Azərbaycanın proqnozlaşdırılandan qat-qat artıq neft ehtiyatı var

2049-cu
ilin sonunadək "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan daha 3
mlrd. barel neftin hasil olunacağı nəzərdə tutulur. Bunu SOCAR-ın IV
Beynalxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı,
Neft-kimya" forumunda çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə
regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. Onun sözlərinə görə,
bu illər ərzində saziş üzrə yatağa konsorsium tərəfindən 36 mlrd. ABŞ dolları
sərmayə qoyulub ki, bunun da nəticəsində 3,5 mlrd. barel neft (474 mln. ton)
hasil edilib: "1994-cü ildə yatağın ehtiyatları 511 mln. ton ehtimal olunurdu.
Bu gün isə artıq 474 mln. tondan çox neft hasil edilib. Sazişin azaldığı
müddətdə, yəni 2049-cu ilin sonunadək daha 3 mlrd. barel neftin çıxarılması
nəzərdə tutulur. Yəni yatağın ehtiyatları imzalandığı dövrdə güman olunandan
qat-qat yuxarıdır. Saziş çərçivəsində, həmçinin, 44 mlrd. kubmetr səmt qazı
hasil edilib və sazişin müddəalarına uyğun olaraq, təmənnasız olaraq dövlətə
təhvil verilib", - deyə B. Aslanbəyli bildirib. Qeyd edək ki,
"Mərkəzi-Şərq Azəri"platformasının inşasına təqribən 6 mlrd.
dollar sərmayə yatırılacaq.
Əslində,
statistik göstəricilər pozitiv istiqamətdədir. Çünki rəqəmlər, səsləndirilən
proqnozlardan daha çox neftin hasil ediləcəyindən xəbər verir. Bəs görəsən bu
hasilat Azərbaycanın neft sənayesinə hansı üstünlükləri qazandıracaq?
Ümumiyyətlə, neft ehtiyatlarının proqnozlaşdırılandan çox olması xarici
sərmayədarların marağını daha da artıra bilərmi?
"Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şabanqeyd etdi ki, BP
şirkəti ilə müqavilənin uzadılmasının əsas məqsədi qabaqcıl texnologiyalardan
istifadə etməklə, onların təcrübəsindən yararlanmaq idi: "İndiyə qədər əldə
edilən uğurları bundan sonra da davam etdirmək əsas hədəflər sırasındadır.
Burada söhbət təkcə neftdən getmir. Müqavilə şərtlərinə uyğun olaraq "Azəri-Çıraq-Günəşli”
yatağından 44 milyard kub metr səmt qazı əldə edilib. Amma nəzərə almaq
lazımdır ki, layihənin neftçıxarma dövrünün pik həddi artıq geridə qalıb.
Getdikcə neft hasilatının çətin dövrü başlayır. Bu isə özü növbəsində böyük
miqdarda kapital qoyuluşu tələb edir. Böyük həcmdə sərmayələr isə xarici
tərəfdaşların hesabına həyata keçiriləcək. Yəni belə demək olarsa, biz artıq
onların imkanlarından yararlanacağıq. Bununla da ölkədə neft hasilatı ilə bağlı
stabillik əldə olunacaq. Hesab edirəm ki, ən böyük töhfə məhz budur. Bu, həm də
xarici sərmayədarları ölkəmizə cəlb edəcək. İnvestisiya mühitinin
yaxşılaşdırılması baxımından bu məqam xüsusi əhəmiyyət kəsb edir. Bu mənada
düşünürəm ki, çox uğurlu bir addımdır”.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevsöylədi ki,"Azəri-Çıraq-Günəşli”
yatağının işlənilməsinin 2050-ci ilə qədər uzadılması həm də o deməkdir ki, adı
çəkilən yataq hələ də öz perspektivini itirməyib, yəni orada kifayət qədər neft
ehtiyatları mövcuddur: "Məsələnin digər bir tərəfi isə ondan ibarətdir ki,
2050-ci ilə qədər Azərbaycanın ixrac gücünün normal şəraitdə fəaliyyət göstərməsidir.
Yəni dünya bazarına lazım olan həcmdə neft çıxara biləcəyik. Bu müddət ərzində ARDNF
əlavə gəlirlər əldə edəcək. Bu gəlirlər isə ölkə iqtisadiyyatının şaxələnməsinə
və digər sosial problemlərin həllinə təkan verəcək. Bununla yanaşı,
Azərbaycanın neft sənayesinin inkişafında yeni stimul yaranmış olacaq. "Azəri-Çıraq-Günəşli”
yatağında 2050-ci ilə kimi hasilat prosesinin davam etdirilməsi Azərbaycanın
ixrac gücünün cəlbediciliyini ortaya qoyur. Yəni bu illər ərzində yataqdan
hasil olunan xam neft dünya bazarına çıxarılmaqla yanaşı, Qazaxıstan,
Türkmənistan kimi digər ölkələr
Azərbaycanın ixrac gücündə n istifadə edəcək. Beləliklə, həm neft sənayesi, həm
də ixrac gücü öz perspektivliyini qoruyub saxlayacaq”.
İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi
ki, "Azəri-Çıraq-Günəşli” yatağına
kifayət qədər investisiya yatırılıb və bu, gələcəkdə də davam etdiriləcək: "2015-2018-ci
ildə bu sahəyə yenidən və təkrar investisiyalar edildi. Təbii ki, müəyyən qədər
investisiya tələbi davamlı olaraq ortaya çıxacaq. Çünki mərhələli şəkildə daha
dərində olan neftin hasil edilməsi məsələsi var. Bu hasilat isə yeni
investisiyalar tələb edir. Buna baxmayaraq, yataqlar üzrə sazişlər mövcuddur.
Hasilatın pay bölgüsü üzrə 1994-cü ildə imzalanan ilkin sazişə əsasən,
investisiyaların qoyuluşu prosesi 2025-ci ilə qədər davam etdiriləcək”.
Şəbnəm Mehdizadə
