Azərbaycanın gələcəyinə hesablanan iqtisadi müstəqillik - Fotolar
Son illər dünyada cərəyan
edən proseslər, eləcə də tarixi təcrübə göstərir ki, zəngin təbii və iqtisadi
sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun
əldə edilməsindən daha çətin və mürəkkəbdir.XX əsrin sonunda
müstəqilliyini yenidən bərpa edən və həmin andan etibarən düşmən təcavüzünə,
terror aktlarına məruz qalan Azərbaycanda bu mənada vəziyyət daha çətin idi. Çünki
həmin illərdə Ermənistanda yaşayan soydaşlarımızın deportasiya olunması,
Azərbaycan ərazilərinin erməni silahlı birləşmələri tərəfindən işğalı ölkədə
böyük qaçqın və məcburi köçkün ordusunun yaranmasına da səbəb olmuşdu. Bu,
iqtisadiyyatı zəif olan ölkədə əlavə problemlərin, çətinliklərin meydana
çıxması ilə müşayiət olunurdu. Ərzaq çatışmazlığı, uzun-uzadı çörək növbələri o
dövrdə insanların həyat tərzinə çevrilmişdi. Üstəlik, təcrübəsiz, səbatsız
şəxslərin dövlət idarəçiliyində təmsil olunması, vəzifə kürsüsü uğrunda
mübarizə aparması ölkəni vətəndaş müharibəsinə sürükləmişdi. Beləliklə,
Azərbaycan yalnız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə deyil, eyni
zamanda, daxildən parçalanmaqtəhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Məhz
belə bir məqamda – 1993-cü ilin iyun ayının 15-də xalq ümummilli lider Heydər
Əliyevi Naxçıvan Muxtar Respublikasından Bakıya dəvət etdi. Ulu öndərin bu
tarixdən etibarən həyata keçirdiyi tədbirlər müstəqil Azərbaycanın taleyində
dönüş nöqtəsi, hərtərəfli inkişafın, o cümlədən iqtisadi tərəqqinin təməli
oldu.
Ümummilli lider Heydər
Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin
şərtlərə baxmayaraq, qısa zamanda Azərbaycanın sosial-iqtisadi inkişafı və
dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə
olundu. Ölkədə baş alıb gedən siyasi və iqtisadi böhran aradan qaldırıldı,
Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə
irəliləməsinə geniş yol açıldı. Ölkənin təbii sərvətlərindən milli maraqların
təmin olunması, dövlətçiliyin möhkəmləndirilməsi, xalqın rifah halının
yaxşılaşdırılması naminə istifadə edildi.
Azərbaycan neftinin dünya bazarlarına
çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac
neft kəmərləri istismara verildi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin
inşası ilə bağlı saziş imzalandı. Beləliklə də ixrac marşrutlarının
diversifikasiyasına nail olundu. Ümummilli lider Heydər Əliyevin 1999-cu ildə
imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən
əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə
edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi
baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə
yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı.
Ulu öndərin böyük
uzaqgörənliklə həyata keçirdiyi tədbirlər sayəsində neft-qaz sektoru
iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Həyata
keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi
formalaşdı, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da
artmağa başladı. Konkret faktlara müraciət etsək, ümummilli liderin rəhbərliyi
ilə reallaşdırılan siyasət nəticəsində büdcə kəsiri ümumi daxili məhsulun 1-2
faizi səviyyəsinə endirildi, 1996-cı ildə makroiqtisadi sabitliyə nail olundu,
1997-ci ildən başlayaraq dinamik iqtisadi inkişafı təmin etmək mümkün oldu.
1996-cı ildə ümumi daxili məhsulun artım sürəti 1,3 faiz, 1997-ci ildə 5,8
faiz, 1998-2003-cü illərdə isə orta hesabla 10,0 faiz təşkil etdi.
2003-cü ilin oktyabrında
Azərbaycan Prezidenti seçilən İlham Əliyevin ümummilli lider Heydər Əliyevin
siyasi kursunu layiqincə davam etdirməsi sayəsində ölkədə müşayiət olunan
tərəqqi, o cümlədən iqtisadi inkişaf davamlı xarakter aldı. Regionlarda
sahibkarlığın inkişafını sürətləndirməklə oradakı əmək ehtiyatlarından, təbii
və iqtisadi potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı
inkişafına, əhalinin məşğulluğunun artırılmasına və ölkədə yoxsulluğun
səviyyəsinin azaldılmasına nail olmaq üçün xüsusi Dövlət Proqramı hazırlandı. "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci
illər) adlanan bu sənəd Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixdə
imzaladığı fərmanla təsdiq edildi, icrasına başlanıldı.
Regionların
sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə etməklə kənd təsərrüfatı
məhsulları istehsalını artırmaq, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal
sənayesinin, xidmət və digər infrastruktur obyektlərin, turizmin inkişafını
təmin etmək, məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin güzəranını daha da
yaxşılaşdırmaq əsas hədəf kimi qarşıya qoyuldu. Həm adıçəkilən Dövlət
Proqramının, həm də "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın
icrasından ötən 5 il ərzində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradıldı,
547,5 min daimi yeni iş yeri açıldı. Bu müddətdə ümumi daxili məhsulun real
həcmi 2,6 dəfə, qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə artdı,
iqtisadiyyatın bütün sahələrində dinamik artım müşahidə edildi, o cümlədən
sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz,
əhalinin gəlirləri 4 dəfə artdı.
Birinci Dövlət Proqramının
uğurlu icrasından irəli gələrək, eyni zamanda ölkədə iqtisadiyyatın
diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli
inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da
yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə
nail olmaq məqsədi ilə 14 aprel 2009-cu ildə "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2009-2013-cü illər) təsdiq
edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət proqramlarının icra
olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft
sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar
6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artdı. Bu
müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini
daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri açıldı, 55,6 min müəssisə
yaradıldı, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi 5,3 faizə endi. Dövlət
proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı
illərdə də inkişafı üçün möhkəm zəmin yaratdığından Prezident İlham Əliyevin 27
fevral 2014-cü il tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da təsdiq
olundu.
Sayca üçüncü olan bu Dövlət
Proqramının icrasının üçüncü ilinin yekunları ilə bağlı cari ilin yanvar ayında
keçirilən konfransda çıxış edən Prezident İlham Əliyev indiyə qədər görülən
işləri yüksək qiymətləndirib. Qeyd edib ki, 2004-cü ildən icrasına başlanılan
regional inkişaf proqramları bölgələrin simasını əsaslı surətdə dəyişdirib:
"...Biz regional inkişaf proqramlarını tərtib edərkən bölgələrdən rəylər aldıq.
2014-cü ildə qəbul olunmuş üçüncü Dövlət Proqramı da yerlərdən gələn təkliflər
əsasında və ölkəmizin strateji istiqaməti nəzərə alınaraq tərtib edilmişdir.
Proqramların məqsədi məhz ondan ibarətdir ki, bütün mövcud problemlər,
insanları narahat edən sosial məsələlər öz həllini tapsın. Bizim proqramlarımız
çox konkretdir. Qarşıya çox konkret hədəflər qoyulur və deyə bilərəm ki, həm
birinci, həm də ikinci proqram artıqlaması ilə və uğurla icra edilmişdir.
Əminəm ki, üçüncü proqramın taleyi də eyni olacaq. 2004-cü ildə birinci
proqramın qəbul edilməsi tarixi hadisə idi. Çünki regionların inkişafı, ölkə
iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan bu addımlar,
infrastruktur ilə bağlı olan layihələr, bax, bugünkü reallığı yaratmışdır. Əgər
o vaxt biz proqramı mənim təşəbbüsümlə qəbul etməsəydik, bu gün, əlbəttə ki,
regionlarda bugünkü uğurları əldə edə bilməzdik. Bizim bütün bölgələrimiz,
bütün şəhərlərimiz abadlaşıb, gözəlləşib. Bakı şəhəri, bizim əsas şəhərlərimiz
- Gəncə, Sumqayıt göz oxşayır, dünya üçün bir nümunədir. Bizim bütün
şəhərlərimizdə abadlıq-quruculuq işləri aparılmışdır, böyük infrastruktur
layihələri icra edilmişdir. Bu, imkan verir ki, bu gün Azərbaycan dinamik inkişaf
etsin. Bu, imkan verir ki, biznes strukturları bu imkanlardan səmərəli istifadə
etsinlər”.
Cari il oktyabrın 9-da
Prezidentİlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin
2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda
duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən rəqəmlərdən də aydın olur
ki, ötən 9 ayda iqtisadi göstəricilərimiz çox müsbət olub. Qeyri-neft
iqtisadiyyatımız 2,5 faiz artıb. Ölkə başçısının təbirincə desək, bu, həm
uğurlu islahatların, həm də ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələlərinin
öz həllini uğurla tapdığının göstəricisidir. Həmin müddətdə qeyri-neft
sektorunun sənaye hissəsi də uğurla inkişaf edib. Qeyri-neft sənayesi 9 ayda
3,1 faiz artıb. Bu da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sənayeləşmə
siyasətinin gözəl nəticəsi hesab oluna bilər. Prioritet sahələrdən biri də kənd
təsərrüfatının hərtərəfli inkişaf etdirilməsidir.
Son 9 ayda bu sahədə 2,8 faiz
artım müşahidə olunub. Xarici ticarət dövriyyəmiz isə 7 faiz artıb. Burada
ixrac idxalı böyük fərqlə üstələyib. Cari ilin 9 ayında xarici ticarətin müsbət
saldosu 4,4 milyard dollara bərabər olub. Bununla yanaşı, ilin 9 ayının
göstəricilərinə görə, Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar
artaraq 42 milyard dollar səviyyəsinə yüksəlib. Doqquz ayda həm Bakıda, həm
bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi də uğurla gedib. Həmin dövrdə
226 min yeni iş yeri yaradılıb ki, onlardan 171 mini daimi iş yeridir. Bu da
işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verib. Bütünlükdə götürsək,
üçüncü dövlət proqramında əksini tapan əsas infrastruktur layihələri cari ilin
9 ayında da uğurla icra edilib.
Təbii ki, bütün bu nailiyyətlərin təməlində ümummilli lider Heydər
Əliyevin müəyyənləşdirdiyi iqtisadi strategiya, eyni zamanda bu siyasi kursun,
müstəqil siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi,
xalq-iqtidar birliyi dayanır. Dövlət başçısı özü də bu amili xüsusi
vurğulayaraq bildirib ki, bu gün Azərbaycan özünü dünya miqyasında müstəqil
ölkə kimi təqdim edə bilib, müstəqil siyasət aparan ölkə kimi tanınıb.
Prezidentin fikrincə, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi
və bir çox başqa amillər dayanır ki, onların arasında iqtisadi müstəqillik
xüsusi yer tutur. Bütün bu amillər ölkəmizin gələcəyinə, uzunmüddətli,
dayanıqlı inkişafına hesablanıb.
Rufik İSMAYILOV