Bayraq kimliyim, bayraq mənliyimdir...

Elə bir adam ola bilməz
ki, mənsub olduğu dövlətinin bayrağını görüb qəlbində qürur, mənliyində iftixar
hiss etməsin. Bəlkə də mübaliğəsiz demək olar ki, dünyada bütün zirvələrdən,
yüksəkliklərdən daha çox, insanlar dövlət bayraqlarının ucalığına xüsusi sevgi
ilə yanaşırlar. Bu baxımdan, bayraq ucalıqdır, milli heysiyyətdir, vətəndaşlıq
qürurudur. Bayraq millət, dövlət, milli mənlik deməkdir. Azərbaycan Respublikasının
Konstitusiya Qanununda da deyildiyi kimi, Azərbaycan Respublikasının Dövlət
Bayrağı Azərbaycan Respublikasının dövlət rəmzidir.
Azərbaycan Xalq
Cümhuriyyətinin qaldırdığı müstəqillik rəmzi
Üçrəngli Dövlət Bayrağımız Şərqdə ilk
parlamentli, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaldırılıb.
1918-ci il noyabrın 9-da Dövlət Bayrağı haqqında məsələyə baxan Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizbucaqlı
ulduzdan ibarət olan bayrağı Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı
olaraq qəbul edib. Üstündə ay-ulduz nişanəsi olan Dövlət Bayrağımızın rənglərindəki
məzmunda xalqımızın milli ideologiyası və mənliyi təcəssüm tapır. Dövlət
Bayrağımızdakı mavi rəng türklüyümüzü, qırmızı rəng azadlıq və istiqlaliyyəti,
demokratiya və insan hüquqlarını, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluq
anlamını ifadə edir.
Naxçıvandan qaldırılan
bayraq
Azərbaycan Xalq
Cümhuriyyəti süqut etdikdən sonra üçrəngli bayrağımız endirildi. Yalnız 72 ildən
sonra Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən Azərbaycan
xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağa başladı.
Düz 72 il sonra dahi lider Heydər Əliyevin uzaqgörən zəkası və əzmi ilə
Naxçıvanda dalğalandırılan, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı
olaraq təsdiq edilən üçrəngli bayraq məhz dövlətçiliyimizin və müstəqilliyimizin
bərpa olunması və eləcə də siyasi varisliyin təmin edilməsi idi. 1990-cı illərin
çətin, ağır günlərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda
mühüm dövlətçilik fəaliyyəti həyata keçirilərək, milli dövlətçilik ənənələrinin
əsası qoyuldu. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin,
ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən iclasında birinci növbədə
bayraq məsələsinə baxılmış, yüksək səsvermə ilə üçrəngli, ay-ulduzlu bayraq qaldırılmış,
Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilmişdir. Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin 19 noyabr 1990-cı il tarixli qərarı ilə isə
bu bayraq rəsmi surətdə Ali Məclisin binası üzərində ucaldılmışdır.
Beləliklə, vaxtilə böyük uzaqgörənliklə
Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin əzmi ilə alınan
tarixi qərarlar müstəqil Azərbaycan dövlətinin dövlətçilik yoluna çevrilib.
Dövlət bayrağı kimi üçrəngli, ay-ulduzlu bayrağın Azərbaycanın Dövlət Bayrağı
olaraq qəbul edilməsi də Naxçıvandan başlanan yolun davamı oldu. Ölkə ictimaiyyətinin
tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR-nin Ali Soveti Dövlət Bayrağı
haqqında Qanun qəbul edərkən üçrəngli bayrağa da Azərbaycan Respublikasının Dövlət
Bayrağı statusu verdi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən
Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək,onun
dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını da qəbul etdi.
Ən uca, ən ali dəyər...
Dövlət bayrağımız
bizim milli dəyərimizdir. Elə bir dəyər ki, bizə milli qürur, mənlik, ləyaqət,
güc, qüdrət verir. Bu gün dünyanın, demək olar, əsas ölkələri ilə əlaqə və
münasibətdə olan, beynəlxalq təşkilatlarda təmsil olunan dövlətimiz öz bayrağı
ilə tanınır. Birləşmiş Millətlər Təşkilatı kimi mühüm beynəlxalq təşkilatın
qeyri-daimi üzvü olan, sülhməramlı tədbirlərdə bütün qüvvəsi ilə iştirak edən
dövlətimiz, üçrəngli bayrağı ilə sərhədlər aşdıqca, ölkələr keçdikcə xalqımızın
milli simvolu kimi yaddaşları fəth edir, əbədiləşir. Keçirilən müxtəlif tədbirlərdə,
beynəlxalq yarışlarda qaldırılan Dövlət Bayrağımız həm də qələbə və zəfər üfüqlərini
özündə təcəlla etdirir. Bayrağımız dalğalandığı hər bir ölkədə siyasi qələbəmizin
təntənəsi kimi qürur verir, bütün dünya azərbaycanlılarının həmrəylik, birlik rəmzi
kimi yüksəlir. Ulu öndərimiz demişdir: "Mən çox ölkələrə gedirəm. Hava limanında Azərbaycan
bayrağını görəndə həddindən artıq sevinirəm. Yaşadığım iqamətgahın, əyləşdiyim
avtomobilin üstündə Azərbaycan bayrağını, hansı bir yerə danışığa gedəndə Azərbaycan
bayrağını görürəm. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də hər
bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.
Onda bayrağa olan məhəbbət, eyni zamanda, vətənə, xalqa, dövlətə olan məhəbbət
bərabər olsun”.
Yeni mərhələnin təntənəsi...
Ulu öndər Heydər
Əliyevin dövlətçilik yolu dünyaya bir günəş kimi doğan, günü-gündən inkişaf edən
müstəqil Azərbaycan Respublikasının idarəçilik yolu, siyasi kursu və dövlətçilik
fəlsəfəsidir. Bu baxımdan ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət rəmzlərinə
olan qayğısı da həmişə ölkəmizdə ön planda tutulmuş, uğurla davam və inkişaf
etdirilmişdir. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanın dövlət müstəqilliyi tarixində
yeni mərhələnin başlanğıcını qoydu. Məhz bu mərhələdə ölkəmiz bir sıra nailiyyətlərə
imza atmaqla, Heydər Əliyev siyasətinin nə qədər böyük bacarıqla idarə
edildiyini qətiyyətlə təsdiq etdi. Beynəlxalq aləmdə özünü dayanıqlı inkişaf,
iqtisadi yüksəliş, etibarlı tərəfdaş kimi təsdiq edən Azərbaycan Respublikası həmçinin
daxili siyasətdə də əvəzsiz uğurlarla ölkə ictimaiyyətinə böyük fərəh və sosial
rifah bəxş etdi. Bu nailiyyətlərin davamı olaraq Prezident İlham Əliyevin Azərbaycan
Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi, habelə 2007-ci il
noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam
imzalaması milli dəyərlərimizə və dövlət atributlarına, o cümlədən Dövlət Bayrağına
hörmət və ehtiramın yüksək ifadəsi kimi böyük razılıqla qarşılandı. 2010-cu ildə
Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması hər bir Azərbaycan vətəndaşının
bayrağa məhəbbət hisslərini daha da alovlandırdı.
Prezident
İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradıldı. Bütün
bunlar qüdrətli dövlətin və müstəqilliyinə hakim bir gücün təzahürü olaraq, Azərbaycan
vətəndaşına iftixar gətirir. Bayraq Meydanının açılış mərasimində çıxış edən
ölkə Prezidenti cənab İlham Əliyev üçrəngli bayrağımızın müstəqil Azərbaycanın
simvolu, xalqımızın qürur mənbəyi olduğunu bildirərək demişdir: "Bu
meydan nadir memarlıq abidəsidir. Bu bayraq bizim milli dəyərimizdir. Bayraq
Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə
sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. ...Bizim bayrağımız qürur
mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın
hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa
edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan
torpaqlarda da qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində,
Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və
yaxınlaşdırırıq” .
Naxçıvanda
uğurla davam etdirilən dövlətçilik yolu...
Naxçıvan Muxtar
Respublikasında da Heydər Əliyev dəst-xəttinə uyğun olaraq dövlət rəmzlərinin təbliğ
olunması, hörmət və ehtiramla qarşılanması həmişə diqqət mərkəzində saxlanılıb.
Bu baxımdan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyev dövlətçilik
təlimi uğurla davam və inkişaf etdirilir. Dövlət atributlarının təbliği də
başlıca yerdə dayanır. Naxçıvan Muxtar Respublikasında Bayraq Meydanının yaradılması
istiqamətində aparılmış işlər də razılıq doğurur. Belə ki, "Naxçıvan şəhərində
Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin 22 avqust 2014-cü il tarixli Sərəncamı ilə Naxçıvan
şəhərinin ən hündür və gözəl yerində Dövlət Bayrağı Meydanı və Muzeyi
yaradılmışdır.
Naxçıvan
şəhərində inşa edilmiş Bayraq Meydanının mərkəzindəki bayraq dirəyinin
pyedestalının altında unikal quruluşa malik Bayraq Muzeyi yaradılmışdır. Səkkizguşəli
ulduz formasında inşa olunan muzey binası eyni quruluşa malik sütunlarla əhatə
olunmuşdur. Bayraq Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə
çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Naxçıvan Muxtar
Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun təntənəli paradı, hərbi texnika və
aviasiya qüvvələrinin təlim yürüşü Azərbaycanın dövlət müstəqilliyi və ərazi
bütövlüyünün rəmzi olan müqəddəs bayrağımızın etibarlı müdafiə olunduğunu tam mənası
ilə nümayiş etdirdi. Mətanətli və döyüşkən ordumuzun, hərbi helikopterlərin
nümayiş zamanı böyük təntənə ilə gətirdikləri bayraqlar sanki qələbə meydanına
gətirilən zəfər bayrağı kimi alqışlanmaqla, zəfərin yaxın olduğuna ismarıc
verdi.
Birliyə,
həmrəyliyə çağırış rəmzi...
Bəli, "Bayraqları
bayraq yapan üstündəki qandır, Torpaq...uğrunda ölən varsa, vətəndir”... Yüksəklərdə
dalğalanan bayrağımız hər birimizə qürur, böyük iftixar, müstəqillik və
azadlığın dərin hisslərini yaşadır. Müstəqilliyimizin,
milli varlığımız və dövlətçiliyimizin rəmzi olan bayrağımız uğrunda canlarını verən, azadlıq, istiqlaliyyət, müstəqillik yolunda fədakarlıq
nümayiş etdirən şəhidlərimizin şəhadəti, əməli, niyyəti bizləri bu bayraq
altında birliyə, həmrəyliyə, vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və yüksəlişi
uğrunda mübarizəyə səsləyir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: "Kim
Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim
Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın
ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin
əməkdaşı,
filologiya üzrə fəlsəfə
doktoru, dosent
