Bu il ali məktəblərə sənəd verməyən kollec məzunları üçün əlavə qəbul elan ediləcək
23.05.19 17:02
2452
"Orta ixtisas təhsili müəssisələrinə bakalavrların,
ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə (əsas (baza ali) tibb
təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların (kollec məzunlarının) qəbulu,
habelə bakalavrı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta
ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na əsasən, bakalavrlar ali
təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı olmayaraq, orta ixtisas təhsili
müəssisələrinə ödənişli əsaslarla müsabiqədənkənar qəbul oluna biləcəklər”.
Nazirlər Kabinetinin 20 may 2019-cu il tarixində təsdiq etdiyi qərarlarla bağlı
Təhsil Nazirliyində keçirilən mətbuat konfransında həmçinin subbakalavrların
qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavr
səviyyəsinə qəbul olmaq imkanı əldə edə biləcəkləri qeyd edildi.
Qaydaların 2019-2020-ci tədris ili üzrə tələbə
qəbulu zamanı tətbiq ediləcəyini söyləyən Təhsil
Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev məlumat verdi ki,
subbakalavrlar ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul olunarkən, həmin təhsil
müəssisələrində yalnız tədris dili, orta ixtisas təhsili pilləsində təhsil
aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər. Belə ki, müsabiqə
zamanı subbakalavrın orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və təhsil haqqında
sənədinə (attestata) üstünlük veriləcək: "Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət
tələb edən ixtisasları üzrə təhsil almaq istəyən subbakalavr isə DİM tərəfindən
təşkil olunmuş qabiliyyət imtahanlarında müəyyən edilmiş cədvəl üzrə ödənişli
əsaslarla iştirak edəcək. Qəbul imtahanlarında iştirak etmədən ali təhsil
müəssisələrinin bakalavr səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbul
olunmaq istəyən subbakalavrlar və qəbul imtahanı verən abituriyentlər
müsabiqədə eyni zamanda iştirak edirlər. Qəbul imtahanlarında iştirak etmədən
ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə (əsas (baza ali) tibb
təhsilinə) qəbul olunmaq istəyən subbakalavrlar müsabiqədə Mərkəzin Nazirliklə
razılaşdırılmaqla, müvafiq ixtisas qrupları (müvafiq ixtisaslar) üzrə müəyyən
etdiyi keçid balı əsasında (qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən
sonra) iştirak edirlər. Subbakalavrın müvafiq ixtisaslar üzrə müsabiqədə imtahan
vermədən iştirak etməsi, onu Mərkəz tərəfindən Azərbaycanın ali təhsil
müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində ümumi qaydada iştirak
etmək hüququndan məhrum etmir”. Y.Piriyev qeyd etdi ki, subbakalavrın ali
təhsil müəssisəsinə qəbul zamanı təqdim etdiyi sənədlərdə uyğunsuzluq aşkar
edildikdə və onların aradan qaldırılması mümkün olmadıqda, onun müsabiqədə
iştirakına yol verilmir. Belə hallar müsabiqədən sonra aşkar edildikdə,
subbakalavrın yerləşdirilməsi ləğv edilir. Bu il kollec məzunlarının
ali məktəbə qəbul şansının çox olacağını bildirən nazirlik rəsmisinin sözlərinə
görə, qəbul planının artması məzunlar üçün bu imkanı artırıb: "Ötən ilə
nisbətən bu il ali təhsil müəssisələrinə qəbul planında 6,4 % artım var. Nəzərə
alaq ki, ötən ilə nisbətən bu il orta məktəbi bitirənlərin sayı da 7-8 min
azdır. Bu da kollec məzunlarının ali məktəbə qəbul olmaq şansını artırır".
Dövlət
İmtahan Mərkəzinin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Nərminə
Bayramova qeyd etdi ki, ali məktəbə bu il sənəd verməyən
kollec məzunlarının universitetə daxil olması üçün əlavə qəbul elan ediləcək:
"2019-2020-ci tədris ilində ali məktəblərə qəbul kampaniyasına başlanılıb və müəyyən
mərhələ başa çatıb. Lakin vətəndaşlar Nazirlər Kabinetinin qəbul etdiyi yeni
qərarların onlara şamil olunmayacağı ilə bağlı narahat olmasınlar. Artıq Təhsil
Nazirliyi ilə birgə həmin qərarın icrası istiqamətində müvafiq tədbirlərin
icrasına başlanılıb. Məsləhət görürük ki, kollec məzunları Dövlət İmtahan
Mərkəzinin rəsmi saytını izləsinlər. Əgər kollec məzunu ali məktəbə sənəd
verib, imtahanlarda müəyyən nəticə əldə edibsə, onun müsabiqədənkənar qəbul
şansı qüvvədə olacaq”. N.Bayramova
bildirdi ki, kollec məzunları ali
məktəblərə minimal 200-250 balla qəbul ola biləcəklər: "Hər il müsabiqə
zamanı ixtisas üzrə bal şərti 200-250 bal arası olur. Bu məsələdə də həmin şərt
nəzərə alınacaq. I qrupda abituriyentin müsabiqəyə buraxılması üçün hansı bal
nəzərdə tutulubsa, onu da nəzərə alacağıq. Hesab edəcəyik ki, həmin adam
minimal balı toplayıb və bu balla da ali məktəbə qəbul müsabiqəsində iştirak
edəcək".
Mətbuat konfransında ali təhsil pilləsini başa
vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi qaydaları haqqında
da məlumat verildi. Y.Piriyev bildirdi ki, ali təhsil pilləsinin bakalavr səviyyəsini
normativ təhsil müddətindən sonrakı 15 il müddətində (həqiqi hərbi xidmət
müddəti istisna olmaqla) başa vurmayan və ali təhsil müəssisəsindən xaric
olunmuş şəxslər də təhsillərini orta ixtisas təhsili müəssisələrində davam
etdirmək hüququna malikdirlər. Ali təhsilin bakalavr səviyyəsini başa vurmayan
şəxslərin orta ixtisas təhsili müəssisəsinə köçürülməsi onların qəbul
olunduqları və köçürüldükləri ixtisasların yalnız eyni ixtisas qrupuna daxil
olduğu halda aparılacaq. Y.Priyev əlavə etdi ki, beynəlxalq və respublika fənn
olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı
növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam
orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5
tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə
müsabiqədənkənar qəbul olunmaq hüququ var.
Təhsil Nazirliyinin Təhsilin inkişafı
proqramları şöbəsinin müdiriEmin Əmrullayev məlumat
verdi ki, xarici ölkələrin təhsil müəssisələrinin və ölkəmizdə fəaliyyətini
dayandırmış ali təhsil müəssisələrinin bakalavr səviyyəsini başa vurmayan
şəxslərin köçürülməsi məsələsinə orta ixtisas təhsili müəssisəsinin vəsatəti
əsasında, Azərbaycan Respublikasında ali təhsilin bakalavr səviyyəsini başa
vurmayan şəxslərin köçürülməsi məsələsinə isə transfer.edu.az elektron portalı
vasitəsilə nazirlik tərəfindən baxılacaq: "Xarici ölkədə qiyabi (distant)
təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali
təhsil müəssisəsindən Azərbaycan Respublikasının orta ixtisas təhsili
müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir”.
Tədbirdə həmçininNazirlər
Kabinetinin "Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə
təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu
Şərtləri”nin təsdiq edilməsi haqqında qərarına da toxunan E.Əmrullayev, beynəlxalq
səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış
abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu barədə
məlumat verdi. Belə ki, abituriyentlərin müsabiqədənkənar qəbulu Dövlət İmtahan
Mərkəzi tərəfindən beynəlxalq səviyyədə akkreditasiya olunan IB Diploma
Programme (Beynəlxalq Bakalavriat Diplom Proqramı), Advanced Level of General
Certificate of Education (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi)
və Advanced Placement (Yüksək yerləşdirmə) təhsil proqramları üzrə aparılacaq.
Xatırladaq ki, bu qaydalar təhsil naziri Ceyhun
Bayramovun rəhbərliyi ilə "Təhsil haqqında” qanuna dəyişikliklərin edilməsi
üçün Təhsil Nazirliyi tərəfindən hazırlanan təkliflər paketi əsasında hazırlanıb.
Bu təkliflər paketi əsasında qanuna 62 düzəliş edilib.
Mətbuat konfransında iştirak etdi
Təranə Məhərrəmova