“Əbədiyyət günəşi”nin qayıdışı - Fotolar
«Kaspi» qəzeti və "Kaspi”
Təhsil Şirkətinin dəstəyi ilə «Nəsimi ili» çərçivəsində keçirilən müsabiqənin
qalibləri mükafatlandırıldı
Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutan Nəsimi
yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Prezident
İlham Əliyevin böyük şairin 650 illik yubileyinin keçirilməsi və 2019-cu ilin
"Nəsimi ili” elan olunması ilə bağlı sərəncamlarında da İmadəddin Nəsimini Azərbaycan
xalqının, ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olduğu
qeyd edilib: "O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii
söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdi. Mütəfəkkir şairin
dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi
düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi, qədim
köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ
təşkil edir».
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun
tədbirləri siyahısına daxil edilərək beynəlxalq miqyasda qeyd olunub.
"Kaspi” Təhsil Şirkəti və "Kaspi” qəzetinin böyük şairin yubileyinə
həsr etdiyi yazı müsabiqəsi və yeni nəşrlərin təqdimatı da "Nəsimi ili”nə
layiqli töhfə oldu.
"Bu il Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin anadan olmasından
650 il keçir. Ölkə prezidenti İlham Əliyevin 2019-cu ili «Nəsimi ili» elan etməsi
də böyük şairin ruhuna olan hörmət və sevginin ifadəsidir”-deyə müsabiqənin
yekununa və kitabların təqdimatına həsr olunan tədbirdə Azərbaycan Mətbuat
Şurasının sədri Əflatun Amaşov bildirdi: "Azərbaycan ədəbiyyatının klassiklərinin
yaradıcılığının tədqiqi, təbliği və nəşri istiqamətində ardıcıl fəaliyyət göstərən
«Kaspi» qəzeti və "Kaspi” Təhsil Şirkətinin dəstəyi ilə «Nəsimi ili» çərçivəsində
keçirilən «Əbədiyyət günəşi» adlı məqalə müsabiqə yekunlaşıb. Müəllifi Ziyadxan
Əliyev olan «Nəsimi dünyası rənglərin gözü ilə» kitabı vəmüsabiqəyə təqdim olunan məqalələrdən ibarət «Əbədiyyət günəşi» adlı toplu
yubileyə layiqli töhfədir”. Ə.Amaşov qeyd etdi ki, ölkə başçısının sərəncamı ilə
2019-cu ilin «Nəsimi ili» elan olunmasından sonra böyük şairin yubileyinə həsr olunan
silsilə tədbirlər davam edir. Belə ki, ölkənin hər bir bölgəsində, o cümlədən, xarici
ölkələrdə «Nəsimi ili»nə həsr olunan tədbirlər keçirilir: " Nəsimiyə həsr olunan
əsərlər çap olunur, şairin abidəsi ucaldılır. «Kaspi» qəzetinin təşkil etdiyi «Əbədiyyət
günəşi» adlı yazı müsabiqəsi də bu silsilədəndir”. MŞ sədri məlumat verdi ki, müsabiqəyə
təqdim olunan elmi-publisistik yazıların qəbulu bu ilin yanvar-may aylarını əhatə
edib. Müsabiqəyə, ümumilikdə 60-dan çox məqalə təqdim olunub.
Kitablar bir abidədir
"Kaspi” Təhsil Şirkətinin təsisçisi,
filologiya üzrə elmlər doktoru Sona Vəliyeva rəhbərlik etdiyi qurumun
görkəmli şəxsiyyətlərin, dahi söz ustalarının yaradıcılığı ilə bağlı kitab
nəşrləri və yazı müsabiqələrinin təşkili istiqamətində ənənəsi olduğunu
bildirdi. Belə ki, artıq "Kaspi” nəşrləri seriyasından bir neçə kitab işıq üzü
görüb və bir neçə müsabiqə keçirilib: "Bildiyiniz kimi, 2018-ci ilin noyabr ayında
Prezident İlham Əliyev İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə
bağlı sərəncam imzaladı. Bu sərəncamda söz ustadının 2019-cu il boyunca yubileyinin
qeyd edilməsi göstərilirdi. Eləcə də, ölkə başçısı 2019-cu ilin əvvəlində bu ilin
«Nəsimi ili» elan olunması ilə bağlı digər bir sərəncam imzaladı. Bu sərəncamlar
dövlət başçısının Azərbaycan ədəbiyyatına, söz sənətinə dərin ehtiramı və hörmətinin
ifadəsi idi».
S.Vəliyeva həmçinin, ulu öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatı,
mədəniyyəti, tarixi və incəsənətinə verdiyi böyük qiyməti xatırlayaraq qeyd etdi
ki, bu hörmət və sevginin ənənəsi heç şübhəsiz, ümummilli liderdən gəlir: «Ulu öndər
bütün sahələrlə yanaşı, ədəbiyyatın da gözəl bilicisi idi. 1969-cu ildə – hakimiyyətə
gəldiyi dövrdən sovet ideologiyasının hökm sürdüyü bir vaxtda Azərbaycan ədəbiyyatının
inkişafı üçün müstəsna rol oynadı. 70-ci illərdə ulu öndərin Suriyaya səfəri, Hafiz
Əsədlə görüşü, Hələbə getmək və böyük şairin məzarını ziyarət etmək istəyi bu
sevgi və ehtiramın kökündə dururdu. Şairin məzarı baxımsız vəziyyətdə olduğundan,
ulu öndər səfərdən qayıdandan sonra məsələ qaldırır, Nəsiminin şeirlərini çap etdirir,
həmçinin böyük şairin 600 illik yubileyinin keçirilməsini də qərara əlavə etdirir.
«Böyük şarinin yubileyi mümkün qədər dünya miqyasında keçirilsin» deyə MK-ya üz
tutur. Ulu öndər müəyyən müddətdən sonra məqsədinə nail olur. "Nəsimi” filminin
çəkilməsi, alimlərimizin Suriyaya səfəri və s. tədbirlər ulu öndərin böyük şairə
verdiyi dəyərdən irəli gəlirdi. O, dərin ağıl və zəkası, siyasi fəndləri ilə ədəbiyyatımızın
dünyada tanıdılmasına nail olurdu. Nəhayət, 1973-cü ilin sentyabr ayında şairin
600 illik yubileyi baş tutdu. 29 ölkədən alimlər həmin yubiley tədbirinə qatıldı.
Nəsimi Azərbaycan xalqına, eləcə də türkdilli xalqlara bilavasitə yenidən qayıtdı.
Bu, ulu öndərin Azərbaycan xalqı üçün etdiyi böyük xidmətidir”. S.Vəliyeva qeyd
etdi ki, bu gün də Nəsimi irsinə böyük ehtiram davam edir. "Böyük şairin yubileyinin
keçirilməsi, «Nəsimi ili»nin elan olunması, adına sikkələrin çəkilməsi, əsərlərinin
çapı, musiqilərin bəstələnməsi, irsinin araşdırılması – bütün bu ənənələr və dərin
ehtiram, varisliyin bu gün də davam etməsidir. Ona görə, bizim Nəsimiyə qayıtmağımız
da həmin ənənələrin davamı kimi dəyərləndirilməlidir. Biz də sərəncam elan olunandan
sonra böyük şairin yubileyinə töhfə kimi müsabiqə keçirməyi özümüzə borc bildik.
Kütləvi bir halda Nəsimi yaradıcılığına qayıtmaq, böyük şairin yaradıcılığını tədqiq
və təbliğ etmək sevindirici haldır. Biz də bu iki nəşri oxucuların ixtiyarına verdik”.
Təsisçi yazı müsabiqəsinə sanballı məqalələrin təqdim olunduğunu və qaliblərin
ədalətlə müəyyənləşdirildiyini diqqətə çatdırdı: "Hər bir millət yazdığı kitablarla
tarixə çevrilir. Kitablar bir abidədir. Sağ olun ki, bu abidənin ərsəyə gəlməsində
köməklik göstəribsiniz!»
Nəsimişünaslığa töhfə
«Nəsimi kimi şairi yetişdirən xalq xoşbəxtdir” deyən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun
direktoru Möhsün Nağısoylu bildirdi
ki, nə qədər, xalqımız var, dilimiz yaşayacaq: "Dilimizi yaşadanlar da məhz şairlər
olublar. Ona görə, Nəsimi bizim iftixarımız, qürurumuzdur. Böyük şair bizim varlığımız,
kimliyimiz olan ən böyük milli sərvətimizi - ana dilimizi yaşadan, dünyada tanıdan
böyük söz ustadımızdır. Böyük şairin yubileyinə belə dəyərli töhfə verdiyinə görə,
"Kaspi” Təhsil Şirkətinə və «Kaspi» qəzetinin kollektivinə təşəkkürümü bildirirəm».
«Əbədiyyət günəşi» müsabiqəsinin
münsiflər heyətinin üzvü və eyniadlı kitabın redaktoru Səadət Şıxıyeva nəşrin elmi məziyyətlərinin
çox olduğunu vurğuladı: "Hiss etdim ki, müsabiqəyə yazı təqdim edən müəlliflərin
böyük əksəriyyəti ən gözəl yazısını məhz bu kitab üçün təqdim etməyi düşünüb. Bu
baxımdan, kitab çox dəyərlidir. Bu il «Nəsimi ili»dir. Hər kəs çalışır ki, məhz
bu ilə bir töhfə versin. Ancaq düşünürəm ki, "Kaspi” Təhsil Şirkəti və «Kaspi» qəzetinin
ərsəyə gətirdiyi bu nəşr həqiqətən Nəsimişünaslığa töhfədir. Hesab edirəm ki, hər
iki kitab Nəsimişünaslığı zənginləşdirir. Bir Nəsimişünas kimi ürəkdən sevinirəm
ki, ortaya dəyərli olan ciddi nəşrlər çıxıb”.
Maarifçilik ənənəsi
«Nəsiminin yubileyi təxminən 50 il bundan əvvəl keçirilib. Ulu öndərin
sərəncamı ilə həmin yubiley keçirilərkən böyük şairin əsərləri nəşr olunub və onun
haqqında kitab və məqalələr çap olunub» - deyə AMEA-nın müxbir üzvü Kamran Əliyev qeyd etdi ki, ondan sonrakı illər
ərzində heç bir kitab işıq üzü görməyib: "50 ildən sonra biz yenidən Nəsimiyə qayıdırıq.
Bizim təsəvvürümüzdə Nəsimi dar ağacından asılıb və dərisi soyulub. Prezident İlham
Əliyevin sərəncamı ilə «Nəsimi ili» elan olunandan sonra biz Nəsimiyə yenidən qayıtdıq.
Bu kimi tədbirlər ölkə başçısının verdiyi sərəncamın əks-sədasıdır. Ölkə başçısının
sərəncamı ilə Nəsimi yenidən dirildi. Nəsimi 600 il idi ki, dar ağacından asılmışdı.
Amma indi Nəsimi bizim aramızdadır».
AMEA-nın Folklor İnstitutunun
direktoru, akademik Muxtar İmanov Nəsiminin qüdrətli sənətkar
olduğunu xatırlatdı: «Dil, ədəbiyyat, poeziya, fəlsəfə, ümumiyyətlə bəşər övladına
yanaşma baxımından – nə qədər desən, Nəsimidən danışmaq olar. Müşahidələrim deməyə
əsas verir ki, böyük dahilərin, görkəmli şəxsiyyətlərin yaradıcılıqlarına həsr olunan
müsabiqələrindən ana xətt kimi keçən bir məsələ həm də Azərbaycan ziyalısına mənəvi
və maddi dəstək olmaqdır. Sovet dövründə ziyalı istər-istəməz məşəqqətlə üzləşirdi.
O repressiyalardan nə qədər çox vaxt keçsə də, ziyalıya istənilən münasibətdə təhlükəli
məqam var idi. Həmin təhlükələrdən keçib Nəsimiyə yubiley təşkil etmək böyük hünər
istəyirdi. Ancaq ulu öndər belə bir cəsarəti nümayiş etdirdi. O, böyük şairin
yubileyinin keçirilməsinə nail oldu. O yubileydən bizə film, böyük şairin silsilə
portretləri, heykəl, Nəsiminin seçilmiş əsərlərinin ilk fundamental akademik nəşri
yadigar qalıb”. M.İmanov diqqətə çatdırdı ki, bu gün ölkə başçısının sərəncamının
işığında Nəsimi ilə bağlı keçirilən bu kimi tədbirlərin əsas qayəsi Azərbaycanın
mənəvi varlığını ayağa qaldırmaq, səfərbər etmək, Azərbaycan dövlətçiliyi və Azərbaycan
xalqının sabahı naminə bu işləri lazımi səviyyədə həyata keçirməkdir: "Sevinirəm
ki, böyük şairin 650 illik yubiley tədbirləri də ölkə üzrə keçirilməkdədir. "Kaspi”
nin təşkil etdiyi bu müsabiqə və kitab nəşri də həmin silsilə tədbirlərin
davamıdır».
BDU-nun professoru Cahangir
Məmmədli «Kaspi» nəşrlər seriyası ilə çoxlu kitabların işıq üzü gördüyünü diqqətə
çatdırdı: "Kaspi» qəzeti böyük maarifçilik ənənəsini həyata keçirir. «Kaspi» nəşrlər
seriyası klassik publisistikanı, klassik mətbuatı, klassik ədəbiyyatı bugünkü gənc
nəslə çatdıran bir məbəddir. Sonuncu nəşrdə toplanan məqalələrin hamısında elm və
publisistikanın vəhdəti var. Gənc nəslin bu cür əsərlərlə tanış olması onların
klassikləri tanımasına və yaradıcılığına ehtiram aşılayır”.
Sənətşünas Ziyadxan Əliyev bir neçə ildir
ki, «Kaspi» qəzeti ilə əməkdaşlıq etdiyini söylədi: "Bu qəzet mənim yaradıcılıq
potensialımın daha da genişlənməsinə kömək
edib. Əslində mən müsabiqəyə 5-6 səhifəlik bir mətn təqdim etmişdim. Amma Sona xanım
yazıdakı əhatəliliyi görüb kitab hazırlamağı təklif etdi. Mən də məmnuniyyətlə həmin
yazını 50 səhifəyə çatdırdım. Beləliklə, ilk dəfə Azərbaycan sənətşünaslığında Nəsimiyə
sənətşünas münasibəti bildirdim. Bu yazının müəllifi mənəmsə, forma etibarı ilə
yaranmasının səbəbkarı Sona Vəliyevadır. Bu, əsl ziyalı təşəbbüsüdür».
Türk dünyasının ortaq şairi
«Ədəbiyyat» qəzetinin baş redaktoru
Azər Turan Xalq şairi Rəsul Rzanın Nəsiminin məzarının tapılmasında böyük
rolunun olduğunu xatırladı: "Gərək hər kəsin haqqı özünə verilsin. Rəsul Rza Nəsiminin məzarının tapılmasında,
«Hələbdə Nəsiminin məzarı var» fikrinin Azərbaycanda gündəmə gətirilməsində
xidmət göstərən insan olub. O, Hələbə gedib və şəhər valisi ilə görüşüb. «Bizim
Nəsimimiz sizin şəhərdə dəfn olunub» deyib. Onda vali Nəsimini tanımayıb. Onlar şairin kimliyi ilə
maraqlanıb və sevinclə "Nəsiminin qəbri filan yerdədir” deyə xəbər veriblər. Nəsimi
haqqında ilk məqalələrdən birini də məhz Rəsul Rza yazıb. Onun gətirdiyi Nəsimi
tendensiyası sonradan ölkədə böyük bir cərəyana çevrilib. Biz Nəsimi haqqında daha
çox şairin irfani, hürufi görüşlərindən danışırıq. Ancaq onun estetikasının ədəbiyyat
tərəfi də var. Nəsimi türk dünyasının ortaq şairidir”.
Qeyd olundu ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii
və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şairin zəngin irsi bu gün də
insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.
Tədbirin sonunda yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim
olundu. Qeyd edək ki, müsabiqənin mükafat fondu puldan və diplomdan ibarət idi.
I yer (1000 manat), II yer (700 manat),
III yer (500 manat) və altı həvəsləndirici mükafat (150 manat) olmaqla qaliblərə
təqdim olundu. Müsabiqənin xüsusi mükafatı AMEA-nın Dilçilik İnstitutunun direktoru
Mövsüm Nağısoylu və sənətşünas Ziyadxan Əliyevə təqdim olundu.
I yerə Nəzakət Məmmədli, II yerə Yaqub Babayev, III yerə Firudin Qurbansoy
layiq görüldü.
Təranə Məhərrəmova