Bakıda və Sumqayıtda yeni tibb mərkəzləri TƏBİB-in tabeliyində fəaliyyət göstərəcək
"Bakıda və Sumqayıtda tibb mərkəzlərinin yaradılması zamanı müvafiq inzibati ərazi üzrə əhalinin sayı, əhaliyə düşən tibb işçilərinin sayı, tibb müəssisələrinin maddi-texniki bazasının vəziyyəti, nəqliyyat və digər infrastruktur imkanları nəzərə alınıb. Tibb mərkəzləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərəcəklər”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi İddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.
O bildirib ki,Bu struktur dəyişikliklərini həyata keçirməkdə əsas məqsəd Bakı və Sumqayıt şəhərləri üzrə fəaliyyət göstərən dövlət tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarəolunmasını təmin etməkdir: "İdarəetmənin mərkəzləşdirilməsi, tibb müəssisələri şəbəkəsinin optimallaşdırılması və onların resurslarından səmərəli istifadə islahatın prioritet istiqamətlərindəndir. Struktur dəyişiklikləri planı hazırlanarkən icbari tibbi sığortanın tətbiqi ilə bağlı həyata keçirilən pilot layihə və tibb müəssisələrinin potensialının qiymətləndirilməsi üzrə nəticələr nəzərə alınıb, mövcud vəziyyət araşdırılıb”.