“Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır”
Millət vəkilləri hesab edirlər ki, korrupsiyaya
qarşı atılan addımlar dövlətimizin müstəqilliyinin daha da gücləndirilməsinə,
dayanıqlığının möhkəmlənməsinə xidmət edir”
Prezident İlham Əliyev Azər Qocayevi
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə
əlaqədar videoformatda qəbul edərkən, dövlət məmurlarının iş prinsipi, bəzi
məmurların yol verdiyi nöqsanlara toxunub. Qeyd edib ki, rüşvətxorluqda və
korrupsiyada təqsirli bilinərək həbs edilən rayon icra hakimiyyəti başçıları
dövlətin ayırdığı vəsait hesabına tikinti işləri apararkən ciddi pozuntulara
yol verib, pul mənimsəyib, ardınca da tikilən mənzilləri insanlara pulla
satıblar. O, bütün bu faktların hamısının üzə çıxdığını söyləyib: "O mənzillər
ki, pulsuz verməlidirlər həmin insanlara, onlardan da rüşvət tələb
olunur.Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq! Heç kimdə
şübhə olmasın! Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə
bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi
dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm. Mən, eyni zamanda, demişdim
ki, xoşagəlməz hallar təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra
orqanlarında da var, siqnallar var, məlumatlar daxil olub. Demişdim,
xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin! Hesab edirdilər ki,
bunlara aid deyil. İndi isə bunun acı nəticələrini yaşayırlar. ...Dürüstlük,
şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi
bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox,
vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət – budur,
prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara
kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq
istəmirlərsə, düz yola qayıtsınlar”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini
Sahib Alıyev mövzu
ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında etimadı doğrultmayan, korrupsiya və
rüşvətxorluğa yol verən, nəfsinə sahib ola bilməyənlərin mənəvi
keyfiyyətlərinin aşağı səviyyədə olduğunu söyləyib. Qeyd edib ki, onların bir
qismi Azərbaycanı müstəqil və güclü görmək istəməyən çevrələrə bağlıdırlar: "O
adamlar ki, korrupsiya və rüşvət faktlarına görə tutulur, cəzalandırılırlar,
onların bir çoxu illərlə maaş almadan belə, çox gözəl yaşaya bilərlər. Çünki
özlərini və hətta nəsillərini artıqlaması ilə təmin ediblər. Yəni maddi
baxımdan hər şeyləri var. Amma çox təəssüf ki, mənəviyyatları yerində deyil.
Onlar hamıdan əvvəl dövlət başçısının başlatdığı bu prosesi dəstəkləyərək,
səmimi etirafda bulunmaqdan tutmuş, mənimsədiklərinin heç olmasa bir hissəsini
dövlətə qaytarmağadək, nə lazımdırsa etməliydilər. Amma etmirlər. Çünki
nəfslərinə düşkündürlər. Etmirlər, çünki bu prosesin nəyə xidmət etdiyini, nə
üçün başladıldığını və elə onların özlərinin övladları, nəvə-nəticələri üçün də
nə qədər önəmli olduğunu anlayacaq səviyyələri yoxdur. Etməyənlərin bir hissəsi
də, açığını deməliyik ki, Azərbaycanı müstəqil və güclü görmək istəməyən
çevrələrə bağlıdırlar. Və onların bağlı olduqları çevrələr yaxşı bilirlər ki,
atılan bu addımlar ilk növbədə dövlətimizin müstəqilliyinin daha da gücləndirilməsinə,
onun dayanıqlığının möhkəmlənməsinə xidmət edir”.
Millət vəkili deyib ki, hər bir dövlətin müstəqilliyinin
möhkəmliyi, təkcə onun iqtisadi potensialına, hərbi qüdrətinə və sairə bağlı
məsələ deyil, həm də oradakı hallalıq və şəffaflıq əmsalından asılıdır. Onun
fikrincə, başladılan proses orta və yüksək vəzifəlilərin qanunsuz əməllərinin
qarşısını alacaq: "Mən bu fikirdəyəm ki, cənab Prezidentin başlatdığı bu proses
uğurla davam edəcək. Necə ki ASAN Xidmətin yaradılması ilə xırda rüşvətxorluq faktları
tam aradan qaldırıldı, eləcə də indi atılan addımlar orta və yüksək
vəzifəlilərin qanunsuz əməllərinin qarşısını alacaq. Bunun üçün ilk növbədə
dövlət başçısı səviyyəsində qəti və üstün iradə var. Sosioloji Tədqiqat Mərkəzinin
araşdırmaları da göstərir ki, əhalinin böyük əksəriyyəti cənab Prezidentin
başlatdığı bu prosesi dəstəkləyir və siyasi elita da bu reallığı görməyə, ondan
çıxış etməyə bilməz”.
Millət vəkili vurğulayıb ki, bu prosesin bir ucu
gedib işğal altındakı torpaqlarımızın qaytarılması perspektivinə dayanır: "Biz
onu bilməliyik ki, işğal altındakı torpaqlarımızın qaytarılması üçün təkcə
ordumuz deyil, dövlətimizin bütün institutları haylarınkından qat-qat güclü və
peşəkar, cəmiyyətimiz onlarınkından daha mütəşəkkil və daha yetkin olmalıdır.
Bunlar isə az öncə dediyim kimi, həm də dövlətdəki şəffaflıq və halallıq
əmsalının səviyyəsindən asılı məsələlərdir. Hər bir azərbaycanlı təkcə ordusu
ilə yox, ədalətli hökmlərinə görə məhkəməsi, savadına, peşəkarlığına və
təmizliyinə görə məmurları, mütəxəssisləri ilə də qürur duymalıdır. Cənab
Prezident məhz bunu istəyir, buna çalışır. Mən varlığım kimi əminəm ki, belə
olduğu halda, haylara hansı güclər havadarlıq edir etsin, istəyir bütün dünya
arxalarında dursun, onların əllərində bir qarış belə torpağımız qalmayacaq”.
Milli
Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov da bildirib ki, Prezident İlham Əliyev xəyanət
yolunu tutan, korrupsiya və rüşvətxorluğa bulaşan məmurlara qarşı mübarizədə
siyasi iradə və qətiyyət nümayiş etdirir. O, buna misal kimi xəbərdarlıqlara
baxmayaraq öz çirkin əməllərini davam etdirən bir neçə icra başçısının Dövlət
Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanmasını,
vəzifələrindən azad olunduqdan sonra Məhkəmə qaydası ilə barələrində həbs qərarı
çıxarılmasını göstərib: "İctimaiyyətə təqdim olunan əməliyyat çəkilişlərindən
aydın olur ki, korrupsiya və rüşvətxorluq əməllərinə yol verən məmurlar, hətta
aztəminatlı ailələrə verilən yardımları mənimsəyib, ictimai işlər üçün nəzərdə
tutulmuş minimum əməkhaqqı kartlarını özlərində saxlayıb, hər ay o kartlardan
pulları çıxarıblar. Halbuki, həmin ictimai iş yerləri heç bir gəliri olmayan
vətəndaşlar üçün nəzərdə tutulub. Beləliklə, həmin məmurlar ölkədə xoşagəlməz
hallara zəmin yaradıblar. Prezident İlham Əliyev qətiyyətlə bəyan edib ki, belə
halların qarşısı alınacaq, korrupsiya və rüşvətxorluğa yol vermiş məmurlara
qarşı daha ciddi tədbirlər görüləcək”.
Millət vəkili Prezident İlham Əliyevin fikirlərinə
istinad edərək deyib ki, başladılan proses, sadəcə yerli icra orqanlarını
deyil, mərkəzi icra orqanlarını da əhatə edəcək, davamlı olacaq: "İki gün öncə
mərkəzi icra orqanında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi
əməliyyat, ictimaiyyətə təqdim olunan məlumat, iki vəzifəli şəxsin saxlanılması
buna əyani misaldır. Prezident bütün məmurlara xəbərdarlıq etdi ki, çirkin
əməllərə yol verməsinlər, Azərbaycan xalqına, dövlətə və dövlətçiliyə xidmət
etməklə vəzifələrinin icrası ilə məşğul olsunlar. Dövlət başçısı bildirdi ki,
neqativ əməllərə yol verənlərin artıq "dərmanı” tapılıb. Bu, hüquq-mühafizə
orqanlarının yüksək peşəkarlıqla həyata keçirdiyi əməliyyatlardır. Ölkə
rəhbərinin göstərişi ilə onlar belə neqativ halların qarşısını qətiyyətlə
alacaqlar. Çünki korrupsiya və rüşvətxorluq həm ölkənin inkişafına böyük zərbə
vurur, həm də xalqı, xüsusən də aztəminatlı insanları narazı salır. Ona görə də,
belə neqativ hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq”.
Rufik
İSMAYILOV