• cümə, 26 Aprel, 16:23
  • Baku Bakı 23°C

Deputat: "Bu mərhələ tariximizə intibah dövrü kimi yazılacaq"

24.09.21 14:00 267
Deputat: "Bu mərhələ tariximizə intibah dövrü kimi yazılacaq"
Yaxın vaxtlarda Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin ildönümünü təntənə ilə qeyd edəcək. Otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızın azad olunması bizim üçün qürurvericidir.
Azərbaycan xalqı çoxəsrlik tarixinin, eləcə də çağdaş hərb tarixinin ən əzəmətli hadisəsinin ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşır. Xalqımızın şərəf və ləyaqət tarixinin qızıl hərflərlə yazılmış səhifələri olan 44 günlük Vətən müharibəsi və qazanılan möhtəşəm Zəfər gələcək nəsillər üçün də əbədi sevinc mənbəyi olacaqdır. Məhz keçən il 30 ilə yaxın müddətdə işğal altında olan Vətənimizin ayrılmaz parçası Qarabağ torpaqları Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrikliyi və qətiyyəti, Silahlı Qüvvələrimizin qəhrəmanlığı ilə azad edilərək, dövrümüzün hünər, rəşadət, igidlik və şücaət salnaməsinə çevrildi. Dövlətimizin başçısının komandanlığı ilə "Dəmir yumruq” əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, sarsılmaz siyasi iradəsi və barışmaz mövqeyi sayəsində dünya Azərbaycan xalqının birliyinin, həmrəyliyinin, dövlətimizin gücünün və Ordumuzun məğlubedilməzliyinin bir daha şahidi oldu.
AZƏRTACxəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin beynəlxalq aləmdə informasiya və diplomatiya savaşındakı misilsiz uğurları 44 günlük Vətən müharibəsində şəksiz Qələbənin qazanılmasında həlledici rol oynadı. Bu zəfər həm də son iki yüz il ərzində Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik mövqeyində və ərazi iddiasında olan təcavüzkar Ermənistan, həmçinin onun havadarları üzərində tarixi bir Zəfər idi. Onun sözlərinə görə, Azərbaycan xalqının qürur mənbəyi olan bu Qələbənin möhtəşəmliyi və doğurduğu sevinc sözlə ifadə edilə bilmədiyi kimi, onun siyasi, hüquqi, tarixi, iqtisadi, etnomədəni və geosiyasi əhəmiyyəti də ölçüyə gələ bilməyəcək dərəcədə misilsizdir. Bölgədə yeni reallıqlar yaradan, regionun həqiqi mənada lideri, dayanıqlı sülhün və inkişafın qarantı olan Azərbaycanın haqq və ədalət uğrunda apardığı Vətən müharibəsi, onun taktika və strategiyası, istifadə edilən müasir hərbi texnologiyaları bu gün bir sıra inkişaf etmiş ölkələrdə və beynəlxalq təşkilatlarda tanınmış hərbi ekspertlər tərəfindən müasir hərb elminin yeni səhifəsi adlandırılır, hərbi məktəblərdə bu təcrübənin öyrənilməsini təqdir və tövsiyə edirlər.
"Təcavüzkar qonşumuzdan fərqli olaraq, Azərbaycan Ordusunun 44 gün ərzində nümayiş etdirdiyi hərb mədəniyyəti, beynəlxalq və humanitar qanun və normalara riayət etməsi dünya hərb tarixinə örnək səhifələr kimi yazıldı. Bu müharibə həm də sübut etdi ki, Vətən torpağını namus bilən Azərbaycan xalqı şəhidliyi şərəf, savaş meydanında döyüşməyi toy-bayram hesab edir. Ötən illər ərzində Azərbaycan xalqının əvəzolunmaz və yenilməz Lideri diplomatiya və informasiya savaşında saxtalaşdırılmış erməni tarixinin mifologiya üzərində qurulduğunu beynəlxalq tribunalardan dəfələrlə bəyan etmişdi. Sözsüz ki, Prezident İlham Əliyev erməni təcavüzünün bütün beynəlxalq hüquq və normaları pozmasını, eləcə də təcavüzkarı dəstəkləyən bəzi beynəlxalq təşkilatların, dövlətlərin haqsızlığını və riyakarlığını da açıq-aşkar sübut edirdi. Bu mənada 2020-ci il sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin haqq və ədalət uğrunda "İrəli” əmri ilə başlayan əks-hücum əməliyyatı zamanı hansı qüvvələrlə müharibə və mübarizə aparılmasının tam mənzərəsi aydın olur. Bütün bunları düşündükcə, eləcə də Vətən müharibəsi zamanı baş verənləri təhlil etdikcə, dünya erməniliyi ilə mübarizə aparan Azərbaycan xalqının əvəzolunmaz Liderinin, rəşadətli Ordumuzun, hər qarış Vətən torpağı uğrunda canından, həyatında keçmiş şəhid və qazilərimizin misli görünməmiş qətiyyətini və fədakarlığını bir daha dərk edir və bununla qürur duyursan”, - deyə deputat qeyd edib.
M.İbrahimqızı bildirib ki, bu gün qalibiyyətlə bitirdiyimiz İkinci Qarabağ müharibəsindən təxminən bir il vaxt keçməsinə baxmayaraq, əfsanəvi qəhrəmanlıq dastanına çevrilmiş Zəfərimiz və onun əzəməti haqqında beynəlxalq aləmdə hələ də danışılır və müzakirələr aparılır. İllər, əsrlər keçəcək, xalqımıza başucalığı gətirmiş bu mübarək Zəfərimizin tükənməyən sevinci gələcək nəsillər üçün də qürur mənbəyi olacaqdır. Bu Zəfəri şanlı tariximizə qanları ilə yazan şəhid və qazilərimiz daim minnətdarlıqla xatırlanaraq, xalqımızın qəlbində əbədi yaşayacaqlar.
"Müzəffər Ali Baş Komandan Vətən müharibəsində Suqovuşanın azad edilməsi xəbərini müjdələyəndən dərhal sonra artıq bütün müvafiq icra qurumlarına işğaldan azad olunacaq rayon, qəsəbə və kəndlərin bərpa, quruculuq və sosial-iqtisadi inkişaf planının hazırlanması tapşırığını vermişdi. Təsəvvür edin, dünya bir tərəfdən maliyyə böhranı, digər tərəfdən pandemiya ilə mübarizə apararkən, biz həm də erməni faşizmi ilə mübarizə aparırdıq. Eyni zamanda, müharibədən sonrakı quruculuq və bərpa işləri, müharibənin vurduğu yaraların sarılması, şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sosial problemlərinin ən qısa vaxtda həll edilməsi, qaçqın və məcburi köçkünlərin yurd yuvalarına qayıtması, daha doğrusu, Böyük Qayıdışın təmin edilməsi, Ordumuzun gücləndirilməsi, işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi, qazandığımız Zəfərin beynəlxalq aləmdə təbliği, uzun müddət dünya ictimaiyyətinə erməni faşizmi tərəfindən uydurulmuş və sırınmış Qarabağ yalanlarını ifşa etmək və münaqişənin həll olunduğunun beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməsi kimi hədsiz vacib prioritetlər postmüharibə dövrünün çağırışlarıdır”, - deyə M.İbrahimqızı əlavə edib.
banner

Oxşar Xəbərlər