“Biz ölkəmizi birlikdə inkişaf etdirəcəyik” - Fotolar
Zaur
Darğallı: "Azərbaycanla Gürcüstan arasındakı dostluğun inkişafına töhfə vermək
əsas hədəflərimdən biridir”
Gürcüstanda oktyabrın 31-də parlament seçkiləri
keçiriləcək. Gürcüstan Seçki Məcəlləsinə edilmiş düzəlişlərə əsasən,
parlamentin 150 deputatından 30-u majoritar, qalan 120-si proporsional sistem
üzrə seçiləcək. Əvvəlki qaydada isə 77 deputat proporsional, 73 deputat
majoritar qayda ilə seçilirdi. 66 siyasi partiya seçkidə iştirak etmək hüququ
qazanıb. Həmin partiyalardan biri də "Gürcü Arzusu - Demokratik Gürcüstan”
partiyasıdır. Hakim partiyanın komandasında yer alan şəxslərdən biri dəGürcüstanda yaşayan soydaşımız Zaur Darğallıdır. O, 4 iyul 1988-ci ildə anadan
olub. 2005-2009-cu ildə İlia adına Dövlət Universitetində "Kompüter
texnologiyaları və ingilis dili” ixtisası üzrə ali təhsil alıb. 2007-2012-ci
illərdə Marneuli Gənclər Mərkəzinin yaranmasında iştirak edib. Həmin proqram
çərçivəsində Avrasia İnkişaf Fondu komitəsinin və Marneuli gənclər şurasının
üzvü olub. 2007-2011-ci illərdə Müharibə və Sülh İnstitutu (IWPR), Qafqaz
Jurnalistləri Şəbəkəsi, Regional Jurnalistlər Şəbəkəsi, İcma Radio, "Timer”
qəzeti kimi media təşkilatlarında çalışıb. 2011-2013-cü illərdə Marneuli Mülki
Məşğulluq Mərkəzinin koordinator müavini, növbəti illərdə USAD ofisinin
koordinatoru vəzifələrində çalışıb. 2013-cü ildə "Gürcü arzusu” koalisiyasının
Marneulidə gənclər şöbəsinin rəhbəri olub. 2014-2017-ci illərdə Barış və
Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstanın Dövlət Nazirinin Kvemo-Kartli
bölgə təmsilçisi olub. 2017-ci ildə Kvemo Kartli bölgə qubernatorunun müavini
vəzifəsində çalışıb. 2019-2020-ci illərdə Marneuli munisipalitetinin meri olub.
Gürcü, azərbaycan, rus, ingilis, türk dillərin bilir. Ailəlidir, 2 övladı var.
-
Zaur bəy, oktyabrın 31-də Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək.
Sizin də təmsil olunduğunuz "Gürcü arzusu” koalisiyası yeni seçkilərə hansı
əhval-ruhiyyə ilə gedir?
- Parlament seçkiləri olduqca mühüm, ölkənin siyasi
həyatını və gələcəyini həll edən əlamətdar hadisədir. Təmsil etdiyim "Gürcü
Arzusu - Demokratik Gürcüstan” partiyası bu seçkilərdə qalib gələcəyinə
inanaraq addım atır. Buna da bir çox səbəb var. Artıq on ilə yaxındır
partiyamız iqtidardadır, keçirilən seçkilərdə yüksək nəticə ilə qalib gəlir.
Bu, vətəndaşların partiyamıza etimadının yüksək olduğunun göstəricisidir. Səbəb
isə çox sadədir. Bizim komanda vətəndaş qarşısında verdiyi bütün vədləri yerinə
yetirir. Bölgələrdə böyük işlərə imza atılıb, insanların rifahı müsbətə doğru
dəyişib, bir çox sahədə inkişaf görünməkdədir. Müstəqillik qazandıqdan bu günə
kimi ölkəmiz çox kəşməkəşli yollar keçib, şəhərlərin infrastrukturu, insanların
yaşayış şəraiti, turizm imkanları, biznes sərbəstliyi, şəffaflıq,
antikorrupsiya islahatları, qanunun aliliyi və demokratik dəyərlərin qorunub
saxlanılması və digər məsələlər yüksək səviyyədə inkişaf etdirilib və qorunub.
Gürcüstan bir çox sahələrdə inkişaf etmiş dünya ölkələrinin içərisində ön
sıralardadır. Bu faktlar olduqca önəmlidir. Partiyanın rəhbəri Bidzina
İvanişvilinin yürütdüyü siyasətin uğurunu hər bir vətəndaş hiss edir və
qiymətləndirir. Bilirsiniz, xalqı aldatmaq və seçkilərdə hər hansı bir
saxtalaşdırma etmək mümkün deyil. Xalqın özü hər şeyi analiz edib doğru
seçimini edir. Buna sübut kimi hər bir seçkinin nəticələrini göstərmək olar.
Xalq bu partiyaya inanır, güvənir və seçir. Bütün bunları nəzərə alaraq, rahat
şəkildə deyə bilərik ki, biz qalib gələcəyimizə inanaraq, xalqın etimadına
güvənərək seçkiyə gedirik.
-
Gürcüstan Seçki Məcəlləsinə düzəlişlərin edilməsini hansı zərurət meydana
çıxardı? Bu düzəlişlər nəyi dəyişəcək?
- Hər bir dəyişiklik xalqın fikri və istəyi nəzərə
alınaraq edilir. Ölkəmiz Avropa yolunu tutub və bir çox Avropa parlamentində bu
sistem qəbul edilib. Bu sistem digərlərinə nisbətən daha şəffaf və demokratik
dəyərlərə uyğun sayılır. Ümumilikdə isə dəyişikliklərin yeganə səbəbi ölkədə
demokratiyanın, insanların azadlığının maksimum şəkildə təmin edilməsi,
vətəndaşların siyasi proseslərdə iştirakına şəraitin yaradılmasıdır.
Parlamentdə səs çoxluğu ilə qəbul edilən bu qərarın bir çox üstünlükləri var.
Onlardan ən önəmlisi insanların seçim imkanlarının genişləndirilməsidir.
İnsanlar fərqlidir. Hər kəs ölkəni inkişafa necə aparacağına dair şəxsi fikrə
sahibdir. Buna görə insanlarda siyasi baxış və mövqe dəyişkəndir. Vətəndaşlar
öz siyasi düşüncələrini müxtəlif partiyalarda tapmaq, onların sıralarına
qoşulmaq, öz ideyalarını orada gerçəkləşdirmək istəyirlər. Bu sistem, öncə
partiyaların artmasına və parlamentdə çoxpartiyalılığa səbəb olacaq. Bu isə
fikir müxtəlifliyi yaradaraq, ölkədə aparılan siyasətə yeni bir qatqı olacaq.
Əsas məqsəd xalqla dövlət arasındakı bağı möhkəmləndirmək, ölkəni, xalqın
iştirakı ilə inkişafa doğru aparmaqdır.
-
Bildiyimə görə, namizədliyi iqtidar tərəfindən majoritar qaydada irəli sürülən
yeganə azərbaycanlı namizədsiniz. Hazırda təbliğat-təşviqat kampaniyanız necə
gedir?
- Bəli, bu, mənim üçün ikiqat məsuliyyətdir.
Azərbaycanlıların səsi olmaq və onları parlamentdə layiqli şəkildə təmsil etmək
üçün əlimdən gələni edəcəyəm. Təbliğat-təşviqat kampaniyamız davam etməkdədir.
Bilirsiniz ki, mən iki bölgədən - Marneuli və Qardabani rayonundan namizədəm.
Ona görə də görüşlərimiz bu iki rayona daxil olan hər bir kənddə keçiriləcək.
Maksimum şəkildə əhali ilə görüşüb, onların problemlərini yerində öyrənib,
gələcək fəaliyyət planımızdakı əsas prioritetləri müəyyən edəcəyik. Ümumilikdə
bundan öncəki fəaliyyətim dövründə olduğu kimi, bundan sonra da kabinetdə
oturmaqla deyil, xalqın içində olmağa, vətəndaşlara xidmət etmək prinsipinə
üstünlük vermişəm.
-
Azərbaycanlıların yaşadığı regionda vaxtilə mühüm vəzifələrdə çalışdığınız üçün
soydaşlarımızı narahat edən problemləri hər kəsdən daha yaxşı bilirsiniz. O
problemlərin həlli üçün indiyə qədər hansı işləri görübsünüz? Müsbət nəticələr
varmı?
- Gənclik illərimdən bu günədək mənim işim icma ilə
olub. İstər ictimai sektorda, istərsə də dövlət işində, daima çalışmışam ki,
əhalini narahat edən problemləri dərindən araşdırım, onların həlli
istiqamətində çalışım. İndiyə qədər bununla bağlı bir çox mühüm layihələr
həyata keçirmişik. Lakin hər vəzifənin öz miqyası və öhdəlikləri var. Bəzən
daha geniş fəaliyyət üçün o çərçivəni aşmaq mümkünsüz olur. Lakin Marneuliyə
mer seçiləndən sonra fəaliyyət istiqamətim dəyişdi, daha geniş şəkildə çalışa
bildik. Beləliklə, Marneuli meri olaraq bir il fəalliyət göstərdim. Tam
əminliklə deyə bilərəm ki, bir il ərzində verdiyim vədlərin 90 faizini yerinə
yetirə bildim. Bizim üçün əsas problemlərdən biri infrastrukturla bağlı idi. O cümlədən
su məsələsi bizim üçün ən önəmli məsələlərdən idi. Bir çox kəndlərdə bu problem
illərdir ki, mövcud idi. Bu məsələni biz köklü şəkildə həll etdik. Bir çox
böyük kəndlərdə əsaslı şəkildə su xətləri salındı, yeni su anbarları inşa
edildi. Əgər 2012-ci ildə su ilə təminat 10 faiz idisə, biz bu faizi 85-90
faizə qaldırdıq. 2021-ci ilədək bu layihə tam olaraq başa çatacaq və əhali 24
saat içməli su ilə təmin ediləcək. Biz çalışırıq, bu problemi əsaslı şəkildə
həll edək. Buna görə də bəzi kəndlərdə bu məsələnin həlli bir az çox zaman
aldı. Lakin söz verdiyimiz kimi, susuz heç bir ev qalmayacaq. Eyni zamanda
mərkəzi və daxili yolların asfaltlaşdırılması prosesi sürətlə həyata keçirildi.
Yaxın gələcəkdə Marneulidə asfaltsız yol qalmayacaq. Küçələrin işıqlandırılması
və tullantılar üçün konteynerlərin quraşdırılması kimi məsələlər də həllini
tapıb.
-
Bəs, gənclərlə, onları qayğılandıran məsələlərlə bağlı hansı işləriniz,
fəaliyyətiniz olub?
- Mən uzun müddət gənclər sahəsində çalışmışam və
gəncliyin problemləri ilə də yaxından tanışam. Ona görə də ən əsas iş
prioritetim gənclər sahəsidir. Mer seçildikdən sonra da ilk addımlarımızdan
biri bu sahə ilə bağlı oldu. Hazırda meriyada gənclərlə işləyən xüsusi şöbələr
var. İlk dəfə biz tələbə-gənclərin inkişafı istiqamətində mühüm konsepsiya
hazırlamışıq. "Gənclər layihəsi 2020” konsepsiyası bir neçə əsas layihədən
ibarətdir. Birincisi təqaüd proqramlarıdır. Bura tələbələrin yol xərclərinin
ödənməsi, yüksək nəticə ilə təhsil alan gənclərə ildə birdəfəlik 1000 lari dəyərində
mükafatın verilməsi, aztəminatlı ailədən olan gənclər üçün xüsusi imtiyazların
tətbiq edilməsi daxildir. Gənclərin ideyalarına dəstək verilməsi, bu məqsədlə
kiçik qrant müsabiqələrin keçirilməsini də qeyd edərdim. Üçüncüsü isə dəyişim
proqramlarıdır ki, buraya ekskursiyalar, şəhərlərarası kommunikasiya və sair
daxildir. Konsepsiyaya əsasən gənclərin ideyalarının dəstəklənilməsi üçün
meriya tərəfindən kiçik qrantların ayrılması, tələbələr üçün təqaüd
proqramları, tələbələrin yol nəqliyyat haqlarının qarşılanması, gəzintilər,
müxtəlif aktivliklər təşkil edirik. Eyni zamanda tələbələr üçün meriyada
təcrübə proqramları var ki, bu proqram nəticəsində onlarla gənci işlə təmin edə
bilmişik.
-
Soydaşlarımızı hazırda hansı problemlər narahat edir?
- Qarşıda duran əsas problemlər infrastruktur, bir
qədər əvvəl vurğuladığım kimi, su və suvarma problemi, həmçinin kənd
təsərrüfatının inkişafı, təhsil problemləri, gənclərin inkişafı və digər
məsələlərlə bağlıdır. Bu və digər problemlərin həlli istiqamətində müxtəlif
ideya və iş planımız nisbətən hazırdır. Bəzilərinin həllinə artıq başlamışıq.
Platformamızın əsas prioritetləri infrastruktur layihələrinə, sosial
məsələlərə, gənclər və idman sahəsinə yönəlib. Bundan başqa ən vacib məsələ
regiona investorların cəlb edilməsidir. Bununla biz işsizlik faizini minimuma
endirməyi planlaşdırırıq. Yeni iş yerlərinin açılması üçün əlimizdən gələni
edəcək, başladığımız işi sürətlə davam etdirəcəyik.
-
Deputat seçiləcəyiniz təqdirdə fəaliyyətinizi necə quracaqsınız?
- Seçicilərimin təklif və problemlərini nəzərə
alaraq, hər iki rayonda mövcud olan problem və boşluqların aradan
qaldırılmasına çalışacağam. Nəzərə alaq ki, hər iki rayon aqrar rayondur.
Burada əsas məsələ kənd təsərrüfatının inkişafıdır. Bu istiqamətdə bir çox
güzəştlərə və dəyişikliklərə ehtiyac var. Eyni zamanda illərdir həllini
gözləyən önəmli problem torpaq qeydiyyatı islahatlarının aparılmasıdır. Bu
məsələ vətəndaşlara müəyyən maneələr törədir. Azərbaycanla Gürcüstan arasındakı
dostluğun inkişafına töhfə vermək əsas hədəflərimdən biridir. Bu əməkdaşlığı
daha çox inkişaf etdirmək üçün çalışacağam. Bir sözlə, ölkəmizin inkişafı
naminə yorulmadan çalışıb seçicilərimin etimadını doğrultmağa çalışacağam.
-
Seçicilərinizə son sözünüz nədir? Onlara əlavə olaraq nəyi çatdırmaq
istərdiniz?
- Öncə, üzərimə bu böyük məsuliyyəti qoyub mənə
inandığı üçün partiyamızın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.
Marneuli və Qardabani mənim üçün doğma rayonlardır. Marneulidə anadan olmuşam,
mənim ailəm və nəslim burada yaşayır, özüm də bu günümü və gələcəyimi bu
rayonla bağlamışam. Qardabani də mənim üçün doğmadır, insanları əzizdir. Hər
şeydən öncə, seçicilərim qarşısında məsuliyyətim, parlamentdə onların layiqli
səsi olmaqdır. Bu məsuliyyəti üzərimə götürərək onları əmin etmək istəyirəm ki,
hər zaman onların yanlarında olacağam, verdiyim sözlərin hamısını yerinə
yetirəcəyəm. Bunu marneulilər yaxşı bilir. Bir illik merlik dövrümdə və bundan
öncə çalışdığım vəzifələrdə hər zaman əlimdən gəldiyinin artığını etmişəm ki,
xalqın etimadını doğrulda biləm. Buna görə üzümü tutub hər bir seçicimə dərin
minnətdarlığımı bildirirəm. Onlar bir dəfə mənə güvənib səslərini etibar
etdilər. Bu seçkidə də məni dəstəkləyəcəklərinə əminəm. Çünki mənim üçün əsas
hədəf xalqımın rifahı olub. Bir il öncə, eləcə də bu gün onların qarşısına
üzüağ, yerinə yetirilmiş vədlərin hesabatı ilə çıxa bilirəmsə, əmin olun ki,
dörd il ərzində də hər görüşdə seçicilərimin qarşısına təmiz vicdanla, görülmüş
bir çox işlərin hesabatı ilə çıxacağam. Biz ölkəmizi birlikdə inkişaf
etdirəcəyik. Birlikdə Gürcüstanın uğuru naminə!
Rufik
İSMAYILOV