• şənbə, 16 Noyabr, 07:59
  • Baku Bakı 12°C

Deputat: Azərbaycan dünyada öz sözü olan ölkə kimi qəbul edilir

21.07.21 17:00 402
Deputat: Azərbaycan dünyada öz sözü olan ölkə kimi qəbul edilir
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iyulun 18-də ölkəmizə səfəri bu qurumla Azərbaycan arasında əlaqələrin inkişafında yeni səhifə hesab edilə bilər. Azərbaycan Prezidenti İlham Əliyevlə Şarl Mişelin iki saat davam edən təkbətək görüşü, aparılan danışıqların Azərbaycan-Avropa İttifaqı münasibətlərinin geniş spektrini əhatə etməsi, siyasi əlaqələrdən məmnunluq ifadə olunması, ticarət, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi və nəqliyyat sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi, Cənubi Qafqazda əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsinin aparılması belə deməyə əsas verir.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.
Şarl Mişelin Azərbaycana səfəri çərçivəsində ölkəmizin inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri ilə tanış olduğunu deyən C.Osmanov deyib: "Avropa İttifaqı Şurasının Prezidenti "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətini izləyib, İpək yolu və Ələt Azad İqtisadi Zonası ilə bağlı təqdimatda iştirak edib. Şarl Mişelin nitqindən Azərbaycanın inkişaf edən güclü dövlət olduğunu və 44 günlük hərbi əməliyyatlar nəticəsində regionda yeni reallıqlar yaratdığını qəbul etdiyini açıq-aydın hiss etmək mümkün olurdu. Belə ki, Şarl Mişelin nitqində "Dağlıq Qarabağ”, "status” və bu kimi digər ifadələr işlətməməsi Avropa İttifaqının rəsmi mövqeyini ifadə edir. Baxmayaraq ki, erməni lobbisinin və Avropadakı ermənipərəst dairələrin Avropa İttifaqı da daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlara güclü təzyiq göstərdiyini çox yaxşı bilirik. Əslində, Avropa İttifaqı Ermənistana yuxarıdan aşağı baxır, bu ölkə ilə münasibətlər erməni lobbisinin təzyiq və təsirləri müqabilində qurulur”.
Deputatın sözlərinə görə, Avropa İttifaqının Azərbaycanla münasibətləri tamamilə başqa istiqamətdə, qarşılıqlı tərəfdaşlıq müstəvisində qurulur. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlardan biridir və quruma daxil olan 9 üzv ölkə ilə yüksək səviyyədə əlaqələr mövcuddur ki, bu da Avropa İttifaqına üzv dövlətlərin üçdəbirini təşkil edir. Bundan əlavə, Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyini təmin edir və buna görə də Azərbaycan Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Bir sözlə, Azərbaycan Avropa İttifaqı ilə əsas strateji tərəfdaş ölkədir və Azərbaycan nəinki Avropada, bütün dünyada öz sözü olan ölkə kimi qəbul edilir.
"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə Azərbaycan Prezidenti İlham Əliyevin birgə mətbuat konfransında da bir çox mühüm məqamlara aydınlıq gətirildi. Prezident İlham Əliyev mətbuat konfransında Azərbaycan həqiqətlərini bütün dünyanın diqqətinə bir daha çatdıraraq dövlətimizin haqlı mövqeyini qətiyyətlə bəyan etdi. Münaqişənin bitdiyi və artıq səhifəni çevirməyin, sülh barədə düşünməyin vaxtının çatmasının Prezident İlham Əliyev tərəfindən qeyd edilməsi bir daha göstərir ki, Azərbaycan hər zaman sülhə hazırdır. Azərbaycanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılmasında maraqlı olması da məhz deyilənlərin əyani sübutudur”, - deyə C.Osmanov bildirib.
Deputat vurğulayıb ki, kommunikasiyaların açılması bütövlükdə regionun inkişafına müsbət təsir edəcək, Ermənistanın da xilası bundan asılıdır. Çünki Ermənistanın uzun illər işğalçılıq mövqeyi tutması bu ölkəni regionda reallaşdırılan layihələrdən təcrid edib və dalana çevirib. Lakin Ermənistan hələ də işğalçılıq ritorikasından əl çəkmək istəmir, baxmayaraq ki, bu ölkənin heç bir halda proseslərə mane olmaq potensialı qalmayıb. Ermənistanın yeganə çıxış yolu işğalçılıq mövqeyindən çəkilmək, Azərbaycanla sülh sazişi imzalamaqdır. Avropa İttifaqı imkanlarından istifadə etməklə Ermənistanı sülh danışıqlarına sövq, hətta məcbur etməlidir ki, bu ölkə regionda təhlükəsizliyə təhdid rolunda çıxış edə bilməsin. Regionda təhlükəsizliyin təmin edilməsi Avropa İttifaqının da maraqlarına uyğundur. O istəyir ki, Cənubi Qafqazda əsas tərəfdaşı olan Azərbaycan məcbur qalaraq münaqişəyə cəlb edilməsin, gələcək münasibətlərin inkişafı üçün maneələr yaranmasın. "Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşir və Zəngəzur dəhlizinin açılması beynəlxalq daşımalar sahəsində xüsusi rola oynaya, eyni zamanda, regionda sülhün, təhlükəsizliyin möhkəmlənməsinə müsbət təsir göstərər bilər. Zəngəzur dəhlizinin açılmasının Ermənistan üçün də sərfəli olmasına baxmayaraq, bu ölkədə hər cəhdlə layihəni yubatmağa çalışırlar. Baxmayaraq ki, Ermənistanın Zəngəzur dəhlizinin açılmasını yubatmaq cəhdləri uğursuzdur və heç bir nəticə verməyəcək. Ermənistan 30 ilə yaxın bir dönəmdə Azərbaycan torpaqlarını işğal altında saxlayıb, həmin dövrdə torpaqlarımızda hər cür vandallıqlar törədib. Hətta Ermənistan Azərbaycanın meşə massivlərini qəsdən məhv edib, göl və çaylarını bilərəkdən çirkləndirib, işğal edilmiş ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olub, həmçinin bu işlərə xarici şirkətləri də cəlb etməyə çalışıb”, - deyə deputat əlavə edib.
Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bu gün də davam etdirdiyini təəssüflə vurğulayan deputat qeyd edib ki, Avropa İttifaqı, eləcə də digər beynəlxalq təşkilatlar bu və digər məsələlərə görə Ermənistana mütləq təsir göstərməli, bu ölkəni işğalçılıq, terrorçuluq mövqeyindən çəkilməyə məcbur etməlidirlər. Ermənistanın bu mövqeyi təkcə Azərbaycan üçün deyil, region, eyni zamanda, bütün dünya üçün təhlükədir. Hər halda, Ermənistan 44 günlük hərbi əməliyyatlar zamanı hiss etdiyi "dəmir yumruğ”un təsirini və gücünü unutmamalıdır.
banner

Oxşar Xəbərlər