Deputat Tamam Cəfərova : “Aparılan mübarizə bəhrəsini verməkdədir”

"Koronavirus pandemiyasına qarşı mübarizədə Prezident
İlham Əliyev tərəfindən xalqımızın maddi rifah halının yaxşılaşdırılması,
sosial müdafiəsinin gücləndirilməsi, xüsusilə də sağlımlığının qorunması əsas
məqsəddir. Biz bunun dövlət başçısının rəhbərliyi, Əmək və Əhalinin Sosial
Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə videobağlantı formatında keçirilən
iclasda bir daha şahidi olduq”.
Bunu"Kaspi” qəzetinə açıqlamasında
Milli Məclisin deputatı Tamam Cəfərova bildirib.
O qeyd edib ki, qlobal pandemiya ilə mübarizədə dövlət
başçımız ilk gündən xalqımızın sağlamlığının qorunmasını üstün tutub: "Bu bəla
dünyanın ən inkişaf etmiş dövlətlərinin belə iqtisadiyyatına mənfi təsirlər
vurmaqdadır. Bütün dövlətlərin iqtisadi göstəriciləri kəskin şəkildə azalmağa
doğru gedir. Buna görə də bir çox dövlətlər karantin rejimini yumşaltmağı, bir
çox iş yerlərinin açılması ilə bağlı qərarlar qəbul etməyə hazırlaşırlar. Lakin
Azərbaycanda cənab Prezidentin rəhbərliyi ilə pandemiya ilə bağlı aparılan
titanik mübarizə ölkəmizin iqtisadiyatını deyil, xalqımızın sağlamlığını ön
plana çəkdi. Və bunun nəticəsidir ki, vaxtında alınmış bütün qərarlar öz müsbət
nəticəsini verməkdədir. Azərbaycan bu gün pandemiyaya ən az yoluxma halı qeyd
edilən dövlətlərdən biridir. Dövlətimizin apardığı bütün tədbirlər bütün
dünyanın diqqətindədir. Bunun nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)
aparılan uğurlu mübarizəyə görə dövlətimizə təşəkkür məktubları ünvanlayıb”.
Millət vəkili sosial müdafiə tədbirlərinin daha da
gücləndiriləcəyini qeyd edib: "Dövlət başçımız sosial müdafiə tədbirlərinin
bundan sonra da çox yüksək səviyyədə davam etdirilməsini qarşıya hədəf kimi
qoydu. Müqavilə əsasında çalışan işçilərin karantin müddəti bitənə qədər işdən
azad edilmələrinə qadağa qoyulması, dövlət sektorunda çalışan və karantin
rejimi ilə əlaqədar evdə qalan insanların əməkhaqqının vaxtlı-vaxtında
verilməsi, pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların
əməkhaqlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən qarşılanması əsas sosial
müdafiə tədbirlərindəndir”.
Deputat T.Cəfərova deyib ki, Prezident İlham Əliyevin qərarı
ilə əhalinin sosial təminatlarının ödənilməsi üçün iki ay müddətində 190 manatlıq
yardım alan şəxslərin sayının 200 mindən 600 min nəfərə qədər artırılması Azərbaycanın
sosial dövlət olduğunu bir daha nümayiş etdirir.
Rufik İSMAYILOV
