Cümhuriyyət ordusunun haqqında şərqilər qoşulan generalı
Teymur bəy Novruzovun ordu quruculuğunda müstəsna
xidmətləri olub
İyunun 26-da Azərbaycan Milli
Ordusunun yaradılmasının 103 ili tamam olur. Bu münasibətlə milli ordu
quruculuğu tariximizə nəzər salaraq, bu yolda böyük zəhməti və xidmətləri olmuş
şəxsləri və hərbçiləri böyük hörmət və ehtiramla yad edərək arxiv sənədləri və
materialları əsasında hazırladığım bu məqaləni hörmətli oxucularımızın diqqətinə
çatdırıram.
1917-ci ilin sonlarında Almaniya ilə Rusiya arasında
hərbi əməliyyatların dayandırılması haqqında saziş imzalandıqdan sonra Qafqaz
cəbhəsində - Ərzincanda Zaqafqaziya Komissarlığı ilə Türkiyə arasında 14
maddədən ibarət barışıq sazişi imzalandı. Ərzincan barışığının şərtlərinə
əsasən, Qafqaz cəbhəsindəki rus qoşunları geri çəkilməyə başladı. Geri çəkilən
orduda bolşevik təbliğatının güclənməsinin təhlükə yaradacağından ehtiyatlanan Zaqafqaziya
Komissarlığı 1917-ci il dekabrın 19-da Qafqazdakı rus ordusunun buraxılması
haqqında əmr verib. Həmin əmrə əsasən, Qafqazdakı hərbi hissələr yalnız milli
korpuslar halında saxlanıla bilərdi. Beləliklə, Rus Qafqaz Ordusu ləğv
edildikdən sonra ayrı-ayrılıqda gürcü, erməni, Azərbaycan və rus milli
korpuslarının yaradılmasına qərar verildi. Milli korpusların təcili surətdə
yaradılması Qafqaz cəbhəsindən geri çəkilən rus əsgərlərinin yerli əhaliyə
qarşı törətdikləri terror və soyğunçuluqların qarşısının alınmasına
hesablanmışdı.
Gürcü və erməni milli korpuslarının yaradılması
Azərbaycan milli korpusunun yaradılması işi ilə müqayisədə daha asan yerinə yetirilirdi.
Çünki hələ xeyli əvvəl müxtəlif bəhanələrlə gürcü və ermənilərə öz hərbi
hissələrinin yaradılmasına icazə verilmişdi. Bundan əlavə, çarizmin yeritdiyi
mürtəce və milli ayrı-seçkilik siyasətinin nəticəsi olaraq gürcü və ermənilər müsəlman
azərbaycanlılardan fərqli olaraq əsgərlikdən azad edilməmiş və onlar nizami rus
ordu sıralarında xidmətə çağırılaraq hərbi təlim almışdılar. Onların hərbi
xidmət görmüş zabitlərdən ibarət nizami hərbi hissələri var idi. Məsələn, Bakı
Sovetinin hərbi qüvvələrinin əsasını erməni hərbi hissələri təşkil edirdi.
Beləliklə, gürcü və ermənilər hər növ silahlara malik hərbi hissələrə
yiyələndiyi halda, Azərbaycan milli korpusunun yaradılması prosesi yenicə
başlayırdı və olduqca ağır şəraitdə aparılırdı.
T.Novruzov rus
ordusunda göstərdiyi igidliklərə görə ayrı-ayrı vaxtlarda
müxtəlif ordenlərlə, o cümlədən 1909-cu ildə 3-cü dərəcəli "Müqəddəs Stanislav”,
1913-cü ildə 3-cü dərəcəli "Müqəddəs Anna”, 2 noyabr 1914-cü ildə 3-cü dərəcəli
"Müqəddəs Anna”, 24 noyabr 1914-cü ildə 4-cü dərəcəli "Müqəddəs Vladimir”
ordenləri, " Georgi xaçı”, onların lentləri və qılıncla təltif edilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra
Teymur bəy respublikamızın ərazi bütövlüyünün qorunub saxlanılmasında yaxından
iştirak edib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 2 avqust 1919-cu il tarixli
qərarı ilə I süvari Tatar polkunun komandiri polkovnik T.Novruzova xidmətdə fərqləndiyinə
görə general-mayor rütbəsi verilib. Bir qədər sonra isə Azərbaycan Ordusunda
Süvari Diviziyanın komandiri təyin edilib. Hərbi
Nazirliyin 09 noyabr 1919-cu il tarixli əmrinə uyğun olaraq T.Novruzovun
rəhbərlik etdiyi Atlı Diviziya Gəncədə yerləşdirilmişdi. Atlı Diviziyanın
rəisinin köməkçisi general-mayor David bəy Yadigarov isə Xankəndində məskunlaşmışdı.
Zəngəzurda
ermənilərin bütün cəbhə boyu hücuma hazırlaşması haqqında Qarabağın qubernatoru
və dəstə rəisi general T.Novruzovun 23 mart 1920-ci il tarixdə Şuşadan Nəsib
bəy Yusifbəyova teleqram göndərmişdilər. Həmin teleqramda Zəngəzur rəisindən
qəbul edilmiş teleqramın aşağıdakı mahiyyəti olduğu kimi çatdırılırdı: "Bütün
cəbhə boyu ermənilər kəşfiyyat aparırlar. Dürüst məlumatlara görə, bütün cəbhə
boyu hücuma hazırlaşırlar. Onların əsas məqsədləri Qarabağla birləşməkdir.
Azərbaycan Ordusunda süvari hissələrinin yaradılması,
komplektləşdirilməsi və döyüş hazırlığının yüksəldilməsi sahəsində də
T.Novruzovun böyük xidmətləri olub. O, süvari diviziyasının komandiri kimi süvari
polkların formalaşmasında fəal iştirak edib. Azərbaycan ordusuna verilmiş bütün
döyüş tapşırıqlarının yerinə yetirilməsində süvari diviziyasının hissə və bölmələri
yaxından iştirak edib, Azərbaycanın müstəqilliyi uğrunda inamla vuruşub. Süvari
diviziyanın 1920-ci ilin martında Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara
və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak etmişdi. T.Novruzov
Azərbaycan Xalq Cümhuriyyəti ordusunun, hələ sağlığında haqqında şərqilər
qoşulmuş azsaylı hərbçilərindəndir. O, sovet işğalçılarına qarşı Gəncə üsyanının
(1920) da təşkilatçılarından və fəal iştirakçılarından biri olub. 11-ci Qırmızı
ordu çox böyük qüvvə üstünlüyü hesabına bu üsyanı yatırandan sonra T.Novruzov mühacirət
etmək məcburiyyətində qalıb. O, Gürcüstandan keçərək Almaniyaya, oradan da Fransaya
mühacirət edib.
General-mayor T.Novruzov 1961-ci il yanvarın 23-də
Fransanın Nitsa şəhərindən 30
km aralıda yerləşən Mentonda vəfat edib və şəhərin Kokad
qəbiristanlığında dəfn edilib.
Rafiq Səfərov
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin
Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi