AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Bizdə prodüser toy danışana deyirlər

“Bizdə prodüser toy danışana deyirlər"

Mədəniyyət
30 İyun 2020, 10:00 2114
Gənc rejissorlar film sənayemizin peşəkar prodüserlərin yoxluğu baxımından çox əziyyət çəkdiyini deyirlər
 
Biz titulları daha çox xoşlayırıq, nəinki çalışmağı. Ona görə kiminsə fəaliyyəti barədə oxuyanda görürsən ki, ssenarist, rejissor, operator, prodüser yazılır. Misal üçün, bu gün ermənilər Qarabağda film çəkir və bunu müştərək formada edirlər. Və hətta bu materialla dünyanın ən öndə gedən kinofestivalına qatılırlar. Bu, birbaşa prodüserdən asılı bir məsələdir. Bəlkə də kimlərinsə xətrinə dəyəcək, amma mən Azərbaycanda kinematoqraf sahəsində prodüser tanımıram. 
 
Gənc yaradıcı insanlarla söhbət etdikdə, onların fərqli dünyası olduğunu görürsən. Bu günün gəncləri daha çox realistdirlər və hadisələrə kənardan baxmağı bacarırlar. Gənc rejissorlarda bu nüanslar özünü qabarıq şəkildə büruzə verir. Belə ki, rejissorlar film çəkərkən prodüserlərimizin olmadığını və bunun da nəticəsində filmlərimizin beynəlxalq festivallara gedə bilmədiyini əsas gətirirlər. Bu qədər dövlət dəstəyi, film sektoruna ayrılan maliyyələr kinoprodüserlərimizin qeyri-peşəkarlığı səbəbindən hədər yerə sovrulur. Dövlət tərəfindən çəkilən filmlər isə rəflərdə yatıb qalır.  
 
Gənc rejissor Amil Amal deyir ki, Azərbaycanda kinoprodüser məktəbi nəinki yoxdur, hətta o məktəbin təməli belə qoyulmayıb: "Prodüser sözünün mənası - istehsal edən, istehsalçı deməkdir. Prodüser - layihənin həyata keçirilməsində birbaşa iştirak edən, onun bütün maliyyə, inzibati, texnoloji, yaradıcılıq və hüquqi tərəflərinin təmin olunmasında iştirak edən mütəxəssisdir. Vikipediyada hansı dildə axtarsanız, eyni məna ilə qarşılaşacaqsınız. Azərbaycanda bütün bu sadaladığım funksiyaları birbaşa və bilavasitə özü yerinə yetirən prodüser tanımıram. Varsa, çıxsın meydana, tanış olaq, birgə iş quraq. Bizdəki kinoprodüserlər öyrəşiblər ki, hazıra nazir olsunlar. Dövlətin verdiyi pulu xərcləmək, üstəlik, bəzən də müəyyən hissəsini təyinatı üzrə xərcləməmək bizim kinoprodüserlər üçün xarakterikdir. Məhz bu səbəbdən rejissorlar və prodüser arasında həmişə heç kimin görmədiyi intriqalar yaşanır. Buna görə də məhsulun istehsalında gecikmələr yaranır. Ortaya isə keyfiyyətli məhsullar, filmlər yox, bayağı işlər çıxır. Hətta kinoprodüserlər arasında belə bir ənənə var: bir dəfə işlədikləri gənc kinorejissorla ikinci dəfə işləmirlər. Çünki birinci işində produserin bütün zir-zibilini yerli-yataqlı bilən rejissor, ikinci işində çalışır ki, prodüserin təkrarlanacaq hiylələrinə sinə gərə bilsin. 

Azərbaycanda kinoprodüserlik işini, demək olar ki, kinorejissorlar daşıyır. Təbii ki, söhbət ortaya ciddi film qoyan rejissorlardan gedir. Bu həm də rejissorun şəxsi xarakterinə daha çox bağlıdır. Rejissor ortaya yaxşı bir iş qoymaqdan savayı, çalışır ki, heç kimin haqqı yeyilməsin, prodüser pulu düzgün xərcləsin, sağa-sola əyri yollarla pul silməsin. Bir dəfə serial çəkəndə, işlərin gərgin vaxtında adını çəkmək istəmədiyim prodüserlerdən biri mənə dedi ki, prodüser setin Allahıdı, o nə dedi, o da olmalıdır. Dedim, düz deyirsiniz, ancaq mən setdə həmişə ateist oluram. Təsəvvür edin, həmin serialın bitəcəyinə cəmi 1 seriya qalmışdı. Həmin günü seti tərk etdim və o prodüserlə yollarımızı ayırdıq. Sözümün canı odur ki, setin, çəkiliş meydançasının qeyd-şərtsiz bir ağası olmalıdır. Bəlkə də bu, demokratik deyil. Ən azı serial sektorunda çalışan prodüserlərə baxın. Aralarında eləsi var ki, heç məktəb belə bitirməyib. Amma televiziyada ortaq şəriki (dostu, qohumu və s.) olduğuna görə prodakşn yiyəsidir. Bu qədər sadə".
 
Rejissor Məzahir Həşimov bizimlə söhbətində təəssüf hissi ilə kinoprodüser məktəbimizin olmamasından və bunun rejissorların iş prinspinə necə təsir etməsindən danışdı: "Prodüser həm də iqtisadçı deməkdir. Mənim  təhsil aldığım Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetində (VGİK) prodüser və iqtisadiyyat fakültəsi var. Onlar 6 il təhsil alırlar. Baxın, kinematoqrafiya institutunda rejissorluq fakültəsi 5 il, prodüser və iqtisadiyyat fakültəsi isə 6 illikdir. Rusiyanın universitetləri arasında VGİK iqtisadiyyat fakültəsi baxımından ikinci yerdədir. Siz onların diplom işlərinin qalınlığına baxsanız, dəhşətə gələrsiniz. Onlar elə bil bütün ölkənin iqtisadiyyatını yenidən yazırlar. Bu, birbaşa dövlətlə, idarəçiliklə bağlı məsələdir. Əgər dövlətin marağında olsa, hər bir iqtisadiyyat fakültəsinə kino-biznes, kinematoqrafiya dərs kimi salına bilər. İqtisadiyyatçı üçün fərqi yoxdur nə satır, nədən qazanır. Bax onda bu sahə inkişaf edə bilər. Bizim prodüserlər, əgər investorlarla işləyəsi olsalar, özlərini batırarlar. Çünki prodüserlərimiz gördükləri işin mahiyyətini anlamırlar. Gördükləri işlərin də 99 %-i gəlir gətirməyib. O da ondan irəli gəlir ki, kinematoqrafiyadan anlayışları yoxdur. Bu həm kommersiya xarakterli, həm də festival üçün film çəkənlərə aiddir. Heç birinin hansı materialın satılıb-satılmamasından xəbəri yoxdur. Dünyada hamı bilir ki, xüsusi janrlar var ki, daha çox vəsait gətirir. Bu, əsas ailə ilə baxılan filmlərə şamil olunur. Fantaziya, horror və ya digər janrlar xüsusi tamaşaçı tələb edir. Və prodüser filmə başlayanda, artıq bilir məhsulu nədir. Bizdə isə, bu, bəxtə-bəxt baş verir. Əgər nə vaxtsa kimlərsə investor kimi filmə pul yatırıb gəlir istəsələr, bizim prodüserlər intihar edəcəklər. Nazirlik məsuliyyəti öz boynundan atmaq üçün kinostudiyanın və hər hansı iş gördüyü başqa bir direktora prodüser adı verir, o da sevinir ki, adımı prodüser yazdılar. Misal üçün, son filmimin ssenarisini nazirə özüm təqdim etmişəm və maliyyə alaraq filmi çəkmişəm. Titrdə prodüser olaraq kimin adının yazılacağı üstündə mübahisə düşdü. Əslində isə bu materiala vəsaiti cəlb edən mənəm. Biz titulları daha çox xoşlayırıq, nəinki çalışmağı. Ona görə kiminsə fəaliyyəti barədə oxuyanda görürsən ki, ssenarist, rejissor, operator, prodüser yazılır. Misal üçün, bu gün ermənilər Qarabağda film çəkir və bunu müştərək formada edirlər. Və hətta bu materialla dünyanın ən öndə gedən kinofestivalına qatılırlar. Bu, birbaşa prodüserdən asılı bir məsələdir. Bəlkə də kimlərinsə xətrinə dəyəcək, amma mən Azərbaycanda kinematoqraf sahəsində prodüser tanımıram. Bizdə prodüser ancaq toy danışana deyirlər".
 
Rejissor çıxış yolunu ali təhsil ocaqlarında, hətta orta məktəblərdə kinematoqraf fənlərinin keçilməsində görür: "Mən prodüserə ssenarini verəndə, gedib başqasından soruşur ki, səncə necədi, çəkmək olar? Təbii ki, bu, bir rejissor kimi məndə prodüserlərimizə güvənsizlik yaradır. Bizim kinonun dünya arenasına çıxması birbaşa prodüserlərdən asılıdır. Peşəkar prodüserlərin yetişməsi ilə keyfiyyətli məhsul ortaya qoyulacaq və rəqabət yaranacaq. Filmlərimizi satmaq üçün Hollivuda getməyə ehtiyac yoxdur. Sadəcə, qonşularımızın kino bazarını öyrənmək yetərlidir ki, onlara sata bilək".
 
Rejissor Kamal Yaşar isə prodüserin beynəlxalq film bazarından xəbərdar olmasının vacibliyini vurğuladı: "Prodüser ilk növbədə xarici dil bilməlidir. Onların çox ciddi ünsiyyət qabiliyyəti olmalı və müasir dünya kinosuna yaxından bələd olmalıdırlar. Bundan başqa, prodüser müasir dünya festivallarını tanımalı, orada baş verən tendensiyalardan xəbərdar olmalı, çəkilən filmin hansı festivalın konsepsiyasına uyğun olduğunu müəyyənləşdirməli, təxmin etməlidir ki, hansı festivala getsə, orda yer tutmaq şansı daha çox ola bilər. İndi beynəlxalq festivallar profilləşib və onların hər biri fərqli tendensiyanı üstün tuturlar. Prodüser bunları bilməli və məhsulu o cür təqdim etməlidir. Son zamanlar kino mütəxəssisləri Euorimage-ə üzv olmağımızı məsləhət görürlər. Belə ki, bu beynəlxalq təşkilata üzv olsaq, filmlərimiz beynəlxalq müstəvidə daha tez tanınar. Bu təşkilata üzv olmaqla avtomatik müqavilələr bağlanacaq, ustad dərsləri keçiriləcək, sənət mübadilələri başlayacaq ki, bu da bizim yetişən prodüserlərimizin inkişafında müstəsna rol oynayacaq. Çünki orda bir neçə ölkənin birgə müştərək istehsalı var. Belə ki, prodüserdən tutmuş, işıqçıya qədər avtomatik şəkildə mübadilələr başlayacaq. Yəni prodüserlərin də yetişməsi üçün yaxşı bir platforma yaranacaq".

Gənc rejissor Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində nə işıqçı, nə də prodüser ixtisasının olduğunu və ona görə də prodüserlərin yalnız özfəaliyyət şəklində özlərini inkişaf etdirdiklərini bildirdi: "Bizdə bu ixtisas üzrə heç bir ali təhsil ocağında dərs keçirilmədiyi üçün bu, şəxsi münasibətlər hesabına başa gəlir. Praktika yolu ilə yalnız mübadilələrdir. Prodüser olmağa can atanlar xaricdə peşəkar kurslarda təhsil alıb gəlirlər. Ancaq hazırda Azərbaycan kinosunun peşəkar prodüserə çox böyük ehtiyacı var. Çünki beynəlxalq arenaya çıxa biləcək filmlərimiz az deyil. Bir çox filmlər məhz bu səbəbə görə ölkədən çıxa bilmir. Misal üçün, mənim filmim dövlət sifarişi ilə çəkilib. Bir ildir kinonu təhvil vermişəm. Bir ildə 3 dəfə Kinostudiyada rəhbər dəyişib. Nəticə etibarı ilə film hazırdır, amma heç bir beynəlxalq festivala getməyib. Festivallar da ödənişli olduğu üçün hər dəfə rəhbərlik dəyişəndə sənədləşdirmə baş verir. Amma prodüser olsa, özü məşğul olardı".
 
Xəyalə Rəis