• cümə, 29 Mart, 18:04
  • Baku Bakı 14°C

Bir bala görə bir il vaxt itkisi

04.06.21 18:00 7768
Bir bala görə bir il vaxt itkisi
DİM: "Magistraturaya qəbul imtahanında fənlər üzrə bal məhdudiyyətinin götürülməsi nəzərdə tutulmur”
"Mayın 26-da keçirilən magistraturaya qəbul imtahanında iştirak etmişəm. İmtahanın birinci mərhələsində minimal bal tələbinə uyğun bal toplamışam. Lakin burda fənlər üzrə də minimal bal tələbi var. Xarici dildən bu tələbi ödəmək üçün mənim cəmi 1 balım çatmır. Minimal tələb 5-dir, mən 4 bal toplamışam. Bir bala görə təhsilimi davam etdirməkdən məhrum oluram. Ən azından müsabiqədə iştirakıma icazə verilsin. 1 bal mahiyyətsiz görünə bilər, amma hazırda bizim taleyimizi həll edir. Bir bala görə 1 il vaxt itiririk”. Bu sözləri bizimlə söhbətində Elşən Məmmədov söylədi.

Sədaqət Həcətovanın da durumu Elşənlə eynidir. Sədaqət də 1 bala görə, kənarda qalmaq istəmir: "60 bal toplamışam. Rus dilindən isə minimal bal tələbini ödəmək üçün 1 balım çatmır və ona görə kənarda qalıram. Mənə şans verilməsini xahiş edirəm. Mümkündürsə, ixtisas seçimində iştirak edim və ödənişli əsaslarla da olsa, təhsilimi davam etdirim. Əziyyətimin yerdə qalmasını istəmirəm”.

Məsələyə "xarici dildən 5 suala düzgün cavab yaza bilmirsənsə, niyə magistr təhsili alasan?” prizmasından yanaşanlar da var. Sədaqət bu yanaşma ilə bağlı da fikrini bildirdi: "Mən 1 ay 20 gün kursa getmədən özüm imtahana hazırlaşmışam. Məntiqdən 38, informatikadan 18 düz cavabım var. Xarici dili daha yaxşı öyrənmək üçün isə mənə daha çox vaxt lazım idi. Müəllim işləyirəm. Qısa müddətdə bu qədər çatdırdım. Amma çox əziyyət çəkdim. Gecələr yuxusuz qalıb dərs oxumuşam. 1 bala görə çöldə qalıram, əziyyətimə heyfim gəlir. Çox həvəslə çalışmışdım. İndi 1 balın bağışlanmama ehtimalı, həqiqətən adamın içini göynədir. O 1 bal mənim gələcəyimi çox dəyişdirir. Tək mən deyil, belə tələbələr çoxdur, hamımız üçün belə güzəşt olmasını istəyirəm. Əvvəlki illərdə güzəşt təcrübəsi olub, bu il də gözləyirik”.

Sənan Diniyev də 1 bala görə kənarda qalanlardandır: "51 bal toplamışam. İngilis dilindən 4 bal topladığım üçün kənarda qalıram. Bir fəndən nisbi balı yığa bilməyən elə tələbələr var ki, fənlər üzrə nisbi balı toplayan əksər tələbələrdən, ümumilikdə daha çox bal yığıblar. İndi belə çıxır ki, nisbi balı toplayan tələbələr magistr oxumalıdır, biz isə çöldə qalmalıyıq. Bu, haqsızlıqdır. Biz də əziyyət çəkmişik. Nisbi bal məsələsinin bu il də ləğv olunmasını istəyirik”.


Bəli, magistraturaya qəbul imtahanında minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlar bu il də var. Onlardan 3 nəfərin fikirlərini çatdırdıq. Amma sosial şəbəkədə yazılanlardan aydın olur ki, bununla bağlı paylaşım edən, 1-2 bala görə kənarda qaldığı üçün güzəşt gözləyənlər çoxdur. Hər il eyni problem yaşanır. Əvvəlki illərdə güzəşt edilib. Bəs bu il də güzəşt gözlənilirmi? Ümumiyyətlə, 1-2 bala görə bakalavrların təhsildən kənar qalması nə dərəcədə düzgün sayılır?

Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov deyir ki, magistraturaya qəbul imtahanında bir-iki bal heç bir önəm daşımır: "Bir-iki balı biz burda hər hansı keyfiyyət göstəricisi hesab edə bilmərik. Həqiqətən də bir insanın motivasiyası tamdırsa, araşdırmağa meyillidirsə, komanda işinə uyğundursa, qarşı tərəfdəki elmi kadrları razı sala bilirsə, onları qəbul etmək və magistratura təhsili almasına şərait yaratmaq lazımdır”.

Q.Məhərrəmov bildirdi ki, magistraturaya qəbul prosesində dünya təcrübəsinin bizdə də tətbiq edilməsinə ehtiyac var: "Bizdə bakalavr təhsili boyunca hansısa fənni keçirsən, ondan imtahan da verirsən, amma sonra magistraturaya qəbul imtahanında səni həmin fəndən imtahan edirlər. Yəni biz riyaziyyat müəllimliyindən məzun olan insanın riyazi biliklərini də yoxlayırıq. Bunu etməməliyik. Bir çox ölkələrdə magistraturaya qəbul imtahanı fənlər üzrə verilmir. Azərbaycan da ona doğru getməlidir. İnsanlar ümumi intellektual səviyyə, riyazi və dil qabiliyyəti, oxuduğunu anlama baxımından yoxlanılır. Müəyyən göstəricilərə cavab verirsə, ikinci - müsahibə mərhələsinə keçir. Bu zaman isə tələbəni öz fakültəsinə, kafedrasına qəbul edəcək heyət müsahibə edir.

GRE, GMAT imtahanları necədir? Bu imtahanlar bakalavrların hansı ixtisaslardan məzun olduqlarına baxmadan, onların intellektual səviyyəsini yoxlayır. Həmin imtahanın nəticəsi ilə tələbələr dünyanın müxtəlif yerlərindəki magistratura imtahanlarına müraciət edirlər. Bu şəkildə qəbul olurlar.

Türkiyədə ALES (Akademik Lisans Üstü Eğitim Sınavı) var. Bu da ümumi imtahandır. Türk dili və riyazi biliklər yoxlanır. İngilis dilində magistratura proqramları təklif edən universitetlər İELTS, TOEFL kimi, ingilis dili imtahanı tələbi də qoyurlar. Bəzən onu da qoymurlar. Deyirlər ki, biz müsahibədə müəyyənləşdirəcəyik ki, o adam ingilis dilini bilir, yoxsa yox. Burda sistem daha asanlaşmış olur və daha məntiqli, istəkli insanlar müvafiq ixtisaslarda magistr təhsili almağa getmiş olur”.

Q.Məhərrəmov qeyd etdi ki, magistr təhsilində elmi rəhbərlə tələbə tədrisdən öncə bir-birini tanımalıdır: "Bizdə bu iş mərkəzləşmiş qaydadadır. Ancaq nəzərə almalıyıq ki, magistraturaya sənəd verən insan elmi karyeranın pillələrinə addım atmış olur. O adam elmi rəhbərlə işləyəcək. Elmi rəhbərlə tələbənin münasibəti bir neçə illik münasibətdir. Ailə quracaq cütlüklərin münasibəti kimidir. Bir-birlərini görmədən bir-birlərini seçə bilməzlər. Müsahibələri şəffaflaşdıra, universitetlərin idarəçilərini düzgün, daha yaxşı seçə, həmin idarəetmə sistemlərində neqativ halların qarşısını tam ala bilsək, o zaman bu mövzuda universitetlərə güvənə biləcəyik. Universitet öz tələbəsini özü seçsin. Bakalavrda seçmir, heç olmasa, magistraturada bu imkanı olsun”.

Dövlət İmtahan Mərkəzinin mətbuatla iş sektorunun müdiriXanlar Xanlarzadə"Kaspi”yə açıqlamasında bildirdi ki, hər il müsabiqə şərtləri imtahan iştirakçılarının sayı, onların nəticələri, plan yerləri və s. məsələlərə görə fərqli ola bilər. Bu il fənlər üzrə bal məhdudiyyətinin götürülməsi nəzərdə tutulmur.

Aygün Asimqızı
Foto Tapdıq Abdullayev/ Global Media Group

banner

Oxşar Xəbərlər