AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“COVID-19-a qarşı vaksinasiya bizim sağlam gələcəyimizin yeganə təminatıdır”

“COVID-19-a qarşı vaksinasiya bizim sağlam gələcəyimizin yeganə təminatıdır”

Cəmiyyət
21 İyun 2021, 21:30 200
"Ölkə Prezidenti İlham Əliyevin COVID-19 infeksiyasının Azərbaycanda yayılmağa başladığı ilk günlərdən xalqımıza bir çağırış kimi səsləndirdiyi "Biz birlikdə güclüyük!” şüarı çox keçmədən milli birlik ideologiyasının bir ifadəsi kimi, ictimai həyatımızın bütün sahələrində öz təzahürlərini tapdı. Pandemiya ilə mübarizədə əldə etdiyimiz nailiyyətlər də, Vətən müharibəsində qazandığımız parlaq tarixi Qələbə də məhz bu şüarın altında formalaşmış yüksək səviyyədə həmrəyliyimizin nəticəsi oldu. Bu gün də biz hamılıqla, eyni birlik və həmrəyliyi nümayiş etdirməklə COVID-19-a qarşı mübarizəmizin növbəti, bəlkə də ən mühüm mərhələsini – kütləvi vaksinasiyanı başa vurmalıyıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.
Deputat COVID-19-a qarşı peyvənd olunmağın əhəmiyyətini vurğulayaraq bunları deyib: "Bəşəriyyət mövcud olduğu bütün dövrlərdə, müxtəlif tarixi zaman kəsiklərində ağır infeksion xəstəliklərin epidemiyaları ilə üz-üzə qalıb. Hələ qədim zamanlardan yoluxucu xəstəliklər bir çox dövlətlərin ərazilərində minlərlə insanın həyatına son qoyub. Tarixdə belə faktlar arzuolunmaz dərəcədə çoxdur. Məsələn, 1346-1352-ci illərdə Avropa əhalisinin 25-30 faizi vəba xəstəliyindən ölüb. 1576-77-ci illərdə Meksikada 2 milyondan çox hindu səpmə yatalaqdan ölüb. 1916-1920-ci illərdə ispan qripi 2 milyard dünya əhalisinin 30 faizinə yoluxmuş və 20 ilə 50 milyon insanın ölümünə səbəb olmuşdu. Belə misallardan çox göstərmək olar. Lakin bütün bu baş verənlərdə bir ümumi vacib olan məqam var ki, bu da bəşəriyyətin bu cür bəlalardan məhz vaksinasiya yolu ilə xilas ola bilməsidir. Son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərinin və ölüm hallarının azalmasına kömək olub. 1960-cı illərdə qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon insan ölürdü. ÜST-in məlumatına görə 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80 faiz azalıb. Vaksinasiyaya laqeyd münasibət hətta müasir dövrümüzdə də acı nəticələrə səbəb olur. Belə ki, 1990-2017-ci illərdə vərəm, hepatit B, difteriya və s. kimi vaksinlə qarşısı alına biləcək xəstəliklərdən minlərlə insan həyatını itirib. Halbuki bu, baş verməyə də bilərdi. Necə ki, cəmi bir neçə on il bundan əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu. Bu gün isə məhz kütləvi peyvəndlər sayəsində poliomielit tamamilə yox olub.”
Aqiyə Naxçıvanlı bildirib ki, hazırda bəşəriyyət indiyədək üz-üzə gəldiyi ən qorxunc xəstəliklərdən biri ilə mübarizə aparmaqdadır. Onun sözlərinə görə bu halda da yalnız kütləvi vaksinasiya pandemiyanın kökünü kəsə bilər: "Artıq iki ildir ki, bəşəriyyət indiyədək qarşılaşdığı ən qorxunc xəstəliklərdən biri ilə üz-üzədir. Lakin insan zəkası sonda bu xəstəliyə də qalib gələcək. Hazırda COVID-19-a qarşı peyvənd preparatları nəhayət ki, hazırlanmışdır və artıq bütün dünyada kütləvi vaksinasiyaya başlanılıb. Birmənalı olaraq qəbul olunmalıdır ki, vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən effektiv üsuldur. Bu, dünyanın bütün aparıcı səhiyyə müəssisləri tərəfindən təsdiq olunmuş faktdır. Əks halda isə, insanı 1 və ya 2 həftə xəstə edən COVID-19 virusu qohumlar, uşaqlar və ya iş yoldaşları üçün ölümcül ola bilər. Dünyada hər il yüzlərlə insan məhz peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir. Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Əlbəttə ki, maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi tədbirlər də insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Yalnız peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir”.
Daha sonra Aqiyə Naxçıvanlı Azərbaycan dövləti tərəfindən əhalinin sağlamlığının qorunması üçün hər zaman bütün zəruri tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, hələ bu gün də bir çox ölkələr COVID-19-a qarşı peyvənd əldə etməkdə çətinlik çəkdikləri halda Azərbaycan bu problemi də Prezident İlham Əliyevin səyləri hesabına yüksək səviyyədə həll etmişdir: "Hamımız bilirik ki, Pandemiya təhlükəsi başlayan ilk gündən Azərbaycan dövləti öz vətəndaşlarının sağlamlığını qorumaq üçün bütün zəruri və vacib addımları vaxtında atıb. Ölkə Prezidenti İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi. Dövlət başçısı 2020-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda söyləmişdir: "Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir”. Bu aydın hədəflər nəticəsində Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olundu. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verdi. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir. Bütün bunlar deməyə əsas verir ki, bu gün bizim sağlam və firavan gələcəyimiz öz əlimizdədir. Bu gələcəyə sahib olmaq üçün bizim ən doğru yolumuz kütləvi şəkildə peyvənd olunmaqdır. Gəlin unutmayaq ki, "Biz birlikdə güclüyük!” və yalnız bu birlik bizi bütün bəlalardan xilas edəcək və yeni uğurlara doğru aparacaq”.