• cümə, 26 Aprel, 18:19
  • Baku Bakı 22°C

Azərbaycanda sənədsiz bina qalmayacaq

19.02.19 17:11 814
Azərbaycanda sənədsiz bina qalmayacaq
Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunub, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilib. Bununla belə, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq aparılıb. Bu, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib. Yaranmış vəziyyət barədə yetirincə məlumatlı olan Prezident İlham Əliyev istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə fərman imzalayıb.
Bu fərmanla 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydası sadələşdirilib.

Belə bir fərman imzalaması bir daha sübut edib ki, Azərbaycanda əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq, Azərbaycan vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər hazırda da davam etdirilməkdədir.Milli Məclisin İqtisadisiyasət,sənayevəsahibkarlıqkomitəsinin üzvü Aydın Hüseynovmövzu ilə bağlı deyib ki, Azərbaycan vətəndaşlarının sosial problemlərinin həlli daim dövlət başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Deputatın sözlərinə görə, Prezidentin imzaladığı müvafiq fərman və sərəncamlar, vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud problemlər barədə informasiyaları onların özlərindən alması bunun əyani təsdiqidir. Millət vəkili A.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanla daha bir "çoxillik həllolunmaz problemə” son qoyub. Sosial siyasətin təməl prinsipində güclü iqtisadiyyatın dayandığını deyən deputat əlavə edib ki, bu qərar ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə sağlamlaşdırıcı təsir göstərəcək. Onun fikrincə, bu da vətəndaşların həyatında özünü büruzə verəcək.

A.Hüseynov Prezidentin imzaladığı bu fərmanın olduqca önəmli olduğunu vurğulayıb: "Bu fərman çox böyük sevinc və rəğbətlə qarşılandı. Artıq Azərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq. Mənzil sahibləri bir daha sənəd problemi ilə üzləşməyəcəklər”.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı qəzetimizə açıqlamasında deyib ki, fərman alqışa layiqdir və əhali tərəfindən müsbət qarşılanır: "Bu fərmanın imzalanması çoxdan gözlənilirdi. Sözügedən dövlət sənədi təqribən 100 mindən artıq mülkiyyətçinin hüquqlarının təmin olunmasına şərait yaradacaq. Bu, kifayət qədər böyük rəqəmdir. Fərmanın vətəndaşlar, mülkiyyətçilər tərəfindən müsbət qarşılanması ilə yanaşı, onun iqtisadi əhəmiyyəti, ölkəyə faydası da böyükdür. İlk növbədə həmin mənzillərin, mülklərin qeydiyyata alınmasından dövlət büdcəsinə daxilolmalar artacaq. Bu vaxta qədər qeydiyyata alınmayan subyektlər alqı-satqı predmeti olan zaman onlardan yalnız MTK (Mənzil Tikinti Kooperativi) rəhbərləri müqavilələrin dəyişdirilməsinə görə vəsait tələb edirdisə və bu vəsaitlər qeyri-leqal yolla kimlərinsə cibinə gedirdisə, indi həmin vəsait vergi formasında dövlət büdcəsinə daxil olacaq. Digər tərəfdən, bu mülklər, mənzillər üzərində notarial əməliyyatların aparılması, bağışlanma, vərəsəlik, girov qoymaq kimi əməliyyatlarda da həm vergi tutulması, həm də əməliyyat xərcləri rəsmi qaydada olacaq, dövlət büdcəsinə daxilolmaların həcmi artacaq. Sözügedən mənzillərin idarəedilməsi baxımından da fərmanın böyük əhəmiyyəti var. İndiyə qədər MTK rəhbərləri ilə vətəndaşlar arasında bu sırada çox ciddi problemlər özünü göstərirdi. Belə hallarda vətəndaşlar MTK rəhbərləri ilə hüquqi çərçivədə mübarizə aparmaqda çətinlik çəkirdilər. Adətən vətəndaşları kütləvi şəkildə bir yerə toplamaq çətin olur. Bir-iki vətəndaş isə əllərində mülkiyyət sənədi olmadığına görə pərakəndə mübarizə apara bilmirdilər. Hüquqi baxımdan da bu mübarizənin effekti olmurdu. Ancaq qeyd olunan fərmanın imzalanması bundan sonra belə halların da qarşısını alacaq. Yəni, vətəndaşların mülkiyyət hüququnun tanınması, bu hüququn pozulduğu hallarda hüquq çərçivəsində effektiv mübarizənin aparılması və sair məsələlər də həllini tapacaq”.
İqtisadçı ekspert Vüqar Bayramovda deyib ki, Azərbaycan Prezidentinin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanı uzun müddət müzakirə edilən və vətəndaşlarımız üçün aktual olan problemin həllinə hüquqi zəmin formalaşdırıb: "Nəzərə alsaq ki, çoxmənzilli binaların istismarı prosesi ciddi şəkildə sadələşdirilir, bu, olduqca mühüm bir fərmandır. Bir sözlə, Azərbaycan Prezidenti bu fərmanla "çoxillik həllolunmaz problem”ə son qoydu”.

Ekspert əlavə edib ki, bu gün xeyli sayda bina var ki, onlarla bağlı rəy olmadığı üçün qazla təmin edilməyib. Yeni fərman bu kimi problemlərin aradan qaldırılmasına imkan verəcək. Bu proses bir ay müddətində həyata keçiriləcək.
Vüqar Bayramov qeyd edib ki, bu fərmanın imzalanması əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasəti istiqamətində atılan daha bir önəmli addımdır.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər