Bircə dəfə “dadmaq” da təhlükəlidir
Yaxud naşı
antireklamın reklama çevrilməsinin fəsadları
Hüquq-mühafizə
orqanları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinə, narkomanlığa
qarşı əməliyyat tədbirləri keçirilir. Belə tədbirlər nəticəsində metamfetamin
kimi tanınan narkotik vasitənin alqı-satqısı ilə məşğul olanların daha çox ifşa
olunması, məsuliyyətə cəlb edilməsi halları xüsusilə diqqət çəkir. Son aylar elə
gün olmaz ki, kütləvi informasiya vasitələrində, sosial mediada bununla bağlı xəbərlərə
rast gəlməyək. İdman zallarına, gözəllik salonlarına, iaşə obyektlərinə, əsasən
də, gənclərin toplaşdığı bir sıra əyləncə mərkəzlərinə yol tapan bu kimyəvi
vasitə necə populyarlaşıb? "Patı” və ya "şüşə” adı ilə yayılan narkotik – metamfetamin,
əslində nədir? Bu narkotik vasitənin insan orqanizmi üçün təhlükəsi nədən ibarətdir?
Buna qarşı daha effektiv mübarizəni necə aparmalı?
Rumıniyalı kimyaçının zərərli sintezi
Mövzu ilə bağlı nevroloq, Avropa Nevrologiya
Akademiyasının üzvü Qalib Əsədov bildirib ki, amfetamin 1887-ci ildə
Almaniyada rumıniyalı kimyaçı Lazar Edeleanu tərəfindən fenilizopropilamin adı
verilərək sintez edilib. Əvvəl belə hesab edilib ki, bu sintez noradrenalin və
adrenalin kimi təsir göstərir. Həkimin sözlərinə görə, sonradan vəziyyətin daha
mürəkkəb olduğu aydınlaşıb: "Bu kimyəvi vasitəni qəbul edən adamlarda əvvəlcə
qüvvə əmələ gəlir, iştahasızlıq yaranır, yemək istəmir. Və bunun əksinə olaraq,
adam bütün günü hərəkət etmək istəyir, müsbət emosiya yaranır, özünü olduqca
xoşbəxt hiss edir. İlk vaxtlar amfetamindən arıqlamaq, burun tutulması və
depressiyanın müalicəsi məqsədilə də istifadə edilib. Bu mənada amfetamin ideal
idi. Təsəvvür edin, iştaha yoxdur, hərəkət çoxdur, insan da özünü xoşbəxt hiss
edir. Amma təəssüf ki, hər şey bu qədər ideal alınmadı. Niyə? Çünki bir neçə dəfə
qəbuldan sonra insan bu maddədən asılı vəziyyətə düşürdü. XX əsrin ortalarında
amfetamindən təkcə yorğunluğu aradan qaldırmaq üçün psixostimulyator kimi
istifadə etməyə başladılar. İkinci Dünya müharibəsi illərində ABŞ və Almaniya
ordusu amfetamini yorğunluq yaranmasın deyə, şokolada qatıb əsgərlərə verirdi.
İkinci Dünya müharibəsindən sonra amfetamini idmançılar qəbul etməyə başladı.
İş o yerə çatdı ki, uzun məsafələrə qaçış zamanı yorğunluq hiss etməyən
idmançılar elə yarış zamanı ölürdü. Bundan sonra amfetamin narkotik
adlandırılaraq, qadağan olunub”.
Bircə doza qəbul etmək kifayətdir ki…
Həkim deyib ki, amfetamin narkotik vasitə kimi
qadağan olunduqdan sonra diskotekalarda özünə yer tapıb və xüsusilə, gənclər
arasında geniş yayılmağa başlayıb: "Elə "patı” sözü ingilis dilində "party”
sözündən götürülüb. Bu preparatı qəbul edənlər səhərə qədər yorulmaq bilmədən rəqs
edirlər. Amfetamin bu gün gizli laboratoriyalarda qeyri-qanuni sintez olunur və
qara bazarda satılır. İdmanda amfetaminin istifadəsi hazırda dopinq kimi qəbul
olunur və qadağandır. Velosipedçi, 1965-ci ildə Britaniyanın ən yaxşı idmançısı
titulunu qazanmış, 1956-ci il olimpiya oyunlarının bürünc mükafatçısı Tomas
Simpson 1967-ci ildə amfetamin qəbul edərək uzun məsafəyə velosiped sürmə
yarışında həyatını itirib. Bu kimyəvi maddələrdən asılılıq zamanı orqanizm az
müddət ərzində tükənir və sürətli qocalma və ölüm baş verir. Beyində geridönməz
proseslər yaranır. İnsan artıq əvvəlki mənliyini, şəxsiyyətini, ləyaqətini
itirir. Müalicə isə demək olar ki, çox az hallarda effekt verir. Ona görə də,
bu maddələri hətta "prob” etmək, "dadmaq” belə təhlükəlidir. Bir dəfə dadına
baxdıqdan sonra beyin elə formatlanır ki, sən o sən olmursan. Ona görə də, əziz
valideynlər, övladlarınıza nəzarət edin, məhv olmağa qoymayın. Onları
narkobaronların maddi mənafeyinə qurban verməyin. İstər qızın, istərsə də
oğlanın amfetamin adlı bu narkotik vasitəni bircə doza qəbul etməsi kifayətdir
ki, bütün gələcək həyatı məhv olsun”.
2200 kiloqrama yaxın narkotik vasitə dövriyyədən
çıxarılıb
Bu narkotik vasitənin alqı-satqısı ilə məşğul
olanlara qarşı mübarizəyə gəlincə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat
Xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə əlaqələr şöbəsinin
rəisi, polis mayoru Elşad Hacıyev son statistikanı qəzetimizə açıqlayıb. O
bildirib ki, cari ilin 7 ayı ərzində daxili işlər orqanları əməkdaşlarının
keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ton 200 kiloqrama yaxın
narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb. Şöbə rəisinin sözlərinə
görə, dövriyyədən çıxarılan narkotik vasitələr arasında psixotrop maddələrin, o
cümlədən "patı”, "şüşə” adı ilə tanınan metamfetaminin həcmi, orta hesabla 200
kiloqramdan çox olub.
Naşı antireklam özü də reklamdır
Bəs bu narkotik vasitəyə qarşı mübarizə tədbirləri
düzgün qurulubmu? Bu barədə "Kaspi”yə fikirlərini bölüşən Vətəndaşların Əmək
Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib ki, narkomaniya əleyhinə
fəaliyyətlər, narkomaniya ilə bağlı tədqiqatların aparılması, xüsusən də,
yeniyetmələr arasında sorğuların keçirilməsi zamanı ciddi metodik qaydalara əməl
etmək lazımdır. Onun sözlərinə görə, əgər azyaşlılar arasında təbliğat
aparılırsa, burada müəyyən etik qaydalar qorunmalıdır, əks halda görülən
qabaqlayıcı tədbirlərin özü də reklama çevrilə bilər: "Naşı antireklam özü də
reklamdır. Misal üçün, bir-iki ay bundan öncə Azərbaycanda küçədə hərəkət edən
insanlar arasında sorğu keçirsəydik ki, "patı” nədir, 80-85 faiz respondent
bunun nə olduğunu bilməyəcəkdi. Amma indi hamı məlumatlıdır. Məlumatlılığın
özünün isə iki tərəfi var. Birinci halda insan təhlükədən məlumatlı olur və
ondan uzaqlaşır, imtina edir. İkinci halda insan məlumatlı olur və təhlükəli
hesab olunan bu vasitənin "dadına baxır”, onun nə olduğunu yoxlayır. Azərbaycanda
hazırda narkotik vasitələrin zərəri, "patı” kimi tanınan vasitənin insan üçün təhlükəsi
barədə müxtəlif təbliğat materialları, narkotikin antireklamı, videoçarxlar
ictimailəşdirilir. "Gözəllik salonunda xanımlara arıqlamaq üçün "patı” təklif
edirlər” kimi xəbəri də oxuyur, eşidirik. Biri bu xəbərə "doğrudanmı "patı”
arıqladır?” deyə reaksiya verir, bununla maraqlanır. Bir başqasının iddiasına
görə, parklarda yaşlı, kimsəsiz vətəndaşlara kimlərsə "patı” paylayır ki,
onların vəziyyəti yaxşılaşsın, gümrah olsun və sair”.
Nəticə ilə deyil, səbəblə mübarizə aparılmalıdır
Hüquq müdafiəçisinin qənaətincə, antireklama müxtəlif
reaksiyalar verilir ki, bu da insan həyatı üçün təhlükə sayılan həmin narkotik
vasitəni daha da populyarlaşdırır: "Təxminən 2-3 ay bundan öncə ilə müqayisədə
sintetik narkotik vasitələr Azərbaycanda daha populyar olub. Əhalinin böyük əksəriyyəti
"patı” və sair bu kimi narkotik vasitələr barədə məlumatlıdır. Fikrimcə, eşitməyin,
məlumatlı olmağın xeyirli tərəfi ilə yanaşı, zərərli tərəfi də var. Zərərli tərəf
o zaman çox olur ki, antinarkomaniya təbliğatı naşı səviyyədə aparılır,
sistemsiz olur. Əslində bunu tənzimləməyin özü də çətindir. Təəssüf ki, sosial
şəbəkələrdə narkomaniyanın dolayı və birbaşa reklamları da var. Bu kimi səbəblərdən
kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə antinarkomaniya təbliğatı
düzgün aparılmalıdır. Mövcud metodiki vasitələrdən, indiyə qədər olan müsbət təcrübələrdən
yararlanmaq lazımdır. Primitiv antinarkomaniya təbliğatının zərərli tərəfləri
ola bilər. Onu da unutmaq olmaz ki, cinayət təqibi narkomaniyaya, narkomanlığa
qarşı mübarizədə vasitələrdən yalnız biridir. Bu, olmalıdır. Bununla paralel
tibbi, sosial, profilaktik tədbirlər həyata keçirilməlidir. Əks halda, effekt
olmayacaq. Unutmaq olmaz ki, cinayətkarlığa qarşı mübarizə səbəblə deyil, nəticə
ilə mübarizədir. Səbəblə mübarizə üçün başqa tədbirlər həyata keçirilməlidir.
Burada əsas üstünlük profilaktik və xəbərdaredici tədbirlərə verilməlidir. Bunu
sistemli şəkildə daha da genişləndirmək lazımdır”.
Rufik İSMAYILOV