• cümə, 29 Mart, 16:54
  • Baku Bakı 14°C

Azərbaycanı strateji hədəflərinə yaxınlaşdıran yeni platformalar - Fotolar

15.01.21 17:07 959
Azərbaycanı strateji hədəflərinə yaxınlaşdıran yeni platformalar - Fotolar
İqtisadi inkişafın gətirəcəyi rifah, regionda sülh və sabitliyin davamlı olması üçün başlıca faktorlardandır
Azərbaycan dövlət başçısı İlham Əliyev Rusiya Federasiyası Prezidentinin dəvəti ilə yanvarın 11-də Moskvada işgüzar səfərdə olub. Səfər çərçivəsində prezidentlər İlham Əliyev, Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşün nəticəsi olaraq bölgənin gələcək inkişafına dair birgə Bəyanat imzalanıb. Bəyanata uyğun olaraq üç hökumətin - Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin rəhbərlik edəcəyi işçi qrupunun, həmçinin onların işçi ekspert alt qruplarının yaradılması nəzərdə tutulub. Onlar regionun nəqliyyat infrastrukturu və iqtisadiyyatının inkişafı üzrə konkret planlar təqdim edəcəklər. Üçtərəfli görüşdən sonra Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri mətbuata bəyanatla çıxış ediblər. Dövlət başçısı İlham Əliyev bildirib ki, regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün üçtərəfli görüş çox vacib idi. Onun sözlərinə görə, noyabrın 9-10-da Bəyanatı imzalamış üç ölkənin liderlərinin Moskvada toplaşması onu göstərir ki, tərəflər nəticə əldə etmək, sentyabr-noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindədir.

"Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb”
Prezident İlham Əliyev deyib ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid olub. Ölkə başçısının fikrincə, bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Prezident İlham Əliyev söyləyib ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, eləcə də qonşu dövlətlərin mənafelərinə cavab verir: "Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq. ...Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”.


Türkiyə və Rusiyanın dəmir yolu arteriyaları birləşəcək
Mətbuata bəyanatla çıxış etdikdən sonra Rusiya dövlət başçısı Vladimir Putinlə ikitərəfli görüşü zamanı Prezident İlham Əliyev bir daha regionun gələcək inkişafına diqqət çəkib. Bildirib ki, üçtərəfli görüşün sonunda imzalanan bəyanat regionda tamamilə yeni vəziyyət yaranmasına – nəqliyyat kommunikasiyalarının bərpasına yönəlib: "Bizim üçün bu, böyük əhəmiyyət kəsb edir, çünki beləliklə, 30 ildən artıq müddətdən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Biz, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcəyik, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları birləşəcək. Yəni bu Bəyanat çox böyük perspektiv açır və əminəm ki, bizim bu gün yaratdığımız İşçi qrupu səmərəli işləyəcək, layihələrin reallaşdırılması barədə bizə vaxtaşırı məruzə edəcəkdir. Orada bir deyil, bir neçə layihə var. Əminəm ki, onlar hamısı reallaşacaq”.
Regional inteqrasiya və iqtisadi inkişaf
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, politoloq Hikmət BabaoğluAzərbaycan Prezidentinin Rusiya səfərini və orada imzalanan Bəyanatı şərh edərək söyləyib ki, Moskva görüşü iki aydır davam edən post-müharibə dövründə əldə edilən nəticələrin bir növ hesabatı və bundan sonrakı fəaliyyət istiqamətlərinin dəqiqləşdirilməsidir. Millət vəkili "Kaspi” qəzetinə açıqlamasında vurğulayıb ki, bu görüşün olduqca ciddi strateji əhəmiyyəti var: "Bu həm 10 noyabr tarixində imzalanmış 9 maddədən ibarət sənəddə əksini tapan strateji prinsiplərin bir daha təsdiq və qəbul edilməsi, həm də məhz həmin prinsiplər əsasında regionda sabitlik və təhlükəsizlik məsələlərinin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım idi. Nəzərə alsaq ki, 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanat, əslində Ermənistanın kapitulyasiya aktına imza atması idi, o zaman yeni imzalanmış 4 maddədən ibarət bəyanatı da elə bu prosesin davamı kimi qiymətləndirə bilərik. Yəni daha dəqiq desək, 11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli bəyanat bizi strateji hədəflərimizə bir qədər də yaxınlaşdırdı. Bəyanatda qeyd olunan əsas məsələlər yol nəqliyyat infrastrukturunun bərpa edilməsinə aiddir və doğurdan da hazırkı mərhələdə bu, olduqca prioritet məsələdir. Çünki regionun nəqliyyat və iqtisadi əlaqələrinin pozulması və bunun 30 ildən çox davam etməsi regional inteqrasiya və iqtisadi inkişafa çox böyük zərbə idi. Əslində hazırkı tarixi mərhələdə iqtisadi inkişafın gətirəcəyi rifah, regionda sülh və sabitliyin də davamlı olması üçün başlıca faktorlardan biridir. Ona görə də, bəyanatda növbəti mərhələ üçün konkret icraedici strukturun yaradılması və onun fəaliyyət istiqamətlərinin və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi önümüzdəki mərhələdə regionun nəqliyyat kommunikasiya infrastrukturunun tezliklə bərpa ediləcəyindən xəbər verir”.
Bitmiş problemi spekulyasiyaya çevirmək cəhdi
Deputat qeyd edib ki, ən əsas məsələlərdən biri Azərbaycanı Naxçıvanla birləşdirən dəmiryolu və avtomobil yolunun təmin edilməsidir: "Bu, olduqca vacib bir kommunikasiyadır və təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin, eyni zamanda digər qonşu ölkələrin də iqtisadi maraqlarının realizə olunması baxımından əhəmiyyətlidir. Görüşdə önə çıxan əsas məsələlərdən biri də Ermənistan baş nazirinin problemin hələ nizamlanmaması haqqında səsləndirdiyi sərsəm fikirlərin ciddiyə alınmaması və heç bir yazılı sənədə daxil edilməməsi oldu. Azərbaycan Prezidenti isə artıq münaqişənin keçmişdə qaldığını bildirməklə bir daha bu mövzunun spekulyasiya mövzusuna çevrilməsi cəhdinə son qoydu. Bütövlükdə, imzalanan yeni üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməlidir”.

Siyasi və diplomatik danışıqlarda qələbə
Rusiya Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, tanınmış politoloq Sergey Markov da hesab edir ki, Rusiya Prezidentinin təşəbbüsü ilə Moskvada keçirilən üçtərəfli görüşü uğurlu hesab etmək olar. Onun sözlərinə görə, tərəflərin baş nazirlərin müavinləri səviyyəsində İşçi qrupun yaradılması ilə bağlı razılığa gəlməsi bu görüşün başlıca nəticəsidir. O, APA-ya söyləyib ki, regionda artıq yeni kommunikasiya və nəqliyyat əlaqələrinin yaradılmasına, köhnə kommunikasiyanın bərpa olunmasına start verilir: "Bu o deməkdir ki, yaxın vaxtlarda Azərbaycanla Naxçıvanı, daha sonra Türkiyəni birləşdirəcək yol inşa olunacaq. Hansı ki, bu yol Azərbaycanın iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq. Bundan əlavə, Azərbaycan ərazisindən keçməklə Ermənistanla Rusiyanı əlaqələndirəcək yol inşa olunacaq. Bu isə Ermənistanın Rusiya ilə quru yol əlaqəsində Gürcüstandan asılılığını əhəmiyyətli dərəcədə azaldacaq. Eyni zamanda Bakı və digər şəhərləri Xankəndi ilə əlaqələndirəcək yollar inşa olunacaq. Bu isə o deməkdir ki, rəsmi Bakı artıq Dağlıq Qarabağın tamamilə Azərbaycanın tərkibinə qaytarılmasının üçüncü mərhələsinə daxil olur. Birinci mərhələdə Azərbaycan şiddətli müharibə nəticəsində Ermənistanın nəzarətində olan ərazilərinin 40 faizini işğaldan azad etdi. İkinci mərhələdə Azərbaycan artıq siyasi və diplomatik danışıqlarda öz müzəffər ordusunun təzyiqi ilə 30 faiz ərazini hərbi əməliyyatlar aparmadan qaytarmış oldu. Hazırda 30 faiz ərazi Azərbaycanın nəzarətindən kənar qalıb. Azərbaycan bu ərazini daha hərbi yolla deyil, hətta siyasi-diplomatik yolla da deyil, ancaq iqtisadi yolla, tədricən Dağlıq Qarabağın Azərbaycana inteqrasiya edilməsi yolu ilə qaytaracaq”.

"Bu problemi Paşinyan həll edə bilmədi”
Rusiyalı siyasi şərhçi deyib ki, rəsmi Bakı Qarabağın erməni əhalisini Azərbaycan cəmiyyətinə, iqtisadiyyatına və dövlət sisteminə inteqrasiyasını təmin etməklə qalan problemi həll etmiş olacaq: "Bununla əlaqədar, Azərbaycan və erməni xalqları arasında münasibətlərin yaxşılaşdırılması məsələsi ortaya çıxır. Bunun üçün 30 ildən çoxdur ki, iki xalq arasında gedən informasiya və təbliğat müharibəsi tədricən aradan qaldırılmalıdır. Bütün hallarda Moskva danışıqları Azərbaycan üçün uğurla nəticələnib. Danışıqlar zamanı İlham Əliyevin məmnun olduğu, Nikol Paşinyanın isə əksinə, məmnun qalmadığı görünürdü. Ona görə ki, Ermənistan Baş naziri Azərbaycanda əsirlikdə olan 62 hərbçisinin qaytarılması məsələsini həll edə bilməmişdi. Hansı ki, bu erməni əsgərləri 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra əsir götürülmüşdü, onlar əldə olunmuş razılaşmanı pozmağa, Azərbaycan ərazisində diversiya xarakterli hərbi fəaliyyət göstərməyə cəhd ediblər. Bu problemi Paşinyan həll edə bilmədi”.
İqtisadi əlaqələrin bərpası yüksək prioritetə çevrilib
İqtisadçı-ekspert Elşad Məmmədov isə Moskva görüşünün yekunlarını iqtisadi baxımdan şərh edib. Trend-ə açıqlamasında deyib ki, 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixləri bölgədə yeni geosiyasi və eyni zamanda iqtisadi reallıqların formalaşmasının tarixləri kimi yadda qalacaq. Onun sözlərinə görə, bölgədə son üç onillikdən sonra yeni bir dönəm başlayır və bu dönəm bütövlükdə post-sovet məkanının inkişafı nöqteyi-nəzərdən həlledici dönüş nöqtəsinə çevrilə bilər: "Bu gün biz son 30 il ərzində ilk dəfə real olaraq yeni platformalar əsasında iqtisadi əlaqələr qura bilərik. Sovet dövründə bölgədə kifayət qədər dayanıqlı, sistemli, iqtisadi, sosial, humanitar və siyasi inkişaf prosesləri reallaşırdı. İndiki post-sovet məkanında yerləşən ölkələrin vahid bir kompleksli təsərrüfat sistemi var idi. Ermənistandan qaynaqlanan problemlər vahid bir sistemin fəlakətə uğramasına gətirib çıxardı. Bu proseslər, separatçılıq və dezinteqrasiya meyilləri faktiki bölgəmizi iqtisadi inkişaf təşəbbüsündən üç onillik ərzində məhrum etdi. Amma bu gün faktiki olaraq tamamilə yeni bir mənzərə formalaşır. Kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpa edilməsi yüksək prioritetə çevrilib. Ölkə rəhbərlərinin bu müddət ərzində ilk görüşü, ilk növbədə məhz iqtisadi əlaqələrin həllinə yönəldi. Bu onu deməyə əsas verir ki, məhz kommunikasiyaların açılması ilə iqtisadiyyat, nəqliyyat, enerjitutumlu layihələrin reallaşdırılması, bölgədə yeni inkişaf perspektivi, yeni inkişaf dövrünün başlamasını ortaya çıxarır. Etiraf etmək lazımdır ki, burada Rusiyanın və şəxsən Vladimir Putinin böyük rolu var. Regionun əsas dövlətlərindən biri olan Rusiyanın konstruktiv siyasət tətbiq etməsi nəticəsində, bölgənin ümumilikdə iqtisadi inkişafına nail ola bilərik. Eyni zamanda, biz unutmamalıyıq ki, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi bir çox iqtisadi layihələrin başlamasına əsas verəcək”.

Azərbaycan, Rusiya, İran enerji əməkdaşlığı
İqtisadçı ekspert əlavə edib ki, yeni reallıqlar fonunda Azərbaycan Naxçıvanla ölkənin qalan hissəsi arasında iqtisadi əlaqələrin intensivləşməsinə nail olacaq: "Biz bilirik ki, Ermənistan blokada şəraitində iqtisadi inkişaf təşəbbüsünü itirmişdi. Bu gün o təşəbbüsü əldə etmək üçün bir fürsət formalaşır. Ermənistan bundan sonra konstruktiv mövqe sərgiləyərsə, bu, onların iqtisadiyyatı üçün böyük imkanların açılması deməkdir. Digər tərəfdən, Rusiya bu bölgə üzərindən çox dayanıqlı şəkildə, Yaxın Şərq bölgəsinə çıxış əldə etmiş olur. Biz bilirik ki, boğazlar yüklənmişdir. Rusiyanın hətta hərbi logistik təchizat nöqteyi-nəzərdən boğazların yüklənməsi və bir istiqamətdən asılılığı ilə bağlı problemləri yaranmaqda idi. Bu gün Rusiya faktiki olaraq Azərbaycan üzərindən dəhlizin açılmasına nail olur. Qonşu ölkə üçün bu istiqamət də olduqca önəmlidir, digər tərəfdən, enerji əməkdaşlığı baxımından Azərbaycan, Rusiya, İran enerji əməkdaşlığında böyük perspektiv açılmasını da görürük”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər