Deputat: "Xalqımız birliyimizlə, bərabərliyimizlə, sözün əsl mənasında, dastan yazır"
Prezident İlham Əliyevin Türkiyənin Azərbaycandakı səfirliyində başsağlığı nitqi tək ürək, tək yumruq olmuş Azərbaycan xalqının hisslərinin və dövlətimizin mövqeyinin, o cümlədən Azərbaycan xalqının vahidliyinin təcəssüm etdirilməsinin ən gözəl ifadəsi oldu. Bildiyiniz kimi, qardaş ölkədəki təbii fəlakətdən dərhal sonra bütün aidiyyəti dövlət strukturlarımız ilk saatlardan səfərbər edildi, Türkiyəyə tam təchizatla birlikdə həkimlər, xilasedicilər, könüllülər göndərildi. Hazırda zəlzələ bölgəsində Türkiyənin özündən sonra ən böyük heyətlə Azərbaycan təmin olunur və bu göstərici getdikcə artmaqdadır. Çünki Prezident İlham Əliyevin çağırışından sonra milyonlar dövlətin səsinə səs verdi, bir əsr öncə Qurtuluş savaşında olduğu kimi xalqımız uşaqdan böyüyə yenə də qardaş Türkiyə üçün könüllü səfərbər olub. Bu prosesin bir mərkəzdən idarə olunması, yardımların daha səmərəli formada istiqamətlənməsi işinə isə şəxsən Birinci vitse-prezident Mehriban xanım Əliyeva rəhbərlik edir və xalqımız birliyimizlə, bərabərliyimizlə, sözün əsl mənasında, dastan yazmaqdadır.
Bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.
Onun sözlərinə görə, bu çərçivədə Mehriban xanımın ötən gün yaydığı bəyanat bir ürək kimi döyünən xalqımıza əlavə ruh verdi. Birinci vitse-prezident xalqa xitabən, “qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur” deməklə əslində bizi bir edən vahid amalın nə olduğunu bir daha bəyan etdi. Birinci xanımın müraciətində, eyni zamanda, iki ciddi siyasi nüansa diqqət olunmalıdır.
Birincisi, Mehriban xanımın birbaşa ifadə etdiyi kimi, “Azərbaycan xalqı hər zaman birlik və həmrəylik nümayiş etdirir, bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir”. Bu, əslində indiki həssas məqamda xalqın vahidliyi, birliyi və bu həmrəylikdən doğan gücün ifadəsi olmaqla dünyaya ciddi mesaj idi.
İkincisi, Birinci vitse-prezident prosesdə iştirak edən bütün təbəqələrə, axtarış-xilasetmə işlərinə cəlb olunmuş xilasedicilərimizə, xəsarət alanların sağlamlığına qovuşması üçün əlindən gələni əsirgəməyən tibb işçilərimizə, faciədən zərər çəkmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi və təxliyəsi ilə məşğul olan diplomatik xidmət əməkdaşlarına, hadisələri yorulmadan işıqlandıran KİV nümayəndələrinə, yardım kampaniyasına qoşulan hər bir soydaşımıza, yerli şirkət və təşkilatlara, xüsusilə yardımtoplama məntəqələrində gecə-gündüz var gücü ilə işləyən könüllülərə və polislərə ayrı-ayrılıqda təşəkkür etməklə dövlətin ölkədə hər bir prosesdən xəbərdar olduğu, ən həssas məqamda belə heç bir fikir ayrılığı olmadan xalq və hakimiyyətin vahid orqan kimi davrandığını bəyan etmiş oldu.
“Mehriban xanımın Prezident İlham Əliyevin ən yaxın silahdaşı və Heydər Əliyev irsinin yaşadılması prosesinə birbaşa rəhbərlik edən şəxs, o cümlədən dövlət və xalq qarşısında müstəsna xidmətləri olan dövlət xadimi kimi xalq arasında nüfuzu əlbəttə, ona bu kimi müraciəti etməyə mənəvi haqq verir. Lakin xalq bu müraciətə həm də ona görə doğma və səmimi yanaşdı ki, Mehriban xanım Əliyevanın özü yardım edənlərin ilk sırasında gəlirdi. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlət qurumlarını çıxmaqla Azərbaycandan Türkiyəyə göndərilən ən iri yardımı həyata keçirən təşkilat oldu. Eyni zamanda, birinci xanımın çağırışına müvafiq olaraq ictimai təşkilatlar və biznes strukturları tərəfindən başlanan nəhəng kampaniya həcmi və əhəmiyyətinə görə misilsiz oldu. Bu prosesdə “PAŞA Holdinq”i və bu biznes qrupuna daxil şirkətləri xüsusi qeyd etmək lazımdır. Həmişə sağlam əsaslara söykənən, sosial məsuliyyət anlayışına böyük önəm verən "PAŞA qrup" şirkətləri ilk gündən başlanan və bu gün də davam edən çoxşaxəli yardım aksiyaları ilə xalqımıza, milli dövlətçilik prinsiplərimizə sədaqətlərini bir daha ifadə etmiş oldular”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.
Deputat qeyd edib ki, əlbəttə, dövlətimizin, biznes strukturlarının və bütövlükdə xalqımızın bu ağır günlərdə tək ürək, tək düşüncə olması qürurvericidir və Mehriban xanım da məhz bu amilləri nəzərə alıb müraciətində “Azərbaycanlı olduğuma görə çox qürurluyam!” deməklə məmnuniyyətini ifadə etməkdə haqlı idi.