Deputat: “Bu qətnamə Fransa siyasəti və parlamentarizmi üçün utancvericidir”
"Fransa Senatı tərəfindən qəbul edilən qətnamə Fransa siyasəti və parlamentarizmi üçün utancverici bir addımdır”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov deyib.
Deputat bildirib ki, Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə beynəlxalq hüquqa zidd olduğundan həm beynəlxalq miqyasda, həm də Fransanın özündə heç bir hüquqi qüvvəsi yoxdur: "Qətnamənin qəbulundan sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Fransa hökuməti tərəfindən bu kimi təxribatçı addımların yolverilməz olmasına dair bəyanatın verilməsini tələb edib. Daha sonra dövlət katibi Con Baptist qətnamənin Fransanın neytral tərəf kimi öz nüfuzunu və etibarlılığını itirəcəyini bildirib. Qeyd edib ki, qətnamənin nə Ermənistana, nə Fransaya faydası var”.
Deputat vurğulayıb ki, qətnamə Fransada seçki qabağı siyasi qüvvələr arasında böhranın bariz göstəricidir: "Çünki bir tərəfdən Fransa Senatı belə bir siyasi qərar qəbul edir, digər tərəfdən Fransa hökuməti bu qətnaməni zərərli və faydasız hesab edir.
Fransa Senatının qətnaməsi Dağlıq Qarabağla bağlı mövcud olan bütün beynəlxalq qətnamələrə, sənədlərə ziddir. Çünki dünyada heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağdakı qeyri-qanuni rejimi tanımır.Bu qətnamə Avropa İttifaqının və Avropa Şurasının mövqeyinə ziddir. Çünki hər iki təşkilat bütün tərəfləri car ilin 10 noyabr tarixində imzalanmış birgə bəyanata qarşı hər hansı fəaliyyətdən çəkinməyi tövsiyə edir. Fransa Senatının bu mövqeyi onların ATƏT-in Minsk Qrupu çərçivəsindəki neytral mandatına ziddir. Ən əsası isə Fransa xalqının marağına, regional enerji maraqlarına ziddir. Beynəlxalq siyasi ictimaiyyət də bu qərardan narahatdır, çünki bu qətnamə başqa donmuş olan münaqişələr üçün mənfi presendent yaradır”.