Azərbaycanın xarici siyasəti ötkəm və məhsuldardır

Ötən illərdə Azərbaycanın xarici siyasət kursu balanslaşdırılmış
şəkildə həyata keçirilib. Bunun nəticəsidir ki, Azərbaycan dünya ölkələri ilə
qarşılıqlı şəkildə əməkdaşlıq edir və mövcud siyasi-iqtisadi koalisiyalara
qoşulmur. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son ildə bu
tarazlaşdırılmış xarici siyasət davam etdirilib.Onu qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri
keçirildi və böyük səs çoxluğu qələbə qazanan İlham Əliyev növbəti 7 ildə də
ölkəyə rəhbərlik edəcək. Bəs, görəsən növbəti illərdə Azərbaycanın xarici
siyasətində hansısa dəyişikliklər olacaqmı?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki,
Prezident İlham Əliyevin parlamentdə andiçmə mərasimi oldu və dövlət başçısı
ölkə konstitusiyasına, Qurani-Kərimə and içdi: "Andiçmədən sonra dövlət başçısı
ölkəmizin son 15 il ərzində qazandığı daxili və xarici siyasət uğurları ilə
bağlı geniş çıxış etdi. Təbii ki, əsas diqqət mərkəzində saxlanılan
məsələlərdən biri də xarici siyasət məsələləri idi. Prezident qeyd etdi ki, biz
həm daxili, həm də xarici siyasətdə ona görə böyük uğurlara imza atırıq ki, ulu
öndər Heydər Əliyevin müəyyən etdiyi kursu davam etdiririk. Yəni, onun müəyyən
etdiyi yol ən düzgün yoldur və ona görə də belə nəhəng siyasi, iqtisadi
nailiyyətlərlə beynəlxalq mövqeyimizi möhkəmləndirən nəticələrə nail ola
bilmişik. Bu nöqteyi-nəzərdən prezident İlham Əliyevin növbəti 7 il ərzində xarici
siyasət kursunun ulu öndərin müəyyən etdiyi balanslı, tarazlaşdırılmış,
çoxvektorlu xarici siyasət kursunun növbəti davamı olacağı bəllidir. Bilirik
ki, dövlət başçısı bu kursa bir çox yeniliklər gətirib. Xarici siyasətimiz ilk
növbədə daha çevikdir və bura hücum taktikası əlavə edilib. Ona görə də
prezident nitqində bildirdi ki, ikitərəfli əlaqələr çox yüksək səviyyədədir.
Bunun sayəsində Azərbaycan çoxtərəfli münasibət inkişaf dinamikasına malikdir.
Xüsusilə, qonşu ölkələrlə münasibət Azərbaycan üçün prioritet istiqamət təşkil
edir. Bu onun 15 illik fəaliyyəti dövründə də var idi və bundan sonra da həmin
siyasət daha da inkişaf etdiriləcək. Onu qeyd edim ki, bizim dördtərəfli format
da formalaşıb və uğurla davam etdirilməkdədir”.

E.Nəsirov qeyd etdi ki, prezident İlham Əliyev xarici siyasətdə
prioritet istiqamətlərdən biri kimi Dağlıq Qarabağ probleminin həlli məsələsini
də dilə gətirib: "Bu məsələdə Azərbaycanın prinsipial mövqeyi var və dəyişməzdir.
Həmin mövqe ondan ibarətdir ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həllini tapa bilər. Ərazi bütövlüyü məsələsi heç bir zaman
danışıqlar predmeti olmayıb və bundan sonra da olmayacaq. Beynəlxalq birlik bu
məsələlərdə Azərbaycanın mövqeyini dəstəkləyir. Bu kontekstdə prezident andiçmə
mərasimində onu da qeyd etdi ki, Ermənistan qondarma rejimdə qondarma
referendum keçirtdi, amma bunun nəticələrini heç bir dünya dövləti, beynəlxalq
təşkilat tanımadı. Əksinə, bu qondarma seçkiləri pislədi. Bu da o deməkdir ki,
beynəlxalq ictimaiyyət və onun subyektləri növbəti dəfə Dağlıq Qarabağı və
ətrafında işğal olunmuş 7 rayonu Azərbaycan ərazisi kimi tanıyır. Artıq bu,
Azərbaycanın diplomatik nailiyyəti kimi qeyd oluna bilər. Məsələyə bu
kontekstdən yanaşdıqda da növbəti 7 ildə İlham Əliyevin prezidentliyi zamanı
Azərbaycanın xarici siyasət kursunun ulu öndərin müəyyən etdiyi kurs kimi
olacağı bəllidir və bu istiqamətdə yeni hədəflər və istiqamətlər qazanmaq əsas
məqsədlərimizdən biridir. Ona görə də inauqurasiyada dövlət başçısı qeyd etdi
ki, Azərbaycan bayrağı Ağdərə, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad
edilmiş ərazilərində dalğalanmaqdadır. Lakin əsas hədəf odur ki, bayrağımız həm
Şuşada, həm də Xankəndində dalğalansın. Növbəti 7 ildə bu məsələnin öncül yerdə
dayanacağı artıq indidən hər kəsə bəllidir”.

Politoloq Tofiq Abbasov bildirdi ki,
uğurlu siyasəti dəyişməyə ehtiyac olmur: "Ancaq onu gücləndirmək üçün
korrektələr və əlavələr etmək olur. Azərbaycanın xarici siyasətinin ana xətti
bəllidir. Ölkəmiz həm bölgədə, həm postsovet məkanında, həm də Qərblə
münasibətlərdə, İslam Konfransı təşkilatı ilə əlaqələrdə praqmatik və çox aydın
mövqe tutur, özünün əməkdaşlığa, qarşılıqlı anlaşmaya hazır olduğunu bildirir. Biz
artıq bu siyasətin pozitiv nəticələrini görürük. Təsadüfi deyil ki,
Azərbaycanla bir çox ölkələr sıx əlaqələr qurmaq istəyirlər. Çünki ölkəmiz
xarici sektorda, deyərdim ki, Ermənistan kimi baş ağrı gətirən, problem yaradan
dövlətlərdən deyil. Əksinə, Azərbaycanın münasibətləri qurmaqda məqsədi ondan
ibarətdir ki, əməkdaşlıq artsın, qarşılıqlı mənfəət əldə olunsun, təhlükəsizlik
təmin edilsin. Çünki təhlükəsizliyin ən yaxşı qarantı əməkdaşlıq, birgə
fəaliyyət göstərməkdir. Ona görə də hesab edirəm ki, Azərbaycanın xarici
siyasəti kifayət qədər ötkəm və məhsuldardır. Bu baxımdan da böyük
dəyişikliklərə ehtiyac yoxdur”.
T.Abbasov vurğuladı ki, ölkəmizin düşmənləri də bir yerdə dayanmırlar
və əleyhimizə fəaliyyət göstərirlər: "Misal üçün, Ermənistanı və onu
dəstəkləyən müxtəlif dövlətlərdə olan lobbi qruplarını, eləcə də erməni diaspor
təşkilatlarını göstərmək olar. Bunlar bütün ölkələrdə Azərbaycana qarşı
sistemli şəkildə fəaliyyət göstərirlər, bizim imicimizi korlamağa çalışırlar.
Bu təbii ki, bizə nəinki xoş gələ bilməz, həm də biz onunla barışa bilmərik. Ona
görə də son illərdə Azərbaycanın hətta uzaq Cənubi Amerika qitəsində belə, fəaliyyəti
intensiv hal alıb. Azərbaycana saxta təbliğat lazım deyil, sadəcə, həqiqətlərin
düzgün şəkildə retranslyasiya edilməsi lazımdır. Bu baxımdan hesab edirəm ki,
rəsmi diplomatiyamız, həm də xalq diplomatiyamız, artmaqda olan Azərbaycanın
dostları kifayət qədər dinamik mövqe tutublar. Ona görə də bu istiqamətdə
fəaliyyət kifayət qədər qənaətbəxşdir”.
Bəxtiyar MƏMMƏDLİ
