AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfəsi

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfəsi

Siyasət
29 Noyabr 2019, 19:26 1433
Noyabrın 30-da "Enerjinin İpək yolu” adlandırılan TANAP-ın ikinci fazasının işə salınması mərasimi baş tutacaq

Bu gün tam əminliklə demək olar ki, dünyanın enerji xəritəsini qlobal təşəbbüsləri ilə dəyişən Azərbaycan bu layihələri ilə siyasi, iqtisadi əməkdaşlıq, sabitlik tərəfdarı olduğunu sübut edib. Bəlli olduğu kimi, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bununla da Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başladı. Davamı olaraq da noyabrın 30-da Türkiyədə Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropaya qaz ötürüləcək ikinci hissəsinin (Faza-1) açılış mərasimi keçiriləcək. Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev iştirak edəcəklər. Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhədindən başlayır və Yunanıstan sərhədində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir. Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhədi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci il iyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib, iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Eskişəhər-Ədirnə -Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir. Kəmərin ilkin illik ötürücülük gücü 16 milyard kubmetr təşkil edir. Bu həcmin 6 milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya nəql ediləcək. Bu il iyulun 1-dən Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP, tarixə eyni zamanda Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra (2020-ci ildə), Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq. TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan "Cənub Qaz Dəhlizi" QSC (51%), BOTAŞ (30%), BP (12%) və "SOCAR Türkiye Enerji A.Ş" (7%) şirkətləridir. Yeri gəlmişkən, Türkiyə mediası baş tutacaq tədbirlə bağlı çoxsaylı materiallar və informasiyalar dərc etməkdədir. Bu əlamətdar hadisənin Azərbaycan, Türkiyə, Avropa üçün çox mühüm olduğunu, TANAP və bütövlükdə Cənubi Qaz Dəhlizi sayəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcəyini yazırlar. TANAP-ın davamı olan Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisinin başa çatması ilə Avropanın daha bir mühüm alternativ qaz mənbəyinə sahib olacağını bildirirlər.
"Yeni Şafak” qəzetinin köşə yazarı Erdal Tanas Karagöl yazır ki, "bu gün TANAP layihəsinin Avropa bağlantısı açılır. TANAP-ın başa çatan Avropa hissəsinin açılışı noyabrın 30-da iki ölkənin prezidentinin iştirakı ilə baş tutacaq. TANAP layihəsi ilə qaz Avropaya nəql olunacaq. Bundan əlavə, aydındır ki, TANAP layihəsi Azərbaycanın enerji tələbatının, yəni təbii qazın beynəlxalq bazarlara satılması baxımından vacib bir layihədir. TANAP layihəsinin həm Türkiyə, həm də Azərbaycan üçün əhəmiyyətli bir layihə olduğunu söyləməkdə fayda var”, - deyə müəllif yazır.
"Star” qəzetində dərc olunan məqalədə isə layihə ilə bağlı Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasətlər heyətinin üzvü Məsud Haqqı Casiyənin fikirləri yer alıb: "Türkiyə, Azərbaycan və Rusiya enerji sahəsində əhəmiyyətli rola sahib olmağa başlayıblar. TANAP və "Türk axını” təbii qaz boru xətləri, bir-birini tamamlayan layihələrdir. Türkiyə, Rusiya və Azərbaycanın enerji sahəsindəki iş birliyi, beynəlxalq təhlükəsizliyi təmin edir”. Casiyə Azərbaycanın Qafqazda əhəmiyyətli bir aktyor olduğuna işarə edərək, "Qafqaz bölgəsində dinclik olmadan nə Asiyada, nə də Avropada dinclik olur. Bu baxımdan Azərbaycan vacib bir halqadır” deyib. Türkiyə, Azərbaycan və Rusiyanın enerji sahəsində əhəmiyyətli rolu boynuna götürdüyünə diqqəti çəkən diplomat Türkiyə-Rusiya əlaqələrinin də əhəmiyyətli olduğuna işarə edib: "İki ölkə arasındakı əlaqələr, imperializmə qarşı mübarizənin bir nümunəsidir. Ölkələrimiz, dəyişən dünya konyukturasında iş birliyi etmək məcburiyyətindədir. Bir çox sahədə, Türkiyənin yanında Rusiyanı görürük”.
Türkiyənin ABŞ-ın təhdidlərinə baxmayaraq, Rusiya ilə iş birliyi etdiyini vurğulayan Casiyə, "İki ölkənin liderləri, bəzi təzyiqləri nəzərə almadan dik duruş sərgiləyir. Bu da Türk xalqı tərəfindən təqdirlə qarşılanır” deyib. "Türk axını” layihəsinin tamamlandığını ifadə edən Casiyə bu layihə sayəsində 32 milyard kubmetr qazın Türkiyə üzərindən Avropa bazarına çıxacağını bildirib. Rusiyadakı Çağdaş Türkiyə Araşdırmaları Mərkəzinin direktoru Amur Haciyev də Rusiya-Türkiyə-Azərbaycan əlaqələrinin, Balkanların yanında Qara dəniz, Xəzər dənizi və Orta Şərq bölgələrində iş birliyini artıra biləcəyini söyləyib. Azərbaycanın Rusiya ilə Türkiyə arasında konstruktiv rolu boynuna götürdüyünü vurğulayan Haciyev "Rusiya ilə Türkiyə arasındakı əlaqələrin yaxşı olması, Azərbaycanın işinə yarayır” deyib. Malatya Turgut Özal Universiteti rektoru Aysun Kişi Karabulut isə Türkiyə ilə Rusiyanın təhsil və səhiyyə sektorunda iş birliyini inkişaf etdirməsi lazım olduğunu ifadə edib. Bundan əlavə, "Hürriyet” qəzetində dərc edilən "TANAP’ta tam kapasite 2020’de” başlıqlı məqalədə də layihənin tək Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə beynəlxalq aləm üçün əhəmiyyətindən bəhs edilib. "Habertürk”də dərc olunan "Azer gazı Türkye üzernden AB kapısına dayandı” başlıqlı məqalədə isə TANAP layihəsi "Enerjinin İpək yolu” adlandırılıb. "Türkiyənin bölgəsindəki enerji keçid marşrutunda əsas rol oynayan TANAP layihəsi noyabrın 30-da işə düşəcək. TANAP-ın Avropa Bağlantısının açılış mərasimi ilə Azərbaycan qazı həm Türkiyə, həm də Avropanın Yunanıstan sərhədinə əsaslanan enerji təchizatı təhlükəsizliyinin təməl daşı olacaqdır”, - deyə məqalədə bildirilib. Bundan əlavə, qardaş ölkənin əksər xəbər agentlikləri - Anadolu, DHA, İlhas və s. nəşrlər də təntənəli mərasimə geniş yer ayırıblar.

Azər NURİYEV