Azərbaycanın şərti, Ermənistanın vurnuxması - TƏHLİL
Azərbaycanın təqdim etdiyi 5
maddəlik tələb Ermənistana diktə edir ki, mövcud problemlərin həll olunması
üçün danışıqlar masasına otursun. Ermənistanın Rusiya və Qərb arasında vərdiş
etdiyi manevr imkanları tükənir.
Vətən müharibəsindən sonra Azərbaycan Ermənistanla
münasibətləri normallaşdırmaq istiqamətində bir sıra addımlar atıb. Rəsmi Bakı sülh
müqaviləsi imzalamağa hazır olmasına dair ən yüksək səviyyədə bəyanatlar verib.
Lakin ötən müddət ərzində Ermənistan tərəfi buna qarşılıq verməyib. Azərbaycan
Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin normallaşdırılması üçün növbəti
dəfə rəsmi İrəvana təkliflər təqdim edib.
İkitərəfli sülh sazişi üçün baza prinsipləri
Vasitəçilər tərəfindən Ermənistana çatdırılan bu təkliflər
5 baza prinsipindən ibarətdir. Təklif olunub ki, münasibətlərin normallaşması
üçün dövlətlər bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini
qarşılıqlı şəkildə tanısın. Dövlətlər bir-birlərinə qarşı ərazi iddialarının
olmadığını qarşılıqlı şəkildə təsdiq etsin və gələcəkdə belə bir iddianın
qaldırılmayacağına dair hüquqi öhdəlik götürsün. Hər iki tərəf dövlətlərarası
münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik
və ərazi bütövlüyünə qarşı gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin
məqsədlərinə uyğun olmayan digər hallardan çəkinsin. Dövlət sərhədinin
delimitasiyası və demarkasiyasına başlanılsın, diplomatik münasibətlər qurulsun.
Ən nəhayət, nəqliyyat və kommunikasiyalar açılsın, digər müvafiq
kommunikasiyalar qurulsun, qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa
başlanılsın. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, iki dövlət məhz
bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönələn danışıqlar
apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər.
Ermənistanın Rusiya ilə Qərb arasında vurnuxması
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan tərəfinin
təqdim etdiyi təkliflər gündəmdə olduğu ərəfədə Fransada səfərdə olub. Rəsmi İrəvan
bu təkliflərə cavabını ATƏT-in Minsk qrupuna təqdim edib. Ardınca ABŞ dövlət
katibi Entoni Blinken Ermənistan və Azərbaycan liderlərinə zəng edib. Blinken
Prezident İlham Əliyevlə söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə
dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma
prosesi barədə fikir mübadiləsi aparıb. Eyni zamanda regional təhlükəsizlik məsələləri
müzakirə olunub. Belə bir fonda Ermənistan parlamentinin spikeri Türkiyə ilə sərhədləri
açmağa hazır olduqlarını bəyan edib. Maraqlıdır, Ermənistanın Azərbaycanın sülh
müqaviləsi təklifinə konstruktiv yanaşması realdırmı? Ermənistan prosesə ABŞ və
Fransanı da qoşmaqla nəyi hədəfləyir? Rəsmi Yerevanın bu vurnuxmalarına Rusiyanın
reaksiyası necə olacaq?
Paşinyan acınacaqlı vəziyyətə düşməkdən qorxur
Politoloq Əlimusa İbrahimov mövzu ilə bağlı "Kaspi”
qəzetinə açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistan tərəfi
ciddi çaşqınlıq içindədir. Onun sözlərinə görə, rəsmi İrəvan həm dünya dövlətlərinin
Rusiyaya qarşı getdikcə güclənən nifrəti fonunda Avropada olan himayədarların
vasitəçiliyindən yararlanaraq Azərbaycan və Türkiyə ilə münasibətləri inkişaf
etdirmək istəyir, həm də indiki vəziyyətdə Rusiyanı narazı sala biləcək
addımlar atmaqdan ehtiyatlanır, tərəddüd edir: "Rusiya-Ukrayna münaqişəsinin
Türkiyə və Azərbaycanın regionda, dünyada mövqeyinin möhkəmlənməsinə xidmət
etdiyini anlayan Ermənistan acınacaqlı vəziyyətə düşməkdən qorxur. Amma Azərbaycanın
israrlı şəkildə mövcud problemləri həll edərək son nəticəyə can atması
qarşısında davam gətirə bilməyəcəyini də başa düşür. Baş nazir Nikol Paşinyan
qarşısına qoyulan çağırışlara cavab vermək məcburiyyətində olduğunun da fərqindədir”.
Türkiyə və Azərbaycanın artan beynəlxalq nüfuzu
Politoloqun qənaətincə, Azərbaycanın təqdim etdiyi 5
maddəlik tələb Ermənistana diktə edir ki, mövcud problemlərin tezliklə həll olunması üçün
danışıqlar masasına otursun: "ErmənistanRusiya-Ukrayna müharibəsi kölgəsində gizlənə bilməyəcək. Rusiyanın məsləhətlərindən məhrum olan
Paşinyan hökuməti Azərbaycanın tələbləri qarşısında çıxış yolu tapmayaraq,
Avropadakı havadarlarına üz tutub. Paşinyan Fransaya səfər edir, Ermənistan xarici
işlər naziri Ararat Mirzoyan Azərbaycanın təqdim etdiyi 5 tələbin cavabını
ATƏT-ə verir. Digər tərəfdən, Paşinyan Rusiya ilə Ukrayna arasındakı müharibəni
müzakirə etmək üçün ona zəng edən Entoni Blinkenlə Azərbaycanla Ermənistan
arasındakı münaqişəni müzakirə etməyə cəhd edir. Bütün bunlar ermənilərin Rusiya-Ukrayna
müharibəsi nəticəsində regionda yaranmaqda olan yeni reallıqlar qarşısında
qorxuya düşdüklərindən xəbər verir. Türkiyə və Azərbaycanın beynəlxalq
nüfuzunun hər keçən gün artması, regionda baş verən münaqişələrin həll
olunmasında Azərbaycanın ciddi oyunçu kimi ortaya çıxması erməni strateqlərini ciddi
narahat edir”.
Ermənilər daha çətin şəraitlə üzləşəcəklər
Ə.İbrahimov söyləyib ki, Ermənistan Azərbaycanın
sülhə doğru atdığı addımları konstruktiv qiymətləndirmək arzusunda deyil. Onun
qənaətincə, Ermənistan siyasi rəhbərliyi yenə də ATƏT və ABŞ kimi ənənəvi
havadarlarının yardımına bel bağlamaq istəyir: "Azərbaycan Prezidenti İlham
Əliyev 44 günlük Vətən müharibəsindən sonra qeyd etdiyi kimi, regionda və
dünyada gedən geosiyasi proseslər yeni reallıqlar ortaya çıxarmaqdadır. Ermənilər
öz istəklərindən asılı olmayaraq, bu reallıqlarla barışmaq məcburiyyətindədirlər.
Onların artıq start götürmüş proseslərin istiqamətini dəyişmək cəhdləri nəticə
verməyəcək. Ermənilərin Rusiya və Qərb arasında vərdiş etdiyi manevr imkanları tükənir.
Əgər Ermənistan bu gün Azərbaycanın tələblərinə cavab verməsə, sabah daha çətin
şəraitlə üzləşəcək”.
Rufik İSMAYILOV