi elə sabun
biznesində gördüklərim olub. Sabun idxalı sahəsində biznes qurmuşdum. Sifariş
vermək istədiyim xarici istehsalçı mənə dedi ki, qiymət barədə düşünməyin. Biz
keyfiyyətinə təsir edəcəyik, daha münasib başa gələcək və s. Həm qiymətlərlə
oynayırlar, həm də keyfiyyətlə. Ona görə bu
biznesdən uzaqlaşdım və istehlakçıların hüquqlarının müdafiəsi sahəsinə
keçdim”.
Marketlərin
qiymətə təsiri
E.Hüseynov deyir ki, qiymətlərin baha olmasına gətirib çıxaran
məqamlar var və onlar aradan qaldırılmalıdır: "Kartel sövdələşmələri,
inhisarçılığı qeyd etmək olar. Cənab prezident də bu məsələyə toxunur. Bəli,
burda qiymətlərin razılaşdırılması və diktə edilməsi var. Ciddi məsələlərdən
biri marketlərdə mal yerləşdirən sahibkardan külli miqdarda qeyri-qanuni pul
alınmasıdır. Bu xərc də məhsulun qiymətinin üzərinə gəlir. Nazirlər Kabineti
marketlərin özbaşınalığının aradan qaldırılması ilə bağlı tədbir görməlidir.
İstehsalçılar, idxalçılar danışmırlar, məhsullarının şəbəkədən çıxarılmasından
qorxurlar”.
E.Hüseynov deyir ki,
sabunla bağlı yerli istehsalda da hərc-mərclik var: "Çox az miqdarda yerli
sabun istehsalçısı var”.
Nefti
emala yönləndirsək...
E.Məmmədov deyir ki, sabun üçün lazım olan xammalın böyük hissəsi
ölkəmizdə var: "Biz neft ölkəsiyik və bir çox məhsulların istehsalında xammal
olaraq neft böyük rol oynayır. Amma bizdə hasil olunan neftin 80-90 faizi
xammal şəklində ixraca gedir. Nefti emala yönləndirsək, kifayət qədər böyük
həcmdə, böyük çeşiddə məhsullar istehsal oluna bilər. Həmin məhsullardan biri
də sabun olar”.
İstehsal
etdi, baha başa gəldi
Adının çəkilməsini istəməyən sahibkarlardan biri
qeyd etdi ki, bu sahədə biznes qurmağa çalışıb, amma istehsal etdiyi məhsul
idxal olunandan baha başa gəldiyi üçün işi dayandırıb: "Mən paltar sabunu
istehsalına başladım, araşdırma və s. apardım, böyük qurğular, lazım olan
avadanlıqları alıb işə başladım. 7 ay istehsalla məşğul oldum, amma sonda zərər
etdim. Xammalı baha başa gəlirdi. Digər xərcləri də gələndə, istehsal etdiyimiz
məhsulun qiyməti idxal olunan sabunlardan daha baha oldu. Ona görə işi
dayandırdım”.
Yerli
istehsalın ucuz olmamağının səbəbi
E.Məmmədovun sözlərinə görə, hazırkı şəraitdə ölkədə yerli istehsal
sabunların idxal olunanlardan daha münasib qiymətə təklif edilməsinin
mümkünlüyü çətin məsələdir: "Müasir iqtisadiyyatda istehsal prosesinin təşkil
edilməsi böyük texnoloji korporasiya tələb edir. Yəni bir şirkətin, bir fiziki şəxsin
hansısa mürəkkəb məhsulun istehsalını həyata keçirməsi, əksər istiqamətlər üzrə,
demək olar ki, qeyri-mümkündür. Texnoloji korporasiya da böyük sərmayə və böyük
bazarların olmasını tələb edir. Bu gün dünyanın hansı ölkəsinə getsəniz, bizdə
satışda olan xarici brendləri görəcəksiniz. Onların satış bazarı milyardlarla
insandır. Ona görə onlar cüzi ticarət əlavələri qoyurlar. Bizim sahibkarlarımız
isə yerli bazarla məhdudlaşmalı olurlar. Çünki xarici bazarlara çıxış çox
çətindir. Bu halda yerli sahibkarlar ciddi çətinliklərlə üz-üzə qalır. Bazar
geniş olduqca, dövriyə çoxalır və bu zaman məhsulun dəyərinin üzərinə ticarət
əlavəsi az qoyulur. Ona görə bizə yaxın, qonşu dövlətlərlə iqtisadi əlaqələrin
genişləndirilməsinə getməliyik. Əgər özümüz sabun istehsal edib onu yalnız
Azərbaycan bazarına çıxaracağıqsa, satışda olan idxal məhsullarından ucuz
qiymətə təklif etmək mümkün olmayacaq”.
Kredit
faizlərinin qiymətlərə təsiri
E.Məmmədov qeyd etdi ki, sahibkarlara verilən kreditlərin faizi
yüksək olduğu üçün bu da məhsulların qiymətinə öz təsirini
göstərir: "İnvestisiyaların həcminin az olması, pul kredit siyasətinin kəskin
şəkildə sərtləşdirilməsi bu işlərin reallaşdırılmasına imkan vermir.
Sahibkarların maliyyə resurslarına çıxışı xeyli dərəcədə yumşalmalıdır. Bizdə
bu gün kredit faizləri çox yüksəkdir. Sahibkar hər hansı bir iş görmək istəyirsə,
götürdüyü kreditlər əvvəlcədən biznesi rentabelsiz edəcək. O işdə sahibkarın
illik qazancı maksimum 5-7 faiz olacaq. 25 faizlə kredit götürüb iş görən
sahibkar müflis olacaq”.
Aygün
Asimqızı