• çərşənbə axşamı, 24 dekabr, 17:54
  • Baku Bakı 11°C

Dünyanı yenidən tanıdanlar - BAXIŞ

29.01.22 11:45 2255
Dünyanı yenidən tanıdanlar - BAXIŞ
Elə insanlar olur ki, biz onlar vasitəsi ilə dünyada çox şeyin mahiyyətini fərqli rakursdan anlayırıq. O cür insanlar vasitəsi ilə sözün, səsin, rəngin, nəhayət, aqibətin yeni anlamını anlayırıq. Həmin adamlar əşyaları da, olanları da, mücərrədləri də yenidən mənalandırırlar. O sayaq Adəm övladları sanki həyatı, bəşəriyyəti dərk etməyimizdə əlavə və unikal bir "izahlı lüğəti” əvəz edirlər....
Rəngin kəşfi...
Heç kəsə sirr deyil ki, ağ, yoxsa qara rəng seçimi arasında qalanda insanların çoxu ağı seçir. Çünki ağda paklıq, xeyirxahlıq, sabahlara inam var. Amma Gümüş dövrü rus şeirinin unudulmazı Marina Svetayeva uşaqkən A.S.Puşkinin qara heykəlini görəndən sonra onun üçün qara rəngin mahiyyəti dəyişib. O heykəldə Puşkinin siması qara, heykəlin pyedestalı isə ağ imiş. Balaca Marina Svetayeva dahi Puşkinə görə həmişə ağ, yoxsa qara arasında qalanda qara rəngi seçərmiş: "Mən elə o zaman və həmişəlik qaranı seçdim, ağı yox, qaranı, qara fikri, qara bəxti, qara həyatı”.
Çünki Svetayeva üçün qaranı seçmək şairi seçmək demək idi. Beləcə, qızcığaz Svetayevanın ömründə qara rəng yeni məna kəsb edib... O, qaranı sevərək rəmzi mənada "irqçi”yə çevrilib...
Mənəvi məsafə...
Marina uşaq olanda həmtayları ilə qaçış yarışına girərmiş. Onlar üçün hədəf "Puşkinin heykəlinə qədər” imiş. Yəni gələcək şairə üçün metr, verst kimi uzunluq ölçülərini "Puşkinin heykəlinə qədər” sözləri əvəz edərmiş.
Bütün uşaqlar üçün fiziki məsafə olan Puşkini heykəli, Marina üçün mənəvi məsafə imiş. O yazır: "Puşkinin abidəsi gəzintimizin sonu və məqsədi idi: Puşkinin abidəsindən – Puşkinin abidəsinə qədər”. Beləcə, Puşkinin abidəsi Marina üçün uzunluq ölçüsünün də mahiyyətini dəyişib, sanki "puşkinə qədər” mənəvi məsafəyə çevrilib.
Qəlbi əvəzləyən qarın...
"Qarın” sözü çoxlarında gülüş doğurur, bu söz bəzən "gödən” kəlməsi ilə assosiasiya olunur və kobud məna ifadə edir. Çox yeyənə el arasında "qarın dəlisi” deyirlər. "Qarın ağrısı” da, nədənsə insanlar arasında gülünc xəstəlik kimi qəbul edilir. Amma Puşkinin qarnından güllə yarası alması Marinanın qarın sözünə qarşı düşüncəsini də başqalaşdırır...
"Mənim Puşkinim” əsərində Svetayeva bunu belə izah edir: "Dantes Puşkinə nifrət edirdi, çünki özü şeir yaza bilmirdi. Şairi duelə çağırdı, daha doğrusu, qar bəhanəsi ilə tələyə saldı və orada tapança ilə qarnına atəş açaraq öldürdü. Beləliklə, üç yaşımda dəqiq bildim ki, şairin qarnı var və tanıdığım bütün şairləri xatırladıqda, şairin olduqca az hallarda tox olan qarnı, Puşkinin məhz qarnından vurularaq öldürülməsi, bu zaman ürəyi ilə bərabər qarnının da yanması haqqında düşünürdüm”.
Beləcə, Marina üçün bir söz də yeni məna, izah qazanır, fərqli təəssürat doğurur. Onun üçün "qarın” sözü "qəlb” kəlməsi qədər ruhani mahiyyət kəsb edib...
Daşa dönməmiş abidələr
Puşkinin oğlu balaca Svetayevagilə qonaq gəlibmiş. Sonra Marina dahi Puşkinin təşrif gətirən övladının onlarda qonaq olması barəsində uşaqlara danışarkən onu belə təsvir edir: "Puşkin abidəsinin oğlu bizə qonaq gəlmişdi”.
Bizə həyatımızda yeni mənalar qatan insanlar sanki abidəyə çevrilirlər, onlar vasitəsi ilə anladığımız mahiyyətlər onları elə bil, sadəcə insan olmaqdan çıxarır, onlara daha başqa – özəl status qazandırır.
Şair və sair..
"Mən dünyanı şairə və digərlərinə böldüm və şairi seçdim, qorumaq üçün şairi seçdim” – deyir Svetayeva. Nə üçün belə deyir? Çünki həyatımıza yeni mənalar, məğzlər qatan insanı tapandan sonra hər birimizin qəlbində gizli-aşkar bir bölgü də qaçılmaz olur: "O və başqaları...”
Fərid Hüseyn
banner

Oxşar Xəbərlər