Dublyajın böyük ustadı - Fotolar
O, təkcə
yaraşıqlı xarici görkəmi, çəkildiyi filmlərdəki yaddaqalan rolları ilə deyil,
həmçinin qeyri-adi səsi, məxməri tembri ilə milyonlarla tamaşaçını məftun edib.
Onun səsi ilə dünya ekranının ən məşhur qəhrəmanları danışıb.Feliks
Yavorski həyatda ciddi, xeyirxah, səmimi insan olub. Dostları onu sevir,
həmkarları hörmət edirdi. Sovet kino və teatr aktyoru, SSRİ Kinematoqrafçılar
İttifaqının üzvü kimi tanınana qədər aktyor çətin həyat və yaradıcılıq yolu keçib.
Yaralılar arasında formalaşan xarakter
Feliks
Yavorski 1932-ci ildə Novokuznetsk şəhərində anadan olub. Feliksin anası
Barbara əslən polşalı idi, Varşavada doğulmuşdu. Tale onu Sibirə gətirib
çıxarmışdı. O, Tomsk Universitetinin tibb fakültəsində oxuyurdu, elə burada da
ərə getmişdi. Aktyorun atası Leonid Yevseyev Yavorskiy Tomsk şəhərinin
fəhlə-kəndli müfəttişliyində təlimatçı idi. O, uzun sürən xəstəlikdən sonra
1938-ci ilin aprelində Stalinskdə vəfat edir. Barbara Karlovna müharibədən
əvvəl əsəb xəstəlikləri xəstəxanasında müdir işləyirdi. Yoldaşının ölümündən
sonra onun öhdəsində iki balaca oğlu və qayınanası qalmışdı. Barbara Karlovna
güclü iradəsi olan qadın idi. Böyük Vətən Müharibəsinin ilk günlərindən ordu
sıralarına çağırılır və hospitalın müdiri vəzifəsində işləyir. Anası ilə birgə
on yaşlı Feliks də müharibənin çətinliklərini çiyinlərində daşıyır. Müharibə
həyatının ağırlığını oğlu ilə birgə keçən qadını yaralılar «bizim balaca
mayorumuz» adlandırır, onun yenilməzliyinə, inadkarlığına və daxili gücünə
həsəd aparırdılar.
Hələ müharibənin
qanlı-qadalı illərində Feliksin ürəyində incəsənətə məhəbbət yaranmışdı.
1944-cü ildə qardaşı Rem müharibədə döyüşürdü. Nəhayət, müharibə bitəndən sonra
o, Novokuznetsk Pedaqoji İnstitutunun rektoru və Novokuznetsk şəhərinin fəxri
vətəndaşı oldu. Feliks isə məktəbi qurtarıb Ümumittifaq Kinematoqrafiya İnstitutunun
aktyorluq fakültəsinə daxil oldu. Gənc məzunu dərhal kinoaktyorluq studiyasına
qəbul etdilər. O, institutda SSRİ xalq artistləri V.V.Vanin və V.V.Belakurovun
emalatxanasında ustad dərslərinə yiyələndi. Gəncin kinoda ilk debütü də hələ
institutda oxuduğu illərə təsadüf etdi. 3-cü kursda oxuyanda «Yoldaşın şərəfi»
filmində Suvorov məktəbinin tərbiyəçisi rolunda çıxış etdi. Bir il sonra o,
yenidən ekranda göründü – bu dəfə fərqli ampluada. «Ehtiyatda olan oyuncu»
komediyasında futbolçu rolunda çəkildi. Onun zahiri görkəmi və xarakteri, gəncə,
müxtəlif amplualarda görünməyə şans verirdi. Rejissorlar onu dalbadal
filmlərinə dəvət edirdilər. Yaraşıqlı siması, səsinin tembri, uca boyu və
istedadı onu rejissorların sevimli aktyoruna çevirmişdi. Ona tez-tez güclü
insanların rolunu təklif edirdilər. O, əsl kişi obrazlarını – rəislər,
komandirlər, hərbçiləri oynayırdı. Feliks belə ekran əsərlərində həvəslə
çəkilirdi. Ona görə də onun karyerasında «Ölməz qarnizon», «Yolda döyüş»,
«Qusar balladası» və s. kimi məşhur filmlər yer alıb. Aktyorun çəkildiyi
filmlər sırasında "Karnaval gecəsi”, ”Qeyri-adi yay”, "Ulyanovlar ailəsi”, "Serjantlar", "Həmkarlar”, "Şikayət kitabını verin”, "Köhnə
tanış”, "Uğur ziqzaqı” və s. filmlərin də adı var. Ümumilikdə isə Feliks Yavorski
40-dan artıq filmdə çəkilib. 1954-cü ildə Feliks özünü dublyajda sınayır və
tezliklə də bu sahədə aparıcı mütəxəssisə çevrilir. Aktyor 100-dən çox xarici
film qəhrəmanlarının səsləndirilməsində iştirak edir. "Qizil səs”in sahibi deyərək
mətbuatda onun haqqında məqalələr yazılırdı. "Bu cür
istedadlı və qeyri-adi səsə malik aktyor nadir hallarda doğulur” - deyə həmkarları
etiraf edirdilər. Aktyorun səsləndirdiyi filmlər sırasında "Başsız atlı”,
"Amerika faciəsi”, "Miraj”, "Spartak”, "Nürnberq prosesi”, "Anjelika mələklər
markizası”, "Cazda yalnız qızlardır”, "Kleopatra” və s. əcnəbi və yerli filmlər
var. Həmçinin bir çox sənədli və cizgi filmlərinin dublyajı də aktyorun adı ilə
bağlıdır.
Məşhur
aktyor haqqında olan fikirlərdən biri belə idi: «Feliks Yavorski əfsanə
insandır, ona təbiət tərəfindən ecazkar səs verilib. O, sanki bir sehrli alət
kimi dövrünün məşhur əcnəbi filmlərini səsləndirib. Başqasının rollarının
dublyajı üzərində onun misilsiz xidmətləri var. Onun səsi bütün dövrlər üçün
qalacaq. Belə adamlar 100 ildə bir dəfə doğulur. Opera səhnəsinin bariton
ifaçıları musiqi həvəskarlarına nə qədər xoş gəlirsə, Yavorskinin səsi də
tamaşaçıların qulağına elə yatır».
Eyni
zamanda, aktyorun Azərbaycan filmlərinin rus dilinə səsləndirilməsində də əməyi
var. «Nəsimi» filmində Şirvanşah İbrahim (Səməndər Rzayev) və «Gözlə məni»
filmində Böyük bəy (Həsənağa Turabovun) rollarının dublyajı ona məxsusdur.
"Yarovski
ördəyi”
Aktyor
gələcək həyat yoldaşına da çəkiliş meydançasında rast gəlir. «Ehtiyatda olan
oyunçu» filminin Odessadakı çəkilişlərində
Yermolova Teatrının aktrisası Yelena Qeorqiyevna Yermakova ilə tanış olur.
Təkcə sənətlə bağlı baxışları deyil, xarakterləri də üst-üstə düşür. Onlar
tezliklə evlənirlər. 1959-cu ildə isə onların oğlu Yeqor dünyaya gəlir.
Ər-arvad sanki bir-biri üçün yaranmışdılar. Hər ikisi qonaqpərvər idilər. Onlar
tez-tez evlərində qonaqlıqlar təşkil edirdilər. Dostları və qohumları başlarına
yığmaq üçün bəhanə axtarırdılar. Belə gecələrdə səhərəcən oxuyur, oynayır və
zarafatlaşıb gülürdülər. Feliks həmişə dostlarını «Yarovski ördəyi» yeməyinə
dəvət edirdi. Feliks mahir kulinar idi. "Əgər o, artist olmasaydı, yəqin ki,
ləzzətli yemək hazırladığına görə, kulinariya ustası olardı” - deyə bişirdiyi
yeməkdən dadanlar mütləq belə deyirdi. Feliks isə kulinarlıq bacarığını belə
izah edirdi: "Yəqin bu, ailə ilə bağlı olub. Çünki biz uşaq olanda evdə tək
qalardıq. Anam işə gedərdi və bəzən gecə növbəsində olardı. Biz acından ölməmək
üçün yemək hazırlayırdıq. Hətta anamız üçün də saxlayırdıq. O, işdən ac və
yorğun gəlirdi. Mən yeməyi süfrəyə düzüb onun necə yeməsinə maraqla baxardım.
Anam ağzını ləzzətlə tərpədərək "əhsən, oğlum!” deyincə, sevincdən uçmağa qanad
axtarırdım. Mən, beləcə, yemək bişirməyi öyrəndim. Hətta sonralar anamın
bişirdiyi yeməyi də o qədər bəyənmirdim”.
Feliks
evlənəndən sonra da işinin çoxluğuna və gərginliyinə baxmayaraq, mətbəxdə vaxt
keçirməyi xoşlayırdı. Həyat yoldaşı hərdən zarafatla "yaxşı ki, bəxtimə sən çıxıbsan”
deyərək ona sataşmaqdan çəkinmirdi. O isə gülərək "mənim kulinarlıq bacarığımın
kökündə keçmiş illərim durur” deyirdi.
30 illik xoşbəxtliyin sonu və həkim səhlənkarlığı
Feliks
Leonidoviçın nikahı 30 il sürür. 1982-ci ildə isə bu xoşbəxt ailənin yaxşı
günləri sanki yuxuya dönür. Feliks sevimli həyat yoldaşını itirir. Yazılanlara
görə, arvadının ölümündən sonra oğlu da yanında olmayıb, Yarovski öz dərdi ilə
təkbaşına qalıb. Tənhalıq, həyəcanlar və əsəb sarsıntıları aktyorun səhhətinə pis
təsir edib: "O, səs-küyə, mehribanlığa öyrəşmişdi. Hay-küylü həyatdan sonra
birdən susqunluq... bu, ona pis təsir etdi”- deyə qonşuları danışırdı.
1983-cü
ilin dekabr ayında Yavorski paytaxt klinikalarından birinə yerləşdirilir.
Müayinələrdən sonra həkimlər ona əməliyyat olunmağı məsləhət görürlər. Əməliyyatdan
sonra Feliks özünü yaxşı hiss edirdi və xəstəxanadan çıxmağa hazırlaşırdı.
Ancaq onun səhhəti birdən-birə pisləşir, onda infeksiya aşkarlanır. Tərslikdən,
müalicə edən həkim klinikada yox idi. Həkimlərin peşələrinə laqeydliyi və qeyri-peşəkarlığı
Yavorskinin həyatı bahasına başa gəlir. 1983-cü ilin 13 dekabrında 51 yaşında
həyatla vidalaşır. Aktyor Moskvadakı Vvedenskoy qəbiristanlığında dəfn edilir.
«Kədərlisi
budur ki, onu xilas etmək üçün şans var idi, ancaq həkimlər bu şansı
qaçırdılar. O, kifayət qədər cavan idi, cəmi 51 yaşı vardı. Necə deyərlər,
bütün həyat hələ qabaqda idi, amma getdi…» - deyə Rusiya mətbuatı yazırdı. Aktyorun
həmkarları isə "Əgər həkimlərin səhlənkarlığı olmasaydı, o, özünün
təkrarolunmaz səsi ilə kinematoqrafiyanın
bir çox kino qəhrəmanlarını səsləndirə bilərdi” deyərək, kədərlərini
gizlətmirdilər.
Elə
həmin il aktyorun çəkildiyi «Reka villasının sirri» filmi ekranlara çıxır.
Aktyora, sonuncu filmini görmək qismət olmur. "Xoşbəxtlikdən, aktyorun
ölümündən sonra da bizə onu ekranda görmək və bir çox məşhur filmlərdə səsini
eşitmək nəsib olub”- deyə həmkarları da, tamaşaçılar da təsəlli tapır.
Rusiya mətbuatı əsasında hazırladı
Təranə Məhərrəmova