AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

DMX rəisi Rusiyada yaşayan azərbaycanlılara müraciət edib

DMX rəisi Rusiyada yaşayan azərbaycanlılara müraciət edib

Cəmiyyət
16 İyun 2021, 12:00 112
Pandemiya səbəbindən Rusiya Federasiyasında olan, yaşayan əcnəbi vətəndaşlarla bağlı tətbiq edilmiş güzəştlərin müddəti uzadılıb. Yeni tələblərə əsasən, bu ölkədə olan, yaşayan, miqrasiya qanunvericiliyi baxımından sənədlərinin müddət axımı dayanan (etibarlılıq müddəti bitmiş), sənədləri qaydasında olmayan əcnəbilərin leqallaşması (sənədlərinin qaydaya salınması) üçün müddət 30 sentyabr 2021-ci il müəyyən edilib.
 
APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib. O qeyd edib ki, bu müddətdə miqrantlar barədində könüllü və ya məcburi olaraq Rusiya Federasiyasından inzibati qaydada kənara çıxarılma, deportasiya həyata keçirilmir: "Həmçinin, patent əsasında Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olan əcnəbi şəxslər 31 dekabr 2021-ci il tarixədək bəyan edilmiş məqsədlərindən asılı olmayaraq müvafiq sənədin alınması (uzadılması) üçün müraciət edə bilərlər. Rusiya Federasiyasında yaşayan vətəndaşlarımızın bu müddət və tələbləri diqqətdə saxlamalarını tövsiyə edirik".
 
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin miqrantların hüquqi vəziyyətinin nizamlanması ilə bağlı müvəqqəti tədbirlərin görülməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, əcnəbilərin Rusiya ərazisində qalma müddəti 30 sentyabr 2021-ci il tarixinədək uzadılıb. Fərmana görə, sentyabrın 30-dək ölkə qanunlarını pozmayan əcnəbilər deportasiya olunmayacaqlar. Miqrantlardan həmin tarixədək Rusiya ərazisində qanuni yaşamaqla bağlı sənədlərini qaydaya salmaq tələb olunur.