Bu şeirə mahnı niyə bəstələmirsən, ay bəstəkar? - SORĞU

Sərbəst şeirin
vizual olaraq simmetrik olmamasını görənlər elə bilirlər ki, onun daxilində də
heç bir simmetriya yoxdur. Bu vizual aldanış musiqiyə münasibətə də təsirsiz
ötüşmür.
Bildiyimiz kimi bəstəkarların əksəri, adətən, heca
şeirlərinə mahnılar bəstələyirlər. Hətta bəzən sərbəst şeir yazan şairlərə
mahnı sözləri sifariş veriləndə "heca vəznində yaz” xahişini də edirlər. Çünki
heca şeirlərinə mahnı bəstələmək, onu tamaşaçılara sevdirmək bəstəkar üçün daha
asandır.
Eyni zamanda iki-üç qafiyə bilən adamlar da heca
şeirinə üz tutub şairlik həvəsinə düşürlər, sonra da o istedadsız nümunələrə
mahnı qoşub oxuyurlar. Ona görə də, günü-gündən ölkəmizdə dırnaqarası "şair-bəstəkar”ların
sıraları genişlənir. Belə olan halda həm musiqimiz, həm də ədəbiyyatımız həqiqi
sənət meyarlarını itirir, eləcə də, tamaşaçılar gözəl musiqi əsərlərindən məhrum
olurlar. Nəticədə zərbə möhtəşəm mədəniyyətimizə dəyir. Cahil cəsarəti ilə "söz
yazıb mahnı bəstələməyi” peşəkar söz ustalarına müraciətdən üstün tutan müğənnilər
ordusu yetişir.
Məsələ ilə bağlı sualımız bundan ibarət idi: "Nə
üçün bəstəkarlarımız mahnı bəstələyərkən daha çox heca vəznində şeirlərə meyil
edirlər, onlara musiqilər yazırlar, amma sərbəst şeirlərə o qədər də maraq göstərmirlər?”
Şeir növlərinin
hökmranlığı
Tanınmış bəstəkar, şair Xanım İsmayılqızı bu məsələni
sərbəst və heca şeirinin "hökmranlıq gücü” ilə izah etdi: "Sərbəst şeirlər bəstəkarı
özünə tabe edir. Bölgü, ritm, ölçü fərqi mahnının formasını poza bilir. Heca vəznində
yazılanlar isə musiqiyə tabe olur, melodiyaya rahat qovuşur. Hecada yazılan
şeirlərin özü, bəzən musiqisini gətirir. Onların ritmi dəqiqdir.
Yaradıcılıq azadlığı sevir. Yəqin bəstəkarlar sərbəst
şeirə musiqi yazanda çərçivəyə düşür. Məncə, problemin əsas səbəbi budur. Amma
elə mahnılar var ki, əvvəl musiqisi yazılır, sonra şeir. Az da olsa sərbəst
şeirlərə də nəğmələr yazılır. Bu, həm də sənətkarın təbinin gəlişindən də asılı
məsələdir”.
Var, amma...
Gənc bəstəkar Türkər Qasımzadə isə mövcud vəziyyəti
belə şərh etdi: "Bəstəkarların sərbəst
vəzndə yazılmış şeir mətnlərinə müraciəti əvvəllər də olub, indi də var. Bunu
Qara Qarayev, Arif Məlikov, Xəyyam Mirzəzadə, Fərəc Qarayev, Cavanşir Quliyev,
Firəngiz Əlizadə, Aydın Əzimov və digər görkəmli bəstəkarların yaradıcılığında
görmək olar.
Mahnı janrının kütləviləşməyə
hesablanan xüsusiyyətlərindən biri də onun daxili ritmik strukturundakı
aydınlıqla və sadəliklə şərtlənir. Şəksiz, istisnalar da var. Məsələn, sərbəst
şeirə mahnı yazanların sırasında Cavanşir Quliyevi, Firudin Allahverdini qeyd
edə bilərəm, onların belə mahnılarından bəzilərini xatırlayıram”.
Qəlibi qəlibə salmaq...
Gənc şair Qismət isə
problemə tamam başqa rakursdan yanaşaraq poeziyaya olan ənənəvi münasibəti
aydınlaşdırdı: "Ola bilsin ki, musiqi aləmində anaxronizm, ənənəviliyə
meyillilik sərbəst şeirlərə az müraciət edilməsinə səbəbdir. Amma hələ də sərbəst
şeirin də özünün daxili qayda-qanunu, tonu, ritmi ola biləcəyini dərk eləməmişik.
Vaxtı ilə Tomas Eliot "Poeziya və musiqi” adlı essesində bu barədə yazırdı. O
qeyd edirdi ki, adamlar elə bilir sərbəst şeir başıpozuq, bütün məsuliyyətlərdən
azad şeirdir. Fəqət, bütün yaxşı şairlər bilirlər ki, gözəl poeziya nümunələrinin
öz qanun və qaydaları var. Həmin qayda-qanunlar da o şeirin daxili musiqisini
anlamaqdan keçir. Görünür, bizdə də çoxları hələ də başa düşmür ki, sərbəst
şeirin daxili qaydaları var. Sərbəst şeirin vizual olaraq simmetrik olmamasını
görənlər elə bilirlər ki, onun daxilində də heç bir simmetriya yoxdur. Bu
vizual aldanış musiqiyə münasibətə də təsirsiz ötüşmür.
Sərbəst şeirə müraciət edən bəstəkarlar çoxalmalıdırlar ki,
belə mahnılara qulaq asan tamaşaçılar da artsın. Yəni burada tamaşaçının vərdişləri
də problemin var olmasının əsas səbəblərindəndir.
Xarici ölkələrdə ənənəvilikdən
yapışıb qalmaq adəti yoxdur deyə, onlar hər cür ciddi poetik mətni musiqi ilə bərabər
hiss edə bilirlər. Bizdə qəlibi qəlibə salmaq ənənəsi güclü olduğu üçün bəstəkarlar
fərqli mətnlərlə işləməyə üstünlük vermirlər”.
Fərid
Hüseyn
