Dəqiq hədəfi olan əmin açıqlamalar - ŞƏRH
Prezident İlham Əliyevin yanvarın 12-də yerli
televiziya kanallarına verdiyi müsahibəsində müharibədən sonrakı dövrdə görülən
işlər, Ermənistanla aparılan danışıqlar, münasibətlərin perspektivləri, sülhməramlıların
fəaliyyəti ilə bağlı fikirləri bir çox mətləblərə işıq tutur
Azərbaycan öz hərbi gücünə arxalanaraq ərazi
bütövlüyünü hərbi yolla təmin edib. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi 30
illik işğala son qoyub. Bununla da tarixi ədalət bərpa olunub. Silahlı Qüvvələrimizin
düşmən üzərində şanlı Zəfərindən indiyə qədər ötən vaxt ərzində rəsmi Bakı əldə
edilən bu üstünlükləri beynəlxalq müstəvidə, siyasi və diplomatik cəbhədə qoruyub
saxlayıb.
Bir ildə 7 yarımstansiya inşa edilib
Paralel olaraq işğaldan azad olunan ərazilərdə
tikinti-quruculuq, bərpa işlərinə start verilib. Müzəffər Ali Baş Komandan,
Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində
vurğuladığı kimi, müharibədən çıxmış ölkələrin təcrübəsinə nəzər saldıqda bu,
miqyas baxımından tarix boyu ən genişmiqyaslı proqramdır. Burada diqqət çəkən
başlıca məqam Azərbaycanın heç kimdən yardım istəmədən və almadan öz vəsaiti
hesabına bütün bu işləri həyata keçirməsidir. Proqram çərçivəsində əvvəlcə işğaldan
azad olunan ərazilərin minalardan təmizlənməsinə başlanılıb. ANAMA, Müdafiə və
Fövqəladə Hallar nazirlikləri tərəfindən ilk növbədə, infrastrukturun keçdiyi
yerlər, o cümlədən elektrik xətlərinin keçəcəyi ərazilər, yollar minalardan,
partlamamış döyüş sursatlarından təmizlənib, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı
kimi Ermənistanla həmsərhəd olan yerlərdə 700 kilometrə yaxın xidməti, hərbi, sərhəd
yolları çəkilib. Eyni zamanda, elektrik təsərrüfatının yaradılması məqsədilə bütün
azad edilmiş torpaqlarda bir ildə 7 yarımstansiya inşa edilib, onlar ümumi dairəvi
şəbəkəyə qoşulub.
Qısa müddətdə reallaşdırılan layihələr
Prosesin davamı kimi işğaldan azad olunan rayon və
şəhərlərarası yolların çəkilməsini göstərə bilərik. Hazırda Göygöldən Kəlbəcərə
uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Kəlbəcər ilə Laçın arasında 4
kilometr uzunluğu olan ikinci tunel də uğurla inşa edilir. Strateji nöqteyi-nəzərdən
böyük əhəmiyyət kəsb edən bu iki tunelin istifadəyə verilməsi, yol tikintisinin
tam başa çatdırılması gələcəkdə bizə imkan verəcək ki, Kəlbəcərə rahatlıqla
Göygöl-Gəncə istiqamətindən gedib-gələ bilək. Bundan başqa, Bərdə-Ağdam, Naftalan-Talış-Suqovuşan
avtomobil yolları inşa edilir. Füzuli-Şuşa yolunun - Zəfər yolunun istifadəyə
verilməsinin ardınca Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın
magistral yolların, həmçinin Laçın istiqamətində əlavə yolların çəkilməsinə
başlanılıb. Magistral və hərbi təyinatlı yollarla yanaşı, Bərdə-Ağdam, Horadiz-Ağbənd-Zəngəzur
dəmir yolunun inşasına başlanılıb. İşğaldan azad olunan rayon və şəhərlərin baş
planları hazırlanıb, yeni yaşayış massivlərinin təməli qoyulub.
Düşmənə layiqli cavab verilir
Hərbi quruculuq məsələlərini öz gündəliyində daim
birinci dərəcəli iş hesab edən Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyev Vətən Müharibəsindən sonrakı mərhələdə də Silahlı Qüvvələrimizin güclənməsi
üçün mühüm qərarlar qəbul edib. Bunu zəruri edən əsas səbəblərdən biri ordusu
darmadağın edilən Ermənistan iqtidarında, müxalifətində və cəmiyyətində güclü
revanşist əhval-ruhiyyənin hökm sürməsidir. Bundan irəli gələrək dəfələrlə Azərbaycan
hərbçilərinə qarşı təxribatlar törədilib, hərbi qulluqçularımız həlak olub.
Cari il yanvarın 11-də Ermənistan Kəlbəcər rayonu ərazisində yenidən təxribata əl
atıb, bir nəfər hərbi qulluqçumuz şəhid olub. Təbii ki, bütün hallarda olduğu
kimi yanvarın 11-də də düşmənə layiqli cavab verilib, bizdən dəfələrlə çox
itkiyə məruz qoyulub. Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq
üçün bundan sonra da qəti tədbirlər görəcəkdir.
Vəziyyətin diktə etdiyi zərurət
Prezidentin təbirincə desək, azərbaycanlı hərbi
qulluqçunun ölümü Ermənistana heç vaxt bağışlanmayacaq. Bizim hərbi quruculuğu
davam etdirməyimiz, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması məhz bununla
izah oluna bilər. Əslində, Azərbaycan heç də üçüncü müharibəyə hazırlıq görmür
və belə bir niyyət güdmür. Tarixi ədaləti bərpa edən, regionda yeni reallıq
yaradan Azərbaycanın başlıca istəyi və hədəfi müharibə dövrünün başa çatması,
normal əlaqələrin yaradılmasıdır. Bunun üçün başlıca şərt Ermənistanın
revanşizmdən əl çəkərək Azərbaycanın ərazi bütövlüyünü tanıması, sülh müqaviləsini
imzalamasıdır. Rəsmi İrəvan baş verənlərdən nəticə çıxarmalı, düzgün seçim etməlidir.
Çünki qalib Azərbaycanın böyük humanizm nümayiş etdirməsi, barışıq təklifi ilə
çıxış etməsi, xoşniyyətli davranması şərt deyil və əbədi olmayacaq. Hər bir təklifin,
hərəkətin müəyyən sərhədi var. Dövlət başçısının vurğuladığı kimi, əgər Ermənistan
Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməsə, o zaman biz də onların ərazi
bütövlüyünü tanımayacağıq. Bunun üçün bizim çox böyük əsaslarımız var.
Sülhməramlıların fəaliyyəti nəzarətdə saxlanılır
Vətən Müharibəsindən sonra ictimaiyyətimizi ciddi
düşündürən, bir sıra hallarda geniş müzakirə və mübahisələrə yol açan məsələlərdən
biri də Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlıların
fəaliyyətidir. Sülhməramlı missiya həyata keçirən rus hərbçiləri Kəlbəcər,
Laçın rayonlarına Azərbaycan hərbçilərinin, yüklərin göndərilməsini və
daşınmasını müşayiət edirlər. Sülhməramlıların fəaliyyətində bu kimi müsbət məqamlarla
bərabər, qıcıq doğuran hərəkətlər də var. Buna misal olaraq müxtəlif vaxtlarda
bəzi Ermənistan rəsmilərinin, həmçinin xarici ölkə vətəndaşlarının, o cümlədən
Fransada keçiriləcək seçkilərdə prezidentliyə namizəd olan Valeri Pekresin Laçın
dəhlizindən keçməklə Xankəndiyə giriş-çıxışına laqeyd yanaşılmasını göstərmək
olar. Sülhməramlıların nəzarət zonasında olan ərazilərdən keçməklə Azərbaycanın
Xankəndi şəhərinə edilən belə qanunsuz səfərlərin qarşısı məhz rus hərbçiləri tərəfindən
alınmalıdır. Bölgənin təhlükəsizliyi naminə bu, bilavasitə onların missiyasına
daxildir. Laçın dəhlizinə giriş-çıxışda, Xankəndidə, ətraf bölgələrdə baş verən
bütün hadisələrdən Azərbaycanın dəqiq xəbəri olduğu üçün sülhməramlıların bizdən
nəyisə gizlətmək cəhdləri, "görməmişik, bilməmişik” kimi qeyri-ciddi səbəblər
ortaya qoymaları təəssüf doğurur. Prezident İlham Əliyevin bununla bağlı səsləndirdiyi
fikirlər, sadaladığı faktlar bir daha sübut edir ki, Azərbaycan öz ərazisində
baş verən bütün prosesləri, həmçinin sülhməramlıların fəaliyyətini diqqətlə
monitorinq edir, nəzarətdə saxlayır.
Rufik İSMAYILOV