AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakı Xoreoqrafiya Akademiyasında yeni kadr təyinatı olub

Bakı Xoreoqrafiya Akademiyasında yeni kadr təyinatı olub

Mədəniyyət
09 Fevral 2021, 17:15 508
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Azərbaycan Respublikasının Əməkdar artisti Əziz Yaşar oğlu Qarayusifli Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Mədəniyyət Nazirliyindən Kaspi.az-a verilən məlumata görə, Əziz Qarayusifli 1968-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini klarnet sinfi üzrə, 1994-cü ildə isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) Orkestr və kamera ansamblının artisti ixtisası üzrə bitirib.
BMA-nın opera studiyası orkestrinin rəhbəri (1994-1996, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində orkestr artisti (1996-2016) vəzifələrində çalışıb.

Ə.Qarayusifli son təyinatadək Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru vəzifəsində işləyib. Mərkəzi İncəsənət Məktəbinə rəhbərlik etdiyi müddətdə məktəbdə xoreoqrafiya sənətinə diqqət artırılıb, onun təşəbbüsü ilə məktəbdə "Alov” rəqs qrupu yaradılıb.

Ə.Qarayusifli 2018 və 2019-cu illərdə VII və VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumlarının iştirakçısı və məruzəçisi olub. MDB-nin iştirakçı dövlətlərinin musiqi, mədəniyyət və incəsənət təhsili sahəsində əməkdaşlıq üzrə Baza Təşkilatı statusu verilmiş Qnesinlər adına Rusiya Musiqi Akademiyasının İctimai Şurasının üzvüdür. Bir sıra beynəlxalq müsabiqələrin münsiflər heyətində ölkəmizi təmsil edib.

2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən "Əməkdar artist” fəxri adına layiq görülmüşdür.

1990-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı orkestrın solisti, 2018-ci ildən isə Bakı Musiqi Akademiyasının dosentidir.

Məlumat üçün qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyası Azərbaycan Respublikasında xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi zərurətini nəzərə alaraq, bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında yaradılan və ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən ixtisaslaşmış təhsil müəssisəsidir. Akademiyanın yaradılması ilə regionda, xoreoqrafiya sənəti sahəsində ilk unikal çoxpilləli və fasiləsiz təhsil sisteminin əsası qoyulub. Eyni zamanda fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan dövlət təhsil kompleksi olan BXA yaradılarkən, klassik balet, dünya xalq və Azərbaycan rəqsləri üzrə ali təhsilli kadrlar hazırlanması, Azərbaycanda xoreoqrafiya təhsili sənətinin inkişaf etdirilməsi məsələləri strateji məqsəd kimi akademiyanın qarşısında qoyulub.