• cümə axşamı, 28 mart, 22:54
  • Baku Bakı 13°C

Cəmiyyətin ehtiyac duyduğu peşə adamları

02.07.21 18:00 1094
Cəmiyyətin ehtiyac duyduğu peşə adamları
Nadir İsrafilov: "Peşə təhsili regionların tələbatına, tələb-təklif prinsipinə müvafiq olaraq inkişaf etdirilməlidir”

"Son illər ölkədə peşə təhsilinə marağın artdığının şahidi oluruq. Belə ki, son ildə peşə təhsilinə 30 % məzun gəlmək istəyib. Vacib məsələ, peşə məktəbini bitirən şəxsin sonradan iş yeri tapmasıdır”. Təhsil naziri Emin Əmrullayevin bu fikirləri, təkcə çağdaş təhsildə peşə məktəblərinin əhəmiyyətini gündəmə gətirməyib, həmçinin bu sferada olan problemləri də üzə çıxarıb.
Peşə hazırlığının Azərbaycanda geniş vüsət almalı olduğunu və buna böyük ehtiyac yarandığını qeyd edən ölkə başçısı İlham Əliyev də "Peşə məktəblərinin yaradılması prosesi gedir, daha da sürətlə getməlidir. Bu proses iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşmalıdır. Biz iqtisadi inkişafımızı planlaşdırırıq. Bizim regional inkişaf proqramlarımız dərc olunur. Yəni biz öz beşillik fəaliyyət planımızı tərtib edirik və eyni zamanda, sənaye, kənd təsərrüfatı və digər sahələrlə bağlı proqramlar bizə yol göstərir. Ona görə peşə hazırlığı buna uyğun şəkildə aparılmalıdır”- deyə qeyd edib.

Təbii ki, Azərbaycanda peşə təhsilinin səviyyəsi, peşə məktəblərinin maddi-texniki bazası, eləcə də əmək bazarında tələb olunan peşələr üzrə kadr hazırlığı cəmiyyəti maraqlandıran əsas məsələlərdəndir. Ölkədə peşə təhsilinin inkişafı istiqamətində aparılan islahatlar müasir dünyanın peşə təhsilinə tam adekvat olmasa belə bu sahəyə tələbə axını sovet dövründə də vardı, bu gün də var.

Müasir dünya isə əmək bazarı üçün peşə təhsilini daha önəmli edib. Belə ki, əmək bazarına uyğun peşələr yaranır, ehtiyac duyulmayan peşələr tədricən sıradan çıxır.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov "Kaspi”yə müsahibəsində peşə təhsilinin inkişaf etdirilməsini ölkə iqtisadiyyatın inkişafında mühüm amil kimi dəyərləndirib.

- Təhsil naziri bu günlərdə bölgələrdə peşə məktəblərinin sayının artırılacağını qeyd edib. Bu tədris müəssisələrinə yaranan zərurət nə üçün gün-gündən artır?
- Təhsil qanunvericiliyimizə əsasən, peşə təhsili ölkəmizdə fasiləsiz təhsil sisteminin pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir. Həmçinin təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini, onların ixtisaslarının daim artırılmasını, zəruri əmək bacarıqlarına yiyələnmələrini təmin edir. "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı”nın (2007-2012-ci illər)” qəbulundan kifayət qədər vaxt ötüb və Prezidentin müvafiq Sərəncamında ölkəmizdə dinamik inkişaf edən iqtisadiyyatın peşə ixtisas kadrlarına tələbatının daha dolğun ödənilməsi, əhaliyə göstərilən texniki peşə xidmətlərinin günün tələbləri səviyyəsində qurulmasının təmin edilməsi məqsədilə mühüm vəzifələr müəyyənləşdirilib.
- Ölkədə peşə təhsilinin inkişafı istiqamətində aparılan islahatlar qənaətbəxşdirmi?
- Dövlət başçısı Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşü zamanı peşə təhsili ilə bağlı bir çox həlli vacib məsələlərə toxunub. Prezident qeyd edib ki, peşə təhsilinin inkişafı gələcək illər üçün prioritet olacaq və yeni peşə məktəblərinin tikilməsi üçün dövlət büdcəsindən vəsait ayrılacaq. Bildiyimiz kimi, hazırda bu məsələ diqqət mərkəzində saxlanılır. Təhsil Nazirliyində orta ixtisas və ilk peşə təhsili müəssisələrinin rasionallaşdırılması ilə bağlı təkliflər hazırlanıb. Təhsil müəssisələrinin rasionallaşdırılması ilə bağlı məsələ "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda da qarşıya qoyulub. Bununla yanaşı, regionların inkişafının təmin edilməsi üçün həmin müəssisələrin profilləşdirilməsi də nəzərdə tutulub. Profilləşdirmə zamanı, ilk növbədə regionların inkişafı, hansı ixtisaslara daha çox ehtiyacın olması əsas meyar kimi götürüləcək. Hətta vəziyyətdən çıxış yolu kimi Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri və bu ölkənin İxrac-İdxal Bankının icraçı direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı Peşə Tədris Mərkəzinin yaradılması məqsədilə hökumətlərarası razılaşma da əldə edilib. Kredit sazişi əsasında həyata keçirilən layihənin əsas hədəfləri ən yüksək müasir standartlara cavab verən peşə tədris sisteminin, gənclər üçün yüksək səviyyəli peşəkar hazırlığın və iş imkanlarının yaradılması, ölkənin əmək bazarının xarici işçi qüvvəsindən asılılığının azaldılması və müasir peşə təhsili sisteminin yaradılmasına təkan verilməsini təmin etməkdən ibarətdir. Bu baxımdan, istənilən vəziyyətdə və istənilən formada peşə təhsili nəinki zəifləməli, əksinə, regionların tələbatına, tələb-təklif prinsipinə müvafiq olaraq daha da inkişaf etdirilməlidir. Buna iqtisadiyyatımızın böyük ehtiyacı var. Söhbət təkcə peşə məktəblərindən getmir. Elə istər orta məktəblər olsun, istərsə ali məktəblər, peşə-ixtisas məsələsi öndə olmalıdır. Almaniya və Yaponiya kimi ölkələr məhz peşə-ixtisas səviyyəsi üzrə yüksək inkişafa nail olublar. Bu gün Almaniyada peşə məktəblərinin sayı ali təhsil müəssisələrinin sayından çoxdur. Peşə təhsili diqqət və dövlət qayğısı tələb edir, bu sahənin inkişafı getdikcə daha çox aktuallaşır və günün tələbinə çevrilir. Məsələyə dövlət başçısı səviyyəsində önəm verilməsi isə bu vacib sahənin gələcək perspektivlərinə ümid bəsləməyə inam və əminlik yaradır.
- Peşə təhsili təhsilalanlara hansı imkanları yaradır?
- "Peşə təhsili haqqında” qanuna əsasən ümumtəhsil müəssisələrində təhsil alan şəxslərə ilk peşə təhsili almaq, peşə liseyinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili almaq hüququ verir. Eləcə də, peşə təhsil mərkəzinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil və orta peşə təhsili, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili və ya orta peşə təhsili almaq hüququ verilir. Habelə, peşə təhsil müəssisələrində ixtisasartırma və yenidən hazırlanma kurslarında ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin sifarişləri əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasının artırılması və yenidən hazırlanması üzrə kurslarda təhsil ala bilmək imkanı yaradılır. İlk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması peşə təhsilinin ölkə üçün prioritet sahə olmasının bariz nümunəsidir.
- Müasir dövrdə peşə məktəblərimizdə verilən təhsil əmək bazarının tələb etdiyi ixtisaslara uyğundurmu?
-Hal-hazırda ölkəmizin ərazisində - şəhər və rayonlarda fəaliyyət göstərən müxtəlif peşə məktəblərində kargüzar, xalça və xalça məmulatının bərpaçısı, interyer və eksteryerin bədii tərtibatçısı, bədii tikmə ustası, zərgər, xalçaçı, ağac üzərində naxış rəssamı, reklam işçisi kimi yeni ixtisaslar yaradılıb. Şəhər və rayonlarda fəaliyyət göstərən müxtəlif peşə məktəblərində yaradılan yeni ixtisaslar dövrün tələblərinə uyğun sahələri əhatə edir. Əlbəttə, bu istiqamətdə görülən işlər öz bəhrəsini verməkdədir. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən "Məzun günü”ndə təhsil naziri Emin Əmrullayev son illərdə ölkəmizdə insan kapitalının inkişaf etdirilməsi, məşğulluğun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması baxımından ixtisaslı işçi qüvvəsinin hazırlanması istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. Peşə təhsilinin xüsusi əhəmiyyətini vurğulayan nazir, işəgötürənlərin əsas tərəf kimi peşə təhsili sisteminə cəlb edilməsi, onların tələblərinə uyğun kadr hazırlığının aparılması və nəticə etibarı ilə peşə təhsilinə marağın artmasını, hazırda 50-yə yaxın yerli və xarici şirkətlərlə müxtəlif layihələr və məşğulluq istiqamətində işlərin aparıldığını qeyd edib. Nazir bir çox bölgələrdə peşə təhsili ilə bağlı işlər görüldüyünü, Bərdə və Cəlilabad rayonlarında peşə təhsili mərkəzləri tikildiyini, Lənkəran və Bakıda peşə təhsili mərkəzlərinin təməlinin qoyulduğunu, Mingəçevirdə isə layihələndirmə işlərinə başlandığını diqqətə çatdırıb. Bizim peşə adamlarına böyük ehtiyacımız var. Hesab edirəm ki, peşə təhsilinin inkişafı ilə bağlı atılan addımlar müsbət nəticəsini verəcək. Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi isə iki qardaş ölkə arasında digər sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığın inkişaf etdirilməsində yeni mərhələ olmaqla yanaşı, peşə təhsilinin inkişafı və təkmilləşdirilməsi sahəsində də yeni səhifə açacaq.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər