• çərşənbə axşamı, 19 mart, 09:28
  • Baku Bakı 8°C

Brend ola bilməyən ədəbi mükafatlar

23.10.21 12:00 871
Brend ola bilməyən ədəbi mükafatlar
Qulu Ağsəs: "Azərbaycanda yaxşı, nüfuzlu mükafat təsis etmək, hansısa adı brendə çevirmək, maliyyə qaynağı da tapmaq olar. Amma bu mükafatı verəcək münsifləri, namuslu adamları tapmaq o mükafata ayrılacaq vəsaiti tapmaqdan daha çətindir”
Dünyada yüzlərlə ədəbi mükafatlar təsis olunur. Mükafatlar həm dövlət tərəfindən, həm də müxtəlif təşkilatlar tərəfindən verilə bilər. Bu ədəbi mükafatların ölkələr daxilində məşhur olanları da var, dünyaya çıxıb brend ola bilənləri də. Onların içində ən nəhəngi və qədimi 1901-ci ildən təsis olunmuş ədəbiyyat üzrə Nobel mükafatıdır. Nobel mükafatı sanki daha çox can atılan və ən çox arzu olunan mükafat təəssüratı yaradır. Təbii ki, onun çəkisi və dəyəri çox yüksəkdir. Amma onunla yanaşı, "Ramber” (1898), "Qonkur” (1903), "Fefmina” (1904), "Fastenrath” (1909), "Buker” (1968) və s. kimi mükafatlar da var. Ölkəmizdə də bir sıra ədəbi mükafatlar təsis olunub. Onlardan, təəssüf ki, brendə çevriləni yoxdur. Bu mükafatlar hansı meyarlara əsasən təqdim olunur və onların brendə çevrilə bilməsi üçün nə etməliyik?

Əsas amil ədəbi meyardır

Bizdə ən çox tanınan mükafatlardan biri Azərbaycan Yazıçılar Birliyi (AYB) və "Ədəbiyyat qəzeti”nin təsis etdiyi "Əli bəy Hüseynzadə mükafatı”dır. Qəzetin baş redaktoru Azər Turanın fikrincə, laureatların seçimində əsas amil ədəbi meyar olmalıdır: "Bu prinsip nəzərə alınmayanda, ünvan dəqiq müəyyən edilməyəndə mükafat da dəyərsiz olur. Bu gün bizim, əlbəttə, dünyaya çıxarıla biləcək ədəbiyyatımız var. Bu barədə nihilist olmayaq. Çağdaş Azərbaycan poeziyası çağdaş dünya poeziyasından heç bir halda geridə deyil. Sadəcə önəmli imzalara qrup maraqları çərçivəsində deyil, ümumazərbaycan və dünya ədəbiyyatı səviyyəsində yanaşmalıyıq ki, ədəbi dəyərlərimizi müəyyənləşdirə bilək. Bir də qalır, bu imzaları dünyaya çıxarmaq problemi. Bunu necə etmək olar, bunun yolunu necə tapa bilərik? Ki, onlar tutalım, ən azı, Nobel mükafatına namizədlər sırasında olsunlar. Bax ədəbiyyat adamlarımızla birgə eyni estetikaları paylaşan, eyni düşüncəni bölüşən, üstəlik, ümummilli mənafeləri hər şeydən uca tutan iş adamlarımız, kapital sahiblərimiz də işə qarışmalıdır ki, bu proses uğurla davam etsin.

Estetik prinsipləri aktuallaşdırmaq

Azər bəy deyir ki, "Ədəbiyyat qəzeti”nin "Əli bəy Hüseynzadə mükafatı”nı ona görə təsis etdik ki, müstəqil Azərbaycanın ədəbiyyat aləmində Hüseynzadənin estetik prinsiplərini aktuallaşdıraq: "Çünki Azərbaycanda modernist ədəbiyyatın və estetikaların gəlişməsi ilk dəfə onun yazıları ilə vüsət almağa başlayırdı. Və əfsus ki, hələ ötən əsrin əvvəllərində bu təmayülün qarşısı alındı. Yeri gəlmişkən bunu da deyim, "Füyuzat” modern Avropa təmayüllü bir dərgi idi, orda milli düşüncə ilə yanaşı, dünyanın müxtəlif ədəbi-estetik cərəyanları barədə söhbətlər gedirdi, yazılar dərc olunurdu. Və dərgini Hacı Zeynalabdin Tağıyev maliyyələşdirirdi. Tağıyev ədəbiyyata münasibət və qayğı baxımından o zamankı milli burjuaziyamıza örnək olduğu kimi bugünkü iş adamlarımıza da örnək ola bilər”.
Tağıyev dalğası
Baş redaktor milli ədəbi mükafatların brendə çevrilə bilməməsi haqda da fikirlərini bildirdi: "Bizimlə eyni taleyi bölüşən keçmiş SSRİ respublikalarının hansının dünya brendinə çevrilən ədəbi mükafatı var? Hələlik, dünya Nobel mükafatını tanıyır. Bir dəfə başqa yerdə dediyim fikri bir daha təkrar edirəm. Dünyaya sezdirmədən o mükafat üçün namizədimizi hazırlamalıyıq. Buna böyük kapitalı olan iş adamlarımız da qoşulmalıdır. Dünya səviyyəsində yazan yazıçımızı müəyyənləşdirək. Onun statusunu tanıyaq və dünyada təbliğini təmin edək. Nobel mükafatını Azərbaycana gətirməyin ən optimal yollarından biri də budur. Öz ədəbi mükafatlarımızı dünya brendinə çevirməyi isə dediyim kimi, ədəbi əsərləri qiymətləndirmədə estetik meyarları dominant bilməklə yanaşı, yeni çağın iş dünyasında Tağıyev dalğasının yaranması mümkün edəcək”.

Mükafatın maddi dəyəri

"Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs deyir ki, bütün Azərbaycanda brendə çevriləsi ədəbi ödül təsis etmək, yaratmaq çox yaxşı olardı: "Hərçənd, kifayət qədər - "Şahmar Ələkbərzadə”, "İşıq”, "Rəsul Rza”, "Müşfiq” və s. kimi ədəbi mükafatlar var. Əlbəttə, hər biri özlüyündə dəyərlidir. Amma bilirsiniz ki, mükafatı, əslində, dəyərli edən onun maddi tərəfidir. Yəni yüz dollarlıq, iki yüz manatlıq, yaxud əlli manatlıq mükafat heç vaxt böyük nüfuz qazana bilməz. Ölkəmizdə buna cəhd olunub. O mükafatı Mədəniyyət Nazirliyi təsis etmişdi. Beş min manat və "Qızıl kəlmə” – çox qürurlu səslənirdi. Məlum oldu ki, mükafat təsis olan kimi artıq namizədləri hazırdır. Namizədlər hazır olan kimi də məlum oldu ki, qaliblərin siyahısı da hazırdır. O "Qızıl kəlmə” alanların hamısı bunun həqiqət olduğunu bilir.

Namuslu münsiflər

Azərbaycanda yaxşı, nüfuzlu mükafat təsis etmək, hansısa adı brendə çevirmək, maliyyə qaynağı da tapmaq olar. Amma bu mükafatı verəcək münsifləri, namuslu adamları tapmaq o mükafata ayrılacaq vəsaiti tapmaqdan daha çətindir. Yenə zənglər, yenə dost-tanış, yenə təzyiqlər... Baxın bir qisim adamlar var ki, onlar hər yerdədirlər. Hər saytda, hər qəzetdədirlər. Azərbaycanda bir mükafat təsis olan kimi dərhal əldə etməyə çalışırlar. Türkiyədə bir tədbir olan kimi orada təmsil olunmağa çalışırlar. Avropaya, Asiyaya qaçırlar. Əlacları olsa, Afrikada da tədbirlərdə iştirak edərlər. Yəqin ki, bu "qoçaq” adamlar orda da mükafat əldə eləməyə çalışarlar. Problemlərin əsas özəyi budur.

Yerli beynəlxalq mükafat

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, 2022-ci ildən etibarən beynəlxalq ədəbi müsabiqə keçirilməsi nəzərdə tutulub. Və bununla bağlı müəyyən işlər görülür.

Xanım Aydın
banner

Oxşar Xəbərlər