BMT qətnamələri icra olunmalıdır
Prezident İlham Əliyev: "Təhlükəsizlik Şurasının
qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır”
Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər
tərəfindən soyqırımına məruz qalıb. Sonuncu dəfə 250 min etnik azərbaycanlı
Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib. Eyni
zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa
türkü də Azərbaycanda sığınacaq tapıb. 1991-ci ildən davam edən
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində isə Azərbaycan
ərazisinin beşdə biri işğal olunub. Bir milyona yaxın azərbaycanlı qaçqın və
məcburi köçkünə çevrilib, 20 mindən çox insan həlak olub, 50 min nəfər
yaralanıb və ya əlil olub, 4 mindən çox azərbaycanlı itkin düşüb. 1993-cü ilin
30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr tarixlərində BMT Təhlükəsizlik
Şurası Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına cavab olaraq 822,
853, 874 və 884 saylı qətnamələri qəbul edib. BMT Təhlükəsizlik Şurasının
sözügedən qətnamələri Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq
sərhədlərinin toxunulmazlığını təsdiqləyib. Sözügedən qətnamələr erməni işğalçı
qoşunlarının Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, tam və
qeyd-şərtsiz çıxarılmasını tələb edir, qaçqın və məcburi köçkünlərin geri
dönmələrini təmin etməklə, regionda qarşılıqlı əlaqələrin bərpasına çağırır.
Yeni
təxribatlara, müharibəyə hazırlıq
Əfsuslar olsun ki, işğalçı Ermənistan BMT
Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir, ATƏT-in Minsk qrupuna
üzv həmsədr dövlətlərin – ABŞ, Fransa və Rusiyanın iştirakı ilə aparılan sülh
danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirir, müxtəlif təxribatlar
törətməklə münaqişənin sülh yolu ilə həllini yubadır. Ermənistan işğal etdiyi
Azərbaycan ərazilərində beynəlxalq hüququn əksinə olaraq infrastruktur qurur, o
cümlədən avtomobil yolları çəkərək qanunsuz məskunlaşdırma siyasəti həyata
keçirir. Bununla yanaşı, Ermənistanın siyasi rəhbərliyi işğal altında saxladığı
Azərbaycan ərazilərinə, eləcə də ölkəmizlə sərhəd ərazilərə "ASALA” terror
təşkilatının, həmçinin İraq, İran və Suriya üzərindən PKK, YPG tərkibində
vuruşan muzdlu erməniləri, terrorçuları toplayır. Türkiyə, Misir və sair
ölkələrin mediasında bununla bağlı yer alan, konkret faktlara əsaslanan
araşdırma yazılardan da aydın olur ki, Ermənistan terrorçuları işğal altında
saxladığı Azərbaycan ərazilərinə toplamaqla yeni təxribatlara, bəlkə də
müharibəyə hazırlıq görür.
İşğal olunmuş
ərazilərdə qanunsuz məskunlaşdırma
Prezident İlham Əliyev BMT Baş Assambleyasının
75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı zamanı bütün bu
məqamları bir daha xatırladıb. O, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının
qətnamələrinin bir neçə gün ərzində icra edilməsinə diqqət çəkib. Qeyd edib ki,
Ermənistan təqribən 30 ildir BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl
qoymamaqda davam edir. Dövlət başçısı söyləyib ki, işğalçı dövlət olan
Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır: "Beynəlxalq hüquq normalarını
kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma
siyasəti aparır. Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin
diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi
bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal
olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur.
Qeyri-qanuni məskunlaşdırma 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla,
beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, müharibə cinayətidir. Azərbaycanın
işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola
bilməz. Bugünkü Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni miras
dağıdılmış və talan edilmişdir. Ermənistan işğal edilmiş ərazilərimizdə də
Azərbaycanın tarixi və dini abidələrini dağıtmışdır. Məqsəd isə orada
azərbaycanlıların bütün izlərini silməkdir”.
Qanunsuz
biznes fəaliyyəti və çirkli pulların yuyulması sxemi
Prezident deyib ki, Ermənistan işğal olunmuş
ərazilərdə qanunsuz olaraq təbii ehtiyatları istismar edir və süni ekoloji
böhran yaratmaq məqsədilə su ehtiyatlarından istifadə edir: "Azərbaycanın işğal
altında olan ərazilərində qızıl və digər qiymətli metal və minerallar hasil
edən Ermənistan onları beynəlxalq bazarlara ixrac edir. Bu, qanunsuz biznes
fəaliyyəti və çirkli pulların yuyulması sxemidir. Azərbaycanın təbii
ehtiyatlarını qanunsuz istismar edən beynəlxalq şirkətlər qeyri-qanuni
fəaliyyətlərini dərhal dayandırmadıqları halda onlar hüquqi məsuliyyətlə
üzləşəcəklər. Azərbaycan işğal edilmiş ərazilərimizdə təbii ehtiyatlarımızın
qanunsuz istismarı ilə məşğul olan şəxs və şirkətlərə qarşı artıq hüquqi
addımlar atmağa başlayıb”.
Qarabağ
Azərbaycandır!
Ölkə başçısı BMT Təhlükəsizlik Şurasının 853 saylı
qətnaməsinə istinad edərək vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin
Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının yenilənmiş zaman
qrafiki tərtib edilməlidir: "BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin icrasına və azərbaycanlı məcburi köçkünlərin doğma
torpaqlarına qayıtmasına töhfə verməlidir. BMT Təhlükəsizlik Şurasının
qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər
qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə
qəbuledilməzdir. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar
mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü
tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan
torpağıdır. Qarabağ Azərbaycandır”.
Beynəlxalq
təşkilatlar çərçivəsində islahatların aparılması
Prezident İlham Əliyev bildirib ki, Təhlükəsizlik Şurasının
qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır. O, bir neçə təklifi
diqqətə çatdırıb: "Beynəlxalq sülh və təhlükəsizlik, pandemiyanın dünya
dövlətlərinə təsiri ölkələr arasında həmrəylik tələb edir. Bu mənada mən bir
neçə təklif irəli sürmək istəyirəm. Əvvəla, pandemiyadan sonrakı dövrdə
beynəlxalq təşkilatlar çərçivəsində islahatların aparılması vacibdir və bu,
zamanın tələbədir. Bu baxımdan BMT-nin qlobal səviyyədə rolunun və nüfuzunun
artırılmasına, onun müasir dövrün çağırışlarına daha adekvat cavab vermək
imkanına xüsusi diqqət yetirilməlidir. İkincisi, Təhlükəsizlik Şurasının
qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır. Təhlükəsizlik
Şurasının qətnamələrinin icrası mexanizmləri yaradılmalıdır. Bundan başqa,
pandemiya dövründə qaçqın və məcburi köçkünlər ən həssas qrupa çevrilmişlər.
Həmin həssas qrupa daxil olanların təhlükəsiz qaydada və ləyaqətli şəkildə
doğma torpaqlarına qaytarılması məsələsinin aktuallığı artır. Vaksinin
əlçatanlığı və ədalətli paylanılmasının təmin edilməsi əhəmiyyətli məsələdir və
ən az inkişaf etmiş ölkələr onu pulsuz əldə etməlidir. Bu baxımdan burada əlavə
nəzarət mexanizmləri yaradılmalıdır. Müxtəlif ölkələr tərəfindən "Dayanıqlı
İnkişaf Məqsədləri”nin icrasına pandemiyanın mənfi təsirinin əhatə dairəsi
diqqətlə təhlil edilməli və həll yolları müəyyən olunmalıdır”.
Regional və
beynəlxalq təhlükəsizlik problemi
Milli
Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr
müavini, politoloq Hikmət Babaoğlu mövzu ilə bağlı bildirib ki, Prezidenti İlham
Əliyev BMT Baş Assambleyasındakı çıxışı zamanı Ermənistanın işğalçılıq
siyasətini, təcavüzkar mahiyyətini faktlar əsasında və mövcud reallıqlar
fonunda ifşa edib, həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Deputatın sözlərinə görə, dövlətimizin başçısı BMT-ni, bütövlükdə beynəlxalq
birliyi Ermənistanın işğalçı siyasətinə son qoymaq üçün konkret və qətiyyətli
əməli tədbirlər görməyə, təcavüzkar dövlətin təxribatçı hərəkətlərinə seyrçi
qalmamağa çağırıb: "Ümumiyyətlə, Prezident İlham Əliyevin toxunduğu məsələlər
təkcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində
deyil, həm də regional və beynəlxalq təhlükəsizlik problemi baxımından mühüm
aktuallığa və əhəmiyyətə malikdir. Dövlətimizin başçısı Azərbaycan da daxil
olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın
fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda Ermənistanın
vəziyyətdən sui-istifadə edərək ölkəmizin işğal altındakı ərazilərinə erməni
əsilli livanlıları yerləşdirməklə məşğul olmasını xüsusi diqqətə çatdırdı,
qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsinin olmadığını qətiyyətlə vurğuladı”.
Sanksiya
mexanizmi işə salınmalıdır
Millət vəkili qeyd edib ki, Azərbaycanın işğal
edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma aparılması faktiki olaraq
müharibə cinayətidir: "Bu addım işğal edilmiş ərazilərdə demoqrafik strukturu
dəyişdirmək, həmin ərazilərə köçürülmüş insanlardan silahlı muzdlular kimi
istifadə etmək məqsədi güdür, həmçinin dövlət sərhədimizin Tovuz rayonu
istiqamətində baş vermiş hadisələr zamanı fiaskoya uğramış erməni siyasətinin
növbəti təxribata və yeni hərbi avantürizmə hazırlaşmasından xəbər verir.
Görünən odur ki, işğalın nəticələrini legitimləşdirmək və status-kvonu qoruyub
saxlamaq niyyətində olan Ermənistanın məqsədi sülh danışıqları prosesini
tamamilə fiaskoya uğratmaqdır. Ona görə də beynəlxalq ictimaiyyət, xüsusilə də
ATƏT-in Minsk qrupu bu məsələyə xüsusi diqqət yetirməli, hətta işğalçı dövlətə
qarşı sanksiya tələb olunmalıdır. Beynəlxalq qanunvericilik bazası və
beynəlxalq hüquq normalarını kobud surətdə pozmaqdan çəkindirmək məqsədilə
müxtəlif ölkələrə qarşı sanksiya tələb olunması nümunələri mövcuddur. Xüsusilə
də nəzərə almaq lazımdır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt
məhdudiyyəti yoxdur, onlar icra edilənə qədər qüvvədədir. Hazırkı mənzərə
BMT-nin nüfuzunu sarsıdır, buna görə də Təhlükəsizlik Şurasının qətnamələrinin
icra mexanizmləri yaradılmalıdır. Qətnamələrin icra olunmadığı təqdirdə,
sanksiya mexanizmi işə salınmalıdır”.
Tarixi-dini
abidələrimizə qarşı saxtakarlıq
H.Babaoğlu Prezident İlham Əliyevin daha bir zəruri
məsələni diqqətə çatdırdığını da dilə gətirib. Deyib ki, bu, Ermənistanın işğal
altındakı ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsini məhv etməsi,
Azərbaycanın təbii sərvətlərini qeyri-qanuni istismarıdır: "Uzun müddətdir ki,
bu fakt mövcud olduğu halda, beynəlxalq təşkilatların məsələyə laqeyd
münasibəti ciddi təəssüf doğurur. Hazırkı şəraitdə bəhs edilən halla əlaqədar
ATƏT-in faktaraşdırıcı missiyasının təşkil olunması zərurətdir. Çünki
dövlətimizin başçısının diqqət çəkdiyi reallığa, açıqlanan faktlara biganə
münasibət göstərilməsi yolverilməzdir. Loyal münasibət, eyni zamanda,
Ermənistanı yeni qeyri-qanuni və cinayət əməllərinə təşviq etmək,
həvəsləndirməkdir. Xüsusi olaraq nəzərə almaq lazımdır ki, ermənilərin
Azərbaycanın işğal altındakı torpaqlarında tarixi-dini abidələrimizə qarşı
saxtakarlıq və cinayət əməlləri beynəlxalq səviyyədə təsbit olunmuş "Silahlı
münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa
Konvensiyasının, "Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa
Konvensiyasının və UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin mühafizəsi
haqqında” 1972-ci il Konvensiyasının tələblərinə ziddir. Eyni zamanda,
Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismar edən beynəlxalq şirkətlər
qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmalıdırlar. Əks halda, onlar
beynəlxalq hüquq normalarının tələblərinə müvafiq surətdə hüquqi məsuliyyətlə
üzləşəcəklər”.
Status-kvo
qəbuledilməzdir
H.Babaoğlu söyləyib ki, Prezident İlham Əliyev
çıxışında Azərbaycanın qətiyyətli mövqeyini bir daha diqqətə çatdırmaqla, milli
maraqlarımızın qorunması, ərazi bütövlüyümüzün bərpa olunması məsələsində
prinsipiallıq nümayiş etdirib: "Ümumiyyətlə, Ermənistanın məqsədinin işğal ilə
bağlı hazırkı status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail
olmaq olduğunun BMT-nin tribunasından vurğulanması xüsusi əhəmiyyətə malikdir.
Dünya ictimaiyyətinin siyasi yaddaşı bir daha yeniləndi. Növbəti dəfə məlum
oldu ki, qeyd etdiyimiz kimi, hazırkı şəraitdə işğalçı Ermənistana qarşı təsir
və təzyiqlər gücləndirilməli, adekvat addımlar atılmalıdır. ATƏT-in Minsk
qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ Prezidentlərinin bəyanatlarında
status-kvonun qəbuledilməz olduğu vurğulansa da, yetərli deyil, çünki real
addımlar atmadan münaqişənin ədalətli həllinə nail olmaq mümkün deyil.
Birmənalı olaraq nəzərə almaq lazımdır ki, Azərbaycanın ərazi bütövlüyü heç
vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq”.
Rufik
İSMAYILOV