AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xalqımız bu il həm Bakının, həm də Qarabağın işğaldan azad olunmasını qeyd edir

Xalqımız bu il həm Bakının, həm də Qarabağın işğaldan azad olunmasını qeyd edir

Cəmiyyət
16 Sentyabr 2021, 16:29 129
Sentyabrın 15-i artıq 103 ildir, Azərbaycanda böyük təntənə ilə qeyd olunur. Bu, Azərbaycanın hərb tarixinin ən önəmli hadisələrindən biridir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat qeyd edib ki, Azərbaycan və Türkiyənin bir-birinə mənəvi baxımdan nə qədər yaxın olduğunu anlamaq üçün 103 il əvvəlki tarixə nəzər salmaq kifayətdir: "1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan Korpusunun Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsi ilə Azərbaycanın müstəqilliyi təmin olundu. Tarixçilər də bildirir ki, o vaxt Bakının azad olunması siyasi-strateji əhəmiyyət kəsb edirdi. Çünki burada söhbət Bakının milli şəhər statusunun, milli simasının bərpasından gedirdi. Ona görə Bakının azad olunması Azərbaycan və azərbaycanlılar üçün həyati əhəmiyyət kəsb edirdi. Bu baxımdan Qafqaz İslam Ordusu tərəfindən göstərilən dəstək Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanır”.
K.Nurullayeva vurğulayıb ki, Azərbaycan xalqı Bakının azad olunmasını bu il tam fərqli ab-havada qeyd edir. Azərbaycan əsgərinin qanı bahasına işğaldan azad olunmuş Şuşa şəhərində sentyabrın 15-i Bakının azad edilməsinin qeyd olunması, bütün bölgələrdə təşkil edilən Zəfər yürüşləri hər bizimizi qürurlandırır. "Azərbaycan xalqı bu il Bakının işğaldan azad edilməsi ilə paralel, Qarabağın da işğaldan azad olunmasını qeyd edir. Bu baxımdan bu gün şəhidlərimizlə yanaşı, Qafqaz İslam Orsudunun əsgərlərinin, Nuru və Ənvər paşanın ruhunun da şad olduğu gündür. Vətən müharibəsində də Türkiyə Azərbaycana mənəvi dəstək göstərməklə bir daha bu qardaşlığın əbədi olduğunu nümayiş etdirdi. Bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu gördü. Bu birlik bundan sonra da əbədi olaraq yaşayacaq”, - deyə deputat bildirib.