“Bir dəfə zirvəni gördünsə, səni oradan heç kim ayıra bilməz” - Fotolar
Təhlükə,
risk, esktrim onun üçün zövqdür. Dağları o qədər sevir ki, danışanda həyəcandan
dili-dodağı quruyur. Düşünür ki, ölüm riski olsa belə, hər bir insan ömründə
bir dəfə də olsa, zirvə yolçuluğuna çıxmalı və bunun həzzini yaşamalıdır.Müsahibimiz
alpinist Qərib Tağızadədir. Bakıda, Binə kəndində anadan olub. 121 saylı məktəbi bitirdikdən
sonra Sankt-Peterburqda Mülki Aviasiya Akademiyasında təhsil alıb. Hazırda əcnəbi
şirkətdə Rope Accesdir (Rope Acces neft-qaz sahələrində əl çatmayan yerlərə ip
vasitəsilə çatanlara deyilir). Həmsöhbətimiz öz işində ən yüksək - 3-cü səviyyəyə
gəlib və dünyanın ən nüfuzlu sertifikatı olan Irata sertifikatını alıb.
- Qərib bəy, alpinizmə marağınız necə yaranıb? Dağ
sevgisini necə kəşf etdiniz?
-
Adrenalini sevirəm. Əslində, çalışdığım sahə də riski sevir. Hobbimlə birlikdə
ikiqat təhlükə yaşayıram. Alpinizm işlədiyim yerdən daha təhlükəlidir. Dağçı
Nurlan Xudazarovla bir yerdə böyümüşük. O, dağ turizmi ilə məşğul olurdu.
2014-cü ildə mən də ona qoşuldum və ilk dağ macəram başladı. Təsəvvür edin,
dağda istifadə etdiyim geyim, paltarlar mənim deyildi. Hər şey çox narahat idi.
Ciddi dərəcədə əziyyət çəkdim. Mexaniki olaraq kampa gec çatdığım üçün Nurlan
da mənimlə gec çatdı. Orada hamı çadırlarını qurmuşdu. Bizə düz yer çatmadı.
Nurlan məcbur olub əyri yerdə çadır qurdu. Yataq kisəsi deyilən bir geyim var
ki, yatanda soyuq olmasın deyə içinə giririk. O zaman əl-qol işləmir. Adam
özünü bələkdə olmuş kimi hiss edir. Yer düz olmasa, baş aşağıdadırsa, ayaqlar
adamın üstünə gəlir. Səhərə qədər soxulcan kimi dırmanırdım. Bütün gecəni
çadırda mübarizə apardım. Özümə söz verdim ki, bir də dağa gəlməyəcəyəm.
Ayaqlarımın ağrısı 10 gün çəkdi. Amma ağrı keçəndən sonra Nurlana yazdım ki,
yenə də dağ istəyirəm. O yol məni Elbrusa qədər apardı.
- Özünüz də vurğuladınız ki, hər zaman təhlükəli
işlərlə məşğul olmusunuz. Təhlükəni sevirsiniz, ya bu bir daxili tələbatdır?
- Yəqin ki, bu mənim psixoloji strukturumdan asılıdır. Loru dildə desək,
"Allah, Allah” deyərək edəcəyim işləri sevirəm. Ekstrim, risk etmək mənim üçün
zövqdür. Məncə, bu xasiyyətdir. Ailəm də bu xasiyyətimə bələddir və məni dəstəkləyir.
3 nəfər dostlarımız dünyasını dəyişəndə, atam sadəcə bir söz dedi ki, ehtiyatlı
ol və çox risk etmə. Ailəm elə bilir ki, mən 1B marşrutu ilə hərəkət edirəm. 1B
dırmanaraq deyil, daha düz yolda yeriyərək qalxmaqdır. Amma evdə bilmirlər ki, ən
risklilərini edirəm. Dağla bağlı hər şeyi sevirəm. Amma məni daha çox cəlb edən
ekstrimdir. Onlar mənə həyəcan verir. Yaşadığımı hiss edirəm. Dağlarla bağlı ən
çox sevdiyim nüans isə Azərbaycan bayrağını zirvələrə sancmaqdır. Bayrağa çox
bağlıyam. Heç vaxt demirəm ki, Azərbaycan bayrağı zirvələrə yaraşır. Zirvələr
Azərbaycan bayrağına yaraşır və bizdən bunu tələb edir. Biz də onu qaldırırıq.
- Dağdan danışanda həyəcanlanırsınız. O sevgini bizə
necə izah edə bilərsiniz?
- Dağlar
tam başqa və ciddi dərəcədə çətin aləmdir. Heç nəyə oxşamır və izahı yoxdur. Şəhərdən
çıxırsan, dağa yollanırsan. İlk olaraq, hamıdan uzaq olursan. İnternet olmur, zəng
gəlmir. Yanında yalnız ekspedisiya yoldaşların olur. Dağa gedərkən heç kim əmin
deyil ki, zirvəni başa vuracaq. Amma istər böyük, istər kiçik zirvələrin özünəməxsus
qəribə hissləri var. İnsan nə qədər yorğun olsa da, zirvəyə çatır, o yorğunluq
yox olur. Hətta 2 dəqiqə dayanmaq imkanın olsa belə... Və o həzzi heç nə ilə əvəz
etmək mümkün deyil. Dağa gedən insan
ciddi hazırlaşır və əziyyət çəkir. Zirvəyə çıxanda bütün əziyyətlərinin bəhrəsini
görürsən. Ölüm riski o qədər çoxdur ki... Böyük risk altında getdiyini bilə-bilə
gedirsən. Dağ xəstəliyi deyə bir xəstəlik var. Dağçılar bu xəstəliyə tutulur.
Dostlarım var ki, deyir, gecə 3-də oyanıram, ayaqlarım sızıldayır, dağa getmək
istəyirəm. Bir dəfə zirvəni gördünsə, səni oradan heç kim ayıra bilməz. Dağın
havasını, təbiətini, 12 saat ərzində dəyişə bilən fəsillərini sevirəm. Çox
soyuq havada gecə 2-də oyanıb yola düşməyi sevirəm. Əziyyətdir, amma nəticəsi
çox gözəldir.
- Hansı dağlarda olmusunuz?
- Kiçik
Qafqaz dağlarından 3 dəfə Kəpəzdə olmuşam. 2 dəfə Qoşqarın zivəsinə qalxmışam.
İlk qalxdığım zirvə Xızıda Dübrar dağı olub. 3 dəfə Heydər zirvəsində, Şahdağ,
Bazardüzü, Tufan, Çingiz zirvələrində olmuşam. İranda Taftan dağına (4000
metr), Savalana (4811 metr), Demavendə səyahət etmişəm. 2018-ci ilin avqust
ayında isə, Avropanın və Qafqazın ən yüksək zirvəsi olan Elbrusa (5642 metr)
qalxmaq qismət oldu.
- Sevginizi elə gözəl ifadə etdiniz ki, alpinist
olmaq istədim. Amma dağlar həm də vəhşi heyvanların məkanıdır axı... Bir az da
başınıza gələn təhlükəli hadisələrdən danışaq.
- Hündür
dağlarda saatlarla zirvəyə doğru yol gedirsən. Çox qatı duman və pis hava insan
ölümünə səbəb ola bilər. Məşhur türk alpinist Tunç Fındık deyir ki, dağa
qalxanda sanki başınızı şirin ağzına salmısınız və dua edirsiniz ki, ağzını
bağlamasın. Dağlarda fiziki və psixoloji hazırlıqla yanaşı, şans da lazımdır.
Ən çətini isə vəhşi heyvanlardır. Əsasən payız aylarında səhər yuxudan oyanıb,
çadırların yaxınlığında canavar sürüsü, ayı, qaban izləri görmüşük. Amma
inanın, yırtıcı heyvanlardan daha çox dağ keçiləri təhlükəlidir. Onlar insanı təhlükə
kimi görürlər və başımıza daş salmağa çalışırlar. Uçurumun kənarında dayanır,
ayaqları ilə qaya parçalarını aşağı atırlar. Savalan dağının 3600 metrdə yerləşən
Base kampı ayıları ilə məşhurdur. Boyları çox kiçikdir, amma yanlarında
balaları olanda aqressiv olurlar. 2018-ci ilin iyununda yanında iki balası olan
ayı zibil qutularını eşələmək üçün kampa gəldi. İranlı fotoqraf qız ayı
balasının şəklini çəkmək istədi və bu, faciə ilə nəticələndi. Ayı qızı
parçalayaraq 40-50 metr sürüdü... Amma nə qədər təhlükəli olsa da, mən
dağlardakı gözəllikləri çəkməyi və paylaşmağı sevirəm. Zənnimcə, hər kəs ömründə
bir dəfə də olsa, o zirvə yolçuluğuna çıxmalı və zirvə həzzini yaşamalıdır.
- Bəzən dağa gedən xanımları qınayırlar. Yəqin ki,
komandanızda xanımlar olub. Onların potensialını necə qiymətləndirirsiniz?
- Qızlar
bəzən oğlanlardan daha inadcıl və əzmkar olurlar. Mənim dostum Zəhra 10 gün əvvəl Avropanın ən yüksək zirvəsi Elbrusdan qayıdıb. Günay Muradova uşaq həkimidir və ilk cəhdində Azərbaycanın ən yüksək zirvəsi
olan Bazardüzünə qalxdı. Dağlarda hamıya yer var. Əzmkarlıq, dözümlülük təkcə
kişilərə xas xüsusiyyət deyil ki... Düzdür, qadınlar daha incə, zərif
varlıqlardır. Amma onlar istəyəndə içlərindən, sözün yaxşı mənasında canavar
çıxa bilər. Sadəcə çox ehtiyatlı olmaq lazımdır. Dağın gözəlliyindən danışdıq,
amma dağın üzü dönəndə, eynilə dəniz kimi vəhşiləşir. Təbiət böyük qüvvədir,
onun önündə heç bir canlı dayana bilməz.
Aygün
ƏZİZ