• cümə, 26 Aprel, 21:33
  • Baku Bakı 22°C

Benzin su qiymətinə, yoxsa su benzin qiymətinə?

17.07.21 11:00 1882
Benzin su qiymətinə, yoxsa su benzin qiymətinə?
Satışda olan mineral süfrə sularının baha olmasını şərtləndirən amillər
Nəyinsə qiymətinin ucuz olduğunu ifadə etmək üçün "Su qiymətinə” deyə bir frazeoloji birləşmə işlədirik. Amma son vaxtlar bu bənzətmə artıq əhəmiyyətini itirib. Çünki su o qədər də ucuz deyil. İndi benzin su yox, su benzin qiymətinə satılır. Hətta litri benzindən də baha olan su var mağazaların vitrinlərində. Ona görə benzinlə müqayisə etdim ki, benzin əldə etmək üçün xam neft emal prosesindən keçir. Təbii ki, emal prosesinin də xərcləri var. Su, benzin kimi emal prosesindən keçmir, bəs onun qiymətini baha edən səbəb nədir? Yaxud baha olan suların tərkib və keyfiyyət fərqi də qiyməti qədərdirmi?
Bu, bir iqtisadi qanundur
İqtisadçı professor Elşad Məmmədov deyir ki, ölkəmizdə suyun qiymətinin baha olmasını şərtləndirən amillər var: "Birincisi, bazarda su istehsalçılarının sayının çox olmamasıdır. Burda müəyyən inhisarçılıq var. Gürcüstanla müqayisə etsək, orda ölkə iqtisadiyyatının imkanları daha məhduddur, iqtisadiyyat daha dardır, amma su istehsalçıları arasında böyük rəqabət var. Rəqabət olan yerdə qiymətlər nisbətən aşağı olur. Bu, bir iqtisadi qanundur”.
Su resurslarına çıxış məhduddur
İqtisadçı deyir ki, qiymət amilin formalaşmasında qablaşdırma xərcləri böyük çəkiyə malikdir: "Qablaşdırma ilə bağlı bizdə idxaldan asılılıq yüksək səviyyədədir. Bu da qiymətlərin artmasına şərait yaradır. Daha önəmli bir amil su resurslarının özü ilə bağlıdır. Azərbaycanda su resurslarına çıxış bir qədər məhduddur. İşğaldan azad olunan ərazilərin ölkə iqtisadiyyatında iştirakı, sözsüz ki, bu istiqamətdə imkanları genişləndirəcək. Çünki həmin ərazilər kifayət qədər böyük su ehtiyatlarına malikdir”.
Reklama çox pul xərclənirsə...
İqtisadçının qənaətincə, daşıma məsələləri də burda artıma təsir edir: "Benzinin, qazın, elektrik enerjisinin qiymətində gedən dəyişiklik, nəticədə əksər məhsulların qiymətində öz əksini tapır, o cümlədən də, suyun”. E.Məmmədov qeyd etdi ki, ölkədə istehsal olunan eyni tip məhsulların arasında böyük qiymət fərqi olmasının səbəbləri brendləşmə, marketinq amili kimi məsələlərlə də bağlıdır: "Brendləşmə də qiymətlərdə böyük fərq yarada bilir. Eyni kimyəvi tərkibə malik olan suyu bir şirkət 50 qəpiyə satar, o biri, tanınmış brend olduğu üçün, 2 manata sata bilər. Eyni zamanda reklam xərcləri var. Reklama çox pul xərclənirsə, bu da məhsulun dəyərinin üzərinə gəlir. Düzdür, istehlakçının öz seçimidir, amma eyni tərkibə malik məhsulu bazardakından çox yüksək qiymətə satmaq istehlakçıların aldadılmasıdır”.
Bu şərait olsa...
Suların pərakəndə satışda qiymətlərinin daha yüksək olmasına gəlincə, E.Məmmədov bildirdi ki, bunun səbəbi ticarət şəbəkələrinin inhisarçı fəaliyyətidir: "Bir sıra böyük ticarət şəbəkələri istehlak bazarında inhisarçılıqla məşğuldurlar və qiymətlərin enməsində maraqlı deyillər. Bazarda hər hansı iştirakçının rolu böyük olanda o, artıq bazar qiymətlərini xeyli dərəcədə müəyyən etmiş olur. Avropa ölkələrinin paytaxt şəhərlərinin ticarət şəbəkəsində, marketlərində satışa qoyulan suyun küçədə satılan sudan 2-3 dəfə baha olduğunu görə bilərik. Bu onun göstəricisidir ki, o ticarət şəbəkəsi inhisarçıdır, qiymətini yüksək təyin edir. Amma orda ticarət şəbəkələrindən kənarda da istehsalçının suyunu sata bilməsi üçün şərait var. Bu şərait olsa, inanıram ki, Azərbaycanda ticarət müəssisələrində 1 manata olan suyu 40-50 qəpiyə görə bilərik. Suyu istehsal edən şirkətlərin birbaşa satış apara biləcəyi alternativ satış yerləri – yarmarkalar, satış məntəqələri yaradılmalıdır. Ticarət şəbəkələri məhsulun qiymətinin üzərinə bəzən çox böyük ticarət əlavələri qoyurlar. Beynəlxalq təcrübədə ticarət əlavəsi 5 faizdirsə, bir də görürsən ki, hansısa inhisarçı şirkət 20-25 faiz ticarət əlavəsi qoyur. Bu da pərakəndə bazarda satış qiymətlərinə təsir edir”.
İstehlakçıların aldadılmasıdır
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, suların qiymətindəki böyük fərq marketinq taktikasıdır: "5 il bundan öncə Dünya Su Konqresinin iştirakçısı olmuşam. Orda da qeyd edildi ki, hələ elm hansı orqanizmə hansı suyun lazım olduğunu kəşf etməyib. Ən baha qiymətə satılan su bir ailənin 2 nəfər üzvü üçün uyğun olar, 3 üzvü üçün yox. Suyun normal ekspertizasının aparılması üçün onun 300-ə qədər parametri araşdırılmalıdır, o da ki yoxdur. Bazarda litri 40 qəpikdən 10 manata qədər olan sular var. Əgər bu, sudursa, qiyməti niyə bu cür olmalıdır? Dövlət buna müdaxilə etməlidir. Marketinq oyunudur, istehlakçıların aldadılmasıdır. İnsan bədəninin 85 faizi su olduğundan, bədəndəki xəstəliklərin 80-85 faizini suda axtarmaq lazımdır. Suyun bu ilahiliyindən istifadə edən su istehsalçıları bütün dünyada istehlakçıları aldadırlar”.
Aygün Əhmədova
banner

Oxşar Xəbərlər