• cümə axşamı, 18 aprel, 11:44
  • Baku Bakı 12°C

Düşmənə qan udduran kəşfiyyatçı əsgər - FOTOLAR

06.03.21 10:00 2318
Düşmənə qan udduran kəşfiyyatçı əsgər - FOTOLAR
Ordudan tərxis olunmasına 3 gün qalsa da, Bayram Məmmədov evə dönməyi deyil, döyüşlərə qatılmağı üstün tutub
 
Vətən Müharibəsi başlayanda əsgər Bayram Məmmədovun hərbi xidmətini başa vurmasına 3 gün qalmışdı. Cəmi 3 gün sonra tərxis olunacaq, yolunu gözləyən, onu min bir əziyyət və məhrumiyyətlə böyüdüb boya-başa çatdıran anasının yanına qayıdacaqdı. İşləyəcək, anasına dəstək olacaq, ötən bir il altı aylıq xidmət müddətində qurduğu xəyalları gerçəkləşdirəcəkdi. Lakin müharibə bu arzuların reallığa çevrilməsinə imkan vermədi. Bayram, onu dünyaya gətirən anasını, qardaşını ata əvəzi bilən bacısını gözü yolda qoyub darda olan Ana Vətənin harayına yetişdi. Kəşfiyyatçı əsgər kimi ön cəbhəyə atıldı, erməni işğalçılarına qarşı rəşadətlə vuruşaraq şəhidlik zirvəsinə ucaldı.
 
 
 
Uşaqlığını, yeniyetməliyini ailə qayğılarına qurban verdi
 
 
Öz davranışı, xarakteri, bacarığı ilə əsgər və döyüş yoldaşlarının, hərbi komandanlığın yaddaşında dərin iz buraxan Bayram Elnur oğlu Məmmədovun qısa tərcümeyi-halı var. O, 11 mart 2001-ci ildə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Hələ körpə yaşlarında olarkən valideynləri ayrılan Bayram, bacısı ilə birlikdə anasının himayəsində yaşayıb. Ailənin sosial durumu yaxşı olmadığı üçün o, orta təhsilini yarımçıq saxlayıb, anası ilə birlikdə təsərrüfatda çalışıb. Beləliklə də, hələ uşaq yaşlarından çiyinlərinə ailə qayğısı yüklənib. Uşaqlığını, yeniyetməliyini unudan Bayram çox çətinliklərlə üzləşib, həyatın sərt sınağına çəkilib. Bütün bunlara rəğmən, o, əziyyətlərə qatlaşmağı, mərdliklə ayaqda durmağı, sınaqlardan üzüağ çıxmağı bacarıb. 18 illik enişli-yoxuşlu ömründə 40 yaşlı ailə başçısının ömrünü yaşayıb, qayğılarını çəkib, möhkəmlənib Bayram. 2019-cu il aprelin 2-də əsgərliyə yollanıb. Abşeron rayonunun Pirəkəşkül qəsəbəsindəki "N” saylı hərbi hissədə həqiqi hərbi xidmət etməyə başlayıb.
 
 
 
Komandanlığın diplomlarına layiq görüldü
 
 
Həyat imtahanından üzüağ çıxan, möhkəm xarakterə sahib olan Bayramın qətiyyəti, nizam-intizamı, mərdliyi, silah-sursatla davranış qaydalarını dərindən mənimsəməsi komandanlığın diqqətini çəkib. O, hərbi andı qəbul etdikdən sonra gənc əsgərlər bölüyündən birbaşa kəşfiyyat bölüyünə cəlb edilib. Həmin vaxtdan etibarən kəşfiyyat bölüyündə xidmətini davam etdirib. Kəşfiyyatçılardan yüksək mənəvi, psixoloji, döyüş keyfiyyətləri və peşəkarlıq, eləcə də bölmələrin döyüş uzlaşması tələb olunur. Buna görə də Bayramdigər əsgər yoldaşları kimi davamlı təlimlərə, taktiki-texniki dərslərə cəlb olunub. Xidmət müddətində özünü bacarıqlı kəşfiyyatçı əsgər kimi göstərib. Şərti düşmən ərazisinə soxularaq onun canlı qüvvə və hərbi texnikasının yerinin və sayının müəyyənləşdirilməsi, kəşfiyyat məlumatlarının əldə edilərək komandanlığa çatdırılması kimi çoxsaylı təlimlərdə əsgər Bayram Məmmədov xüsusilə fərqlənib. Hərbi hissə və korpus komandanlığının təşəkkürünə, diplomlarına layiq görülüb.
 
 
 
29 günlük döyüş yolu
 
 
Vətənpərvərlik ruhunda tərbiyə alan, mənəvi-psixoloji durumu yüksək olan Bayramı torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsi faktı daim narahat edib. Hər bir azərbaycanlı gənci kimi o da bu işğala son qoyulmasını, ərazi bütövlüyümüzün təmin olunmasını istəyib. Məhz bu istəyi reallaşdırmaq üçün də Vətən Müharibəsinin iştirakçısına çevrilib. Düşmənin bütün cəbhə boyu hücum cəhdinə cavab olaraq Silahlı Qüvvələrimizin əks-hücuma keçməsi xəbərini hərbi-hissə komandanlığı şəxsi heyətə çatdırandan sonra Bayram Məmmədov da önə çıxaraq döyüşlərə qatılmaq istədiyini bildirib. 2020-ci il sentyabrın 27-dən oktyabrın 25-ə kimi – şəhid olduğu günə qədər bir çox döyüşlərdə, o cümlədən Füzulinin, Xocavəndin yaşayış məntəqələrinin erməni qəsbkarlarından azad edilməsi əməliyyatlarında iştirak edib, kəşfiyyatçı və atıcı olaraq döyüş şücaəti göstərib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Bayram Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif olunub.
 
 
 
"Özünü deyil, daim məni, bacısını düşünürdü”
 
 
Şəhid Bayram Məmmədovun anası Gülnarə xanım bizimlə söhbətində oğlunun hələ uşaq yaşlarından çox çətinliklər gördüyünü, onunla birlikdə ailənin qayğısını çəkdiyini söylədi. Bildirdi ki, Bayram ailəsinə sahib çıxan, bacısının təəssübünü, qeyrətini çəkən oğul olub: "Bacısının xoşbəxt olmasını, bizim çəkdiyimiz əziyyəti onun da çəkməsini istəmirdi. O, bacısına qardaş deyil, ata əvəzi olmuşdu. Əsgərliyə gedəndən cəmi bircə dəfə evə gəlmişdi. Onda da bacısının toyu idi. 2019-cu il dekabrın 22-də bacısının toyuna çatdırmışdı özünü. Yaşadığımız çətin günlərdən sonra ailəmizdə baş verən bu xoşbəxt hadisəyə çox sevinirdi. Bacısının toyundan dərhal sonra hərbi xidmətinə qayıtdı. O, 18 il yanımda böyüdüyü vaxtlarda olduğu kimi əsgərlikdə olduğu müddətdə də mənə narahatlıq, çətinlik yaşatmadı. Yanımda olanda mənə kömək, həyan oldu. Həyatdan əlimi üzəndə, gücüm, səbrim tükənəndə, mənə qol-qanad, sabaha ümid oldu. Yaşadığım çətinliklərin qarşılığında övladlarımı Allahdan özümə böyük pay, mükafat bildim. Onların gələcəyi üçün hər çətinliyə dözdüm. Qohum-qonşular, məktəbdə müəllimləri də həmişə Bayramdan razılıq etdilər. Ağlına, qanacağına, fəhminə görə, ən əsas da, mərd və həssas ürəyinə görə hamı ona hörmət edirdi. O, özünü deyil, daim məni, bacısını düşünürdü”.
 
 
 
Şəhidlər öz qanları ilə tarix yazdılar
 
 
Şəhid anası deyir ki, Bayramın müharibəyə getdiyini, savaşa qatıldığını şəhid xəbəri gələnə qədər bilməyiblər: "Vətən Müharibəsində döyüşün, odun-alovun içində olan balam fürsət tapan kimi bizimlə əlaqə saxlayırdı. Biz müharibə getdiyini deyib narahatlığımızı çatdıranda, bildirirdi ki, Bakıdadır, təlimlərdə iştirak edir. Narahat olmayaq deyə, bildirmirdi ki, müharibədədir. Şəhid olandan sonra döyüş yoldaşları mənə bildirmişdilər ki, Bayram ilk günlərdən müharibəyə qatılıb, şəhidlik zirvəsinə ucaldığı ana qədər də ermənilərə qarşı vuruşub. Döyüş yoldaşları da oğlumdan çox razılıq edirdilər. Oğlumun ürəklə döyüşdüyünü, erməni hərbçilərini, onların texnikalarını məhv etdiyini deyirdilər. Hətta özünün həyatını təhlükəyə ataraq yaralı əsgər yoldaşlarını güllə, mərmi yağışı altından, döyüş meydanından çıxardığını söyləyirdilər. Özü də Bayram bir dəfə deyil, bir neçə dəfə bunu edib. Öz həyatı bahasına onların həyatını xilas edib oğlum. Ona görə də oğlumdan, onun şücaətindən ağızdolusu danışırlar. Bayram öz döyüşkənliyi, bacarığı ilə çox kömək edib hərbçi yoldaşlarına. Onun şəhid olması xəbəri məni və bizi tanıyanları çox sarsıtdı. 19 yaşlı balam arzularına çatmadan həyata gözlərini yumdu. Bu, mənim ürəyimi yandırır. Amma torpaqlarımızın işğaldan azad olunduğunu, oğlumun Allah yanında müqəddəs bir mərtəbəyə - Şəhidlik zirvəsinə ucaldığını düşünəndə, bayrağımızın yüksəkliklərdə, o cümlədən Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda dalğalandığını görəndə təskinlik tapıram. Hər necə olsa da anayam, bir gözüm gülürsə, bir gözüm ağlayır. Övlad itkisi ilə barışmaq çox çətindir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, başımız sağ olsun. Şəhid anası kimi onların valideynlərinə səbir diləyirəm. Şəhidlər öz qanları ilə tarix yazdılar, tək bizim deyil, bütün xalqın övladı olduqlarını sübut etdilər. Qazilərimizə də Allah şəfa versin. Allah bundan sonra xalqımızı müharibə ilə sınağa çəkməsin, itkilər yaşatmasın”.
 
 
Rufik İSMAYILOV
 
 
 
banner

Oxşar Xəbərlər