“Bu, “imkansız” Azərbaycan qarmonunun geniş imkanı deməkdir” - Fotolar
Gənc qarmon ifaçısı Sübhan
Köçərli Azərbaycan qarmon ifaçılığında yenilik edərək, əsərlərin tam həcmdə sol
əlin fərqli partiturada müşayiəti ilə ifasının mümkünlüyünü həyata keçirdi. O,
qarmon ifasında beynin sağ və sol yarımkürələrinin eyni vaxtda işləməsinin
mümkünlüyünü göstərdi. Əslində tez bir zamanda yayılan bu xəbər böyük diqqət
doğurdu. İndi isə o, Cahangir Cahangirova
məxsus "Rondo” ifası ilə yenə də öz tamaşaçılarını təəccübləndirdi.Belə ki, Sübhan Köçərli
Cahangir Cahangirovun skripka üçün yazdığı sonatanın "Rondo” hissəsini yenə iki
əlin müşayiəti ilə hazırladı. Biz də bu yeniliklərini nəzərə alıb, ifaçını
redaksiyaya dəvət etdik. Qonağımız bizimlə söhbətindəqeyd etdi ki, uzun müddətli gərgin hazırlıq proseslərindən sonra bu
nailiyyətləri əldə edib. S.Köçərli ilk dəfə olaraq tam həcimdə əsərlərin sağ və
sol əlin eyni vaxtda fərqli partiturada ifasının mümkünlüyünü necə əldə
etməsindən danışdı. Bu işdə onun ən böyük dəstəkçisi isə atası olub.
-
Sübhan bəy, ilk olaraq bu yeniliyə görə sizi təbrik edirik.
- Təşəkkür edirəm,
diqqətinizə görə. Sizə və "Kaspi” ailəsinə minnətdarlığımı bildirirəm.
-
Maraqlıdır, bu ideya sizdə necə yarandı?
- Bu ideya məndə birdən-birə meydana gəlməyib.
Orta məktəbdə oxuyanda atam qarmonda beynin sağ və sol yarımkürələrinin eyni
vaxtda işlətməklə belə bir şey edə biləcəyimi demişdi. Elə o vaxtdan da evdə
mənimlə bərabər məşqlər edirdik.
-
Atanızda qarmon ifaçısıdır?
- Atam həvəskar qarmon
ifaçısıdır. O hər zaman sağ və sol əlin eyni vaxtda işləməyi ilə bağlı danışır,
mənə onu etməyi tövsiyə edirdi. Bu mənim atamın ideyası idi. Atam məşqlərimdə
şəxsən iştirak edirdi və mənə öz məsləhətlərini verirdi. Əslində bunun məndə
alındığını görəndə çox sevindim. Düzdür, indiyə qədər Azərbaycan qarmonunda sol
əllə qarmonun ifasında mənim ustadlarım Xeyrulla Dadaşovun, Zakir Mirzəyevin
böyük rolu var. Sevindirici haldır ki, mən onların hər ikisinin tələbəsi
olmuşam. Belə ki, not ixtisası üzrə Xeyrulla Dadaşovdan, muğam fənni üzrə Zakir
Mirzəyevdən dərs almışam. Adlarını qeyd etdiyim dəyərli sənətkarlarımız
Azərbaycan qarmonunda sol əlin ifasında, inkişafında əvəzsiz işlər görüb. Onlar
qarmon məktəbinin tədrisini yazmaqla sağ və sol əllər üçün (akkordla, iki
səsli) əsərlər işləyiblər. Onu da əlavə edim ki, qarmonu çevirərək sol əllə ifa məhz Zakir Mirzəyevə
məxsusdur. Mən də Azərbaycan qarmonunda ilk dəfə sağ və sol əlin eyni vaxtda
fərqli partiturada ifasını həyata keçirdim. Bu tək mənim deyil, Azərbaycan
qarmonunun uğurudur. Bilirik ki, beynəlxalq arenada qarmon ailəsinə aid olan
musiqi alətlərində (akkordion, bayan və s.) sol əlin müşayiəti ilə ifalar
həyata keçirilir. Biz də bunu Azərbaycan qarmonunda həyata keçirdik.
-
Siz bununla nəyə nail oldunuz?
- Bu, bir tarixdir və
ilkdir. Mən bununla Azərbaycan qarmonunun daha geniş imkanları olduğunu
göstərdim. Bu, Azərbaycan qarmonunun beynəlxalq aləmdə inkişafı üçün çox böyük
əhəmiyyət kəsb edir.
-
İfa etdiyiniz "Mart yallısı” və "Rondo” musiqiləri sanki qarmondan başqa alətdə
də ifa edilirmiş kimi səslənir.
- Musiqini dinləyən insanda
o cür təəssürat yaranır ki, iki alət eyni vaxtda fərqli-fərqli musiqi ifa edir.
Yaxın keçmişə qədər Azərbaycan qarmonunu imkansız alət kimi qələmə verirdilər.
Bu, "imkansız” Azərbaycan qarmonunun geniş imkanı deməkdir.
- Bu ilkinizi görüb "sizə qədər bunu ediblər” deyən olubmu?
- Məşhur biznesmen Bill
Gates deyib ki, "Bir fikir eyni vaxtda bir neçə adamın ağlına gələ bilər.
Birinci olmaq istəyən bunu elə birinci həyata keçirməlidir”. Bir işdə ki uğur
var, məlum məsələdir ki, orada əks fikirlər olacaq. Ancaq açığını deyim ki, bu
yeniliyə sevinənlər daha çox oldu. İfaçılar, xüsusilə də qarmon ifaçıları
qarmonun bu imkanına çox sevindilər.
-
Bəs əsərlərə klip gözlənilirmi?
- Gözlənilir. Onu da əlavə
edim ki, bir ay bundan qabaq anons etdik ki, növbəti ay ikinci belə bir ifamız
gələcək. Ancaq bir qədər yubandıq.
-
Buna səbəb nə oldu?
- Bizim ailəmizdə itki baş
verdi. Babam dünyasını dəyişdiyi üçün bir aydır ki, gecikir. Elə ikinci əsərin
bir qədər gec hazırlanmağının da səbəbi bundan qaynaqlanır. Hazırda ikinci
musiqi Cahangir Cahangirovun skripka üçün yazdığı sonatanın üçüncü hissəsi "Rondo”
hazırdır.
-
Sübhan bəy, nailiyyətlərinizdən də aydın olur ki, uğur qazanmaq üçün zəhmət
qaçılmazdır.
- Biz yeniliklər edə
biliriksə, deməli, hər bir ifaçı zəhmət çəkib öz ideyası ilə hər şey edə bilər.
Bu, ifaçıdan çox böyük zəhmət tələb etdiyi üçün hər bir ifaçı bu yola üz
tutmur. İndi ifaçıların əksəriyyəti yenilik etmək haqqında düşünmür. Onları
daha çox pul qazanmaq və gündəlik qayğıları düşündürür.
-
Əslində onlar da qınanılmalı deyil.
- Mən bu fikirlə razı
deyiləm. İnkişaf, uğur üçün bir qədər vaxt itirməlisən, əziyyətə qatlaşmalısan.
Adını qeyd etdiyim hansı sənətkarlar birdən-birə, oturduqları yerdə nüfuza, ada
sahib olublar? Onlar da zaman-zaman toylara gediblər, çörəkpulu qazana-qazana
eyni zamanda dövlətimizi beynəlxalq arenalarda təmsil ediblər. Hər şeyi
dövlətin üstünə yıxmaq da olmaz axı. Hamı öz sahəsində dövlətinə dəstək
olmalıdır. Birinci gərək vaxtını öz sənətinə xərcləyəsən, ona zaman sərf
edəsən. O da zamanı gələndə öz nəticəsini versin. Heç nə etmədən oturub nəyisə
gözləmək olmaz. Bir vətəndaş kimi hərə öz sahəsində Azərbaycanın inkişafı üçün
töhfə verməlidir.
-
Sahib olduğunuz bu yeniliyə insanlar necə reaksiya verdilər?
- Böyük maraq doğurdu. Hər kəs deyirdi ki,
sanki burda iki alət ifa edir. Bunun heç də asan iş olmadığını dinləyicilər də
qeyd edirdilər. Əsas odur ki, Azərbaycan qarmonunun inkişafına onlar da
sevinirdilər, mən də sevinirdim. Çünki bu, növbəti iş üçün stimuldur.
-
Çətin deyilmi, qarmonun hər iki tərəfini bir anda idarə etmək? Beyin ikiyə necə
diqqət ayıra bilir?
- Əslində çox çətindir.
Bunun üçün çoxlu məşq lazımdır. Hər gün davamlı şəkildə məşqlər edirəm, hazırda
yeni-yeni əsərlər üzərində işləyirəm. Baxmayaraq ki mən bunu ifa edirəm, bu
məndə adi haldır, amma insanın əsəb sisteminə təsir edir. Vərdiş olunmayan bir
məsələdir. Uşaqlıqdan vərdiş olunsa, müəyyən vaxtdan sonra adiləşər.
-
Bəzən qarmon alətinin ancaq toylar üçün nəzərdə tutulduğunu deyirlər...
- Doğrudur. Hərdən deyirlər
ki, qarmon toy alətidir. Mən də bu ifaları həyata keçirərək göstərmək istəyirəm
ki, qarmonda oyun havalarımızla, muğamlarımızla bərabər, sol əlin fərqli
partiturada müşayiəti ilə ifası da mümkündür. Lakin qeyd edək ki, qarmonun tək
toy aləti olmamasını ilk dəfə əməkdar artist Zakir Mirzəyev orkestrlə ifa
edərək göstərmişdir. Hal-hazırda da respublikanın xalq artisti Ənvər Sadıqov
qarmonu beynəlxalq arenalarda təqdim edərək onun təkcə toy aləti olmadığını bir
daha göstərmiş olur. Bu işdə bizim dövlətimiz çox böyük dəstəkçidir.
İfaçılarımızın respublikadan kənarda müxtəlif musiqi alətlərində ölkəmizi
təmsil etməsi üçün hər cür şərait və imkan yaradılıb.
Xəyalə Rəis