AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bahara nə qaldı ki...

Bahara nə qaldı ki...

Mədəniyyət
13 Mart 2021, 12:00 1059
Görsən ki, qiyamət qopur, əlindəki fidanı torpağa basdır
 
Sizi bilmirəm, mənim üçün baharın gəlişi günün uzanması ilə başlayır. Elə ki səhər işə, axşam evə tələsirəm və hava hələ işıqlı olur, fikirləşirəm: deməli, ağrı-acılı, çətin günlərin ömrü gödəlib. Belə günlərdə dünya insana daha ümidli, daha şirin görünür. O anlarda, saatlarda ömrün ötən illərində itirib gəldiyimiz arzular yenidən çağlayır, ağaclar qəlbimizdə tumurcuqlayır, təbiət cilvələnir...

Bu qış arzuolunan kimi keçdi. Kiçik çillə nə bələkdəki körpəyə, nə də qarının keçilərinə xətər yetirə bildi. Gözümüz doyunca qar görmədi, şaxta barmaqlarımızı sızlatmadı. Aranda yağan qar da yerdə qalmadı. Bu isə əkinçiləri narahat etdi. Çünki qar və şaxta olmayanda ziyanvericilər əkinlərə ciddi zərər verir. Lakin mütəxəssislərin fikrincə, yağıntının miqdarı zəmilərin, bağ-bostanın, yaşıllığın inkişafına bəs edər.

 İndi boz aydır. Amma boz ay da ipə-sapa yatan deyil, ha. Fikrini tez-tez dəyişən adamlar kimidir. Bir də gördün tufan qopdu... Amma nə illah eləsə də, ömrü gödək, arxası yazdır. Bu günlərdə yağan qar nə yerdə qalasıdır, nə də qatı duman dağlarda. Elə ki, ilıq yaz küləyi əsdi, düz-dünya cənnətə dönəcək. Çərşənbələrin çoxu arxada qaldı. Bir azdan dağların əlçatmazlarında xarlanmış qar da sulanacaq, suya-selə dönüb torpaqlarımıza bərəkət səpəcək...

  Oyanış, gözəllik, səmimiyyət bayramı olan Novruza hazırlıq işləri başlayıb. Şəhər və kəndlərimizdə təmizlik, abadlıq işlərinə start verilib. Bu Novruzu alnıaçıq, üzüağ, ürək genişliyi ilə qarşılayacağıq. Çünki igidlərimiz ötən payızda böyük qəhrəmanlıq göstərərək 44 gün ərzində işğal olunmuş torpaqlarımızı azad etmişlər. Artıq o yerlərdə sürətli quruculuq işlərinə başlanılıb.

  Novruzun özəlliyi bir də zəngin süfrəsindədir. İndi hər bir evdə imkan olan qədər bayram şirniyyatı - şəkərbura, paxlava, şorqoğalı, badambura və sair bişirilir. Allah hər bir ailənin süfrəsinə bərəkət qismət eləsin!

 Bir vaxtlar nənələrimiz xalça-palazı Novruzadək kəsmək üçün gecəni-gündüzə qatardılar. Yun darayar, cəhrəni işə salıb iplik hazırlayardılar. Cəhrə səsinə, bir az zarafat, bir az gerçək, oxuyardılar:
 
Gülmalının yanı cırıq,
Əyir, cəhrəm, əyir.
Kəndxudanın zatı qırıq,
Əyir, cəhrəm, əyir.
Uşaq qaldı tumançaq,
Əyir, cəhrəm, əyir.
Gəlin qaldı yalıncaq,
Əyir, cəhrəm, əyir...
 
Baharın nəfəsi arabir adamı vurur. Gəlişi qəlbimizdə müşküllərimizi inamla, fədakarlıqla həll etmək ümidi oyadır. Günəş, qəfil bir neçə saatlığa gülümsəyəndə, adam üstündəki "qış yükü"nü soyunub atmaq, şəhərdən kənara çıxmaq həvəsinə düşür.

Yəqin çoxları mənimlə razılaşar ki, hər il baharın gəlişini yaddaqalan etmək, təbiri-caizsə, tarixləşdirmək üçün ən yaxşı iş, əməl yazağzı ağac, gül kolları əkməkdir. Çünki bu, hər kəsin torpağın sinəsindəki izi deməkdir. Buna görə də, imkanı olan hər bir soydaşımız bu günlərdə ağac, gül əkməyi və onu becərməyi unutmamalıdır. Çünki ağac sağlamlıq, gözəllik, sərvət mənbəyidir. Oxuyub öyrəndiklərimdən yadda qalan budur ki, meşə və meşəkənarı sahələrə, bitki örtüyü zəif ərazilərə nisbətən, təqribən 50 faizdən çox yağıntı düşür. Bir hektar ağaclıq ildə 3 tondan 6 tonadək zəhərli qazları udur. Böyük bir ağac saatda, təqribən, 1,5-1,7 kiloqram oksigen buraxır. Bu isə 72 insanın sutka ərzində oksigenə olan ehtiyacını ödəmək deməkdir.

Ağaclar həm də qida mənbəyidir. Ağaclarda yetişən meyvələr ilboyu yalnız insanlar deyil, yüzlərlə canlı tərəfindən də yeyilir. Quşlarla yanaşı, bir çox canlılar elə ağacın kök və budaqlarında yaşayıb, çoxalırlar... Bəzən min əziyyətlə böyüdülən insan bir ağac qədər cəmiyyətə xeyirli olmur. Bütün bunlara görə, Peyğəmbərimiz Həzrəti Məhəmməd buyurub: "Görsən ki, qiyamət qopur, əlindəki fidanı torpağa basdır". 2019-cu ilin dekabrında böyük sair İmadəddin Nəsiminin yubileyi ilə bağlı ölkə üzrə 650 min ağac əkilmişdi. Gözəl tədbir idi.

Bakı son onilliklərdə çox böyüyüb, gözəlləşib. Amma bu gün Bakının, Abşeronun yaşıllığa daha çox ehtiyacı var. Çünki paytaxtın havası ürəkaçan deyil, bağları, parkları azdır. Mövcud parklarda da yaşıllıq lazımi qədər deyil. Respublikamızın əksər şəhərlərində də vəziyyət qənaətbəxş deyil. Deməli, yaşıllaşdırma genişləndirilməlidir. Doğrudur, hər il bu işə milyonlar xərclənir, amma əkilən tinglərin və kolların xeyli hissəsi qayğısızlıqdan məhv olur. Bakıda yaşıllıq sahələri var ki, ildə bircə dəfə də olsun suvarılmır. Halbuki, o ağacların əkilməsinə və böyüdülməsinə, balalarımızın ehtiyacı ola-ola, qıyılmayan uşaqpulundan qat-qat çox vəsait xərclənib...

 Məlumat üçün deyək ki, hazırda Bakı şəhərində mövcud olan yaşıllıqların ümumi sahəsi, təxminən 15 min hektardır kı, bu da adambaşına 6 kvadratmetr təşkil edir. Aşağı göstəricidir. Son illərdə paytaxtda və ölkənin regionlarında  meşə fonduna daxil olmayan ərazilərdə 22 milyondan çox ağac əkilib və yaşıllıq salınıb. Amma gəlin görək quru, külək əsəndə toz qopan, qaynar günlərdə kölgələnməyə ağac tapılmayan sahələr nə qədərdir. Çooox! Axı o yerlər də Vətən torpağıdır. Yeri gəlmişkən deyək ki, düşməndən azad olunmuş torpaqlarımızın yaşıllaşdırılması, oradakı meşə fondunun bərpası çox vacibdir. Sevindiricidir ki, artıq həmin ərazilərdə bu vacib işə başlanılıb.

 Torpağın sinəsi isindikcə, əkinlərə, bağ-bağçaya ürək rahatladan təravət yayılacaq. Zəmilər, sanki bir göz qırpımında boy atacaq. Düz-dünya "çiçək yağışı”nda çiməcək. Baharın gəlişinə, bəlkə də, hamıdan çox sevinən, əlini, ürəyini əkin-biçinə hazırlamış insanlar olacaq. Günəş gülümsəyən, torpaq isinən kimi, onlar toxumu götürüb şum üstünə çıxacaqlar.

Gün kürəyimizi tərlədəndən sonra hər kəs harasa getmək həvəsinə düşəcək və səyahətlər başlayacaq.

Allah hamını arzularına qovuşdursun, ağrılı, nisgilli günləriniz arxada qalsın!

 Daha bahara nə qaldı ki...
 
Səməd Məlikzadə