Azərbaycanda modul tipli heyvan kəsimi məntəqələri yaradılacaq

Azərbaycanda modul tipli heyvan kəsimi məntəqələri yaradılacaq

İqtisadiyyat
17 Yanvar 2020, 12:45 1347
Azərbaycanın 39 rayon və şəhərində 40 modul tipli heyvan kəsimi məntəqəsi yaradılacaq.
 
Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair hesabat konfransında deyib.
O bildirib ki, 2019-cu ildə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi məqsədilə, ölkə üzrə müasir heyvan kəsimi məntəqələrinin təşkil olunması istiqamətində 85 müraciət daxil olub, onlardan 35 heyvan kəsimi məntəqəsi qida təhlükəsizliyi qeydiyyatına götürülüb.
 
AQTA sədri qeyd edib ki, 34 müəssisənin yaradılması üçün ərazi və yenidən qurulması tələb olunan mövcud obyekt ekspertizadan keçirilib, 21 müəssisə texniki normativ hüquqi aktlara cavab vermədiyi üçün qeydiyyatdan imtina edilərək mövcud olan nöqsanların aradan qaldırılması məqsədilə təlimatlandırılıb: "25 heyvan kəsimi məntəqəsi müvafiq təlimatlar əsasında yenidən qurulub, 6 məntəqədə isə yenidənqurma işləri başa çatmaq üzrədir. Növbəti mərhələdə heyvan kəsimi məntəqəsi olmayan Bakı şəhəri və regionlar üzrə 39 rayon və şəhərdə mərhələli şəkildə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən 40 modul tipli heyvan kəsimi məntəqəsinin yaradılması nəzərdə tutulur".
 
Q.Təhməzlinin sözlərinə əsasən, heyvan xəstəliklərinin ölkəyə daxil olması riskinin aradan qaldırılması üçün Agentlik tərəfindən heyvan xəstəlikləri qeydə alınan ölkələrdən heyvan, quş və heyvandarlıq məhsullarının idxalına məhdudiyyət tətbiq olunması ilə bağlı 13 qərar qəbul edilib. Epizootoloji monitorinqlər nəticəsində 5 halda heyvanlarda qarayara xəstəliyi aşkar olunub və bu haqda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına bildiriş göndərilib. Yüksək patogen quş qripi xəstəliyindən qorunmaq məqsədilə epizootoloji monitorinqlər aparılıb, 192 baş çöl quşundan və müxtəlif növ ev quşlarından alınan 1371 qan nümunələri biotəhlükəsizlik səyyar laboratoriyasında diaqnostik müayinə edilib. Müayinə zamanı quş qripi xəstəliyinin törədicisi aşkarlanmayıb.