“Azərbaycanın Parisdə döyünən ürəyi” - Fotolar

Azərbaycan
Dillər Universitetində (ADU) universitetin Fransız dili kafedrasının təşkilatçılığı
ilə jurnalist, ictimai xadim Ceyhun Hacıbəylinin 125 illik xatirəsinə həsr
olunan "Azərbaycanın Parisdə döyünən ürəyi” adlı tədbir keçirilib. Tədbirdə
müxtəlif sahələrdə özünəməxsus dəsti-xətti ilə
irs yaradan dahi şəxsiyyət Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı haqqında
məlumat verilib, tələbələrin ifasında onun fransız dilinə tərcümə etdiyi "Arşın
mal alan” operasından fransız dilində səhnəcik təqdim olunub, həmçinin "Qarabağ
şikəstəsi” və "Xatırlayarsan” xalq mahnıları səsləndirilib. Tədbir çərçivəsində
"Ədədi ezamiyyət” və "Durun gedək evimizə” sənədli filmlərində Ceyhun Hacıbəyli
ilə bağlı fraqmentlərdən ibarət parçalar nümayiş olunub.
Tədbirdə iştirak edən Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin deputatı Cavanşir
Feyziyev və Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənov Ceyhun Hacıbəylinin
ictimai fəaliyyətindən danışaraq onun jurnalist, publisist, tərcüməçi kimi
tanındığını, cavan yaşda "Azərbaycan” qəzetinin redaktoru olduğunu bildiriblər.
Müstəqil Azərbaycan dövlətinin yaranmasının Ceyhun Hacıbəylinin ən böyük ideyası olduğunu diqqətə
çatdıran çıxışçılar onun bu çətin, keşməkeşli yolda son nəfəsinə qədər mübarizə
apardığını söyləyiblər. Onlar Ceyhun Hacıbəylinin I Dünya Müharibəsindən sonra
dövlətlərin müstəqilliyinin təmin edilməsi məqsədi ilə keçirilən Paris sülh
konfransına göndərilən nümayəndə heyətinin üzvü olduğunu xatırladaraq, onun bu
konfransda əhəmiyyətli mövqeyindən söz açıblar. Sonda qonaqlar tədbirin təşkil
edilməsini yüksək qiymətləndirərək əməyi keçən hər kəsə təşəkkür ediblər və belə
görüşlərin davamlı olmasının vacibliyini vurğulayıblar.
Ceyhun Hacıbəylinin
seçilmiş insan olduğunu söyləyən Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar
Fərəcov onun yaradıcı fəaliyyətindən danışıb. O, Ceyhun Hacıbəylinin müxtəlif
sahələr üzrə istedadı ilə fərqləndiyini nəzərə çatdırıb, onun qardaşı Üzeyir
Hacıbəyli ilə yazışmaları haqqında ümumi məlumat verib. Azərbaycanın müstəqilliyi
uğrunda böyük işlər görən belə insanların xatirəsinin anılmasının zəruriliyini
qeyd edən Sərdar Fərəcov tədbirin təqdirəlayiq olduğunu bildirib.
Daha sonra çıxış edən
fransızdilli "Le Carrefour” qəzetinin baş redaktoru Zeynab Kazımova Ceyhun
Hacıbəyliyə həsr edilən tədbirin jurnalistin irsinə olan hörmətin göstəricisi kimi
qiymətləndirib, onun mətbu orqanlarda ölkəmizin həm ictimai-siyasi həyatı, həm
də mədəniyyəti ilə bağlı çıxış edərək Azərbaycan jurnalistikasını beynəlxalq aləmdə ilk təmsil
edən publisistlərdən olduğunu deyib. Tədbirin əhəmiyyətini önə çəkən Zeynab Kazımova
beynəlxalq jurnalistika ilə məşğul olanların onu özünə sələf seçə biləcəyini sözlərinə
əlavə edib.
Sonda çıxış edən
ADU-nun Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev və Pedaqoji (ingilis
dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva görüşün unudulmaz şəxsiyyətlərimizi
gənclərə tanıtmaq baxımından vacib olduğunu deyərək, tədbirin baş tutmasında əməyi
keçən hər kəsə minnətdarlıqlarını ifadə ediblər.




